M.F.Axundov adına Milli
Kitabxananın beynəlxalq əlaqələri genişlənir
Son illərdə ölkəmizin
iqtisadi qüdrətinin möhkəmlənməsi, dünya
ölkələri sırasında öncül mövqelərə
yüksəlməsi dünyaya və Avropaya inteqrasiya proseslərinin
daha da sürətlənməsinə səbəb olmuşdur.
Bütün sahələrdə olduğu kimi, mədəniyyət
sahəsində də dövlətlərarası, millətlərarası
və qitələrarası inteqrasiyaya təkan verən amillərə
diqqət xeyli artmış, Azərbaycan Şərqlə Qərbin,
Avropa ilə Asiyanın mədəniyyətlərini
çulğalaşdıran irimiqyaslı tədbirlərin
tez-tez keçirildiyi məkana çevrilmişdir.
Kitabxana
işi sahəsində beynəlxalq miqyaslı tədbirlərin
keçirilməsi, ölkə kitabxanalarının professional
beynəlxalq təşkilatlarda təmsil olunması və
kitabxanalar arasında beynəlxalq kitab mübadiləsinin təşkili
məhz M.F.Axundov adına Milli Kitabxananın adı ilə
bağlıdır. Bütün bu tədbirlər kompleksi
kitabxanamızın beynəlxalq əlaqələrinin gündən-günə
genişlənməsinə və onun Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında vacib bir informasiya pəncərəsinə
çevrilməsinə səbəb olmuşdur. Bu kompleksin tərkib
hissələrindən biri professional beynəlxalq qurumların
işində fəal iştirakdan ibarətdir. Kitabxanamız
1995-ci ildən Beynəlxalq Kitabxanalar Təşkilatının
(İFLA), 2001-ci ildən Avrasiya Kitabxanalar Assambleyasının
(BAE), 2003-cü ildən Avropa Milli Kitabxanaları Konfransı təşkilatının
(CENL), 2007-ci ildən Türkdilli ölkələrin Milli
Kitabxanalar Şurasının və İqtisadi Əməkdaşlıq
Təşkilatına (İƏT) üzv ölkələrin
Milli Kitabxanaları Direktorlar Şurasının
üzvüdür. Biz bu təşkilatların bütün tədbirlərində
fəal iştirak etməklə yanaşı, onların həyata
keçirdikləri bir sıra layihələrdə yaxından
iştirak edirik. Belə layihələrdən Dünya Elektron
Kitabxanasını, Avropa Elektron Kitabxanasını,
"Evropiana" möhtəşəm layihəsini, "FUMAQABA"
layihəsini, Türkdilli ölkələrin milli
kitabxanalarında mühafizə olunan əlyazmaların vahid məlumat
bazasının yaradılması kimi irimiqyaslı layihələri
misal göstərmək olar.
Dünya
arenasına inteqrasiyanın ən vacib həlqələrindən
biri də digər dünya ölkələrinin milli
kitabxanaları ilə ikitərəfli əlaqələri
özündə ehtiva edən qarşılıqlı əməkdaşlıq
müqavilələrinin və memorandumların
imzalanmasıdır. Ölkəmizin milli kitabxanası ikitərəfli
qarşılıqlı əməkdaşlığa dair ilk
belə müqavilələri 1994-cü ildə Türkiyə
Milli Kitabxanası ilə və 1999-cu ildə Misir Ərəb
Respublikasının məşhur "İskəndəriyyə"
Kitabxanası ilə imzalamışdır.
Hal-hazırda
milli kitabxanamız dünyanın 20 ölkəsinin milli
kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq
haqqında müqavilə və memorandumlar imzalamışdır
və hər iki tərəf üçün vacib əhəmiyyət
kəsb edən bu əməkdaşlıq əlaqələri
müvəffəqiyyətlə davam etdirilir.
Kitabxanamızın
qarşılıqlı əməkdaşlıq etdiyi ölkələrin
coğrafiyası çox müxtəlifdir. Buraya həm
yaxın xarici ölkələrin - MDB-yə daxil olan ölkələrin
milli kitabxanaları: Rusiya, Belorus, Ukrayna, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan və Tacikstanın milli
kitabxanaları, həm yaxın qonşu ölkələrin-Gürcüstan,
İran və Pakistanın, qardaş Türkiyənin milli
kitabxanaları, Avropa qitəsinin aparıcı ölkələri
olan Avstriyanın, Fransanın, Slovakiyanın, İsveçrənin,
Latviyanın, Estoniyanın milli kitabxanaları daxildir. Eyni
zamanda, Şərq və ərəb ölkələrindən
Suriya Ərəb Respublikasının və Misir Ərəb
Respublikasının milli kitabxanaları, Amerika Birləşmiş
Ştatlarının Konqress Kitabxanası da əməkdaşlıq
etdiyimiz ünvanlar sırasına aiddir.
Kitabxanamızın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə müsbət təsir edən amillərdən biri də birgə beynəlxalq tədbirlərin keçirilməsidir. Son illər ərzində Azərbaycan daha çox beynəlxalq tədbirlərin keçirildiyi, ölkə başçılarının, dünya alimlərinin, mədəniyyət və incəsənət xadimlərinin tez-tez görüşdüyü və toplaşdığı məkana çevrilmişdir. Ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən bu uğurlu siyasət Azərbaycanımızın dünya miqyasında öz sözü, öz yeri olan aparıcı bir ölkəyə çevrilməsində əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya xalqlarının mədəniyyətlərinin dialoqu və qarşılıqlı zənginləşməsi istiqamətində atılan addımlar, keçirilən beynəlxalq konfranslar və festivallar, beynəlxalq sərgilər və müsabiqələr, bu və ya digər ölkələrin mədəniyyət günləri və s. tədbirlər xüsusilə örnək olmuşdur.
Nazirliyimizin beynəlxalq miqyasda apardığı uğurlu mədəniyyət siyasətini davam etdirən Azərbaycan Milli Kitabxanası ölkəmizin kitabxanaçılıq tarixində ilk dəfə olaraq 2008-ci ildə özünün yaranmasının 85-illik yubileyinin keçirilməsi çərçivəsində "İnformasiyalı cəmiyyətdə milli kitabxanaların inkişafı perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirmişdir. Dünyanın 18 ölkəsindən gəlmiş milli kitabxana direktorlarının və 3 beynəlxalq professional kitabxana təşkilatının rəhbərlərinin iştirakilə baş tutan bu tədbirdə 30-dan artıq xarici ölkə nümayəndəsi müzakirələrdə yaxından iştirak etmişdir.
Kitabxanamızın 85-illik yubileyi tədbirləri də müəyyən mənada beynəlxalq miqyasli bir neçə tədbirlə müşayiət olunmuşdur. Belə ki, yubiley tədbirləri çərçivəsində Azərbaycan Milli Kitabxanasının da beş təsisçisindən biri olduğu Avrasiya Kitabxanalar Assambleyası beynəlxalq təşkilatının X illik toplantısı Bakıda keçirilmişdir.
Yubiley günlərində eyni zamanda, bir il öncə Ankara şəhərində yaradılmış Türkdilli Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının ikinci iclası da Bakıda keçirilmişdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızstan, Tacikstan, Türkmənistan, Quzey Kıbrıs Türk Cümhuriyyəti kimi ölkələrin milli kitabxana direktorlarının daxil olduğu bu təşkilat Uluslararası Türk Kültürü Təşkilatı olan TÜRKSOY-un egidası altında yaradılmışdır və əsas məqsədi türkdilli ölkələrin milli kitabxanalarını bir araya gətirərək ortaq mədəniyyətimizin ən qiymətil örnəkləri olan kitab və qədim əlyazmalarından üzv ölkələrdə yaşayan alim və mütəxəssislərin birlikdə istifadə edə bilmələri üçün imkan yaratmaqdan ibarətdir.
Bu məqsədə nail olmaq üçün Bakı iclasında Azərbaycan Milli Kitabxanasının təşəbbüsü və təklifi ilə Türkdilli Ölkələrin Milli Kitabxanalarının vahid elektron-məlumat bazasının yaradılması barədə bəyannamə qəbul olunmuşdur. Eyni zamanda, bu təşkilatın vahid veb portalının yaradılması və burada üzv ölkələrin milli kitabxanalarının fondlarında mühafizə olunan qiymətli əlyazmalarının elektron versiyasının yer aldığı ayrıca bölmənin yaradılması da qərara alınmışdır.
2009-cu ilin iyulunda Azərbaycan Milli Kitabxanasında İSESKO-nun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və M.F.Axundov adına Milli Kitabxananın təşkilatçılığı ilə "Orta əsr Şərq Tibb əlyazmalarının vəziyyəti" mövzusunda beynəlxalq konfrans-treninq keçirilmişdir.
2009-cu ilin sentyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq Beynəlxalq Kitab sərgi-yarmarkası keçirilmişdir. Dünyanın 17 ölkəsinin təmsil olunduğu bu sərgi-yarmarkada Azərbaycan Milli Kitabxanasının dəvətilə 9 xarici ölkənin milli kitabxana direktorları öz kitabxanalarının fondlarından ekzpozisiyalarla təmsil olunmuşlar. Tədbirin sonunda həmin kitabxanalar gətirdikləri kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə etmişlər.
2010-cu ilin aprelində Azərbaycan Milli Kitabxanası daha bir beynəlxalq konfransa ev sahibliyi edərək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY təşkilatının təşəbbüsü ilə görkəmli türkoloq-alim Əhməd Zəki Validi Toğanın anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və "Əhməd Zəki Validi Toğan - 120" başlığı altında beynəlxalq kitab sərgisi keçirmişdir.
Bu ilin iyununda milli kitabxanamızın əməkdaşları təcrübə mübadiləsi məqsədilə Estoniyada olmuşlar və bu səfər çərçivəsində Estoniya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Cari ilin iyunun sonunda biz ABŞ-ın Vaşinqton şəhərində Dünya Diqital Kitabxanasının (DDK) təqdimat mərasimində iştirak etmişik və indi Azərbaycan Milli Kitabxanası DDK-nın tamhüquqlu üzvüdür. Həmin tədbir çərçivəsində Amerika Kitabxanaçılar Assambleyasının illik toplantısında da iştirak etmişik.
Sentyabrın 26-dan 28-dək Birləşmiş Krallığın London şəhərində Avropa Milli Kitabxanaları Konfransı təşkilatının (CENL) 24-cü iclasında mən də iştirak etmişəm. Burada Avropa Diqital Kitabxanasının ("Evropiana") yaradılması layihəsi elan olunmuşdur və Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazası da "Evropiana"ya daxil edilmlşdir. CENL-in 24-cü London iclasında 2013-cü ildə həmin təşkilatın 27-ci iclasının Bakıda keçirilməsi barədə qərar qəbul olunmuşdur. CENL-in 27-ci iclasının 2013-cü ildə Azərbaycan Milli Kitabxanasının yaradılmasının 90 illik yubileyi tədbirləri çərçivəsində Bakıda keçirilməsi barədə təklif həmin təşkilatın ötən il Madriddə keçirilən 23-cü iclasında mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin təşəbbüsü ilə irəli sürülmüşdür və bu ilin yanvarında CENL İcraiyyə Komitəsinin bu barədə çıxardığı ilkin qərarı Londonda CENL-in ümumi iclasında təsdiq olunmuşdur.
Beləliklə, 2013-cü ilin sentyabrında Avropanın 44 ölkəsinin 49 milli kitabxanasının direktorları Bakıda toplaşacaqlar. Bu günlərdə biz İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının Türkiyənin Ankara şəhərində keçirilən üçüncü konfransında iştirak etmişik. Bu iclasda üzv ölkələrin milli kitabxanalarının toplu kataloqunun və vahid portalının və toplu elektron kataloqunun yaradılması məsələləri müzakirə olunmuşdur. Burada Azərbaycan Milli Kitabxanasının mütəxəssisləri tərəfindən hazırlanmış "İƏT-ə üzv ölkələrin Milli Kitabxanaları şurası təşkilatının vahid portalının və toplu elektron kataloqunun layihəsi" müzakirə olunaraq yekdilliklə qəbul olunmuşdur.
Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət kəsb edən amillərdən biri də dünya ölkələrinin milli kitabxanaları ilə beynəlxalq kitab mübadiləsinin təşkilindən ibarətdir. Birləşmiş Millətlər Təşkilatının və YUNESKO-nun 1959-cu ildə qəbul etdikləri qərarla rəsmləşdirilən kitabxanalar arasında beynəlxalq kitab mübadiləsi dünyanın iri kitabxanalarının xarici ədəbiyyat fondlarının formalaşmasında mühüm rol oynayır və kitabı-kitaba dəyişmək yolu ilə həyata keçirilir. Bu gün Azərbaycan Milli Kitabxanası 60-dan artıq ölkənin milli kitabxanaları ilə xarici ədəbiyyat mübadiləsini həyata keçirir və beynəlxalq kitab mübadiləsi yolu ilə alınan və göndərilən kitabların sayı ildən-ilə xeyli artmışdır.
Azərbaycan Milli Kitabxanası ölkəmizin dünyaya açılan daha bir informasiya pəncərəsi olmaqla beynəlxalq əlaqələrini gündən-günə genişləndirməyə çalışır və beynəlxalq təşkilatlarda Azərbaycanımızı ləyaqətlə təmsil edən mənəviyyat xəzinəsinə çevrilmişdir.
Kərim TAHİROV,
M.F.Axundov adına Milli Kitabxananın
direktoru, fəlsəfə doktoru,
əməkdar mədəniyyət işçisi
Xalq qəzeti.- 2010.- 3 noyabr.- S. 6.