Lerik rayonunun geoturizm obyektləri
Müasir dövrümüzün
aktual məsələlərindən biri də
respublikamızın ərazisində olan nadir geoloji obyektlərin
aşkarlanması, qorunması, onların tədqiqatı və
onlardan ekoturizm və geoturizm məqsədi ilə səmərəli
faydalanmaq məsələsidir. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Ekoloji Kəşfiyyat Xidmətinin əməkdaşları
tərəfindən aparılan məqsədyönlü
işlər nəticəsində Lerik rayonu ərazisində
aşkarlanmış bir sıra nadir geoloji obyektlərə
"Kalaxan qalası", "Soqlan bulağı", "Nesli
mağarası", "Çayrud şəlaləsi" və
çoxlu sayda digər nadir təbiət inciləri aiddır.
Həmin abidələr özlərinin forma və məzmunu,
estetik gözəlliyi ilə diqqəti cəlb edir. Bu göstərilən
obyektlər Lerik - Kalaxan yolu boyunca yerləşir və
geoturizm obyektləri kimi fəaliyyət göstərə bilər.
Aşağıda oxucularımızı bu
obyektlərlə tanış etmək istəyirik.
"Kalaxan
qalası". Bu obyekt Lerik rayonunun eyniadlı kəndi
yaxınlığında, kənddən 200 m cənub-şərqdə,
Gəncəbaryu çayının mənbəsinə
yaxın və onun sol sahilində yerləşir. Əslində,
burada qala yox, sütunvari ayrılmaları olan teşenit
adlı süxurların ekstruziya formalı
çıxışı vardır.
Teşenitlər
maqmatik mənşəli süxurdur və tərkibi, adətən
əsasi plagioklazlardan - avgit və analsimdən ibarət olur,
lakin, Kalaxan kəndi ətrafında olan teşenitlərin tərkibində
biotit mineralı çoxluq təşkil etdiyindən bunlar
biotitli teşenit adlanır. Bu süxurdan dekorativ material, bəzək
daşı, tikinti materialı kimi istifadə etmək
mümkündür.
Bu çıxış yerli əhali tərəfindən qala adlandırılır. Qalanı təşkil edən şaquli yatımlı sütunlar 1,5x1,0x1,2 m ölçülü bloklar əmələ gətirir. Sütunlar bir-birindən çatlar vasitəsi ilə ayrılır. Süxur çox bərk və sərtdir. Rəngi isə bənövşəyi fonda yaşılımtıl çalarlı qaradır.
Teşenitlərin əmələ gətirdiyi sütunvari bloklar Qala kəndin və dağların fonunda cazibəli görsənir. Oradan kəndin mənzərəsini seyr etmək insana xoş təssürat bağışlayır . Qala turizm nöqteyi-nəzərdən yerli əhəmiyyət kəsb edə bilər və ekskursiya obyekti kimi maraqlı bir yerdir, çünki ərazi hündürlüyü, havası, quruluşu etibarı ilə digər obyektlərdən fərqlənir. "Soqlan bulağı". Bulaq Lerik-Kalaxan yolunun 8 km-də, Kolosar kəndinin şimal hissəsində, Gəncəbaryu çayının sol sahilində qayalıqlar arasında yerləşir.Bulağın suyu sərin və içməlidir.Suyun debiti 1 l/dəqiqədir. Bulağın nadir geoloji obyekt kimi nəzərdən keçirilməsinə səbəb buradakı suyun çat sularına aid olması, suyun andezit-bazalt tərkibli tuflarda olan çatlardan çıxması və həmin yerdə də digər xırda çatlarda batmasıdır. Elə bu səbəbdən də yerli əhali arasında bu bulağa bir "ocaq"kimi sitayiş edilir. Bu da bulaq ətrafında bitən ağaclara müəyyən tekstil parça materiallarından arzu-dilək düyünlərinin bağlanması ilə müşahidə olunur.
Bulağın ərazisində ağaclar əkilmişdir, ətrafına dəmir materialdan çəpər çəkilməklə abadlıq işləri aparılmışdır və ərazidə səliqə-səhman müşahidə olunur. Bulağa sitayiş iki səbəbdən ola bilər: Bulağın qayalarda olan çatlar vasitəsi ilə təzahürü və eyni zamanda, yenidən çatlar vasitəsi ilə batıb görünməməsi; bu ərazidə içməli suların (bulaqların) az olması. Bulaq ərazisindəki təmizlik, burada da çay içmək, yemək üçün səliqə ilə qoyulmuş stəkən-nəlbəki, qab-qacaq diqqəti cəlb elir və yerli əhalinin təbiətə, təbiətin nadir obyektlərinə müsbət münasibətlərinin nəticəsini göstərir . Nadir geoloji obyekt kimi Soqlan bulağının turizm nöqteyi-nəzərindən əhəmiyyəti, əsasən yerli, qismən isə respublika əhəmiyyətli xarakterə malik ola bilər. Bu da Lerik-Kalaxan marşrutu zamanı bu bulaq üstündə qısa müddətli istirahət etmək, su içmək, ətraf ərazidə andezit-bazalt tərkibli peştəsər lay dəstəsinin əmələ gətirdiyi müxtəlif formalı çılpaq qayalıqlar fonunda xatirə şəkili çəkdirmək və ətrafın landşaftı ilə maraqlanmaqdan ibarət ola bilər.
"Nesli mağaraları". Bu mağaralar Lerik-Kalaxan-Kəlvəz yolu boyunca, Nesli kəndinin şimal hissəsindən axan Gəncəbaryu çayının sol sahilində yerləşir. Mağara dörd mərtəbədən ibarətdir.
Birinci mərtəbədəki mağaralar avtomobil yolunun yaxınlığındadır. Bu mərtəbədəki mağaranın dərinliyi 6 m, sahəsi isə 16 kvadratmetrə yaxındır. II mərtəbənin girişi böyük olsa da dərinliyi azdır, buna görə də sahəsi birinciyə nisbətən kiçikdir. III-IV mərtəbədəki mağaralar daha kiçikdir.
Mənşə etibarı ilə mağaralar peştəsər lay dəstəsinin andezit - bazalt tərkibli tufları, tufbrekçiyaları ilə əlaqədardırlar və çox güman ki, onlar lava axımının qısa müddət ərzində soyuması zamanı orada olan qaz toplusunun birdən-birə ayrılması nəticəsində əmələ gəlmişlər.
Mağaraların yerləşdiyi ərazi çılpaq qayalıqlardan ibarətdir. Burada Kalaxan kəndinə gedən yol ensiz bir dərə boyunca qayalıqlar arasından keçir. Elə buna görə də yerli əhali yolun bu hissəsini "dağlar qapısı" adlandırır. Ətrafdan axan çayın səsi, uca qayalıqlar bura xüsusi gözəllik verir.
Lerik-Kalaxan yolunun "dağlar qapısı" adlanan hissəsi. Mağaraları seyr etmək
üçün, onlara
yerli süxurlar üzərində pilləkənlər
düzəltmək, onları
təmizləmək və
abadlaşdırmaq lazımdır.
Mağaraların bir-birinə yaxın
yerləşməsi, ətraf
ərazidə başı
buludlu uca dağların olması bu ərazini nadir geoloji obyektlərə aid etməyə imkan verir. Bu ərazi
özünün təbii
gözəlliyi, təmiz
havası, suyu, relyefi ilə ətraf yerlərdən seçilir. Elə buna
görə də Lerik- Kalaxan marşrutu zamanı qısa müddətli ekskursiya obyekt kimi yararlıdır.
Obyekt turizm üçün yerli əhəmiyyətə malik
ola bilər.
"Çayrud şəlaləsi".
Çayrud şəlaləsi
Lerik rayonunun eyniadlı kəndi ərazisində, kəndin
şərq qurtaracağında
yerləşir. Şəlalə
kəndin ortasından
axan kiçik su tutumlu çay
suyunun bu ərazidə yayılmış
maykop yaşlı qumdaşları laylarının
qırılıb düşməsi
hesabına əmələ
gəlmişdir.
Şəlalənin ərazisi meşəlik
və sıldırım
qayalıqlardan ibarətdir.
Burada peştəsər
lay dəstəsinin andezit-bazalt
tərkibli tuflarını,
tufbrekçiyalarını müşahidə etmək
mümkündür.
Şəlalənin hündürlüyü 20 m qədərdir. Suyun debiti dəyişkən olmaqla yaz-payız aylarında artır, qış-yay aylarında isə azalır. Şəlalə yaz-payız
aylarında daha cazibədar görünür.
Su 900 yaxın bucaq altında gur səslə və tam ağ rəngdə tökülür. Şəlalə
yerləşdiyi ərazidə
çay dərəsi
kanyon tipli olmaqla V formalıdır. İlin yağmurlu aylarında qırılıb
düşmə boyunca
bir neçə ardıcıl şəlalənin
əmələ gəlməsi
mümkündür, bunu
söyləməyə qayalar
üzərində qurumuş
su izləri və qayaların formaları imkan verir.
Çayrud kəndinin gözəl
mənzərəsi, təmiz
suyu, havası və qonaqpərvər insanları vardır. Turizm nöqteyi-nəzərdən
Çayrud şəlaləsi
Lerik-Kalaxan marşrutu
boyunca bir və ya bir
neçə günlük
ekskursiya obyekti kimi baxmalı, gəzməli və istirahət etməli obyektdir.
Bunun üçün Çayrud
kəndində hər
çür şəraiti
olan xüsusi evlərdə qalmaq olar.
Fəxrəddin ABDULLAYEV,
geoloq
Xalq qəzeti.- 2010.- 5 noyabr.- S. 8.