Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı nəşr olunmuşdur

 

Bu günlərdə Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda Kamal Abdullanın Azərbaycan oxucusuna yaxşı tanış olan "Sehrbazlar dərəsi" romanı işıq üzü görmüşdür.

 

Bakı Slavyan Universitetindən bildirmişlər ki, Sankt-Peterburqun nüfuzlu "Zlatoust" nəşriyyatında çap olunmuş roman hələ 2008-ci ildə Türkiyədə "Avrupa Yakası Yayınları" nəşriyyat evində nəşr edilmiş və Türkiyə oxucusunun böyük rəğbətini qazanmışdır.

Tanınmış rus yazıçısı Lyudmila Lavrovanın "Hələ ki şam yanır..." sərlövhəli məqaləsində deyilir: "Adama elə gəlir ki, səriştəli rus oxucusunu artıq heç nə ilə təəccübləndirmək mümkün deyil. Bununla belə, çağdaş Azərbaycanın parlaq, dəyərli yazıçı və dramaturqu Kamal Abdullanın 2005-ci ildə Moskvada, Alla Axundovanın tərcüməsində çap olunmuş "Yolun sahibi" adlı şeirlər kitabı başqa nəşrlərin çoxluğunda itib-batmadı, tənqidçilərin diqqətini çəkdi və mətbuat səhifələrində geniş əks-səda doğurdu. Təkcə ona görə yox ki, bu kitab mədəniyyətlərimizin iki əsrlik dialoqunun əhəmiyyətli faktına çevrildi (əslində, bu da vacibdir), həm də ona görə ki, zaman keçdikcə İslam Şərqinin fəlsəfəsinə və sənətinə Rusiyanın azalmayan marağı müstəvisində mənəvi hadisə kimi yadda qaldı".

Bu, Kamal Abdullanın yaradıcılığı haqqında xarici ölkələrin mətbuat səhifələrində çap olunan çoxsaylı resenziyalardan yalnız biridir. Məlum olduğu kimi, son illərdə Rusiya, Fransa, Türkiyə, Polşa, Braziliya və s. kimi zəngin ədəbi ənənələri olan ölkələrdə işıq üzü görən əsərləri ilə yazıçı həm ədəbiyyatşünasların, həm də oxucuların diqqətini özünə cəlb etmişdir. Bu gün Kamal Abdulla imzasına xarici mətbuat səhifələrində ən çox rast gəlinən Azərbaycan yazıçısıdır desək, yanılmarıq.

Yazıçının bu romanı fəlsəfi pritça janrında qələmə alınıb və sakinləri məkanı və zamanı idarə etməyə qadir olan Sehrbazlar Dərəsi və bu Dərədə baş verən fövqəladə hadisələr haqqında söz açılır.

Əsərin tərcüməçisi və ön sözün müəllifi Lyudmila Lavrova yazır: "Düşünürəm ki, yazıçı Kamal Abdulla bu kitabda imkansız kimi görünən bir şeyi gerçəkləşdirib: o, yaradıcı təxəyyülün üfüqlərini reallığın hüdudlarına kimi genişləndirib, onlara sözlərin nəfəsini verərək, elə vəziyyətə çatıb ki, bu zaman özün illüziyaya, başqalarının bəlkə də, əski zamanlarda gördüyü röyaya çevrilirsən və bu röyalar haqqında roman yazırsan".

Əminliklə demək olar ki, məşhur "Yarımçıq əlyazma" kimi "Sehrbazlar dərəsi" romanı da rus oxucusunun maraqla mütaliə etdiyi əsərlərin sırasına daxil olacaqdır.

 

 

Xalq qəzeti.- 2010.- 3 noyabr.- S. 7.