Oğuzun təhsil işçiləri yeni dərs ilində də böyük uğurlar əldə etmək əzmindədirlər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumtəhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün danılmaz həqiqətidir. Əsas mahiyyətini təhsilin keyfiyyətinin yüksəldilməsi və idarəolunması təşkil edən yeni qiymətləndirmə sisteminin yaradılması, müasir dərslik komplektlərinin nəşri, tədris prosesində müəllim yaradıcılığına geniş imkanlar açan çevik təlim texnologiyalarının tətbiqi, "müəllim-şagird" əməkdaşlığının təhsilin demokratikləşdirilməsində həlledici amilə çevrilməsi son onillikdə Azərbaycan təhsilinin beynəlxalq təhsil sisteminin inteqrasiyasının bariz nümunəsidir.

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə ölkə başçısının fərmanı və həmin fərmanın icrası istiqamətində hazırlanmış bir sıra mühüm hüquqi-normativ sənədlər isə 2009-2010-cu dərs ilinin ən mühüm hadisəsidir.

Təkcə son bir ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təhsilin inkişafı ilə bağlı 3 fərmanın və 45 sərəncamın imzalanması, yüzlərlə müəllimin əməyinin dövlət səviyyəsində qiymətləndirilməsi, müəllimlərin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə onların əmək haqqının növbəti dəfə artırılması, dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin ildən-ilə çoxalması ulu öndərin təhsillə bağlı tövsiyələrinin layiqincə davam etdirildiyini bir daha sübut edir.

Eyni zamanda, respublikada təhsil sahəsində əlahiddə fəaliyyəti ilə ümumxalq məhəbbəti qazanmış Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun vəsaiti hesabına ölkəmizin bütün regionlarında ildən-ilə sürətlənən məktəb quruculuğu, təhsil müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi, ən müasir inventar və avadanlıqlarla, tədris vəsaitləri ilə təchizi, "Savadlılığın dəstəklənməsinə kömək" və "Təhsilə dəstək" layihələri əsasında təkcə ölkəmizdə deyil, Azərbaycana dost və qardaş ölkələrdə də təhsil almaq istəyənlərə yardım göstərilməsi Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə yüksəldiyinin əyani ifadəsidir.

Son illər rayonumuzda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı tədbirlər təhsilimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğının parlaq təzahürüdür. 2005-2009-cu illərdə Oğuz rayonunda 2080 şagird yerlik 9 yeni məktəb binası tikilmiş, şəhər 1 və 2 saylı orta məktəblərin binaları əsaslı təmir olunmuş, şəhər 1, 2 və 3 saylı, Bucağ, Böyük Söyüdlü, Xaçmaz kənd 2 saylı orta məktəblərdə yeni istilik sistemləri quraşdırılmışdır. Rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə Calut kəndində 220 yerlik yeni məktəb binası tikinti planına salınmış, müvafiq torpaq sahəsi ayrılmışdır və yaxın zamanlarda tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur. 2009-2010-cu dərs ilində rayonun ümumtəhsil məktəbləri üçün 42 min manatlıq inventar və avadanlıqlar alınmış və məktəblərə paylanılmışdır.

Təhsilin keyfiyyəti, səmərəli və davamlı olması üçün bir sıra şərtlər mövcuddur. Bunlardan ən mühümü, şübhəsiz ki, təhsildə əsas sima olan müəllim şəxsiyyətidir. Azərbaycan dövləti müəllim əməyini həmişə yüksək qiymətləndirmişdir. Son illər Oğuz rayonunun təhsil müəssisələrində çalışan pedaqoji kadrlardan 4 nəfərinin "Əməkdar müəllim" adına layiq görülməsi, 3 nəfərin "Tərəqqi" medalı, daha 2 nəfərin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilməsi müəllimlərimizin heç vaxt bu diqqətdən kənarda qalmadıqlarını bir daha sübut edir.

Bu bir faktdır ki, bu gün Azərbaycanda dəyişən və inkişaf edən təkcə təhsil sistemi deyildir. Həmin sistemin bütün subyektləri dəyişmişdir. Ona görə də məktəblərdə pedaqoji prosesin təşkilində müəllim-şagird münasibətlərinin cəmiyyətdə baş verən keyfiyyət dəyişiklikləri zəminində qurulmasına daha çox diqqət yetirilməlidir. Bu gün müəllim qarşısında dərsdə susan, yalnız sual verdikdə cavab verən, heç bir təşəbbüskarlıq göstərməyən dünənki müti şagirddən tamamilə fərqli bir insan dayanmışdır.

İndi şagird müəllimlə əməkdaşlıq edir, öz fikir və mülahizələrini sərbəst bildirir, rəy söyləyir, fərqli yanaşma nümayiş etdirə bilir, hətta müəyyən məsələlərdə müəllimlə razılaşmaya da bilir. Unutmaq olmaz ki, müasir dövrdə müəllim yeganə bilik, informasiya mənbəyi deyildir, şagirdlərin əlində internet, kifayət qədər elektron resurslar və digər vasitələr mövcuddur. Şagird hər an yeni informasiya əldə etmək imkanına malikdir. Təəssüflə qeyd etməliyəm ki, heç də müəllimlərin hamısı bu keyfiyyətlərə malik deyildir. Yoxlama və müşahidələr bir daha göstərir ki, hələ də məktəblərimizdə təsadüfən müəllimlik peşəsinə gələn, yalnız diplomuna görə müəllim sayılan, şagirdi şəxsiyyət kimi qəbul etməyən, onlarla münasibəti təzyiqlər, avtoritarlıq üzərində quran, davranışı ilə nümunə olmayan müəllimlər də vardır.

Hazırda müəllimlərlə bağlı ciddi problemlərdən birirayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən 173 müəllimin, yəni, bütün müəllimlərin 17 faizinin pensiya yaşında olmasıdır. Yeri gəlmişkən qeyd edim ki, respublika üzrə bu göstərici 15 faizdir. Əlbəttə, birmənalı şəkildə iddia etmək olmaz ki, onlar tədrisi yüksək səviyyədə qura bilmirlər. Lakin, aparılan təhlillər göstərir ki, pensiya yaşlı müəllimlərin əksəriyyəti öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilmir, yenilikləri mənimsəməkdə çətinlik çəkirlər. Düşünürəm ki, təhsil naziri cənab Misir Mərdanovun tövsiyəsinə əsasən yeni dərs ilində onların fəaliyyəti məktəb rəhbərləri, rayon təhsil şöbəsinin aparıcı məsləhətçiləri və metodistləri tərəfindən fərdi şəkildə öyrənilməli və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul edilməlidir.

Mənim uğur və nailiyyətlərimizdən əvvəl problemlərimizi sadalamağım təsadüfi deyil. Çünki həm ümummilli liderimiz, həm də Prezident İlham Əliyev istənilən sahədə uğur qazanmaq üçün öncə problemlərin və çatışmayan cəhətlərin yada salınmasını vacib sayıblar. Göstəricilərimizə gəlincə isə qeyd edim ki, hazırda Oğuz rayonunun 34 ümumtəhsil məktəbində, o cümlədən, 28 orta, 4 əsas və 2 ibtidai məktəbdə, 18 məktəbəqədər və 5 məktəbdənkənar müəssisədə 9 minə yaxın uşaq və yeniyetmənin təlim-tərbiyəsi ilə 1300-ə yaxın pedaqoji işçi məşğul olur.

Keçən dərs ilində istedadlı uşaqlarla rayon Təhsil şöbəsinin diqqət mərkəzində olmuş, rayonun təhsil müəssisələrində xüsusi qabiliyyətə və istedada malik uşaqların (gənclərin) Məlumat Bankı yaradılmış və müxtəlif sahələr üzrə istedadlı 382 nəfər məktəbli haqqında məlumat toplanmışdır.

İstedadlı uşaqların üzə çıxarılmasında mühüm mərhələlərdən biri olan fənn olimpiadalarına hazırlıq işi də ötən dərs ili ərzində daha çox diqqət yetirdiyimiz sahələrdən biri olmuşdur. 2009-2010-cu dərs ilində fənn olimpiadalarının I turunda 396 nəfər, II turunda 138 nəfər məktəbli öz qüvvəsini sınamış, 7 nəfər məktəbli respublika turunda iştirak etmək hüququ qazanmışdır.

2010-cu ilin mart ayında Bakı şəhərində keçirilən fənn olimpiadalarının respublika turunda Oğuz şəhər 2 saylı orta məktəbin IX sinif şagirdi A.Abbasova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə, Oğuz şəhər 2 saylı orta məktəbdən X sinif şagirdi S.Əhmədli riyaziyyat fənni üzrə IV yeri tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşlər. Sevindirici haldır ki, Təhsil Nazirliyinin fənn olimpiadalarının nəticələri barədə 2010-cu ilin aprelində respublika fənn olimpiadalarında Oğuz məktəblilərinin fəal iştirakı xüsusilə qeyd edilmişdir.

Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə 2006-2010-cu illərə dair Dövlət Proqramının və Təhsil Nazirliyinin fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə istedadlı uşaqların respublika seçim turlarının keçirilməsi haqqında məlum göstərişlərinin icrası da ötən dərs ilində istedadlı uşaqlarla sahəsində diqqət yetirdiyimiz əsas istiqamətlərindən biri olmuşdur. Keçən dərs ilində bu bilik yarışının rayonrespublika mərhələlərində iştirak edən şagirdlərin sayının artması, həmçinin onların göstərdikləri nəticələrin əvvəlki illərlə müqayisədə yüksək olması bu sahədə il boyu aparılan məqsədyönlü və ardıcıl fəaliyyətin nəticəsidir. Bu xüsusi qeydləri yada salarkən bir məsələni də xatırlatmaq zərurəti yaranır. Belə ki, məktəbin və ümumilikdə bütün təhsil sisteminin uğurları ancaqancaq müəllim peşəkarlığı ilə bağlıdır. Məmnunam ki, Oğuzda peşəkar müəllimlər istənilən qədərdir.

Məlum olduğu kimi ölkə təhsilində ən son yeniliklərdən biriMilli Kurikulumun tətbiqi məsələsidir. Bu yenilik təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Kurikulum islahatı respublikada keçirilən təhsil islahatının mühüm aparıcı sahələrindən biri olduğundan bu sahəyə diqqət artırılmışdır.

Kurikulum təlimi ilə əlaqədar Respublika Təhsil Problemləri İnstitutunun əməkdaşları ilə Oğuz şəhər 1, 2 və 3 saylı, Bayan, Xaçmaz 1 saylı və Kərimli kənd orta iməktəblərinin ibtidai sinif müəllimləri İqlimə Salamovanın, Alimə Abdulxalıqovanın, İlhamə Yəhyayevanın, Ziyadə İsmayılovanın, Raya Cəmaləddinovanın, Çimnaz İsmayılovanın açıq dərsləri təşkil edilmiş, yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı valideynlərin maarifləndirilməsi məqsədilə rayonun bir sıra orta məktəblərində "Açıq qapı" günləri keçirilmişdir.

Milli Kurikulumun tətbiqində olan çətinlikləri aradan qaldırmaq məqsədilə 2009-cu ilin oktyabrında rayon təhsil şöbəsinin nəzdində Kurikulum Mərkəzi yaradılmışdır. Mərkəzə milli kurikulumun tətbiqi sahəsində məlumatlılıq səviyyəsi yüksək olan ibtidai sinif müəllimləri cəlb olunmuşdur. Bundan başqa, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının koordinasiya ilə rayonun ümumtəhsil məktəblərini əhatə edən 8 dayaq məntəqəsində kurikulum şurası yaradılmışdır ki, onlar rayon təhsil şöbəsinin, AMİ-nin Şəki filialının əməkdaşları ilə birlikdə I və II siniflərdə işləyən müəllimlərə yeni təlim texnologiyalarının tətbiqində yaxından köməklik göstərirlər.

Təbii ki, ümumtəhsil məktəblərinin illik fəaliyyətinin qiymətləndirilməsinin əsas göstəricilərindən birialiorta ixtisas məktəblərinə tələbə qəbulunun nəticələridir. Bu göstəricimiz də ürəkaçandır. Rayon Mədəniyyət Mərkəzində tələbə adını qazanmış gənclərlə rayon rəhbərliyinin görüşünün keçirilməsini, həmin tədbirdə 500-dən yuxarı bal toplayan gənclərin rayon icra hakimiyyətinin başçısı hörmətli Aydın Əlihüseynov tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmasını təhsilimizin ən böyük uğurlarından biri hesab edirəm və bir daha bu yüksək diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. 23 nəfər abituriyent ali məktəblərə qəbul imtahanlarında 500-dən çox, o cümlədən, 3 nəfər 600-dən çox bal toplamışdır. Mən bu il Xaçmaz kənd 1 saylı orta məktəbin məzunları: 643 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olan Babazadə Elşad İsrafil oğlunun, 620 balla Qafqaz Universitetinin dünya iqtisadiyyatı fakültəsinə qəbul olunan Məcidli Ramin Nüsrət oğlunun, Oğuz şəhər 1 saylı orta məktəbin məzunu: 624 balla Azərbaycan Dövlət İqtisadiyyat Universitetin maliyyə-kredit fakültəsinin tələbəsi adını qazanan Rəhimova Günəş Cavid qızının adlarını xüsusilə qeyd etmək istərdim. Əlbəttə, rayon rəhbərliyinin, Təhsil Nazirliyinin və digər müvafiq qurumların dəstəyi və qayğısı ilə uğur və nailiyyətlərimiz daha da artacaqdır.

Sonda ötən ilin yekunları, əldə edilən uğur və nailiyyətlər barədə danışmaqla bərabər onu da qeyd etməliyik ki, yeni dərs ilində qarşımızda çox böyük vəzifələr durur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin gələcəyinin təhsillə bağlı olması fikri, ölkə başçısının təhsilin inkişafına göstərdiyi qayğı və diqqət hər bir təhsil işçisini gələcək naminə daha vicdanla çalışmağa səsləyir. Oğuz rayonunun pedaqoji kollektivləri adından Azərbaycan Respublikasının Təhsil Nazirliyini, rayon icra hakimiyyətini əmin edirəm ki, rayonumuzun pedaqoji ictimaiyyəti 2010-2011-ci dərs ilində də ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil islahatının uğurla icra edilməsi üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

 

 

Səyyar ABDULLAYEV,

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2010.- 5 noyabr.- S. 4.