Səsində kədərlə
sevinci, hicranla vüsalı qovuşduran Mətanət
Xoşbəxt
o müğənnidir ki, məlahətli səsi, ürəkləri
riqqətə gətirən könül nəğmələri
ilə tanına və sevilə. Belə populyar müğənnilərdən
biri də respublikanın əməkdar artisti, AzTV-nin solisti Mətanət
İskəndərlidir.
Yaradıcılığının 20 ildən
çoxunu milli musiqimizin təbliğinə həsr etmiş
müğənni bu illər ərzində Azərbaycan incəsənətini
təkcə doğma respublikamızda deyil, onun
hüdudlarından uzaqlarda da layiqincə təmsil etmiş, Azərbaycan
ifaçılıq sənətinə öz layiqli töhfəsini
vermişdir.
Zeynəb Xanlarova, SSRİ xalq artisti,
millət vəkili:
- Mətanət
İskəndərli öz səsi və nəfəsi ilə
Azərbaycan musiqisini yeni səpkidə yaradıb-yaşadan və
öz auditoriyası olan müğənnidir.
Arif Babayev, xalq artisti, professor:
- Mətanət
İskəndərli sənətinin pərəstişkarlarından
biri də mənəm. Onun gözəl ürəyi
var. Bu səbəbdən də oxuduğu bütün
mahnılar ürəyə yatır. Ürəkdən
gəlməyən səs heç vaxt qəlblərə yol
tapa bilməz.
Mənsum İbrahimov, xalq artisti:
- Mətanətin
yaradıcılığını lap çoxdan izləyirəm.
Mənə elə gəlir ki, özünəməxsus
ifa tərzi olduğu qədər də repertuarı zəngin
və təkrarsızdır.
Əlbəttə, respublikanın tanınmış sənət
adamlarının Mətanət İskəndərlinin
ünvanına deyilmiş xoş sözlərin
siyahısıını daha da uzatmaq olardı. Lakin qədim
el məsəlində deyildiyi kimi, "Görünən
dağa nə bələdçi". Onsuz
da hər şey göz önündədir.
Bugünkü
şou-biznes aləmində daha çox dedi-qodu və
qalmaqallarıyla gündəmdə qalmağa
çalışan "ulduzlardan" fərqli olaraq, Mətanət
xanımı tanıdan onun bir gün də olsun
yaradıcılığından qalmaması, yüksək səhnə
mədəniyyəti və
çalışqanlığıdır. Az
vaxtda bir-birindən gözəl, ürəyəyatımlı
mahnılarıyla geniş tamaşaçı və dinləyici
zövqünü oxşayaraq onların hüsn-rəğbətini
qazanmışdır. Mətanət İskəndərlinin
yaradıcılığında önəmli cəhətlərdən
biri də onun səsinin imkanına uyğun repertuar seçməsidir.
Bu isə müğənni üçün
çox önəmlidir. Öz yolu
olduğu kimi, özünəməxsus da ifa tərzi var.
Heç kəsi təqlid etmir, lirik qəhrəmanının
sevinc və iztirablarını dinləyiciyə olduğu kimi
çatdıra bilir.
Bakının Yuxarı Dağlı məhəlləsində
dünyaya göz açan Mətanət İskəndərli
erkən yaşlarından musiqiyə həvəs göstərmiş,
məktəb tədbirlərində fəal iştirak
etmişdir.
Beş övlad atası olan Məhəmmədəli kişi özünün ağır təbiəti
və təmkini ilə yaşadığı məhəllədə,
tay-tuşları arasında xüsusi xətir-hörmət
qazanmışdı. Gözəl əl qabiliyyətli
peşəkar rəngsaz, sözün əsl mənasında sənətinin
vurğunu idi. Sadə peşə adamı
olan ata halal zəhmətilə çalışıb,
heç kimdən giley etmədən, heç kəsdən
minnət götürmədən ailəsini dolandırar,
heç vədə uşaqlarını korluq çəkməyə
qoymazdı. Nümunəvi işinə
görə o dəfələrlə rayon və şəhər
sovetinin deputatı seçilmiş, dövlətin bir sıra
orden və medalları ilə təltif olunmuşdu.
Heç də təsadüfi deyildir ki, Moskvanın İzmailov
qəsəbəsində gedən Ümumittifaq zərbəçi
tikintisində, keçmiş SSRİ-yə daxil olan bir
çox respublikalarla yanaşı Azərbaycandan da Məhəmmədəli
kişi və eyni sənət sahibi olan qardaşı Həsənağa
çiyin-çiyinə çalışıblar. Bu iki qardaş haqqında dövri mətbuatda
vaxtaşırı kifayət qədər məqalə və
oçerklər yazılıb. "Onların
üz ağardan nümunəvi işi ilə gənclərə
daim örnək olduğunu" xüsusi vurğulayıblar.
Bütün bu nailiyyətlərlə
yanaşı, Məhəmmədəli kişinin gözəl
səsi olduğundan ara-sıra boş vaxt tapan kimi
zümzümə etməyi, muğam və xalq mahnılarımıza
dönə-dönə qulaq asmağı da vardı. Bu da ona irsən ata babasından keçmişdi.
Atası Əlisa kişi ixtisasca müəllim
olsa da, musiqini gözəl bilirdi. Əksər
musiqi alətlərinin mahir ifaçısı kimi, təkcə
doğulub boya-başa çatdığı Dağ
quşçu kəndinin deyil, Quba, Xaçmaz, Dəvəçi,
Siyəzən, Xızı rayon toylarının aparıcı
sazəndəsi olub. Eləcə də babası Musa kişi. Görünür,
böyük musiqiçi nəslinin nümayəndəsi olan Mətanət
İskəndərlinin də qismətinə Tanrı bu yolu
davam etdirmək şansı yazmışdı.
Məhz
bu səbəbdən Məhəmmədəli kişi
qızının gələcəkdə məşhur bir
müğənni olacağına inanaraq bu yöndə ona hər
zaman dəstək olacağını qət etmişdi. Lakin
yaşadığı mühit, dağlı məhəlləsində
qız uşağının səhnəyə
çıxmasının onu el qınağına çevirə
biləcəyindən ehtiyat edərək balaca Mətanəti əvvəlcə
Y.Qaqarin adına pionerlər evinin "Cücələrim"
ansamblından, az sonra isə Əfsər Cavanşirovun rəhbərlik
etdiyi "Bənövşə" uşaq xorundan
ayırdı. Bu musiqi kollektivlərindən
ayrılan yalnız Mətanətin cismi oldu. Sevərək oxuduğu "Ağacdələn",
"Metrodur-Metro", "Muğana Ceyran" və bir
çox digər mahnılar orta məktəb tədbirlərində
daim səsləndi və ilk pərəstişkarları olan
şagird və müəllimlərin alqışları ilə
qarşılandı. Məhəmmədəli kişi nə biləydi ki, qızı Mətanətin
incəsənətə olan sonsuz həvəs və sevgisinin qarşısını
gələcəkdə heç nə ilə ala bilməyəcək.
Nə biləydi ki, musiqi bu
qızcığazın alın yazısı, tale qisməti
olacaq, onu xalqa sevdirəcəkdir. Ağır zəhməti
vaxtından əvvəl saçını
ağartdığı kimi, balasının hər bir sənət
uğuru da gələcəkdə təkcə
özünün deyil, bütün nəslin üzünü
ağardacaqdır...
- Əsas oxuduğum təkcə o dövrdə deyil, bu
gün də və hər zaman seviləcək böyük
müğənnimiz Zeynəb Xanlarovanın repertuarından
olan mahnılar idi. "Xalidə", "Fatimə",
"Ya bir olar, ya iki", "Bülbül", "Qonşu
qız" və s. Zeynəb Xanlarovanın mahnıları mənim
üçün böyük bir məktəb oldu.
Orta məktəbi
bitirən kimi atam məni, demək olar ki, görmədiyim,
sevmədiyim bir uzaq qohumumuza ərə verdi.
Və tezliklə bu sənətdən əl
çəkəcəyimi zənn etdi. Ailə
qursam da, sənət yanğısı məni bu həvəsdən
soyuda bilmədi - deyə Mətanət xanım o günləri
yada salmağa çalışdı. Evdə
bəzən tək qalanda da özüm-özümə oxuyur,
zümzümə edirdim. "Muğana Ceyran" mənim
o dövr ən çox sevdiyim mahnı idi...
- Hər
şey təsadüfdən başladı - deyə Mətanət
xanım sözünə davam etdi. Bakının
Saray kəndində yaxın qohumumuzun qızının toyu
idi. Məni də o toya bir müğənni
kimi dəvət etmişdilər. Qız məclisi
olduğundan nə həyat yoldaşım, nə də evdəkilər
etiraz etdilər. Bu toy mənim həyatımda
çox mühüm hadisə oldu. İllərdən
bəri qəlbimdə yığılıb qalmış sənət
yanğısını, bir daha alovlandırdı.
Həmin gün oxumağım kənd camaatının
xoşuna gəldiyindən daha bir neçə toya
razılıq verməyimi xahiş etdilər. Səsli-küylü
mağar toyu maddi cəhətdən ailəyə kömək
olsa da, mən o gün üçün deyil, böyük səhnəyə
çıxmaq arzusu ilə yaşayırdım. Nə yaxşı ki, dünya yaxşı insanlardan
xali deyildir. Və nə yaxşı ki,
uğurlu sənət taleyim varmış. Həmin
anda qonşuluqda yaşayan atamın yaxın dostu mahir
qarmonçalan Nizami Əsgərov mənə ürək-dirək
verib Azərbaycan Dövlət Mahnı və Rəqs
ansamblında solist kimi fəaliyyət göstərməyimə
şərait yaratdı.
Az bir
vaxtda Mətanət İskəndərli təkcə səsiylə
deyil, eyni zamanda özünün nümunəvi rəftarı
və səhnə mədəniyyətilə kollektivin dərin
rəğbətini qazanır. 1992-ci ildə
qardaş Türkiyəyə qastrol səfəri
siyahısına onun da adı daxil edilir. Bu
onun sənət aləmində ilk qastrol səfəri olur.
Bir ay müddətində Türkiyəni
qarış-qarış gəzir. Hər
yerdə hörmət və ehtiramla qarşılanan
müğənni bədnam qonşularımız tərəfindən
xalqımızın başına gətirilən müsibətləri,
doğma Qarabağ həqiqətlərini öz nəğmələrində
bütün dünyaya çatdırmağa
çalışır.
Hər kəsin
zövqünü oxşayan, məlahətli, bir az da kövrək, yanıqlı səsi
qardaş türk xalqına azəri qızını sevdirir. Ümumdünya mahnı festivalına Azərbaycanın
bir çox sənət adamlarıyla yanaşı Mətanət
İskəndərli də ikinci dəfə dəvət olunur.
Xalq artisti Elmira Rəhimova, əməkdar artist Kəmalə Rəhimli
və digər tanınmış incəsənət
ustalarımızın uğurlu
çıxışlarından istər Azərbaycan mətbuatında,
istərsə də Türkiyənin nüfuzlu "Zaman" və
"Hürriyyət" qəzetinlərinin səhifələrində
özünə layiqli yer tapır. 1993-cü ildə yaxın
rəfiqəsi, sənət dostu Kəmalə Rəhimlinin
vasitəsi ilə gənc müğənni bəstəkar
Eldar Mansurovla tanış olur. Televiziyaya
ilk efir çıxışında bəstəkarın
"Ağla, yağışım, ağla", "İstərəm",
"Darıxma", "Xəbərsiz"
mahnılarını ifa edir. İlk efir
çıxışı gənc müğənnini xalqa daha
da tanıdır. Bir çox bəstəkarlarımız
Mətanət İskəndərlinin ifasına dəyər
verib onunla yaradıcılıq əlaqələri saxlamağa
çalışır. Bəstəkar Nəriman Məmmədovun
Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı
"Romans", "Könlümün güzgüsüyəm"
tanqo ritmində "Dərdimi kimə söyləyim" və
digər mahnıları da az bir vaxtda özünəlayiq pərəstişkarlarını
tapdı.
Lakin o illərdə
ona ən çox populyarlıq gətirən sözləri və
musiqisi Asif Kərimova məxsus "Gecədən sübhədək"
mahnısı və ilk "Əsgər" klipi oldu . Könülləri riqqətə gətirən bu səslə
"Nakam sevgi" mahnısını - bir ana fəryadını
müğənni son dərəcə ustalıqla oxuyub xalqa
çatdıra bilir və bu mahnı gənc müğənninin,
demək olar ki, vizit vərəqəsinə çevrilir.
Həmin
dövrdə ulu öndər, ümummilli lider Heydər Əliyev
bir qrup bəstəkarla görüşü zamanı Mətanət
İskəndərlinin "Əsgər" klipinə
baxıb bəyəndiyini deyir, gələcəkdə gənclərlə
daha sıx yaradıcılıq əlaqələri
saxlamağı bəstəkarlara tövsiyə edir. Ulu öndərin bu tövsiyəsindən sonra
respublikanın bir çox tanınmış bəstəkarları
- Ramiz Mirişli, Nəriman Məmmədov. Faiq Sücəddinov,
Oqtay Kazımi, Eldar Mansurov və digərləri Mətanət
xanımla, yaradıcılıq əlaqələri
saxlayırlar. 1995-ci ildə Mətanət
İskəndərlinin ilk "Sən ol mənim həmdəmim"
albomu işıq üzü görür. Alboma "Gecələr
sübhədək", "Bakı", "Həyat,
söylə sən kiminsən?", "Nəğməkar
Çinar", "Ağla, yağışım,
ağla", "Gecələr" və bir sıra yeni
mahnıları daxil edilir. Xalq mahnıları və təsniflərdən
ibarət ikinci "Şirin dil", 96-cı ildə, daha
sonrakı illərdə isə "Gecələr",
"Dünya quraq", "Solma, gülüm",
"Ömrün baharı", "Taleyim mənim" və
bir sıra digər albomları geniş ictimaiyyətə təqdim
olunur. Ansambl fəaliyyətindən daha çox
oranjiman olunmuş mahnılara üstünlük verən
müğənninin ifasında 300-dək biri-birindən
gözəl mahnılar lentə alınıb. Onların çoxu bu gün də
radio-televiziyanın qızıl fondunda qayğı ilə
qorunub saxlanılır. Azərbaycan incəsənətinə
göstərdiyi xidmətlərinə görə o bir sıra
musiqi festivalların, dostluq cəmiyyətlərin, Dünya Azərbaycanlıları
Konqresinin, keçmiş SSRİ-nin vilayət və şəhər,
Azərbaycan dostluq cəmiyyətlərinin fəxri fərman,
diplom və təşəkkürnamələri ilə təltif
olunmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət
İncəsənət Universitetinə daxil olub. Ustad xanəndə xalq artisti Canəli Əkbərovdan
muğam sənətinin incəliklərini səylə öyrənməyə
çalışır.
Mətanət İskəndərlinin həyatında yadda
qalan önəmli məqamlardan biri də müğənninin
1997-ci ildə Heydər Əliyev sarayında verdiyi "Əlvida"
adlı iki günlük solo-konsertidir. 2000-ci ildə Rusiyanın bir
çox cəmiyyətləri tərəfindən qastrol səfərlərinə
dəvət alan Mətanət İskəndərli 20
günlük səfəri zamanı ölkənin İvanovo,
Voloqda, Saratov, Nijni Novqorod, Yekaterinburq, Tula və bir çox
digər şəhərlərdəki uğurlu konsertlərinə
görə, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən
respublika Mədəniyyət Nazirliyinin ünvanına
verilmiş teleqramda "El qızı Mətanət"in
nümunəvi xidmətindən söz açılır, ona
səfirliyin fəxri fərman və diplomu təqdim olunur. Dağlıq Qarabağla bağlı cəbhə
bölgələrində, hərbi qospitallarda, sülhməramlı
qoşunlarımızın yola salınmasında, dövlət
bayramlarında, tanınmış elm və sənət
adamlarının yubiley tədbirlərində tez-tez
çıxış edən müğənini əməyini
yüksək qiymətləndirən, möhtərəm
Prezident İlham Əliyev 2006-cı ildə ona respublikanın əməkdar
artisti fəxri adını verir.
Mətanət İskəndərli bu gün
yaradıcılığının məhsuldar
dövrünü yaşayır. Sərvər Şahbəylinin
ssenarisi əsasında, rejissor Elxan Səfərov çəkdiyi
"Əlvida" filmində baş rola - müğənni Qəmər
roluna məhz Mətanət İskəndərlini dəvət
edir. Gənc müğənninin həyatından
bəhs edən bu filmdə Mətanət İsgəndərli
özünü təkcə müğənni kimi deyil, aktrisa
kimi də təsdiqləyir. Sadə, halal zəhmətlə
ucalan bir sənətkar ailəsində dünyaya göz
açan Mətanət İskəndərli iki övlad
anasıdır. Oğlu Kərim və qızı Ülkərin
hər ikisinə ali təhsil verib, həyatda
düzgün mövqe tutmalarına, tərbiyələrinə,
gələcəkdə dövlətimizə, cəmiyyətimizə
layiq nümunəvi övlad kimi böyümələrinə
çalışır.
P.S. Həmin gün Mətanət xanımla xeyli danışdıq, olub-keçənləri yada saldıq. Sənət dostlarını, ömrün yadda qalan xoş məqamlarını yada salsa da, ailəsinin ağrı-acılı, qəmli günlərindən söz açmadı. Mən də üz vurmadım. Əslində, yerli-yersiz dərdini danışanlardan mənim də heç xoşum gəlmir. Onsuz da istəsə də, istəməsə də bu kimi hisslər, acılı-şirinli xatirələrin izi oxuduğu nəğmələrində özünü büruzə verir. Əgər bu nəğmələrində o, öz sevincinə uyğun sevinc, kədərinə uyğun kədərlə kiminsə könlünü alıb özünə həmdəm tapa bilibsə, deməli, müğənni ömrü hədər getməyib.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2010.- 7 noyabr.- S. 7