O dağlar
bizə boylanır
Mənə belə gəlir ki,
torpaq, Vətən itkisi sənətkar üçün daha
ağrılı, daha əzablı olur. Çünki bu
insanlar, bizlərdən fərqli olaraq, yurd həsrətinə
çox həssasdırlar. O da qala,
uşaqlığını, gəncliyini keçirdiyin,
bütün ruhunla bağlı olduğun, hər qayası, hər
daşı xatirəndə iz buraxmış, dağlarında
qartallar yuva quran, çaylarının
şırıltısı beşik nəğmən olan bir
diyara həsrət qalasan. Cəbrayıl rayonunun Quycaq kəndində
doğulmuş rəssam-heykəltaraş Rafiq Quliyev
ömrünün 50-ci illərini yaşadığı bu
günlərdə doğma torpağı xatırladıqca, qəlbindəki
həsrət dolu kövrək hisslər onu rahat buraxmır. Bu
hisslər həsrət yüklü sənət əsərlərinə
çevrilir. Rəssam hər dəfə bu mövzuya
qayıdanda ömrünün Cəbrayıllı günlərini
yenidən yaşayır və bütün
ağrılarını yaratdığı əsərlərdə
ifadə etməyə çalışır. Deyir ki, ən
böyük arzum bizə boylanan o dağlara ayaq basmaqdır.
Rafiq
müəllim əsl mənada vətənpərvər sənətçidir.
Onun yaradıcılığında Azərbaycan, onun gözəl
təbiəti, müdrik insanları istedadla tərənnüm
olunur. O, bu Vətəni, bu torpağı bütün ruhu ilə
sevir. Təsadüfi deyil ki, bu yaxınlarda çap olunmuş
"Təsviri sənətdə insan dünyası"
kitabının titul vərəqində ulu öndər Heydər
Əliyevin bu kəlamını epiqraf kimi önə çəkmişdir:
"Bizim hamımızın bir vətəni var - bu, Azərbaycan
dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya
bilər, ancaq azərbaycançılığını,
öz dilini, milli ənənələrini unutmamalıdır.
Onun qəlbi daim doğma Azərbaycanla bir
vurmalıdır".
Rafiq
Quliyevin ilk dəfə molbert arxasına keçib hansı əsəri
yaratdığını deyə bilmərəm, ancaq onu bilirəm
ki, bu hansı əsər olubsa, Azərbaycana, azərbaycanlılara
həsr olunub. Və bu əsərin rəngləri də,
pafosu da məhz bizim vətənimizin "ruhu" ilə həmahəng
olub.
Bu rəssamın
əsərlərində qəribə bir poetika var. Onlara
baxdıqca hiss edirsən ki, əsl istedad sahibi olan bir sənətçinin
fırçasından çıxıb. İndi
qarşımda onun bir tablosu var. Sadəcə olaraq "Mənzərə"
adlandırıb bu əsəri. Burada təsvir olunan
çiçəklər, ağaclar, güllər bizimdir.
Bizim təbiətimizin bir parçasının rəssam
fırçası ilə sehrlənmiş mənzərəsidir.
Rənglər necə də sərrastlıqla
seçilmişdir. Rəssam deyir ki, insanın daxili aləminin,
mənəvi dünyasının özü bir palitraya,
açılmamış yumağa bənzəyir".
Doğrudan da, insan qəlbinin bu rəngarəng
çalarları bəzən çox qiymətli sənət
nümunələri yaradılmasına imkan verir.
Rafiq müəllimlə söhbətlərimizdə o hər an Cəbrayılı, Quycaq kəndini xatırlayır, bu diyarın gözəlliklərindən danışırdı. O, burada 1956-cı ildə doğulmuşdu. 1973-cü ildə Bakıya gəlir və burada arzusunda olduğu rəssamlıq sənətinə yiyələnmək üçün Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olur. Sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirən gənc rəssam bütün varlığı ilə bu sənətə bağlanır. Bakı onun üçün əziz olsa da, doğma yurd yerlərini heç vaxt unutmurdu. Bakıda Mədəniyyət Nazirliyinin (sonralar Mədəniyyət və Turizm Nazirliyinin) Elmi Metodik Mərkəzində çalışırdı, amma sənətini sevə-sevə davam etdirirdi. Əsərlərində isə doğma torpağın ab-havasını yaşadırdı. "Kəndimiz", "Torpağın arzusu", "Payız sovqatı", "Kənd ağsaqqalı", "Çoban" kimi əsərləri də bu torpağı, bu insanları qəlbində yaşatdığı həsrət notları ilə bəzəyirdi. Onun bu əsərlər üçün seçdiyi rəng çalarları necə də təbii görünür. Qrafika janrında işlədiyi "Kəndimiz" tablosuna tamaşa etdikcə adamda nostalji hisslər baş qaldırır. Ağ-qara fonda işlənmiş ağacın arxasında çox qəribə bir kənd mənzərəsi var. Ümumiyyətlə, onun "Xatirə", "Kənd qızları", "Rəfiqələr", "Toy" və "Söhbət" tablolarında doğma Quycağın ab-havası aydın duyulur. Elə "Külək", "Çaylaq", "Torpağın arzusu", "Qış mənzərəsi", "Qış" və s. əsərlərində də doğma ocağa sədaqət hissi hakimdir.
"Qış" adlı tablonun qarşısında dayananda adam soyuq bir mühitə düşür. Amma sənin içərini isidən bu əsəri yaradanın odlu hissləridir. Bu ağaclar, bu təbiət nə qədər buzlaşmış bir aləmi xatırlatsa belə, sən daha böyük yanğı ilə onu seyr edirsən.
Rafiq Quliyevin sənət dünyası olduqca rəngarəngdir. Burada rəssam təxəyyülünün möcüzələri yaşayır ki, onların açması bəzən sənətşünaslar üçün də sirr olaraq qalır. O nə istəyir, onun qəhrəmanları olan insanlar hansı hiss və duyğularla yaşayırlar? Baxın, müəllif özü nə yazır: "Gözəlliyə, incəsənət, təsviri sənət aləminə düşmək Allah dərgahına düşmək kimi bir möcüzədir". Doğru deyirlər ki, Tanrı istedadı, sənət qüdrətini yalnız mənən pak, ruhən saf, qəlbən təmiz və özünə yaxın olan insanlara əta edir. Belə düşünürəm ki, Rafiq müəllim də belə insanlardandır.
Mən həmişə rəssamlığı ilahi sənətlərdən hesab etmişəm və yeganə sənətdir ki, rəssam öz əsərini tamaşaçı ilə heç bir vasitə olmadan üz-üzə qoyur. Və bu anda qarşımdakı əsər sənə hər şeyi deyir. Rəssamlıq nə musiqi deyil, nə də kino. Onun ifaçısı, yaxud şərikli müəllifi olmur.
Yenə bu sənətçinin əsərləri üzərinə qayıdıram. Qarşımda onun "Çoban" adlandırdığı tablo dayanıb. Bu da müəllifin uşaqlıq xatirələrindən süzülüb gələn yaddaşın yaratdığı bir əsərdir. Hiss olunur ki, müəllif bu insanın hiss və duyğularını gözəl bilir, onu sanki yaxından tanıyır. Çoban kəndin fonunda təsvir olunub. Bu, yəqin o kənddir ki, müəllif onun uzun illərdir ki, üzünə həsrətdir. Ondan təsəlli alır.
Rafiq Quliyevin əsərlərinə tamaşa etdikcə hiss edirsən ki, onun çox güclü müşahidə qabiliyyəti var. Mənə belə gəlir ki, o ətrafındakı hər şeyə rəssam gözü ilə baxır və ən yaxşı olanları hafizəsində yaşadır, sonradan onlar yeni-yeni əsərlərə çevrilir. Bəlkə, "İçərişəhər", "İçərişəhər işıqları" əsərləri də belə müşahidələrin nəticəsində yaranmışdır.
Rəssamın əsərlərində Azərbaycanımıza, onun bu gününün möhkəm təməlini qoyan, müstəqilliyimizin əbədiliyini təmin edən ulu öndərə böyük məhəbbət hissi var. 2000-ci ildən başlayaraq onun yaradıcılığında ulu önlərlə bağlı əsərlər xüsusi yer tutmağa başlamışdır. Rafiq Quliyev indiyə qədər ulu öndərin 15-ə qədər büst və heykəlinin müəllifi, 40-dan çox muzeyinin, xatirə kompleksinin layihəçisi və icraçısı olmuşdur. Rafiq müəllim deyir ki, ümummilli liderə həsr etdiyi əsərlər bu böyük insanın halal haqqıdır. Məhz onun böyük qayğısı sayəsində Azərbaycanda rəssamlıq sənəti inkişaf tapdı və bugünkü səviyyəyə yüksələ bildi.
Rafiq müəllim ulu öndərin siyasətini davamlı olaraq həyata keçirən hörmətli Prezidentimiz İlham Əliyevin də bu sənətə qayğısından ürək dolusu danışır. Deyir ki, Azərbaycan incəsənəti, mədəniyyəti son illər çox sürətlə inkişaf etməkdədir. Bu isə söz yox ki, cənab İlham Əliyevin, ölkənin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri ilə bilavasitə bağlıdır. O, Prezidentimizin bu sözlərini xatırladır: "Azərbaycan incəsənəti, rəssamlıq məktəbi çox zəngindir, dərin köklərə əsaslanır. Milli rəssamlığımızın son illər ərzində xeyli güclənməsi ona böyük beynəlxalq şöhrət qazandırmışdır. Bunu Azərbaycan ictimaiyyəti də görür və xarici mütəxəssislər də qeyd edirlər. Bu, çox sevindirici haldır və onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir".
Rafiq müəllim fəaliyyət göstərdiyi Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodik mərkəzində də bu qayğını aydın hiss edir, O, bu Mərkəzdə incəsənət bilikləri şöbəsinə rəhbərlik edir. Bu yaxınlarda mərkəzin təşkil etdiyi "Həvəskar rəssamların və tətbiqi sənət ustalarının əsərləri" adlı sərgi-seminarın işinə də bilavasitə o rəhbərlik etmişdir. Bu tədbirin yekunu olaraq Bakıda keçirilən sərgidə regionlarımızdan istedadlı sənətçilər olduğu müəyyənləşdirilmiş, onların bir qismi mükafatlara, fəxri fərmanlara layiq görülmüşlər. Rafiq müəllim deyir ki, belə tədbirlər xalqın mənəvi sərvətlərinin ortaya çıxarılmasında olduqca əhəmiyyətli rol oynayır.
Amma o, hər şeydən əvvəl rəssamdır. Yaradıcılıq üçün geniş imkanlar açıldığı bir dövrdə ölkəmizdə gedən quruculuq işlərini, gözəlləşən Azərbaycanımızı öz əsərlərində tərənnüm etməkdən həzz alır. Və bir də Rafiq müəllimin sənətində ağrılı Qarabağ mövzusu qırmızı xətt kimi keçir.
Bir mövzu isə onu daha çox özünə çəkir. Bu gənclik və gözəllik mövzusudur. Onun gənclik və gözəllik motivlərində yaratdığı əsərlər zəhmətlə vəhdətdə verilir. "Torpağın arzusu" tablosu bu cəhətdən çox təqdirəlayiqdir. "Tələbə inşaatçı", "Qız portreti", "Leyla", "Tənhalıq" kimi əsərlərində rəssam gənclərdəki həyat eşqini, onların daxili gözəlliyini çox istedadla tərənnüm etmişdir.
Tərtibatçı rəssam kimi onun əsərləri təkcə Bakıda deyil, regionlarımızda da teatrlarımızı, park və xiyabanlarımızı bəzəyir. Şabranda "Çıraqqala", Abşeronda "Analar laylay çalsın", "Körpələr düşünür", A.M.Şərifzadə adına aktyor evində "Şəhidlər" teatrlaşdırılmış məclislərin tərtibatçısı da rəssam Rafiq Quliyev olmuşdur.
O, bir vaxtlar böyük zəhmətlə Quycaq kəndində həmkəndlisi, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirəsinə həsr etdiyi kompleksin və onun büstünün taleyindən çox narahatdır. Deyir ki, indi yəqin düşmənlərimiz bu kompleksi darmadağın etmiş, büstü isə Allah bilir haraya tullamışlar. Amma o, inanır ki, gec-tez bu torpaqlar azad olunacaq və vətən torpağında daha əzəmətli heykəllər, xiyabanlar yaradacağıq.
Bu istedadlı sənətkar, həm də tədqiqatçılıqla məşğuldur. Onun "Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə", "Təsviri sənətdə insan dünyası" əsərləri təsviri sənətimizə əsl sənətşünas baxışıdır. Tanınmış sənətşünas Ziyadxan Əliyev onun haqqında 2006-cı ildə "Rafiq Quliyev" adlı monoqrafiya da yazmışdır.
Bütün bunlar ona dəlalət edir ki, tanınmış rəssam, ümumittifaq və beynəlxalq festivallar laureatı Rafiq Quliyev artıq sənətdə öz sözünü demiş, Azərbaycan rəssamlığında xüsusi mövqeyi olan bir sənətçidir. Onun əsərləri xalqımızın mənəvi sərvətidir. Neçə-neçə nəsillər bu əsərlərə tamaşa etdikcə, Azərbaycanın, onun qurub-yaradan insanlarının istedadla yaradılmış obrazları ilə üzləşəçək.
İnanırıq ki, yüksək intellektə, yaradıcı təxəyyülə malik olan bu istedadlı rəssam müstəqil Azərbaycanımızı tərənnüm edən, onun insanlarının mənəvi gözəlliyini özündə yaşadan neçə-neçə əsərlərə həyat bəxş edəcək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 14 noyabr.- S. 9.