Qocaman jurnalistin yubileyi

 

Azərbaycan Mətbuat Şurasında qocaman jurnalist Çingiz Ələkbərovun 85 illik yubileyi ilə bağlı mərasim keçirildi. Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən düzənlənən tədbiri açan MŞ sədri Əflatun Amaşov yubilyarı təbrik edərək onun həyat və yaradıcılığının müasir Azərbaycan jurnalistikası üçün örnək olduğunu vurğuladı.

 

Şura sədri bildirdi ki, Çingiz Hacıbaba olğu Ələkbərov 1925-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1943-1945-ci illərdə Böyük Vətən Müharibəsinin iştirakçısı olub. Müharibədən sonra müxtəlif yüksək vəzifələr tutan jurnalist 1958-ci ildə "Bakı" qəzetində fəaliyyətə başlayıb. 1966-1992-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin dövlət quruculuğu şöbəsinin müdir müavini işləyib, sonra Milli Məclis Aparatının nəşr və tərcümə şöbəsinə rəhbərlik edib. 1992-ci ildən Mərkəzi Seçki Komissiyasının aparatında çalışır. 1995-ci ildən MSK Katibliyinin müdiridir.

Şura sədri Əflatun Amaşov Çingiz Ələkbərova Mətbuat Şurasının təbrik plaketinigül dəstəsini təqdim edərək dedi: - Çingiz müəllimin milli mətbuatımızın inkişafında, eləcə də dövlət qurumları ilə media arasında əlaqələrin tənzimlənməsi sahəsində xidmətləri ona böyük nüfuz gətirib".

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov yubilyarın "Bakı" qəzetindəki fəaliyyətindən söhbət açdı: - Çingiz müəllimin jurnalistika ilə bağlılığının maraqlı tarixçəsi var. O, Bakı şəhərində rayon partiya komitəsi katibi işləyərkən öz ərizəsi ilə işdən çıxdı və qəzetə üz tutdu. Bu, jurnalistikaya hədsiz məhəbbətin, peşəyə olan vurğunluğun əyani nümunəsi idi. Y.Kərimov yubilyarın Böyük Vətən Müharibəsindəki rəşadətli cəhbə həyatına dair maraqlı faktlar da açıqladı.

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq qəzeti"nin əməkdaşları Tahir Aydınoğlu və Qüdrət Piriyev, qocaman jurnalistlərdən Arif Hüseynov, Şəddad Cəfərov, Ələsgər Cabbarov və başqaları Ç.Ələkbərovun həyat və yaradıcılığından, onunla bağlı xatirələrdən söhbət açaraq yubilyara uğurlar və cansağlığı arzuladılar.

Sonda çıxış edən Ç.Ələkbərov əməyinə verilən qiymətə, 85 yaşının qədirbilənliklə yada salınmasına görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Ömrünün ötən illərini yada salan yubilyar taleyini jurnalistika ilə bağlamasından qürur hissi keçirdiyini dedi, Mərkəzi Seçki Komissiyası ilə KİV arasındakı əlaqələrin səciyyəvi xüsusiyyətlərindən bəhs etdi. O bildirdi ki, jurnalistlər üçün seçki prosesini daha önəmli edən cəhət onların prosesdə eyni vaxtda üç missiya daşımalarıdır. Jurnalistlər həm seçici, həm yazar, həm də müşahidəçidirlər. Elə incə və həssas fəaliyyət göstərməlidirlər ki, bu üç missiyadan heç birinə xələl gəlməsin.

Qocaman jurnalist KİV təmsilçilərinin seçki ilə bağlı suallarını da cavablandırdı.

 

 

Namiq ƏHMƏDOV

 

Xalq qəzeti.- 2010.- 5 noyabr.- S. 7.