Müstəqillik yolumuzun mükəmməl biblioqrafik göstəricisi

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanası bu kitabda 1918-2009-cu illəri tam əhatə edə bilmişdir

 

Ulu öndər Heydər Əliyev öz siyasi fəaliyyətinin bütün dönəmlərində xalqın və dövlətin həyatında baş vermiş ictimai-siyasi hadisələrdən ibrət götürməyin, dərs almağın nümunəsini yaratmışdır. O, müdrikcəsinə tövsiyə edirdi ki, bu günki nailiyyətləri əldə saxlamaq, sabah daha böyük uğurlara imza atmaq üçün mütləq keçmişə ehtiramla yanaşmalı, dünəni öyrənməli, tariximizdə baş verən prosesləri olduğu kimi qiymətləndirməliyik.

 

Böyük dövlət xadimi bu baxımdan XX əsrin əvvəllərində Qafqazda baş vermiş ictimai-siyasi hadisələrin bizim üçün çox böyük örnək olduğunu söyləyirdi. Ulu öndər ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən cəmi 7 ay sonra - 1994-cü il mayın 27-də (yəni ölkəni bəlalardan qurtarmaq üçün hədsiz dərəcədə)gərgin çalışdığı günlərdə - red.) Azərbaycanın İstiqlal bayramına - Respublika Gününə həsr olunmuş təntənəli yığıncaq təşkil etmiş, həmin tədbirdə çox geniş nitq söyləmişdi. Ölkənin bir çox siyasətçilərinin müstəqilliyimizin əbədi olacağına inanmadığı bir dövrdə Heydər Əliyevin həmin nitqinə çox böyük ehtiyac var idi. Xalqın nə zaman, nəyə ehtiyacı olduğunu yaxşı bilən böyük öndər həmin nitqi ilə ölkə əhalisinə, öncə isə ziyalılara və siyasətçilərə çox böyük uzaqgörənliklə tövsiyə edirdi:

"Güman edirəm ki, bu gün, bu bayramı qeyd edərkən, ilk Azərbaycan Demokratik Respublikasının yaranmasına və fəaliyyətinə hörmət və ehtiramımızı bildirərkən bir daha o dövrü təhlil etməli, o dövrün nailiyyətlərindən istifadə etməli, bəhrələnməli, o zaman buraxılan səhvlərə yol verməməliyik. O dövrdə Azərbaycan Demokratik Respublikasını zəiflədən amillərin indimövcud olduğunu görərək, mütləq onları aradan qaldırmalıyıq".

Möhtəşəm çağırış idibiz çox məmnunuq ki, Azərbaycan ziyalıları həmin çağırışı cavabsız qoymadılar. İlk Azərbaycan Demokratik Respublikasının tarixinin məhz azərbaycançılıq nöqteyi-nəzərindən öyrənilməsi, o zaman əldə edilən mütərəqqi təcrübənin yaşadılması, buraxılan səhvlərin təkrar edilməməsi üçün mükəmməl bir ümumxalq təşəbbüskarlığı başlandı. Qeyd etmək xoşdur ki, ulu öndərin bütün çağırışlarından sonra olduğu kimi bu çağırışından sonrakı əməli işlərin önündə də məhz Azərbaycan Milli Elmlər Akademiyası başda olmaqla ölkə ziyalıları gedirdilər. Azərbaycan Milli Elmlər Akademiyasının Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu - xüsusən, bu quruma AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərlik etməyə başlamasından sonra - ulu öndərin qeyd etdiyimiz tövsiyəsinin reallaşdırılması istiqamətində fundamental elmi araşdırmalar və tədqiqatlar aparmış, bütün tarixi faktların ictimailəşdirilməsinə nail olunmuşdur.

Bununla belə ölkənin müstəqil şəkildə tədqiqat aparan çoxsaylı ziyalıları, sənət adamları, qələm sahibləri, hətta, adi vətəndaşlar (ilk demokratik respublikamızın qurulmasında və fəaliyyətində xüsusi xidmətləri olmuş insanların varisləri və sairə) müxtəlif vaxtlarda ADR haqqında yüzlərlə yazı qələmə almışlar. Bu gün - Azərbaycan tarixinə və keçdiyimiz yolun tədqiqinə marağın qat-qat artdığı bir dövrdə ilk respublikamız, onun qurucuları, hökumət fəalları, müstəqilliyin əldən getməsini zəruri edən səbəblər, istiqlal mücahidlərinin mühacirət həyatı, 70 il xalqın ürəyində, qanunda, canında yaşayan istiqlal yanğısı barədə kim nə yazıb, nə zaman yazıb, həmin fikirlər hansı qəzetdə, jurnalda, kitabda çap olunub? - sualları əksər azərbaycansevəri maraqlandırır və düşündürür. Belə bir zamanda kimsə həmin çoxsaylı sualların ümumiləşdirilmiş cavabını hazırlamalı, gənc nəslə, xüsusən, tarixçilərə və tarixçi olmasa da milli təəssübkeşliklə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi yolu öyrənməyə çalışanlara kömək etməli idi. Bunun üçün zərurət də var idi, şərait də. Zərurət xalqın ürəyində, beynində idisə, şərait Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında mövcud idi. Qalırdı təşəbbüskarlıq.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və Mərkəzi Elmi Kitabxanasının Elmi Şurasının qərarı ilə çap olunan "Azərbaycan Xalq Cümhuriyyəti. Müstəqilliyə gedən yol" adlı 425 səhifəlik biblioqrafik göstərici qeyd etdiyimiz zərurətin ödənilməsi baxımından çox dəyərli bir çap məhsuludur. Bu günlərdə "Elm" nəşriyyatında işıq üzü görmüş kitab 1918-2009-cu illəri əhatə edən dövrdə Azərbaycan Xalq Cümhuriyyəti barədə qələmə alınan elmi tədqiqat işlərinin, publisistik və bədii yazıların, xatirə və memuarların yol göstəricisi kimi qiymətləndirilir. Filologiya elmləri doktoru Aybəniz Əliyeva - Kəngərlinin tərbibçi-müəllifliyi ilə ərsəyə gələn kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov, ixtisas redaktoru isə pedaqoji elmlər namizədi Nadir İsmayılovdur. Tərtibçi-müəllifin kitaba yazdığı ön sözdə qeyd etdiyi kimi "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ədəbiyyat kiçik məlumat xarakterli əsərlərdən başlayaraq Cümhuriyyət Eksiklopediyasının yaradılmasına qədər mürəkkəb və maraqlı yol keçmişdir".

Haqqında söhbət açdığımız kitabı dəyərli edən amillərdən biriodur ki, ilk səhifələrdə "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il və "Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 fevral 2008-ci il tarixli sərəncamları və 1918-ci ilin mayında Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Əkbər ağa Şeyxülislamov, Cavad Məlik-Yeqanov və Mustafa Mahmudovun imzaladığı "İstiqlal bəyannaməsi"nin ("Əqdnamə") mətni verilmişdir. Kitabda eyni zamanda tarix elmləri doktoru Yaqub Mahmudovun "Azərbaycan xalqının ilk demokratik respublikası" adlı geniş elmi məqaləsi verilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti haqqında qələmə alınmış materialların (onların böyük əksəriyyəti obyektiv tarixi həqiqətləri əks etdirir) biblioqrafik göstəricisi "Müasir Azərbaycan dövlətçiliyi və Azərbaycan Xalq Cümhuriyyəti" (Azərbaycan və rus dillərində) və "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ədəbiyyat" adlı iki bölmədə qruplaşdırılmışdır. İkinci bölmədə Azərbaycan, türk, rus və Qərbi avropa dillərində olan materiallar cəmləşdirilmişdir. Bundan başqa kitabda müəlliflərin ad göstəriciləri də Azərbaycan, türkrusAvropa dillərində təqdim olunmuş, xronoloji göstərici əlavə edilmişdir. Dövri mətbuat və məcmuələrdə dərc olunan məqalə və tezislər, dissertasiyaavtoreforatlarkitablar da qeyd edilən dillərdə sıralanmışdır. Maraqlı məqamlardan biriodur ki, Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən çox 1990, 1998 və 2008-ci illərdə yazılmışdır. Bu sahədə ən məhsuldar qələm sahibləri isə Manaf Süleymanov, Nəsib Nəsibzadə, Şirməmməd Hüseynov və Nəsiman Yaqubludur.

Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı kimi ucaldan ilk şəxs də, ilk müstəqil dövlətimizin yubileyinin keçirilməsi barədə sərəncam imzalayan dövlət başçısı da ulu öndər Heydər Əliyev olmuşdur.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 14 noyabr.- S. 5.