"Dünyanın itirdiyi böyük insan"

 

Dünən Xəzər Universitetinin akt zalında türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün vəfatının 72-ci ildönümü münasibəti ilə Azərbaycanın ictimaiyyət nümayəndələrinin, Türkiyə səfirliyinin, Türkiyə Sənayesi və İş Adamları Birliyinin nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirildi. Tədbirdə Qənirə Paşayevanın yenicə çapdan çıxmış "Dünyanın itirdiyi böyük insan" kitabı da ictimaiyyətə təqdim edildi.

 

Tədbiri giriş sözü ilə açan Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı Atatürkün həyat və fəaliyyətindən ətraflı bəhs edən kitabın əhəmiyyətindən söhbət açdı. Qənirə Paşayeva bildirdi ki, kitab indiyədək onun yazdığı məqalələr əsasında tərtib olunub. Məqsəd türk dünyasının liderlərini geniş ictimaiyyətə, xüsusilə də gənclərə tanıtmaqdır. Tədbirdə tanınmış şair Zəlimxan Yaqub, professor Qəzənfər Paşayev, TÜSİAB-ın nümayəndəsi Yasin Güral, Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı, professor Rəna Mirzəzadə, Türkiyə səfirliyinin nümayəndəsi Rza Kağan Yılmaz və digərləri kitabla bağlı düşüncələrini bölüşdülər. Kitabda Atatürkün fəaliyyəti ilə yanaşı, dünyanın tanınmış dövlət adamlarının onun haqqında fikirləri də əks olunub.

Qeyd edək ki, kitab TÜSİAB-ın xətti ilə çap edilib Nəşrin redaktoru Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, ön sözün müəllifi TÜSİAB-ın sədri Yavuz Keleşedir. Nəşrin pulsuz olaraq təhsil müəssisələrinə paylanması nəzərdə tutulur.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2010.- 11 noyabr.- S. 6.