Heydər Əliyev
Konstitusiyası Azərbaycanı möhtəşəm inkişaf yoluna
çıxarmışdır
Avropanın ən mükəmməl
əsas qanunlarından
biri olan Azərbaycan Konstitusiyasının
qəbul edilməsindən
15 il keçir
Mən çox məmnunam
ki, bu konstitusiyanın
layihəsinin hazırlanması
üçün təşkil
olunmuş komissiya çox çalışıb
və mən də bu komissiyanın
sədri kimi, bu barədə əlimdən gələni
etmişəm, öz xidmətlərimi göstərmişəm.
Ulu öndər Heydər
Əliyevin 1995-ci il noyabrın 12-də
28 saylı Səbail seçki dairəsinin 17 saylı seçki məntəqəsində səs
verdikdən sonra jurnalistlərlə görüşdə
səsləndirdiyi bəyanatdan
Hələ
1996-cı ilin fevral
ayında Azərbaycanda rəsmi səfərdə olan avropalı parlamentarilər etiraf
etmişdilər ki, əski qitədəki
ölkələrin heç birinin konstitusiyasında Azərbaycan Konstitusiyasında
olduğu qədər humanist
prinsiplər yoxdur. Əsas insan
hüquq və azadlıqlarının
qorunmasına aid bütöv bir
fəslin (50-dək maddə) yer tutduğu bu mükəmməl
sənədi oxuyan avropalılar səmimiyyətlə
etiraf edirdilər ki, bu ölkə cəmiyyət həyatının
bütün sahələrində həqiqi
bir inkişaf yoluna çıxacaqdır. Çünki
bu ölkəyə yeni
qəbul edilmiş Azərbaycan Konstitusiyasının müəllifi
olan bir insan rəhbərlik edir və
o sənəddə sivil,
hüquqi, demokratik,
dünyəvi dövlət quruculuğu kursunun icrası üçün
zəruri olan bütün
müddəalar vardır. "Əgər bu
Konstitusiya bu şəkildə
icra edilərsə, Azərbaycan tezliklə
beynəlxalq ictimaiyyətin ən nüfuzlu
subyektlərindən birinə çevriləcəkdir".
Avropalılar tamamilə haqlı idilər. Heydər Əliyev
Konstitusiyası Azərbaycanı çox
qısa bir müddətdə beynəlxalq
aləmin ən layiqli üzvlərindən
birinə çevirdi.
Cəmiyyətdəki qanunların və qaydaların ədalətli, ali səviyyəli olmasını arzu edən Sokrat öz tələbələrinə demişdi: "Təkcə bizim gördüyümüz səma və yer deyil, eləcə də görmədiyimiz insan təfəkkürü də Tanrının iradəsini əks etdirməlidir ki, yazılan qanun və qaydalar ədalətli olsun". Yəni, istənilən qanun bir şəxsin arzusu ilə yaranarsa və ya hansısa bir qrupun, zümrənin maraqlarına uyğun işlənərsə,deməli, həmin qanunun müəllifləri tanrının iradəsinə zidd getmiş olurlar. Tanrı insanı xəlq edərkən ona çoxsaylı hüquq və azadlıqlar da bəxş etmişdir. Həmin hüquq və azadlıqların təmin edilməməsi isə qeyd etdiyimiz kimi artıq fərdin və fa fərdlərin deyil, bütövlükdə haqqın-ədalətin iradəsinə qarşı çıxmaqdır. Bu baxımdan Azərbaycan Konstitusiyası yüksək ali keyfiyyətlərə malikdir.
Nəyə görə həm yerli ekspertlər, həm də əcnəbi qanunvericilər Azərbaycan Konstitusiyasında bu qədər müsbət keyfiyyətlər görürlər? Əvvəla ona görə ki, bu əsas qanunun layihəsini işləyib hazırlayan xüsusi komissiyanın sədri uzun illər dünyanın ən aparıcı dövlətlərindən birinin ali idarəetmə sistemində çalışmış müdrik dövlət xadimi idi. O, xalq - dövlət, dövlət - xalq, eləcə də qanun-vətəndaş, vətəndaş-qanun münasibətlərini ən incə məqamlarına qədər bilirdi. O, uzun illər insan hüquq və azadlıqlarının qorunmasının və ya qorunmamasının verə biləcəyi nəticələrin canlı şahidi olmuşdu. İkinci, Heydər Əliyev Azərbaycan Konstitusiyasının layihəsinin hazırlanması zamanı Qərb dövlətlərinin müvafiq təcrübəsinin əsas götürülməsinə, Şərq müdriklərinin idarəetmə və qanunvericilik haqqında çoxsaylı nümunələrinə əsaslanmağı vacib saymış və konstitusiya layihəsi hazırlanarkən bu prinsipə əməl edilmişdi. Azərbaycan Konstitusiyasında Avropa demokratiyasını və türk-müsəlman ədalətini özündə əks etdirən prinsiplər cəmləşdirilmişdi. Eyni zamanda "biz Şərqdən bəhrələnərək, Qərbdən öyrənərək, öz milli-mənəvi dəyərlərimizə əsaslanaraq inkişaf edəcəyik" - deyən Heydər Əliyev ilk Azərbaycan Konstitusiyasının daha çox öz milli-mənəvi dəyərlərimiz əsasında qurulmasını vacib saymışdı.
Üçüncü, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyası ona görə dünya qanunvericilik təcrübəsi səviyyəsində ərsəyə gəlmişdi ki, bu sənədin layihəsini hazırlayan komissiyanın sədri bir dəfə Azərbaycan Konstitusiyasının işlənib hazırlanmasının və qəbul edilməsinin müəllifi olmuşdu. Heydər Əliyev 1978-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasının da o zamankı qanunların əsas istiqamətindən fərqli olaraq sırf milli mənafeyə xidmət edən şəkildə qurulmasına nail olmuşdu. Həmin Konstitusiyaya Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması barədə müddəanın daxil edilməsi Heydər Əliyevin o dövr üçün çox böyük uğuru idi. Məhz o səbəbdən də 1978-ci il Konstitusiyasına Heydər Əliyev Konstitusiyası deyirlər.
Dördüncü, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hüquqi baxımdan və siyasi-mənəvi aspektdən ən ali səviyyədə qurulmasının əsas səbəblərindən biri də ölkəmizdə 1918-20-ci illərdə baş verən ictimai-siyasi proseslərə dərindən istinad etməyimiz idi. Yəni o zaman qazanılmış müsbət təcrübələr öyrənilir, buraxılmış səhvlərin təkrar edilməməsi üçün yollar, variantlar axtarılırdı. Milli tariximizdəki istənilən hadisəyə böyük həssaslıqla yanaşan ulu öndər bütün hadisələrdən müvafiq dərs almağı tövsiyə edirdi və 1995-ci ildə Konstitusiya layihəsi işlənib hazırlanarkən də həmin dərslər nəzərə alınmışdı.
Bütün bunları nəzərə alan ulu öndər yeni qəbul edilmiş Azərbaycan Konstitusiyasının dünyanın heç bir analoji sənədinə bənzəmədiyini söyləyirdi: "Mənim fikrimcə, bu layihə demokratik prinsipləri əks etdirən sənəddir. Biz demokratiya, dövlətçilik istiqamətində müstəqil dövlət qurmaq sahəsində böyük yol keçmiş ölkələrin konstitusiya yaratmaq, konstitusiya inkişafı təcrübəsindən istifadə etməyə çalışmışıq. Bir çox ölkələrin, o cümlədən Qərb ölkələrinin, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin konstitusiyalarını çox diqqətlə öyrənmişik. Təbii ki, həm də tarixi, milli adət və ənənələri əsas tutaraq, milli və tarixi keçmişimizə dərin hörmətimizi ifadə edərək, öz konstitusiyamızın layihəsini hazırlamışıq. Bu, bizim - müstəqil Azərbaycanın Konstitusiyasıdır və belə hesab edirəm ki, dünya təcrübəsində olan bir çox şeyləri əks etdirsə də, heç bir başqa konstitusiyaya bənzəmir. Bu, bizim konstitusiyamız, Azərbaycan Konstitusiyasıdır və mən bunu çox mühüm, tarixi nailiyyət hesab edirəm. Bu konstitusiyanın yaradılmasına öz töhfəmi verməyə imkanım olduğuna görə sevinir və özümü xoşbəxt sanıram". Ulu öndər ümidvar olduğunu bildirirdi ki, bu konstitusiya uzunömürlü olacaq və bir çox illər, onilliklər boyu Azərbaycan Respublikasının, Azərbaycan xalqının demokratiya yolu ilə, hüquqi-demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyişini, inkişafını müəyyən edəcəkdir.
Zaman ulu öndərin həmin ümidlərini doğrultdu. Müstəqil Azərbaycan bütün dünyada əsas insan hüquqlarının tam şəkildə qorunmasını təmin edən ölkə kimi, mətbuat üzərindən senzuranı götürən dövlət kimi yeni nüfuz qazandı və sürətli inkişaf yoluna qədəm qoydu. Müstəqil Azərbaycan ölüm hökmünün ləğvinə nail olan ilk Şərq ölkəsi olaraq əsas qanunda insan hüquq və azadlıqlarına əbəs yerə böyük önəm vermədiyini sübut etdi. Bütün bu amillər Azərbaycanın Avropa ailəsinə inteqrasiyasını sürətləndirdi və yeni əsrin ilk ilində Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edildi.
Eyni zamanda ulu öndər qeyd edirdi ki, dünyanın bütün konstitusiyaları kimi Azərbaycan Konstitusiyası da daimi deyildir və ölkəmiz, dövlətimiz inkişaf etdikcə əsas qanunumuzda bəzi dəyişiklik və əlavələrin edilməsi tamamilə təbiidir. Odur ki, 2002-ci ilin avqustunda və 2009-cu ilin mart ayında Azərbaycan Konstitusiyasına bəzi dəyişiklik və əlavələr edilməsi üçün keçirilən ümumxalq səsvermələri (referendumlar) də məhz əsas qanunumuzun zamanın tələbləri səviyyəsində təkmilləşdirilməsinə xidmət edirdi.
Sonda bir məqamı xüsusilə qeyd etmək zərurəti var. Müasir dünyanın ən nüfuzlu siyasətçilərindən olan Prezident İlham Əliyev öz dövlətçilik və idarəçilik təcrübəsində Heydər Əliyev siyasi kursunun bütün istiqamətləri kimi hüquq islahatlarını və xüsusən, Konstitusiya hüququ məsələsində əldə edilmiş bütün uğurları yaradıcılıqla davam etdirir. Bugünkü Azərbaycanın dünya miqyaslı, çoxsaylı uğurlarının təməlində də məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsi məsələsi dayanır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 14 noyabr.- S. 4.