Silahlı
Qüvvələrimizin döyüş
hazırlığı yüksək səviyyədədir
Azərbaycanda ordu quruculuğu
işinin dövlət rəhbəri səviyyəsində
prioritet elan olunması xalqın milli maraqlarından
qaynaqlanır və ölkənin gələcək perspektivləri
ilə bağlı qarşıda dayanan məsələlərin
həllində strateji rol oynayır. Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyev bu günlərdə
Ukrayna Milli Telekompaniyasına, "Profil-Ukrayna" jurnalına
və "Den" qəzetinə verdiyi müsahibəsində
bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
probleminə toxunaraq bildirmişdir ki, "Azərbaycan öz ərazisinin
bir hissəsinin itirilməsi ilə heç vaxt
barışmayacaqdır.
Biz
öz ərazimizi bərpa edəcəyik. Çox istərdik
ki, bu məsələ tezliklə hərbi əməliyyatlara əl
atılmadan həll edilsin". Daha sonra öz müsahibəsində
Azərbaycanın iqtisadi sahədə əldə etdiyi
uğurlardan danışan dövlət
başçısı xüsusi qeyd etmişdir ki, ölkədə
aparılan iqtisadi islahatlar, mövcud siyasi sabitlik və hakimiyyətin
həmrəyliyi qısa zaman kəsiyində öz səmərəsini
vermişdir: "Dünya İqtisadi forumunun hesablamalarına
görə Azərbaycan MDB məkanında ən rəqabətqabiliyyətli
ölkədir". Dağlıq Qarabağ münaqişəsini
Azərbaycan üçün bir nömrəli problem kimi
xarakterizə edən cənab Prezident gələn il müdafiə
xərclərinin 3 milyard dollardan çox olacağını
vurğulamış, ölkənin hərbi sənaye
kompleksinin inkişafından danışmışdır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev də Çin Xalq Respublikasına rəsmi səfəri zamanı ölkəmizin terror, separatçı və ekstremist fəaliyyətlərə qarşı hər zaman mübarizə apardığını və bu sahədə bütün dövlətlərlə əməkdaşlığını inkişaf etdirdiyini deyərək Azərbaycan üçün çox ciddi problem olan Dağlıq Qarabağ məsələsinə də toxunmuş və qeyd etmişdir ki, Azərbaycan Respublikası işğala məruz qalsa da, ölkənin ərazi bütövlüyü mütləq bərpa ediləcək. Həmişə olduğu kimi, bu dəfəki çıxışında da müdafiə naziri sülh danışıqları ilə bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyini bir daha nümayiş etdirmiş, Azərbaycan xalqının və dövlətinin sülhü dəstəklədiyni, müharibə tərəfdarı olmadığını bildirmişdir. Nazir Səfər Əbiyev xüsusilə vurğulamışdır ki, Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edəcəyi halda, yəni "sülh danışıqları nəticə verməzsə, Azərbaycan öz ərazi bütövlüyünün bərpa edilməsi üçün bütün imkanlardan, o cümlədən ordunun gücündən istifadə edəcək. Bunun üçün Silahlı Qüvvələrimizdə ciddi hazırlıq işləri aparılır".
Digər dövrlərdə olduğu kimi cari ildə də ordu quruculuğu məsələsinin daim gündəmdə qalması və bununla əlaqədar bir sıra ciddi tədbirlərin həyata keçirilməsi yuxarıda deyilənlərin əməli xarakter daşımasından xəbər verir. Başqa sözlə desək, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü dövlət siyasətinin ana xəttini təşkil edir. Bu, öz növbəsində dövlətlə xalqın həmrəyliyini nümayiş etdirən əsas faktorlardan biri kimi başa düşülməlidir. Hərbi büdcənin ildən-ilə artırılması, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ənənəvi olaraq silsilə tədbirlərin həyata keçirilməsi görülən işin effektini ikiqat artırmışdır. Azərbaycanın hərb tarixində ilk Hərbi doktrinanın qəbul olunması müvafiq yöndə aparılan işlərin hüquqi bazasını daha da təkmilləşdirmiş, yaxın və uzaq gələcək üçün əsas perspektivlərin prioritet istiqamətlərini müəyyənləşdirmişdir. Bu il iyunun 18-də Milli Məclisin növbədənkənar sessiyasında müdafiə və təhlükəsizlik xərclərinin 400 milyon manat artırılması isə respublikamızın müdafiə qüdrətini daha da gücləndirmişdir. 2010-cu il iyunun 23-də ölkə Prezidentinin imzaladığı sərəncama əsasən hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikintisinə daha 5 milyon manat vəsait ayrılmışdır ki, bu da mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbçilərimizə dövlət tərəfindən göstərilən etimad və inamın ifadəsidir. Bundan əlavə, 20 sentyabr 2010-cu il tarixdə ölkə başçısının imzaladığı növbəti sərəncamla hərbi qulluqçuların və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Ordumuzun döyüş hazırlığı da daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. 2009-cu ilin sonuna Silahlı Qüvvələrin döyüş hazırlığını artırmaq məqsədilə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə modern silah və texnika hərbçilərin ixtiyarına verilmişdir. Ümumiyyətlə, son yeddi il ərzində dövlət büdcəsindən hərbiyə ayrılan xərclər 14 dəfəyədək artırılmışdır. Bütün bunlar Azərbaycan dövlətinin Dağlıq Qarabağ problemi ilə bağlı prinsipial mövqeyini sərgiliyir. Yeri gəlmişkən, başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla, digər dövlət rəsmilərinin Dağlıq Qarabağ problemi ilə bağlı prinsipial bəyanatlarla çıxış etməsi də beynəlxalq ictimaiyyətin mövcud vəziyyətə düzgün qiymət verməsi baxımından əhəmiyyətli rol oynayır. Bu mənada müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Türkiyə Respublikasının milli müdafiə naziri Vecdi Gönüllə görüş zamanı səsləndirdiyi fikirlər xüsusilə diqqəti cəlb edir. Ermənistanın təcavüzkar siyasətini regionda əsas gərginlik mənbəyi kimi xarakterizə edən nazir Səfər Əbiyev xüsusi qeyd etmişdir ki, sülh danışıqlarının nəticə vermədiyi halda, Azərbaycanın başqa imkanlardan istifadə edəcəyi istisna deyildir.
Göründüyü kimi, bu gün öz müdafiə qüdrətini dayanmadan artıran Azərbaycan Respublikası istər siyasi müstəvidə, istər iqtisadi islahatlarda, istərsə də ordu quruculuğu işində təcavüzkar Ermənistan dövlətindən nəzərəçarpacaq dərəcədə xeyli inamlı təsir bağışlayır. Bu mənada, əgər lazım gələrsə, Silahlı Qüvvələrimizin döyüş meydanında da düşmənə layiqli cavab verəcəyi bu gün heç kimdə şübhə doğurmur.
İbrahim RÜSTƏMOV,
Əməkdar jurnalist
Xalq qəzeti.- 2010.- 5 noyabr.- S. 6.