Musiqi mədəniyyətimizin görkəmli tədqiqatçısı

 

Azərbaycan mədəniyyəti və incəsənətinin tədqiqi və təbliğində, bu sahədə elmi və pedaqoji kadrların hazırlanmasında Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Gəncə Dövlət Universitetin musiqi fənləri kafedrasının müdiri, professor Sevda Qurbanəliyevanın dəyərli xidmətləri vardır.

 

Tanınmış alim Sevda Qurbanəliyevanın elmi, pedaqoji fəaliyyəti rəngarəng və çoxşaxəlidir. Onun "Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti", "Musiqi tərbiyəsinin müasir problemləri", "Milli mədəniyyət və qloballaşma", "Milli musiqimiz milli sərvətimizdir", "Azərbaycan muğamı", "Nizami Gəncəvi və Azərbaycan musiqi mədəniyyəti" və bir sıra digər mövzularda keçirilən elmi-praktik konfrans və simpoziumlarda təhsil və mədəniyyət məsələlərinə həsr olunmuş məruzələri geniş musiqi ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir.

Heç də təsadüfi deyil ki, professor Sevda Qurbanəliyeva çoxsaylı elmi əsərlərin, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələr və tədris proqramların müəllifidir. Onun "Şəxsiyyət və musiqi", "Nizami Gəncəvi və Fikrət Əmirovun musiqi dünyası", "Musiqi savadına dair metodiki vəsait", "Musiqinin elementar nəzəriyyəsinə dair dərs vəsaiti" adlı kitabları tədris prosesində geniş istifadə olunur. Azərbaycanın görkəmli bəstəkarı Qəmbər Hüseynli haqqında ilk monoqrafik elmi-tədqiqat əsərinin hazırlanması da məhz professor S.Qurbanəliyevanın adı ilə bağlıdır. Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin dəstəyi ilə işıq üzü görmüş "Qəmbər Hüseynli yaradıcılığı milli ənənələr konteksində" kitabı milli mədəniyyətimizin tədqiqi işinə əhəmiyyətli töhfədir. Alimin klassik musiqişünaslıq ənənələrinə uyğun yazılmış "Nizami Gəncəvinin musiqi dünyası" adlı monoqrafiyasının 2009-cu ildə Kiyevdə nəşr edilərək xarici ölkələrdə yayımlanması Avropa mütəxəssislərinə Azərbaycan xalqının çoxəsrlik zəngin musiqi mədəniyyətini, mənəvi irsimizi öyrənmək imkanı yaradır. Elmi tədqiqatlara sonsuz marağı və gərgin əməyi nəticəsində o, 1989-cu ildə "Musiqi sənəti" ixtisası üzrə namizədlik, 1995-ci ildə isə Kiyev Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyasını müdafiə edərək beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsil etmişdir.

Sevda Qurbanəliyeva 1960-cı il noyabrın 13-də Gəncə şəhərində anadan olmuşdur. Atası Firudin Qurbanəliyev uzun illər Qax və Gəncə meşə təsərrüfatlarıına rəhbərlik etmiş, "Azərbaycan Respublikasının əməkdar meşə işçisi" fəxri adına layiq görülmüşdür. Anası Müslümət xanım Gəncədə tarix elmləri namizədi elmi dərəcəsi alan ilk qadın, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, orden və medallarla təltif edilmişdir. Seçda xanım əvvəl Gəncə şəhər Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsində təhsil almış, 1984-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirərək doğma Gəncədə elmi-pedaqoji fəaliyyətə başlamışdır. Tələbəykən ümumrespublika elmi-ifaçılıq müsabiqələrində fəal iştirak etmiş, bəstəkar Qalib Məmmədovun rəhbərliyi ilə ilk əsərlərini - fortepiano üçün pyeslər, mahnı və romanslar bəstələmişdir. Lakin sonralar musiqinin elmi-nəzəri məsələləri, bədii estetik problemləri tədricən onu daha da çox maraqlandırır və o, musiqişünaslığa meyl edir.

Sevda Qurbanəliyeva 2002-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. O, ciddi elmi axtarışlarında Azərbaycan musiqisinin estetik xüsusiyyətləri, tərbiyəvi əhəmiyyəti, ədəbiyyatla musiqinin qarşılıqlı əlaqələri, musiqinin tədrisi metodikası kimi problemləri tədqiq edir. Əldə etdiyi mühüm elmi nəticələrin təcrübədə təbliğinə nail olur. Cəncədə musiqi ixtisası üzrə ali təhsilli kadr hazırlığının təməlini qoyan professor S.Qurbanəliyevanın rəhbərliyi ilə müntəzəm olaraq kafedra nəzdində elmi-nəzəri, metodiki seminarlar, musiqi lektoriyaları, elmi-praktik konfranslar, mühazirələr, konsertlər, tələbələrin ifaçılıq müsabiqələri, yaradıcılıq axşamları və s. təşkil olunur. Sevda xanım görkəmli alim ,mahir təşkilatçı, qayğıkeş insan olmaqla yanaşı, eyni zamanda bacarıqlı rəhbərdir. Kafedraya rəhbərlik etdiyi müddətdə ciddi nizam-intizam və yaradıcılıq şəraiti yaratmışdır. Universitetin tədris və elmi-tədqiqat işlərinə dair hesabatlarda bu kafedrada tədris, elmi-metodiki, elmi-tədqiqat və tərbiyəvi işlərin nümunəvi şəkildə təşkil edildiyi dönə-dönə qeyd olunmuşdur. Rəhbərlik etdiyi kafedranın pedaqoji kollektivi qadınlardan ibarətdir və tələbələrin də böyük əksəriyyətini qızlar təşkil edir. Sevda xanımın şəxsiyyəti onlar üçün ziyalılıq nümunəsidir. Belə ki, hər bir gəncin şəxsiyyət kimi formalaşmasında tərbiyə, təlim və təhsilin vəhdətdə olmasının əhəmiyyətini daim vurğulayan Sevda xanımın şəxsiyyəti tələbə qızlar üçün əsl məktəb və örnəkdir.

Sevda Qurbanəliyevanın Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanan "Heydər Əliyev, Azərbaycan, Gəncə" kitabında yer almış "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı məqaləsi ulu öndərimizin milli mədəniyyətimizin qorunması və inkişafındakı misilsiz xidmətlərinə həsr olunmuşdur. 18-20 mart 2009-cu il tarixdə Heydər Əliyev Fondunun dəstəyi ilə ilk dəfə olaraq Bakıda keçirilən "Muğam aləmi" Beynəlxalq elmi simpoziumunda çıxış edən professor Sevda Qurbanəliyevanın elmi məruzəsi 17 ölkədən 80 məruzəni əhatə edən simoziumun materiallarında Azərbaycan, rus, ingilis, fars dillərində nəşr olunmuşdur.

İctimai fəaliyyətlə də məşğul olan Sevda xanım Gəncə şəhər Kəpəz rayon bələdiyyəsində "Yerli sosial məsələlər" daimi komissiyasının sədri kimi fəaliyyət göstərir. Sosial yönümlü mədəniyyət, təhsil, idman proqramlarının hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edir. Uşaq evi ilə, gənc istedadlarla sistemli aparır. O, "Qadınlar və demokratik cəmiyyət" mövzusunda konfrans, "Yerli rəssamların əsərlərindən ibarət rəsm sərgisi" və s. maraqlı layihələrin müəllifi və təşkilatçısıdır. Onun təşəbbüsü və Kəpəz bələdiyyəsinin dəstəyi ilə Gəncədə ilk dəfə olaraq 2004-cü ildə "Muğam dəstgahları" adlı layihə həyata keçirilmişdir.

Sevda Qurbanəliyeva 1999-cu ildən indiyədək YAP Gəncə şəhər təşkilatının şura üzvü, 2007-ci ildən isə Gəncə Dövlət Universiteti YAP Qadınlar Şurasının sədridir. İctimai-siyasi fəallığı ilə seçilən görkəmli alim bir neçə il bundan öncə Project Harmoni təşkilatı tərəfindən həyata keçirilən Azərbaycan qadınlarının liderlik proqramını müvəffəqiyyətlə başa vurmuş və "Lider qadın" sertifikatı almışdır. O, gənc qızlar və qadınlarla bağlı problemlərin aradan qaldırılması, onların maariflənməsi, sosial-siyasi həyatda fəal iştirakı üçün şəraitin yaradılması və s. məsələlərin həllində yaxından iştirak edir. Onun fikrincə, Azərbaycan qadınlarını ictimai fəallığa ruhlandıran əsas amil xalqımızın tarixi adət-ənənələrini və müasirliyi özündə ehtiva edən ölkənin birinci xanımı, çox hörmətli Mehriban Əliyevanın gördüyü böyük işlərdir. Mehriban xanımın fəaliyyəti nəinki Azərbaycan, eləcə də dünya qadınları üçün ən gözəl örnəkdir.

Professor Sevda Qurbanəliyeva elmi-pedaqoji, ictimai fəaliyyəti ilə yanaşı Universitetdə yaradıcılıq işi də aparır. O, ictimai əsaslarla GDU-nin tələbə yaradıcılıq kollektivlərinə rəhbərlik edir. Onun rəhbərliyi ilə 2009-cu ildə yaradılmış tələbələrdən ibarət "Folklor xoru" milli mənəvi dəyərlərimizin gənclər arasında təbliğində əhəmiyyətli rol oynayır. Gəncə Dövlət Universitetinin 70 illik yubileyinə həsr olunmuş Universitet himninin musiqisinin müəllifi də Sevda xanımdır.

Azərbaycan Prezidenti İlham Əliyev 25 may 2009-cu il tarixdə Gəncəyə etdiyi səfəri zamanı Gəncə ictimaiyyəti adından çıxış edən Sevda xanım Qurbanəliyeva gəncəlilərin ölkə başçısına sonsuz ehtiramını, dərin minnətdarlığını, böyük məhəbbətini, arzularını səmimiyyətlə ifadə etdi. Professor Sevda Qurbanəliyeva ictimai fəaliyyətinə, pedaqoqmusiqişünas eimi xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Zəngin elmi potensialı, yüksək mənəvi keyfiyyətləri, fitri istedadı sayəsində insanlığın, ziyalılığın yüksək zirvəsinə ucalan professor Sevda Qurbanəliyevaya tutduğu bu şərəfli yolda uğurlar diləyirik.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2010.- 14 noyabr.- S. 9.