Prezident İlham Əliyev: Bu gün Azərbaycan ordusu bölgədə - Cənubi Qafqazda ən güclü, ən peşəkar, ən mübariz ordudur

 

Azərbaycanın iqtisadi, siyasi və sosial həyatında son dövrlər qeydə alınmış dinamik inkişaf dünyada qlobal maliyyə böhranının tüğyan etdiyi illərdə də davam etmiş, nəzərdə tutulmuş iri infrastruktur layihələrinin həyata keçirilməsində ciddi maneə müşahidə olunmamışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2010-cu ildə də ölkənin bütün sahələr üzrə davamlı inkişafını təmin etmiş, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmişdir. Dövlət başçımızın sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu barədə ətraflı söhbət açıldı, uğurları əks etdirən faktlar səsləndirildi.

 

İclasda giriş və yekun nitqləri ilə çıxış edən Azərbaycan Prezidenti 2010-cu ilin 9 ayının yekunlarını ümumilikdə uğurlu hesab etdi. Bu fakt nüfuzlu beynəlxalq qurumlar tərəfindən də dəfələrlə qeyd edilib. Məsələn, Dünya İqtisadi Forumunun açıqladığı hesabatda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında birinci olub. Çoxlu sayda belə faktlar sadalamaq mümkündür. Bu bir həqiqətdir ki, bu gün Azərbaycan regionda lider dövlətdir.

Müxtəlif sahələr üzrə qazanılan uğurlardan söhbət açan dövlətimizin başçısı ordu quruculuğundakı tərəqqini xüsusi vurğulamışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, biz müharibə şəraitində yaşayırıq və ona görə də ordu quruculuğu prosesinin sürətləndirilməsi, gücləndirilməsi üçün Azərbaycan dövləti əlindən gələni edir. Hər il orduya ayrılan vəsait artırılır, hərbçilərin həyat səviyyəsi yaxşılaşdırılır, sosial müdafiələri gücləndirilir. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu bölgədə - Cənubi Qafqazda ən güclü, ən peşəkar, ən mübariz ordudur.

Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ordu quruculuğunun inkişafından söhbət açan ölkə başçısı bildirdi ki, gələn il bizim hərbi xərclərimiz 2 milyard 500 milyon manat səviyyəsində olacaq. Bu da 3 milyard dollardan çoxdur. İşğalçı Ermənistanın bütünlüklə dövlət büdcəsi 2 milyard dollardan bir qədər artıqdır. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının getdikcə güclənməsi ordu quruculuğunun inkişafında özünü açıq şəkildə göstərir. Bu tərəqqi Ermənistanda ciddi təşviş yaradıb. Bir tərəfdən Azərbaycan Milli Ordusunun getdikcə qüdrətlənməsi, digər tərəfdən isə Ermənistan ordusunun böhran vəziyyətinə düşməsi ermənilərin həyəcanını daha da artırıb. Artıq onlar qorxu altında yaşadıqlarını etiraf etmək məcburiyyətində qalıblar. Ermənistan rəsmiləri açıq şəkildə bəyan ediblər ki, aclıq və yoluxucu xəstəliklərin baş alıb getməsi hərbçilərin vəziyyətini xeyli ağırlaşdırıb. Bu səbəbdən valideynlər uşaqlarını hərbi xidmətə getməyə qoymurlar.

Azərbaycan ordusuna ayrılan vəsaitin ildən-ilə artırılması, bunun da sayəsində Azərbaycan Silahlı Qüvvələrinin mətinləşməsi Ermənistan siyasilərini təşvişə salıb. Məsələn, Erməni Ümummilli Hərəkatının fəallarından biri Samvel Akopyan bildirib ki, Ermənistan rəhbərliyi qonşu dövlətin ordusunda aparılan quruculuq işlərindən ciddi nəticə çıxarmalıdır. Onun sözlərinə görə, rus əsgərlərinə arxalanan Prezident Serj Sarkisyan və ətrafı bironda ayılacaqlar ki, artıq hər şey əldən gedib. Onda isə gec olacaq. Erməni politoloqu öz ölkəsinin rəhbərliyini ayıq-sayıq olmağa çağırıb və Azərbaycanda yaradılmış Müdafiə Sənayesi Nazirliyinin ordunun möhkəmlənməsinə ciddi təsir göstərdiyini deyib.

Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması Prezident İlham Əliyevin Milli Ordunun formalaşdırılması və ordu quruculuğu prosesinin daha da sürətləndirilməsi sahəsində irəliyə doğru atdığı qətiyyətli addamlardan biridir. Qısa vaxt ərzində nazirliyin strukturu formalaşdırıldı. Bu sahədə fəaliyyəti artırmaq üçün müvafiq proqramlar hazırlandı, müdafiə təyinatlı məhsullara, atıcı silahlara, hərbi texnikanın ehtiyat hissələrinin hazırlanmasına və təmirinə olan tələbat öyrənildi. Bunların həyata keçirilməsi üçün nazirliyin tabeçiliyində olan müəssisələrə 423 adda dəzgah və avadanlıq gətirildi. Bu müəssisələrdə qısa bir vaxtda müdafiə təyinatlı məhsulların istehsalına başlanıldı. Müdafiə Sənayesi Nazirliyi tədricən əlaqələrini genişləndirərək dünyanın 60-dan çox ölkəsi ilə əməkdaşlıq qurdu.

Hazırda istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 413-ə çatdırılıb. Ötən illərlə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalı 46 dəfə artırılıb.Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından keçən az vaxt ərzində 55 adda məmulatın beynəlxalq sərgidə nümayiş etdirilməsi Azərbaycanın hərbi qüdrətinin sürətlə artmasından xəbər verir. Bu, həm də ölkəmizin güclü müdafiə sənayesinin mövcudluğunu göstərir.

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı və beynəlxalq sərgilərdə yüksək qiymətə layiq görülməsi Ermənistan tərəfini xoflandırıb. Təcavüzkar dövlət Azərbaycanın müharibəyə hazırlaşması barədə beynəlxalq aləmdə rəy formalaşdırmağa çalışır. Lakin onların bu hay-küylərinə əhəmiyyət verən yoxdur. Çünki artıq bütün dünya Ermənistanı təcavüzkar, Azərbaycanı isə sülhsevər dövlət kimi tanıyır. Görünür işğalçı dövlətin rəhbərliyi unudur ki, hər bir ölkənin öz ərazisini müdafiə etməsi beynəlxalq hüququn norma və prinsiplərində də öz əksini tapıb. Bütün dünyaya bəllidir ki, Azərbaycan Prezidenti işğal altında olan ərazilərin danışıqlar vasitəsi ilə azad olunmasının tərəfdarıdır. Dövlətimizin başçısı bu barədə öz mövqeyini ən yüksək tribunalardan dəfələrlə bəyan edib. Əgər Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayişindən əl çəkməzsə, o zaman Azərbaycan tərəfi işğal altında olan ərazilərini alternativ yollarla azad etmək barədə düşünəcək. Bundan ötrü kifayət qədər güclü və qüdrətli milli ordumuz var. Ancaq hələlik sülh potensialı tükənməyib. Azərbaycan tərəfinin münaqişənin nizamlanmasında hərbi gücə yox, beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verməsi dünya birliyi tərəfindən də dəstəklənir. Onu da qeyd edək ki, bütün aparıcı və nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycan Prezidentinin mövqeyini dəstəkləyir. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar qəbul etdikləri qərar və qətnamələrdə birmənalı olaraq Prezident İlham Əliyevin mövqeyini müdafiə edirlər. Həmin qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, işğala son qoyulması tələb olunur. Ona görə də Ermənistan tərəfinin Azərbaycanın müharibəyə hazırlaşması barədə beynəlxalq aləmdə rəy formalaşdırmaq cəhdləri heç bir nəticə vermir. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illik yubileyi ilə əlaqədar Bakıda - "Azadlıq" meydanında keçirilən möhtəşəm hərbi parad zamanı da ermənilər qorxuya düşmüşdü. Onlara bəlli idi ki, bu hərbi paradda nümayiş etdirilən hərbi imkanlar Azərbaycandakı silah və sursatların hələ bir qismidir. Son illər isə ordu quruculuğunda aparılan islahatlar, yeni müəssisələrin yaradılması, zirehli texnika və digər zəruri müdafiə təyinatlı məmulatların istehsalı Azərbaycan Ordusunu daha da qüdrətləndirib. Artıq Azərbaycan işğal altında olan ərazilərini düşməndən xilas etməyə tam qadirdir. Ancaq qeyd etdiyimiz kimi, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verilir.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində törədilən vəhşiliklər, vandalizm aktları artıq beynəlxalq səviyyədə araşdırılır. Oktyabrın əvvəlində ATƏT-in faktaraşdırıcı missiyasının işğal altında olan ərazilərə gəlməsi və ermənilərin törətdikləri dağıntılarla əlaqədar hesabat hazırlamaları Azərbaycan diplomatiyasının uğurlarından biridir. Xatırladaq ki, 2005-ci ildə də ATƏT-in faktaraşdırıcı missiyası Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə göndərilmişdi. Həmin missiyanın hazırladığı hesabatda erməni qəsbkarlarının törətdikləri vandallıqlar açıq şəkildə öz əksini tapmışdı. Budəfəki faktaraşdırıcı missiyanın tərkibinə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri də daxil edilibdir. Ermənistan rəhbərliyi bu məsələyə narazılığını bildirsə də, bunun üçün elə bir əsas tapılmadı.

Azərbaycan öz prinsipial mövqeyində qətiyyətlidir. İşğal olunmuş ərazilər azad edilməli, öz doğma ata-baba torpaqlarından didərgin salınmış soydaşlarımız geri qayıtmalıdırlar. Ermənistan nəhayət dərk etməlidir ki, qonşu dövlətlərin torpaqları hesabına "Böyük Ermənistan" dövləti yaratmaq xülyası baş tutmayacaq.

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev məqalələrinin birində yazıb: "Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi və hərbi gücünün artması fonunda, Ermənistan bütün üzvləri Azərbaycanla dost olan hərbi blokun arxasında gizlənməyə çalışır". Bu gün dünyanın bütün beynəlxalq qurumları, inkişaf etmiş dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul edir və münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu bəyan edirlər. Hadisələrin gedişibir daha təsdiqləyir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyindən əl çəkməsə, bu dəfə qarşılarında güclü və qüdrətli Azərbaycan Milli Ordusunu görəcəklər.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 3 noyabr.- S. 4.