Zaqatalada Bayraq Günü qeyd edilmişdir
Ölkənin hər
yerində olduğu kimi,
Zaqatala rayonunda da Azərbaycan Respublikasının Dövlət
Bayrağı Günü, 12 noyabr - Konstitusiya günü və 17 noyabr
- Milli Dirçəliş Günü
münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala Rayon
İcra Hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə,
hüquq-mühafizə orqanlaının rəhbərləri, ağsaqqallar, rayon ictimaiyyətinin
nümayəndələri və gənclər iştirak
etmişlər.
Tədbir
iştirakçıları öncə Heydər parkında
ulu öndər Heydər Əliyevin xatirəsinə
ucaldılmış abidə kompleksini ziyarət etmiş,
önünə tər çiçəklər
düzmüşlər. Sonra ictimaiyyət nümayəndələri
şəhərin mərkəzində yerləşən Bayraq
dairəsi ətrafında toplaşmışlar.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açmış, Bayraq Gününün ölkəmizdə ilk dəfə qeyd olunduğuna baxmayaraq ölkə ictimaiyyəti arasında böyük sevinc və fərəh hissləri ilə qarşılandığını qeyd etmişdir. Natiq bunun başlıca səbəbi kimi, dövlət bayrağının hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunduğunu vurğulamış, millətin azadlıq rəmzi, vətənin simvolu, hər zaman qürur və inam yeri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Rayon rəhbəri Dövlət Bayrağı Gününün ölkəmizdə belə təmtəraqla qeyd olunmasının ümummilli liderimiz Heydər Əliyevin böyük siyasi iradəsi hesabına mümkün olduğunu xüsusi vurğulamışdır. Qeyd edilmişdir ki, məhz ulu öndərimizin siyasi cəsarəti hesabına ay-ulduzlu, üç rəngli bayrağımız dövlətimizin rəmzi elan edilmiş və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu almışdır. Azərbaycan bayrağını Avropanın mərkəzində - Strasburqda, Avropa Şurası binası qarşısında qaldırmaq şərəfi də məhz bayrağımıza yenidən həyat bəxş edən ulu öndər Heydər Əliyevə nəsib olmuşdur. Rayon rəhbəri qarşıdan gələn 12 noyabr - Konstitusiya Günü və 17 noyabr Milli Dirçəliş günü ilə əlaqədar zaqatalalıları təbrik etmiş, bu iki əlamətdar günün müasir Azərbaycan dövlətinin tarixindəki əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbirdə ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Çingiz Hacıməmmədov çıxış edərək bu gün müstəqil, azad bir ölkədə yaşadığından qürur duyduğunu bildirmiş, bu müstəqilliyin nələrin bahasına əldə olunduğunu rayon ictimaiyyətinə xatırlatmışdır. Natiq bu gün düşmən tapdağı altında qalmış torpaqlarımızda üç rəngli bayrağımızın dalğalanması üçün hər kəsi Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırmışdır. Mövzu ətrafında çıxış edən digər natiqlər ölkədə gedən dinamik inkişafdan, aparılan quruculuq işlərindən danışmış, o cümlədən Zaqatala rayonuna göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Sonra tədbirdə hərbçilərin, idmançıların və gənclərin Dövlət Bayrağı önündən təntənəli parad-keçidi olmuşdur.
İ.MUSAOĞLU
Xalq qəzeti.- 2010.- 11 noyabr.- S. 7.