Qax: Ulu öndərin
bayrağı Uludağda dalğalandı
Xalqımızın həyatında,
dövlətçiliymizin tarixində milli-mənəvi dəyərlərimizi
özündə yaşadan tarixi günlər, əlamətdar
hadisələr çoxdur. Cəmiyyətimizin inkişafı
ilə bağlı yaranmış milli-adət ənənələrimiz
günbəgün yeniləşir, daha da zənginləşir,
təqvimimizə yeni bayramlar, yaddaqalan tarixi günlər daxil
olur.
Onlardan
biri də 9 noyabr - Dövlət Bayrağı
günüdür. Məlum olduğu kimi bu il sentyabr
ayının 1-də Respublika Prezidenti İlham Əliyevin
iştirakı ilə Bakı şəhərində
"Bayraq Meydanı"nda hazırda "Ginnesin rekordlar
kitabı"nda təsbit edildiyi kimi dünyanın ən uca
bayrağı olan Azərbaycanın üçrəngli
bayrağı qaldırılmışdır. Azərbaycan
Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə isə
9 noyabr günü Azərbaycan Dövlət Bayrağı
Günü kimi elan olunmuşdur. Milli adət-ənənələrimizi
daha da zənginləşdirən, milli birliyimizi təcəssüm
etdirən, mübarizlik simvolumuz olan bayrağımıza
xalqın sevgisini nümayiş etdirməyə xidmət edən
Dövlət Bayrağı Günü bu il ilk dəfə
ölkəmizin hər yerində olduğu kimi Qaxda da rayon
ictimaiyyəti tərəfindən böyük bayram ovqatı
ilə qeyd olunmuşdur.
Rayon
icra hakimiyyətinin hazırladığı tədbirlər
planına əsasən bu əlamətdar gün münasibətilə
rayonun təhsil, mədəniyyət müəssisələrində,
idman və gənclər idarələrində bir sıra mədəni-kütləvi
tədbirlər, konfranslar, müsabiqələr, idman
yarışları keçirilmiş, ədəbi-bədii
kompozisiyalar təşkil olunmuşdur. Ayın 8-də isə əllərində
gül-çiçək, üzlərində təbəssüm,
böyük bayram ovqatı ilə şəhərin mərkəzi
meydanına axışan insanların ardi-arası kəsilmirdi.
Buraya toplaşan insanlar - başda rayon rəhbərliyinin
nümayəndələri, idarə, müəssisə
kollektivləri, gənclər, rayon sakinləri, ağsaqqallar
Dövlət Bayrağı Günü münasibətilə
öz sevinc və fərəhlərini ifadə etdilər. Onlar
öncə 1990-cı ildə Azərbaycanın hazırkı
üçrəngli bayrağını dövlət
bayrağı kimi Naxçıvan Ali Sovetinin binasında
dalğalandıran, müasir Azərbaycan dövlətinin
memarı, türk dünyasının qəhrəman oğlu,
ulu öndərimiz Heydər Əliyevin şəhərin mərkəzi
meydanında ucaldılan abidəsi önünə tər
gül-çiçək düzərək hörmət və
ehtiramlarını bidirdilər.
Sonra
şəhərin Nizami parkında Dövlət Bayrağı
Günü münasibətilə rayonun mədəniyyət
kollektivlərinin üzvləri böyük konsert proqramı
ilə çıxış etdilər.
İştirakçılar meydana gətirilən Azərbaycan
bayrağına ehtiram nümayiş etdirdilər.
Noyabrın
9-da isə Bayraq Günü münasibətilə
keçirilmiş müxtəlif müsabiqələrin, idman
yarışlarının qaliblərindən ibarət bir qrup gənc
dövlətçiliyimizə sədaqət, vətənimizə
məhəbbət əlaməti olaraq dövlətimizin
atributu, milli birlik rəmzi olan Azərbaycan
Respublikasının Dövlət bayragını rayonun ən
mənzərəli guşələrindən birinə - uca
Uludağın yamacına sancdılar.
İ.MUSAOĞLU
Xalq qəzeti.- 2010.- 11 noyabr.- S. 7.