Binəqədi rayonunda Konstitusiya
Gününə həsr olunmuş tədbir
keçirilmişdir
Müstəqil Azərbaycan
Respublikasının demokratik tələblərə tam cavab
verən, ümumbəşəri dəyərləri
özündə ehtiva edən Ali Qanununun - Konstitusiyanın qəbul
olunmasından 15 il ötür. 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş
Konstitusiya ötən müddətdə ölkəmizin beynəlxalq
nüfuzunu artırmaqla yanaşı, vətəndaşların
hüquq və azadlıqlarının, sosial ədalət
prinsipinin, bir sözlə, hər bir Azərbaycan vətəndaşının
normal yaşayış və fəaliyyətinin təminatçısına
çevrilmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə müstəqilliyini və mövcudluğunu qorumuş
Azərbaycan Respublikasının ən böyük tarixi
nailiyyəti məhz özünün demokratik, sivil norma və
dəyərlərə cavab verən Konstitusiyasını qəbul
etməsidir.
Dünən
ölkəmizin hər yerində olduğu kimi, Binəqədi
Rayon İcra Hakimiyyətində də Konstitusiyanın 15-ci
ildönümü böyük bayram təntənəsi ilə
qeyd olundu. Tədbiri giriş sözü ilə icra hakimiyyətinin
başçısı Alı Qocayev açdı. Dövlət
quruculuğu sahəsində başladığı
böyük işi məntiqi şəkildə davam etdirərək
müstəqil Azərbaycanın siyasi tarixində yeni bir mərhələnin
əsasını qoyan demokratik Konstitusiyasının qəbulunu
ulu öndər Heydər Əliyevin Vətəni, xalqı
qarşısında ən böyük tarixi xidməti
olduğunu diqqətə çatdıran A.Qocayev bu ali sənədin
ötən illər ərzində Azərbaycanın beynəlxalq
nüfuzunun artırılması və əsl vətəndaş
cəmiyyətinin tam bərqərar olunması sahəsində
misilsiz rol oynadığını bildirdi. Qeyd etdi ki,
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanmış və xalqımızın yekdilliklə qəbul
etdiyi Əsas Qanunumuz siyasi cəhətdən bitkin, hüquqi cəhətdən
kamil, dil və üslub baxımından sadə və son dərəcə
əhatəli bir ali sənəd olmaqla bərabər, Azərbaycan
Respublikasının götürdüyü beynəlxalq
öhdəlikləri və ümumbəşəri dəyərləri
özündə tam əks etdirir.
İcra
hakimiyyəti aparatı hüquq şöbəsinin müdiri Nəsimi
Cəfərov Azərbaycanın tarixində sayca
dördüncü olan yeni Konstitusiyanı xalqımızın
keçdiyi tarixi yolun məntiqi nəticəsi kimi dəyərləndirdi.
O, bu ali sənədin üçdə bir hissəsinin vətəndaş
hüquq və azadlıqlarının qorunmasına həsr
edildiyini ölkəmizdə insan amilinə verilən yüksək
qiymətin bariz nümunəsi olduğunu diqqətə
çatdırdı. Bildirdi ki, Azərbaycan
Respublikasının Konstitusiyasına əsasən dövlət
hakimiyyətinin qanunvericilik, icra və məhkəmə
hakimiyyətinə ayrılması ölkəmizin hüquqi
dövlət kimi mövcudluğuna əsas yaradır ki, bu da
müstəqilliyimizin əbədi və daimi olmasına
başlıca təminatdır.
Məruzəçi
qeyd etdi ki, xalqımızın dövlətçilik ənənələrinə,
milli və ümumbəşəri dəyərlərə,
sivil dövlətlərin konstitusiya təcrübəsinə əsaslanan
Əsas Qanunumuz qəbul olunduğu andan Azərbaycanın
ictimai-siyasi həyatında, ölkəmizin beynəlxalq
nufuzunun daha da artmasında müstəsna rol
oynamışdır. Natiq daha sonra ümummilli lider Heydər Əliyevin
təklif və tövsiyəsi ilə 2002-ci ildə
ümumxalq referendumu yolu ilə Konstitusiyamıza tarixi zərurətdən
yaranmış dəyişikliklərin edilməsini demokratiya
yolunda növbəti mühüm addım kimi səciyyələndirdi.
Məruzəçi ulu öndərin siyasi kursunun layiqli
davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi ilə son illər Azərbaycanın
böyük inkişaf yolu keçdiyinin, ölkəmizin beynəlxalq
nüfuzunun xeyli artmasının əsas səbəblərindən
birinin də məhz demokratik Konstitusiyanın olduğunu
vurğuladı.
İcra
hakimiyyəti aparatının şöbə müdiri Ramiz
Göyüşov belə bir məqamı diqqətə
çatdırdı ki, respublikamızın bütün vətəndaşları
kimi, Binəqədi rayonunun sakinləri də ümummilli
liderin Konstitusiyanı öyrənmək və onu qorumaqla
bağlı tövsiyələrinə daim əməl etməyə
çalışırlar.
Sonda
rayon gənclər və idman idarəsi tərəfindən
Konstitusiya Günü ərəfəsində keçirilən
"Bilik viktorinası"nın qalibləri
mükafatlandırıldı.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 13 noyabr.- S. 7.