Masallıda
Dövlət Bayrağı Meydanının
açılış mərasimi olub
Gözəl cənub şəhərindəki
təzə meydanda dövlət bayrağımız
qaldırılan anlarda xəyalım qanadlanıb ötən əsrin
tarix dərslərindən öyrəndiyim "sübh"
çağlarına doğru səmt aldı.
Qürurla
xatırladım ki, doxsan iki il öncə dünya dövlətlərinin
bayraqları sırasında ilk dəfə Azərbaycan Xalq
Cümhuriyyətinin də bayrağı dalğalanmağı
başlayıb. Milli dövlətçiliyimizin ali rəmzi
kimi tanınıb üçrəngli, ay-ulduzlu
bayrağımız. Amma Azərbaycan zirvəsinin tacı olan
bu bayrağın ilkin bəxtəvərliyi cəmi ilyarım
çəkib. Üstünə çilənən şəhid
qanları ilə yenicə uca urvat tapan bayrağımız
1920-ci ilin aprelində dirəklərdən
düşürülərək ürəklərimizə
enib. Millət yetmiş il həsrətini çəkib öz
bayrağının. Bir də bu bayraq SSRİ-nin süqutu ərəfəsində
təkrar açılıb, meydanlarda, binalarda özünə
layiq ucalığına yüksəlib.
Dünyanın
ən mötəbər yerlərində bayraqlara qoşulub boy
göstərən Azərbaycan bayrağı vüqar rəmzimizdir!
Havada dalğalanan ipəyin, qumaşın arasında sanki
küləklər də sehirlənir! BMT-nin
qarşısındakı bayraqlar səfində onu hər
görəndə sonsuz iftixar hissi keçiririk. Tezliklə
Şuşanın dumanlı başında,
Laçının, Kəlbəcərin qaşında görmək
istədiyimiz milli bayrağımız hər birimizin and
yeridir...
Masallı şəhərinin mərkəzində Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasiminə rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri toplaşmışdı. Fəxri qarovul düzülmüşdü. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev mərasimi açaraq dövlət bayrağımızın şanlı tarixindən bəhs etdi. O dedi ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 9 noyabr 1918-ci il tarixli qərarı ilə üçrəngli, mərkəzində ağ aypara və səkkizbucaqlı ulduz olan bayraq əsas dövlət rəmzi kimi qəbul edilib.
Natiq sonra qeyd etdi ki, 1990-cı il noyabrın 17-də AXC-nin bayrağı Azərbaycanda yenidən üzə çıxıb. Bu bayraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasının keçirildiyi zala gətirilib və Azərbaycan Ali Sovetinin qarşısında vəsatət qaldırılaraq tələb edilib ki, Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. 1991-ci ilin 5 fevralında bu, Azərbaycan Respublikasının Qanunu ilə təsdiqlənib. Nəhayət, ötən il noyabrın 17-də Azərbaycanda Dövlət Bayrağı günü təsis olunub. Bu il sentyabrın 1-də Bakıda dünyanın ən uca bayrağı qaldırılıb. Möhtəşəm bayrağın ucaldığı meydanın təntənəli açılış mərasimində çıxış edən Möhtərəm Prezidentimiz İlham Əliyev bildirib ki, bu çox əlamətdar və tarixi bir gündür, dövlət bayrağımız bizim milli dəyərimizdir...
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev mərasim iştirakçılarını Masallıda da Bayraq Meydanının tikilib istifadəyə verilməsi və gözəl bayram münasibətilə təbrik etdi. Dövlət himninin sədaları altında üçrəngli bayrağımız uca dirəyə qaldırıldı və həzin payız küləyində dalğalanmağa başladı. Alqış sədaları ətrafa yayıldı.
Sonra elə bu meydandaca mərasim iştirakçılarına geniş konsert proqramı təqdim edildi. Bayram atəşfəşanlığı oldu.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 11 noyabr.- S. 6.