Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası genişmiqyaslı islahatların hüquqi bazasıdır

 

Konstitusiya latın sözü olmaqla, "quruluş, təsisat" mənasını verir. Konstitusiya hər hansı ölkənin ictimai və iqtisadi quruluşunun əsasını, idarəetmə formasını və dövlət quruluşunun formasını, şəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə orqanlarının təşkili qaydasını və səlahiyyətini, ədalət mühakiməsinin, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən dövlətin ən yüksək hüquqi qüvvəyə malik qanunudur.

 

Dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını və dövlət həyatının digər bu kimi məsələlərini müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsi hər bir dövlətin həyatında mühüm ictimai-siyasi hadisədir.

Azərbaycanda konstitusiya tarixi milli dövlətçiliyin dirçəldilməsi prosesindən qaynaqlanır və 90 illik bir dövrü əhatə edir. Zaqafqaziyada Rusiyanın Müəssislər Məclisinə seçilmiş və 7 noyabr 1917-ci ildə baş vermiş Oktyabr çevrilişindən sonra Azərbaycandan olan Dövlət Duması deputatları 28 may 1918-ci ildə Tiflisdə Qafqaz canişininin iqamətgahında toplaşaraq, məmləkətin idarə olunmasını öz üzərlərinə götürmək məqsədilə doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli İslam Şurasının yaradıldığını elan etmişlər. Elə həmin gün bitərəf deputat Fətəli Xan Xoyski başda olmaqla "Azərbaycan Xalq Cümhuriyyətinin ilk müvəqqəti hökuməti" yaradılmışdır. Bu, Şərqdə ilk parlamentli respublika idi. Ümummilli lider Heydər Əliyev demişdir: "Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır".

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 17 ayda 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur. Fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil respublikanın konstitusiyasını qəbul etmək mümkün olmamışdı. O dövrdə konstitusiya xarakteri daşıyan bəzi aktlar, qərarlar qəbul edilmiş və milli hökumət onların əsasında işləmişdir. Ona görə də bu sənədləri, müəyyən mənada, konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirmək olar.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 27 iyun 1918-ci ildə dövlət dili haqqında, 9 noyabr 1918-ci il tarixdə isə dövlətin zəruri atributu olan dövlət bayrağı (yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət) haqqında qərarlar qəbul etmişdir. Göründüyü kimi, parlament 6 ay sonra yaradıldığından dövlət dili, dövlət bayrağı haqqında qərarları bu arada hökumət qəbul etmişdir.

Çox təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. Belə ki, 1920-ci il aprelin 27-28-də bolşevik Rusiyası beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrini Azərbaycana yeritmiş, suveren Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini işğal etmişdir. Bununla qanuni seçilmiş hakimiyyət orqanlarını qırmızı imperiya zorakılıqla devirərək Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı dövlət müstəqilliyinə son qoymuşdur. Sovet dövründə daxili idarəçiliyi tənzimləyən bir neçə Konstitusiya qəbul edilmişdi. Bunlar suverenliyi əks etdirmirdi.

Azərbaycan xalqı yalnız 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk həqiqi Konstitusiyasını qəbul etmək imkanı əldə etdi. Bundan sonra konstitusiya layihəsini hazırlamaq üçün 2 komissiya yaradılsa da, faktiki olaraq, heç bir iş görülməmişdi.

Yalnız ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra konstitusiya quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ulu öndərin sədrliyilə layihəsi hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan dövlətinin ilk konstitusiyası xalqımızın tarixində ən parlaq səhifələrdən biri olmuşdur.

Konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Müstəqil dövlətimizin ilk konstitusiyasının 1-ci maddəsinin I bəndində bəyan edilir: "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır". Konstitusiyanın 4-cü maddəsində isə göstərilir ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa, heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.

Müstəqil Azərbaycan dövlətinin ilk konstitusiyası respublikamızın əvvəlki, Sovet dövründə qəbul edilmiş konstitusiyalarından prinsipcə köklü surətdə fərqlənir. Əlbəttə, bu tamamilə təbiidir. Belə ki, sosializm quruluşu konstitusiyalarda suverenlik və sivil dövlət quruculuğunda əsas institut olan hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdir. Lakin yeni konstitusiyada bu tarixi və metodoloji səhv aradan qaldırılmış, ilk dəfə dövlət hakimiyyətin qanunverici, icra və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin IV hissəsində göstərilir ki, konstitusiyanın müddəalarına əsasən, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olmaqla, Azərbaycan Respublikasında birbaşa hüquqi qüvvədədir və bütün qanunvericilik aktları onun müddəalarına uyğun qəbul edilməlidir. Lakin Konstitusiyaya ehkam kimi baxmaq olmaz və heç bir qanun doqma kimi qəbul edilməməlidir. Dünya təcrübəsi göstərir ki, konstitusiya, bir qayda olaraq, uzun müddət üçün qəbul olunur. Lakin həyatın irəli sürdüyü tələblər, ictimai-siyasi münasibətlərin inkişafı yeni-yeni məsələlərin tənzimlənməsi üçün hər bir qanunvericilikdə, o cümlədən ölkəmizin ali qanunu olan konstitusiyada da dəyişiklikləri zəruri edir. Amerika Birləşmiş Ştatlarının Konstitusiyasını götürək. Bu Konstitusiya 223 il bundan əvvəl qəbul olunub və bugünədək 27 dəyişiklik edilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 22 iyun 2002-ci il tarixli fərmanı ilə 24 avqust 2002-cü il tarixdə keçirilmiş referendum nəticəsində Konstitusiyanın 24 maddəsinə 38 əlavə və dəyişiklik edilmişdir. Ölkə başçısı İlham Əliyev bu inkişafa və dəyişiklik zərurətinə toxunaraq demişdir: "Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmə prosesinin limiti, hüdudları yoxdur. Bu əbədi bir prosesdir. Bu gün Azərbaycan demokratik ölkədir. Amma demokratiyanın da sonu yoxdur. Bu sonsuz bir prosesdir. Biz növbəti illərdə ölkəmizin müasirləşməsi ilə bağlı əlavə tədbirlər görəcəyik".

Sonrakı dövrdə Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2008-ci il tarixdə "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında" qərar qəbul etmiş və 2009-cu il martın 18-də referendum keçirilmişdir. Referendum aktına əsasən, konstitusiyanın 29 maddəsinə 11 dəyişiklik, 39 əlavə edilmişdir.

Heç də təsadüfi deyil ki, bunlardan müvafiq olaraq, 5 dəyişiklik və 22 əlavə konstitusiyanın III fəslinə - Əsas insan və vətəndaş hüquqları və azadlıqları fəslinə aid olmuşdur.

Hazırda müstəqil Azərbaycan Respublikasının əsas problemlərindən biri qondarma Dağlıq Qarabağ məsələsidir. Belə ki, Azərbaycan torpaqlarının 20 faizi bədnam qonşumuz Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Respublikamıza münaqişə və müharibə gedişində təxminən 60 milyard ABŞ dollarından artıq məbləğində ziyan dəymişdir. Xalqımızın belə bir el misalı da var: "Qılınc yarası sağalar söz yarası sağalmaz". Bəli, ölkəmizin Ermənistan tərəfindən vurulmuş maddi ziyandan mənəvi ziyan daha böyükdür.

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsini sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır. Lakin heç kəsdən gizli deyildir ki, dünyada ikili standartlar mövcuddur.

Baxmayaraq ki, konstitusiyaya əsasən, Azərbaycan Respublikası dünyəvi dövlətdir, lakin dünyanın bir sıra xristian dövlətlərinin nəzərində o, islam dövləti kimi səciyyələndirilir. Əgər belə olmasaydı, dünyanın 191 ölkəsinin daxil olduğu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı erməni silahlı qüvvələrinin dərhal çıxarılması barədə 4 qətnaməsi çoxdan icra olunardı.

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra xaricə bütün səfərlərində Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider bu səfərlərdə, istər dövlət başçıları ilə, istərsə də həmin ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri ilə, iş adamları ilə, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə, bir sözlə, bütün auditoriyalarda görüşlərdə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu əsaslandırmış və hətta düşmənləri də inandırmağa nail olmuşdur. Ulu öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı belə ardıcıl, qətiyyətli mübarizənin nəticəsidir ki, BMT Baş Məclisinin 6 sentyabr 2006-cı il tarixli "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsində Azərbaycanın işğal edilmiş ərazilərində baş verən yanğınlardan və onun vurduğu böyük ekoloji ziyandan ciddi narahatlığı vurğulanmışdır .

Ölkə başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir". Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın, beynəlxalq hüquq normalarına müvafiq olaraq, dinc yolla erməni işğalından azad edilməsi mümkün olmazsa, bu torpaqların silah gücünə azad edilməsi bizim təbii, ayrılmaz, konstitusiya hüququmuzdur.

Sonda bir məqamı qeyd etməyi vacib hesab edirik. Ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı, onun müdrik, uzaqgörən və çevik xarici və daxili siyasətini özünün siyasi kursu elan etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu yüksək dövlət vəzifəsində dövlətimizin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi və əhalinin sosial rifahının daha da yüksəldilməsi yolunda səmərəli fəaliyyətində daim ölkəmizin ilk demokratik konstitusiyasının müddəa və prinsiplərinə əsaslanır, onun verdiyi hüquqların reallaşmasına çalışır. Konstitusiyamız hərtərəfli islahatların, modernləşmə xəttinin hüquqi bazası olaraq xalqımıza və dövlətimizə xidmət edir.

 

 

İlham ABBASOV,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının

prorektoru, hüquq üzrə fəlsəfə doktoru,

baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi

 

Xalq qəzeti.- 2010.- 14 noyabr.- S. 5.