Qubadlılılar dövlət qayğısından məmnundurlar

 

Rayon icra hakimiyyətində keçirilən iclasda 9 ayın sosial-iqtisadi yekunları müzakirə olundu

 

Son illər Azərbaycanda məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması istiqamətində məqsədyönlü aparılır. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və sonradan ona edilən əlavələr bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşması və işlə təmin olunmaları üçün geniş imkanlar açmışdır. Qubadlının məcburi köçkünləri də dövlətimizin qayğısı ilə əhatə olunmuşlar və onların güzəranı ildən-ilə yaxşılaşmaqda davam edir. Qubadlı Rayon İcra Hakimiyyətində 9 ayın yekunlarına həsr olunmuş yığıncağında bu barədə ətraflı söhbət açılmışdır.

 

Yığıncağı giriş sözü ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov açdı. Sonra geniş məruzə ilə rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Sahib Əliyev çıxış etdi. O, ilkin olaraq istirakçıların nəzərinə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında ölkə başçısının qarşıya qoyduğu vəzifələrdən danışdı. Bildirdi ki, dövlət başçısının proqram xarakterli bu çıxışı rayon ictimaiyyəti tərəfindən böyük məmnunluq hissi ilə qarşılanmışdır. Natiq cənab Prezidentin nitqindən bu sözləri xatırlatdı: "İşğal edilmiş ərazilərdə törədilən cinayətlər erməni faşizminin vəhşi sifətini göstərir. Biz bunu bilirik və cox müsbət haldır ki, dünya birliyi bu barədə bir daha məlumat alacaqdır. O ki qaldı münaqişənin həlli ilə bağlı məsələyə, bir daha demək istəyirəm ki, Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi vardır və Azərbaycan bu mövqedən bir addım geri atmayacaqdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu məsələ həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu prinsipdən kənarda heç bir məsələ həll oluna bilməz." Bu sözlər bir daha rayon ictimaiyyətində öz doğma torpaqlarına qayıdacaqlarına böyük ümidlər yaratmışdır.

Sonra natiq 2010-cu ilin doqquz ayında rayonda görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışdı. Belə bir fakt diqqətə çatdırıldı ki, rayonun 33,8 min nəfər əhalisi respublikanın 43 müxtəlif şəhər və rayonunda məskunlaşmışdır. Onlarin yaşayış şəraiti, çətinlikləri müntəzəm öyrənilmiş, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Sahib müəllim Xızının Sitalçay qəsəbəsində, Sumqayıt şəhərinin Sarıqaya yaşayış massivində, Kimyaçılar qəsəbəsində məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görüldüyünü bildirdi, bu işdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xüsusi rolunu qeyd etdi. O, Fond tərəfindən rayonun Dondarlı, Xələc kənd orta məktəblərinin əsaslı təmir edilərək yeni dərs ilində istifadəyə verildiyini nəzərə çatdırdı.

Bundan başqa, Sumqayıtın İnşaatçılar qəsəbəsində, 11-ci mikrorayonda, Kimyaçılar qəsəbəsində məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşdırılmış, binaların dam örtükləri dəyişdirilmişdir.

Z.Tağıyev qəsəbəsindəki K.Kərimov adına hərbi şəhərcikdə məskunlaşan məcburi köçkünlərin yaşadıqları binaların elektrik təchizatını yaxşılaşdırmaq üçün 250 p/m yüksək gərginlikli elektrik kabeli verilmiş və çəkilişi başa çatdırılmışdır.

Rayonun Kommunal Müəssisələri Kombinatı tərəfindən məcburu köçkünlərin məskunlaşdığı Z.Tağıyev qəsəbəsindəki beşmərtəbəli binanın və Kompressor zavodunun ərazisində yerləşən tikinti idarəsinin inzibatı binasının həyətləri qumlanmış, Dəmiryol vağzalının mehmanxanasında yaşayan 1 ailənin mənzili cari təmir edilmişdir. 42-ci məhəllə, 2 saylı Peşə liseyinin idman zalınin dam örtüyü yümşaq dam örtüyü materialı ilə dəyişdirilmişdir. 13 məcburu köçkün ailəsinin məskunlaşdığı Sumqayıt şəhəri, 1-ci mikrorayon 13 saylı uşaq bağçasının içməli su ilə təmin edilməsi üçün əlaqədar təşkilatlara müraciət edilmiş 200 m su xətti dəyişdirilmişdir.

Natiq qeyd etdi ki, rayon əhalisinin 18,5 min nəfəri əmək qabiliyyətlidir. Bunlardan 10,8 min nəfəri iqtisadi fəal əhalidir. Son illər ardıcıl görülən tədbirlər nəticəsində İqtisadı fəal əhalinin 10,6 min nəfərinin məşğulluğu təmin olunmuşdur. Bu əmək qabiliyyətli əhalinin 57,3 faizini təşkil edir.

Regionların İnkişaf Proqramında qarşıya qoyulan vəzifələrə uyğun olaraq rayonda 1980 yeni yeri , son doqquz ayda isə 115 yeni yeri açılmışdır. Bunlar daimi yerləridir.

Köçkün əhalinin əksəriyyəti şəhərdə yaşasa da, aqrar bölmədə də müəyyən işlər görülür. Məşğulluq Mərkəzi nəzdində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində iribuynuzlu mal-qara ilə bərabər 710 xırda buynuzlu heyvan saxlanılır ki, bundan 302 başı "Fermer"kəndli təsərrüfatının, 408 başı "Bərgüşad" kənd təsərrüfatı müəssisəsinin payına düşür.

Ölkə başçısının nitqində sosial yönümlü siyasətin bundan sonra da davam etdiriləcəyi xüsusilə vurgulanmışdır. Dövlət qaygısı nəticəsində təqaüdçülərin, aztəminatlı ailələrin vəziyyəti ilbəil yaxşılaşır. Hazırda rayon əhalisinin sosial müdafiə orqanlarında 7 min 526 nəfər pensiyaçı qeydiyyatdadır. Onlara təyin olunan pensiyaların orta məbləği 114 manat təşkil edir. Yaşa görə pensiya alanlar 3 min 245 nəfər, əlilliyə görə 3 min 474 nəfər, ailə başçısını itirməyə görə 218 nəfər, sosial pensiyaçılar 589 nəfərdir.

Aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi ilə əlaqədar rayonda ardıcıl aparılır. 1 oktyabr 2010-cu il tarıxə 140 ailənin 574 üzvünün hər birinə 26 manat ünvanlı sosial yardım təyin olunmaqla hər bir ailəyə 106,6 manat məbləğində ünvanlı sosial yardım ödənilir.

Ölkə Prezidentinin sərəncamına əsasən 2010-cu il sentyabrın 1-dən məcburi köçkünlər üçün verilən yemək xərci müavinəti artaraq 15 manat olmuşdur. Rayon üzrə 31 min 185 nəfər dövlət tərəfindən təyin olunan yemək xərci alır. 31 min 986 nəfər məcburi köçkünün kommunal xərcləri dövlət tərəfindən ödənilir.

8 Mart Qadınlar bayramı münasibətilə 150 ailəyə 3000 manatlıq, Novruz bayramı münasibətilə 200 ailəyə 5000 manat dəyərində ərzaq və sənaye malları yardım edilmişdir.

Sahib müəllim İkinci Dünya müharibəsi veteranlarınin hər birinə 9 may Qələbə günü münasibətilə 200 manat olmaqla 7 min 600 manat yardım verildiyi, onlara bayram süfrəsi açıldığını da bildirdi. İlin doqquz ayında şəhid ailələrinə 13 min 298 manatlıq müxtəlif ərzaq yardımı verilmişdir. İmkanı olmayan ailələrə yas mərasimlərinin keçirilməsi üçün 1500 manat pul köməkliyi edilmişdir.

Ayrı-ayrı hallarda müalicəyə ehtiyacı olan, gözlənilməz məişət problemləri ilə üzləşən ailələrin çətinliklərinin aradan qaldırılmasına fərdi qaydada köməklik göstərilmişdir. Belə hallar üçün 4680 manat xərclənmişdır.

Yeni dərs ilinə hazırlıqla əlaqədar bütün tədbirlər vaxtında həyata keçirilmiş, məktəblərin hamısı dərs ilinin başlanması ərəfəsində təmir olunmuş, məktəblərə 71260 manat dəyərində yeni inventar və avadanlıqlar alınmışdır.

Bu il rayonun təhsil şəbəkəsində 32 ümumtəhsil, o cümlədən 31 orta, 1 əsas məktəb fəaliyyətə başlamışdır. Bu məktəblərdə 6627 nəfər şağird təhsil alır. Rayon mərkəzi xəstəxanası bu ilin 9 ayında 13314 məcburi köçkünə ambulator xidmət göstərmişdir. 1425 evə çağırış icra olunmuşdur. Poliklinkanın müasir avadanlıqlarla təmin edilməsi nəticəsində bura müraciət edən xəstələrin sayı artmışdır. Əhalinin sosial, kommunal-məişət, təhsil və səhiyyə məsələlərinin kompleks həlli ilə yanaşı mədəniyyət məsələləri də rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

Mədəni-tarixi irsimizin öyrənilməsi və təbliği, gənc nəslin estetik mənəvi tərbiyəsində tarixi dəyərlərimizin önə çəkilməsi, təbliği ənənə halını almaqdadır. Rayon icra hakimiyyətinin başçısı Malik İsaqovun bu sahəyə gündəlik diqqət və qayğısı mədəniyyət sahəsində dirçəlişin təmin olunmasına əsaslı zəmin yaratmışdır. Bu, həm rayon mədəniyyət və turizm şöbəsinin maddi texniki bazasının möhkəmləndirilməsində, həm də burada keçirilən rəngarəng tədbirlərdə öz əksini tapır.

2010-cu ilin mart ayında Milli Musiqi Konservatoriyasının rektoru Səyavuş Kəriminin iştirakı ilə rayonun istedadlı uşaq və gəncləri arasında keçirilən baxış müsabiqə, 28 may Respublika Gününə, Ailə gününə, kitab bayramına həsr olunmuş tədbirlər özünün yüksək təsir gücü ilə seçilmişdir.

Rayon Gənclər və İdman İdarəsi gənclərlə ardıcıl aparır. 2010- cu ildə beynəlxalq turnirlərdə iştirak edən üç idmançı yüksək nəticələr göstərmişdir. S. Qaraşov Türkiyədə keçirilən turnirdə birinci yeri, N. Hacıyev Tailandda, N. Əsədov Qazaxıstanda keçirilən turnirdə ikinci yerləri tutmuşlar. 15 idmancı müxtəlif yarışlarda respublika çempionu olmuş, 10 nəfər isə ikinci-üçüncü yerləri tutmuşdur. Beynəlxalq turnirlərə gedən idmançılara daxili imkanlar hesabına 2500 manat maliyyə köməkliyi göstərilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010- cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar rayonda görüləcək işlər müəyyənləşdirilmiş, tədbirlər planı hazırlanmışdır. İndiyədək 3110 ağac əkilmişdir. Natiq bildirmişdir ki,qarşıda görüləsi işlər, həll ediləsi problemlər də coxdur. Onların həlli yolunda bütün qubadlılılar səfərbər edilmişdir.

Sonra çıxış edənlər ölkə başçısının həyata keçirdiyi daxilixarici siyasətin uğurlarından, 9 ayda qazanılmış nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

İclas rayon icra hakimiyyətinin başçısı Malik İsaqovun yekun nitqi ilə başa çatdı.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 5 noyabr.- S. 6.