Azərbaycanın təbiət muzeyi - Göygöl Milli Parkı

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli sərəncamı ilə Xanlar, Goranboy və Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində Göygöl Milli Parkı yaradılmışdır. Milli Park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına yaradılmışdır. Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsindən 1000-3060 metr hündürlükdə yerləşir. Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.

 

Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanmışdır. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. İllik yağıntının miqdarı 600-900 mm-dir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir.

Göygöl respublikanın ən gözəl təbiət muzeyi sayılır. Hələ 1910-12-ci illərdə qoruq yaranmamışdan əvvəl rusiyalı səyahətçilər bu ərazilərin gözəlliyini görüb, bu haqda çox fikirlər söyləyiblər. 1912-cü ildə rusiyalı səyahətçi Sakalov buranı ziyarət etdikdən sonra, 1913-cü ildə Rusiyada keçirilən təbiətsevərlər və həkimlərin 12-ci qurultayında Göygöl haqqında geniş məruzə ilə çıxış edib. O, buranın təmiz havası, tayı-bərabəri olmayan, turizmin inkişafı üçün çox əlverişli olması haqqında müzakirələr aparıb. Beləliklə, 1925-ci ildə Göygöl Dövlət Təbiət Qoruğu elan olundu.

Qoruq yarandığı dövrdən 1948-ci ilə kimi ərazisi təqribən 1200 hektar olub və həmin ildə elə o qədər meşə sahəsini ona əlavə ediblər. Yəni, bu ərazilərdə genişlənmələr olub və qoruğun sahəsi 1958-ci ildə daha da böyüdülərək 6739 hektara çatdırılıb. Lakin 1961-ci ildə SSSR Ali Sovetinin qərarı ilə Azərbaycanda bir neçə ovçuluq təsərrüfatı, Göygöl Dövlət Təbiət Qoruğu ləğv edildiyinə görə, qoruğun ərazisi parçalanaraq meşə hissəsi Gəncə Meşə Təsərrüfatına, açıq sahəsi isə Dövlət Torpaqları Fonduna qaytarılıb. Bu hadisələrin baş verməsi bir çox alimlərin narazılığa səbəb olub və Milli Elmlər Akademiyasının üzvlərinin SSR Ali Sovetinə müraciətindən sonra, 1965-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Göygöl təkrarən Dövlət Təbiət Qoruğu elan edilib.

Ümumiyyətlə, qoruqla milli park arasında əsas fərq ondadır ki, qoruqda bütün təsərrüfat işləri qadağan olunur, ancaq ərazi milli park olanda birinci növbədə burada eko-turizmin inkişafına xüsusi önəm verilir. Yəni həmin yerlərdə turistlərin hərəkəti üçün xüsusi cığırlar yaradılır.

Göygöl Dövlət Təbiət Qoruğu yarananda ərazisi 6739 hektar olub, lakin indi Milli Park yaranandan sonra onun sahəsi 12755 hektara çatdırılıb. Onun 5094 hektraı meşə, 109 hektarı su, yerdə qalan hissəsi isə açıq və dağ sahələridir. Dağ sahələri xüsusi olaraq çöl heyvanlarının orada yaşaması, onların miqrasiyası üçün nəzərdə tutulmuşdur. Dağ sahələrində ən çox bezuar dağ keçiləri yaşayır. Daha sonra orada dağ kəklikləri, ular, bir neçə Qafqaz tetrası kimi nadir heyvanlar da var. Bu ərazilər Milli Parkla birləşdiriləndə həmin heyvanlar burada mühafizə olunmaq üçün xüsusi qoruq yuvasına salınır.

Artıq Milli Parklar yaranıb və burada turizm getdikcə inkişaf etdiriləcək. Göygöl Milli Parkı da məhz bu səbəbdən yaradılır. Bu parkın yaranması həmçinin Azərbaycanda yaşayan insanların Göygölü görməsinə şərait yaradacaq. Eyni zamanda parkın yaranması həmin ərazilərdə yaşayan insanların həyatında mühüm rol oynayır. Belə ki, bura gələn turistlər Göygölün ətrafında olan kəndlərdə yaşayan insanların həyat tərziylə maraqlanır. Bizim ölkə geniş mədəniyyətə malikdir, bu kəndlərdə yaşayan insanlar toxuculuq, heyvandarlıq və digər işlərlə məşğul olurlar. Bu da istənilən halda bizim mədəniyyətin həm dünyada yayılmasına, həm də turistlərin cəlb olunması ilə həmin yerlərdə yeni iş yerlərinin açılmasına səbəb olacaq. Kənd şəraitində yaşayan insanlar arasında yoxsulluğun aradan qaldırılması üçün dövlətin atdığı ən uğurlu addımlarından biri də Göy-göl Milli Parkının yaradılmasıdır.

Bu ərazidə Göygöldən başqa 17 xırda göl də var: Bu 17 göldən 14-nün adı xalq arasında daha çox tanınır, bunlar Maralgöl, Zəli, Qara, Güzcü, 2-ci Zəli gölü, Ördək, Quş, Ayı, Çoban, Turist və s. göllərdir. Adları çəkilən göllərin hər biri özünə məxsus şəkildə gözəl, füsünkar və möcüzəlidir. Bundan əlavə bu ərazilərdə ağacların kəsilməsinə də ciddi nəzarət olunur. Burada həmçinin bir çox xəstəliklərin müalicəsi üçün 423 növdə olan bitkilər var. Bunların 76 növü ağac və kollardır, yerdə qalanları isə çəmənlik, dərman və zəhərli bitkilərdir. Onu da qeyd edim ki, bura təkcə yay aylarında deyil, Göygölün qışı daha da gözəl olur. Burada hətta qış aylarında xizək sürmək üçün şərait də var. Qış turizminin inkişafı üçün bu ərazilər çox əlverişlidir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 14 noyabr.- S. 8.