"Molla Nəsrəddin" məktəbinin davamçıları

 

Xeyrəddin Qocanın "Biz bizə bənzərik..." adlı yeni kitabı çapdan çıxmışdır

 

Komediyalar, satirik hekayələr, novellalar və miniatürlər ustası Xeyrəddin Qocanın əsərləri oxuculara yaxşı tanışdır. Onun yaradıcılığı haqqında Azərbaycan və türk yazıçıları, tənqidçiləri, ədəbiyyatşünaslar dəyərli fikirlər söyləmişlər.

Akademik İsa Həbibbəyli ədib haqqında "Həyati proseslərin axarında" adlı məqaləsində yazır: "Xeyrəddin Qoca qüdrətli satirik yazıçı və vətəndaş publisist Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır... O, yeni dövr Azərbaycan ədəbiyyatında satirik nəsr və publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən aparıcı yazıçı-publisistdir... Ədib müstəqillik dövrü Azərbaycan ədəbiyyatında miniatür satirik nəsrin əsas yaradıcısı kimi tanınır... Xeyrəddin Qocanın "Marallar"ı Molla Nəsrəddin "Marallar"ının davamçıları və xələfləridir... Bütövlükdə Xeyrəddin Qocanın çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanmışdır"...

Filologiya elmləri doktoru, professor Pənah Xəlilov isə yazır: "...Ədibin yumorlu istehzası öz tərzinə görə klassiklərimizin istehza tərzinə söykənirsə, onun istər təmsillərinin, istər atmacalarının, istərsə süjetli hekayələrinin məzmunu təzədir, günümüzün adamlarıdır, idarələrdir, cəmiyyətdir, məktəbli, jurnalistlər, yazıçılar aləmidir... Xeyrəddin Qoca həyatda adi, sadə görünənləri sanki gülməli, keçici bir adilik saymır, bu "adiliklərin" "kiçikliyi" qarşısında bizdən biganəlik deyil, ayıq-sayıqlıq istəyir. Ə.Haqverdiyev də, xüsusən Yusif Vəzir də məişətimizin "adicə" lövhələrini çəkəndə həmin adilikdə fəlakət görürdü. İnsan və cəmiyyət hüququnun tapdandığını görürdü. Kim millətini sevmirsə, onun eyiblərindən yazanda eyibli çıxacaq. Kim millətini sevirsə və eyibli nə görürsə, onu anlayırsa, yeri gələndə şirin, məlhəmli gülüşlə onu qarşılayırsa, bu, onun nəcabətidir, xalqa bağlılığıdır".

Bu günlərdə yazıçının "İdeal-Print" nəşriyyatında qırx illik bədii satira yaradıcılığını əhatə edən "Biz bizə bənzərik..." adlı yeni kitabı çapdan çıxmışdır. Satirik bu kitabını özünün "Hophopnaməsi" adlandırır. Kitabı oxuyarkən Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovun "Azərbaycan" qəzetinin 30 oktyabr 2002-ci il tarixli sayında açıqladığı aşağıdakı fikirlər yada düşür: "Xeyrəddin Qocanın əsərlərində Mixail Zosşenkodan da, Əziz Nesindən də, Cəlil Məmmədquluzadədən də, Mirzə Ələkbər Sabir və Əbdürrəhim bəy Haqverdiyevdən də nə isə var, lakin bu hekayələrin, lətifələrin, zarafatların müəllifi məhz onun özüdür - Xeyrəddin Qocadır... Azərbaycan cəmiyyətində, Azərbaycan insanında görünən qüsurların bir hissəsi yazıçının konkret xarakterlər, hadisələr əsasında göstərdiyi kimi "ənənəvi" səciyyə daşıyan keçmişin "təcrübələr"indən gəlir. Həmin qüsurlar molla nəsrəddinçilərə qədər dəfələrlə tənqid olunmuşdur. Xeyrəddin Qoca onlara o qədər də geniş yer ayırmır, yazıçının tənqid hədəfləri daha çox Azərbaycan cəmiyyətinin və Azərbaycan insanının son illərdə "qazandığı" yeni qüsurlardır. Sözü oldu-olmadı, qəzet çıxarıb söz demək həvəsi; partiya, cəmiyyətlər yaradıb "üzə çıxmaq" ehtirası, nazir, prezident olmaq mərəzi... Müəllif göstərir ki, həmin ictimai bəlalar hər şeydən əvvəl şəxsiyyəti öldürür, cəmiyyətin harmoniyası üçün əsas şərtlərdən biri olan xarakteri məhv edir. Və öz işi ilə məşğul olmayıb, özünü tutduğu mövqedən bir addım qabaqda görmək azarı cəmiyyətdə sosial-mənəvi tarazlığı pozur, xalqı marafonda bir-birini ötüb keçməyə çalışan insan kütləsinə çevirir".

"Biz bizə bənzərik..." kitabının annotasiyasında yazılır: "Möhtərəm oxucular kitabı oxuyarkən görəcəklər, biz heç kimə bənzəmirik, heç kim də bizə bənzəmir, biz-bizə bənzərik"...

 

 

Xalq qəzeti.- 2010.- 3 noyabr.- S. 8.