Azərbaycanın
dövlət siyasətindəki insan amili BMT İnkişaf
Proqramının hesabatında xüsusi
diqqət mərkəzindədir
Dünyanın ən mötəbər
beynəlxalq təşkilatının bir qurumu növbəti
hesabatını Bakıda açıqlamaqla ölkəmizə
etimad nümayiş etdirdi
Azərbaycan
vətəndaşı maddi rifah və təhlükəsizlik
şəraitində yaşamalı, işsizlik, yoxsulluq
olmamalı, sülh, əmin-amanlıq hökm sürməlidir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Müstəqil
Azərbaycanın son yeddi
ildə əldə etdiyi sosial-iqtisadi
uğurlardan, yoxsulluğun,
işsizliyin azaldılmasından, ordu quruculuğunun təkmilləşdirilməsindən,
hərbi potensialın artırılmasından, ümumiyyətlə,
hərtərəfli islahatların verdiyi
irimiqyaslı nəticələrdən hamı yazır və
danışır. Həm
yerli mətbuatımız, həm də
dünyanın müxtəlif ölkələrindəki
kütləvi informasiya vasitələri bu məzmunlu yazılara çox
tez-tez müraciət edirlər. Eləcə
də yerli və ya əcnəbi
olmasından asılı olmayaraq bütün ekspert və politoloqlar bu həqiqətləri
olduğu kimi qiymətləndirir
və təqdir edirlər. Ancaq son üç ildə ölkəmiz
başqa bir məsələyə
görə dünya mətbuatının
diqqət mərkəzindədir. Bu,
Bakıda ən mötəbər beynəlxalq təşkilatların
xüsusi tədbirlərinin keçirilməsidir.
Prezident Administrasiyasının, Heydər Əliyev
Fondunun, Xarici
İşlər Nazirliyinin, eləcə də
Yeni Azərbaycan Partiyasının təşəbbüsü
və təşkilatçılığı ilə
keçirilən beynəlxalq tədbirlər dünya
mətbuatında özünəməxsus əks-səda vermişdir. Hərəsi
ayrıca bir məsələyə həsr
edilmiş həmin tədbirlərin
hamısı son nəticədə
ümumbəşəri dəyərlərin inkişafına verilmiş töhfə kimi
qiymətləndirilir. Ölkəmizdə keçirilmiş
sonuncu beynəlxalq tədbir isə, demək
olar ki, dünyanın
hər yerində böyük əks-səda
verdi.
Azərbaycan
Prezidenti Administrasiyasının və Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramının təşəbbüsü
və dəstəyi ilə noyabrın 4-də Bakıda
keçirilmiş təqdimat mərasimi bir neçə cəhətdən
həm ölkəmiz, həm də BMT üçün əlamətdar
idi. "Millətlərin həqiqi sərvəti: İnsan
inkişafına aparan yollar" devizi altında keçirilən
bu tədbirdə BMT İnkişaf Proqramının 2010-cu il
İnsan İnkişafı Hesabatı təqdim olunurdu. Tədbirin
gündən-günə inkişaf edən Azərbaycanın
paytaxtında keçirilməsi bizim üçün birinci
uğur idisə, BMT İnkişaf Proqramının rezident
nümayəndəsi Fikrət Akçuranın ölkəmiz
haqqında söylədiyi fikirlər digər uğur və
nailiyyətlərimiz kimi qiymətləndirilirdi. Cənab
Akçura təqdimat mərasimində söylədi ki, insan
inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan
keçmiş Sovet İttifaqı ölkələri
arasında son 10 il ərzində aparıcı dövlət
olmuşdur. Azərbaycan bu istiqamətdə hətta dünya
üzrə qabaqcıl sayılan iki dövləti - Çin və
Hindistanı da geridə qoymağa nail olmuşdur.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı özünün İnsan İnkişafı Hesabatını ilk dəfə 20 il bundan əvvəl hazırlamışdır. Deməli, 2010-cu ildə Bakıda təqdimatı keçirilən növbəti hesabat yubiley xarakterli hesabatdır. Yəni, biz yuxarıda "Bakıda keçirilən tədbir həm Azərbaycan üçün, həm də BMT İnkişaf Proqramı üçün əlamətdar hadisədir" - deyəndə ölkəmizin bu hesabatda aparıcı dövlət kimi tanınması ilə yanaşı, İnsan İnkişafı Hesabatının özünün 20 yaşını Bakıda qeyd etməsini nəzərdə tuturduq. Bu tədbir bir də ona görə əlamətdardır ki, 1993-cü ilin yayından sonra Azərbaycan rəhbərliyi dövlət siyasətini bilavasitə insan amili, insana qayğı göstərilməsi prinsipi üzərində qurmuşdur. Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dövləti orada insana qayğının özünəməxsus nümunəsini yaratmamış olsun. Eləcə də, son 20 ildə Birləşmiş Millətlər Təşkilatı özünün müxtəlif tədbirlərində dönə-dönə vurğulamışdır ki, milli inkişafın əsasında insan amilinə qayğı və diqqət dayanmışdır. Yəni, insan amilinə münasibət məsələsində Azərbaycanın mövqeyi BMT-nin mövqeyi ilə tamamilə üst-üstə düşür. Onu da əlavə edək ki, hesabatın Bakıda təqdim olunması da bilavasitə Azərbaycanın bu məsələyə verdiyi önəmin yüksək qiymətləndirilməsinin nəticəsi idi. Həmin məntiq təqdimat mərasiminin başlanmasından əvvəl nümayiş etdirilən "Azərbaycan: inkişafa aparan yol" adlı sənədli filmdə də özünü göstərirdi.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təqdimat mərasimində açılış nitqi ilə çıxış edərək gənc müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunu xarakterizə etmiş, ölkəmizin beynəlxalq təşkilatlar və dünya dövlətləri ilə sıx əməkdaşlıq nəticəsində əldə etdiyi nailiyyətləri yada salmışdır. Natiq qeyd etmişdir ki, Birləşmiş Millətlər Təşkilatının insan inkişafına dair son hesabatında verilmiş Azərbaycan haqqında məlumatlar ölkəmizin ümumi inkişafının göstəricisidir. 2005-ci illə müqayisədə 34 pillə irəliləyən Azərbaycan 101-ci yerdən 67-ci yerə yüksəlmişdir. Bununla da ölkəmiz 2000-2010-cu illər ərzində postsovet məkanı ölkələri arasında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə malik olmuşdur.
Akademik qeyd etmişdir ki, ölkəmizin bu sahədəki uğurlarının əsas səbəbi dövlət siyasətinin təməlində insan amilinin dayanmasıdır: "Tarixi proseslər göstərir ki, dövlət hələ ki, fərdlərin öz potensialını inkişaf etdirməsi üçün yeganə və ən optimal institut olaraq qalır. Dövlətin müasir dövrün tələblərinə uyğun, universal dəyərlər əsasında fəaliyyəti bəşəriyyətin inkişafını səciyyələndirir. Yer kürəsi hər birimizin, hər bir vətəndaşın ümumbəşəri xəzinəsi və sərvətidir. Ona görə də, dövlət ilk növbədə, məhz insan amilinin inkişafına xidmət etməli və onun gələcəyini düşünməlidir".
Heydər Əliyev siyasi kursunun aparıcı simalarından olan Ramiz Mehdiyev Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyaya böyük önəm verdiyini söyləmiş və bu inteqrasiya prosesində BMT ilə əməkdaşlığın daim prioritet məsələ olaraq qaldığını vurğulamışdır: "Azərbaycan BMT ilə sıx əməkdaşlıq edir, beynəlxalq təhlükəsizliyə və sülhün təmin edilməsinə öz töhfəsini verir... Azərbaycan dövlətinin rəhbər tutduğu siyasi və iqtisadi strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirmələrinə və onların qloballaşan müasir dünyaya inteqrasiyasını təmin etməyə imkan verir... ATƏT, Avropa Şurası və Avropa İttifaqı tərəfindən inkişaf etdirilən"insan təhlükəsizliyi", "demokratik təhlükəsizlik" və "kooperativ təhlükəsizlik" konsepsiyaları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bu konsepsiyaların əsas qayəsi fərdin maraqlarının təmin edilməsidir. Dövlət bunun üçün bir vasitə kimi çıxış edir".
Bütün bunları yada salan, Azərbaycanın beynəlxalq ictimaiyyətin rəyinə və təkliflərinə böyük hörmət və ehtiramla yanaşdığını xüsusilə vurğulayan Ramiz Mehdiyev BMT rəsmilərinin də iştirak etdiyi beynəlxalq tədbirin tribunasından başqa bir məqamı da yada salmağı məqsədəuyğun sayır: "Lakin bir məqamı xüsusilə vurğulamaq istərdim. Demokratiyada "ikili standartlar" qəbuledilməzdir. Biz istəmirik ki, Azərbaycanda cərəyan edən demokratik proseslərə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə kənardan "ikili standartlar" mövqeyindən yanaşılsın. Biz Azərbaycanda demokratiyanın təşəkkülü üçün zəruri şəraitin yaradılmasını təmin etmişik və bundan sonra da edəcəyik. Bu gün biz görürük ki, demokratik dəyərlər Azərbaycanın milli-mədəni irsinin inkişafı kontekstində insanların həyat tərzinin, mentalitetinin mühüm ünsürünə çevrilir".
Beləliklə, Azərbaycan paytaxtı növbəti bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Dövlətimiz növbəti dəfə sübut etdi ki, gənc müstəqil Azərbaycan ümumbəşəri dəyərlərə öz töhfəsini vermək iqtidarındadır. Beynəlxalq təşkilatlar isə növbəti dəfə sübut etdilər ki, Azərbaycan həqiqətləri heç kəsin nəzərindən yayınmır, hamı tərəfindən yüksək qiymətləndirilir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 7 noyabr.- S. 1.