Kədərli və şərəfli bir gün

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Bu gün çox kədərli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər".

 

"Avtobusa yaxınlaşan gənc sürücüdən dərhal həyəcanlı səslə soruşdu: "Siz Fəxri Xiyabanın yanından keçirsiniz?" Sürücünün başı ilə "hə" cavabını verməsindən sonra o, cəld avtobusa mindi. O, mənim də oturduğum avtobusa minib Fəxri Xiyabana yollanan dördüncü gənc idi. Dinib danışmasaq da, baxışlarından hiss edirdim ki, hamımızı İkinci Fəxri Xiyabana aparan hüzndür. Cəbhə xəttində atəşkəsi pozmuş erməni silahlı quldurları ilə döyüşdə qəhrəmanlıqla şəhid olmuş Milli ordumuzun giziri Mübariz İbrahimovun və baş leytenantı Fərid Əhmədovun dəfn mərasimində son vətəndaşlıq borcumuzu yerinə yetirməyə tələsirdik. Avtobusdan düşəndə yanındakı dostu kömək etməsəydi, bir gənc oğlan yıxılacaqdı. Öyrəndim ki, bu gözdən əlil oğlan da şəhidlərin dəfn mərasimində iştirak etməyi özünə mənəvi borc bilib.

Fəxri Xiyabanın girişində böyük izdiham vardı. Hara baxırdınsa, gənclərin əllərində üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. O Azərbaycan bayrağı ki, bir vaxtlar Mübariz onu öz adıyla yüksəklərdə dalğalandırmağı arzulamışdı və buna da nail oldu. Böyüklü-kiçikli hər kəs əllərində Mübarizin və Fəridin şəkilləri cənazələrin gətirilməsini səbirsizliklə gözləyirdi. Ən çox həyəcan və ağrı keçirən isə onların yaxınları idi. Oğul itkisi yaşamış bu insanların vəziyyətini anlamaq üçün onların göz yaşları dolu baxışlarını seyr etmək kifayət idi. "Evimin yaraşığı, oğul", "Bu dünyadan toysuz köçən oğullar", "Vətənin qüruru oğullar", "Fərid, səni gözləyirik, niyə gec gəldin?!" Qadınların toplaşdığı tərəfdən ucalan nalə qarışıq bu ifadələri eşitmək necə də ağrılı idi? "Vətənin qüruru, oğullar" ifadəsi isə bir türk filmində oğlunu əsgər yola salan ananın onun saçına həna yaxaraq "səni vətənə qurban edirəm"-deməsini xatirimdə canlandırdı. Əgər bu gün əminliklə ayaq basdığımız torpaq üzərində gəzə biliriksə, ilk növbədə, Vətənin ərazi bütövlüyünü qoruyan, səngərdə Vətən keşiyini çəkən oğulları dünyaya gətirən Şamama və Nərgiz ana kimi Azərbaycan analarına borcluyuq.

Mübarizlə Fəridin arasında bir neçə yaş fərqi olsa da, onları bir tale, bir amal birləşdirmişdi; - Vətən sevgisi. Fərid Əhmədov 1992-ci ildə Cəlilabad şəhər Nizami adına bir saylı orta məktəbində birinci sinfə gedəndə Qarabağda qızğın döyüşlər gedirdi, kəndlər xarabazara çevrilirdi. Görünür, müharibənin törətdiyi mənzərələr Mübariz kimi onun da uşaq yaddaşında silinməz izlər qoyub, Fəridin hərbçi yolu tutmasına səbəb olub. Bu arzusunu reallaşdırmaq üçün isə o, 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub.

Mübariz isə Əliabad kənd orta məktəbini bitirəndən sonra əsgər getmək arzusuna çatdığı üçün sevinirdi. Ordudan sonra yenidən hərbi xidmətə qayıtmasına ailədə razı olmasalar da, oğlunun bu arzusundan vaz keçməyəcəyini görən Ağakərim kişi ona halallıq verib. Mübarizin gizir rütbəsinə yüksələrək, təhlükəli təmas xəttində xidmətinə davam etməsi onun hünər və cəsarətinin göstəricisi idi. Deyilənə görə, cəbhə istiqamətində gedən döyüşlərdən birində Mübariz İbrahimovun qəhrəmanlıqla şəhid olması Fərid Əhmədova bir gənc, eləcə də bir zabit kimi ağır təsir edib. Odur ki, tez-tez "Mübarizin meyidini düşmən əlindən alacağam"-deyirmiş. Ancaq hardan biləydi ki, özü də həmin istiqamətdə gedən döyüşlərdən birində şəhid olacaqMübariz kimi oxşar şəhidlik taleyinə tuş olacaq?!

...Xiyabanın girişinə yaxınlaşan maşınların uğultusu məni xəyalımdan ayırdı. Xiyabana daxil olan və şəhidlərin cənazələrini gətirən qara rəngli xüsusi maşınlar ağır-ağır irəliləyirdi. Bu il Tərtərdə cəbhə istiqamətində gedən döyüşlərdə müxtəlif vaxtlarda şəhid olmuş şəhidlərin meyitləri nəhayət ki, Vətənə qaytarıldı və onların cənazələri uğrunda şəhid olduqları torpağa tapşırılırdı. Bu, bəlkə də inanılmaz möcüzə idi, ancaq reallıq idi. Fəxri qarovul dəstəsinin müşayəti ilə aparılan tabutları əhatəyə alan insanlar əllərindəki qərənfilləri tabutun üstünə atır, göz yaşlarına hakim ola bilmirdilər. Az sonra Müdafiə Nazirliyinin Hərbi orkestrinin ifasında səslənən Azərbaycan Dövlət Himninin sədası Xiyabanı bürüdü. Əllərini köksünə sıxmış insanların, hərbçilərin, xüsusilə də gənclərin "Səndən ötrü can verməyə cümlə hazırız, Səndən ötrü qan tökməyə cümlə qadiriz"-deyə inamla, ucadan oxumaları və həmin gün yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəsin həmrəylik nümayiş etdirməsi bir daha Azərbaycan xalqının şəhidinə, onu qoruyan qəhrəmanlara sayğısının göstəricisi idi.

Şəhidlərin ruhuna üç dəfə yaylım atəşi açıldı. Hər atəş açıldıqca, nədənsə, elə bilirdim ki, bu saat izdihamın önündə iki şəhidin siması əmrə müntəzir şəkildə peyda olacaq, onların görüşünə gəlmiş insanları salamlayacaq. Ancaq sonuncu yaylım atəşindən sonra başımı göyə qaldıranda qəribə bir hadisənin şahidi oldum; səma quşlarla dolu idi, quşlar başımızın üzərində uçuşur, həyəcanlı səslər çıxarırdılar. Bəlkə də, bu Vətən quşları şəhidləri son mənzilə yola salmaq üçün xəbər tutub gəlmişdilər. Buna, sadəcə, şəhidləri öz dərgahına alan Tanrının möcüzəsi demək olardı.

"Şəhidlər ölməz, Vətən bölünməz " nidaları səsləndikcə, yanımda dayanan iki gəncin söhbəti diqqətimdən yayınmadı: "Tanrı bizə də belə bir şərəfli ölüm nəsib etsin." Bu söhbəti eşidən və gözləri yaşarmış gənc xanımlardan biri isə sadəcə gənclərə bunu deyə bildi: "Tanrı sizə qələbə nəsib etsin!"

Keçən əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa hərbi təcavüzü ilə başlamış müharibə hələ bitməyib. Hələ də Azərbaycanın iyirmi faiz torpaqları işğal altındadır, illərdir, atəşkəs elan edilsə də, hələ də cəbhə xəttindən güllə səsləri gəlməkdədir. Bu gün münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıq və müzakirələr davam etdirilir. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti "sülh istəyirsənsə, müharibəyə hazır ol" deyiminə əsaslanaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin istənilən əmrini yerinə yetirməyə hazırdır. Şəhidlərlə vida mərasimində ölkə Prezidentinin çıxışındakı bəzi məqamlar isə Azərbaycan gənclərinə çağırış kimi səslənir:"Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə qəhrəmanlar böyütmüşlər. Onların verdiyi tərbiyə - vətənpərvərlik tərbiyəsi Mübarizi və Fəridi mənəviyyat zirvəsinə ucaltmışdır. Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar."

Dəfn mərasimi bitdi. Bir neçə aydan sonra şəhidlər doğma torpağa qovuşdu. Nə qədər çətin olsa da, avtobusa qalxdım. Pəncərəyə, Xiyabana tərəf boylandım. Xiyaban Vətənin daha iki şərəfli və qeyrətli övladını qoynuna almışdı. Onlar burada da tək deyildilər: Birinci Qarabağ savaşında şəhid olmuş neçə-neçə igid qardaşları sanki Mübarizi və Fəridi əbədiyyətin astanasında təntənə ilə qarşılamışdılar... Xəyalımda bir mahnı səsləndi: " Sevinirik, mübarizlik ölməyib, Babaların ruhu bizdən dönməyib, Nə xoşbəxtsən, halal sənə şəhidim. Sağ əlini başıma çək şəhidim...."

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2010.- 9 noyabr.- S. 8.