Xalqın Mübariz oğlu
Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Əsgər müqəddəsdir, çünki o, müqəddəs torpağımızın keşikçisidir. Onu müqəddəsliyə ucaldan içdiyi
and, götürdüyü silah, geydiyi əsgər paltarı, yatdığı kazarma, əməl etdiyi sıra və döyüş nizamnamələridir.
Əsgərin vətənə olan məhəbbəti, öz borcunu şüurlu anlaması, vətən üçün
canından keçməyə
hazır olması da müqəddəslik rəmzləridir. Bu sonuncu
keyfiyyətləri heç
kim görmür,
çünki onlar əsgərin qəlbindədir.
Əsgərin vətən qarşısında
borcuna münasibəti
nə içdiyi andın, nə imzaladığı müqavilənin,
nə də yazdığı tərcümeyi-halın
mətnində olur.
Bu ancaq əsgərin
qəlbində olur, ana südü ilə onun qanına
hopur.
Bu
gün biz fəxrlə deyə bilərik ki, vətən
üçün könüllü şəhidliyi qəbul edən,
bununla fəxr edən balalarımız var. Mübariz
İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanlar yetirən
xalq heç vaxt məğlub hesab edilə bilməz. Bu gənclərin
qəhrəmanlığı xalqımızın həyatında,
yeni nəslin düşüncə tərzində yaranan
mühüm hadisədir. Doğru deyirlər ki, qəhrəmanları
tarix yetirir, onun məntiqi ehtiyacları yaradır.
Mən
də bir ana və müəllimə kimi Mübariz
İbrahimovun hünərini eşidən andan bu hadisənin
sehrindəyəm. Onun valideynlərinə yazdığı
vida məktubundakı bir məqam mənə xüsusilə təsir
edib: "Şəhid olsam, ağlamayın. Əksinə
sevinin ki, o mərtəbəyə yüksəldim".
Mübariz şəhidlik mərtəbəsinə yüksəlməyi
özü üçün ideal seçibmiş. Bu hədəf,
bu yol bizim cəmiyyətimiz üçün təzə əqidə
və iman örnəyidir. Bu durumu mən milli yetkinlik təkamülündə
əlamətdar hadisə sayıram.
Mübariz
İbrahimovun vida məktubu təsdiq edir ki, o nəinki öz
şəhidlik yolunu çoxdan seçibmiş, onun içində
inamla birgə həyəcan da, kövrək şübhələr
də varmış: "Niyyətim necə baş tutacaq,
düşündüyüm kimi alınacaqmı?" O
anlayırdı ki, şəhidlik yolu çox çətin
yoldur. İnsan qəlbi bütün hallarda şübhələri
də, iradəni zəiflədən tərəddüdləri
də özündə daşıyır. Ona görə
intiqam barədə milyonlar düşünür, amma, intiqam
yolunu tək-tək qazilər keçə bilir.
Şəhidin
isə əməli, hünəri onun niyyətinə bərabər
olmalıdır. Məqsəd ölmək deyil, düşməndən
qisas almaqdır, ona hiss olunacaq zərbə vurmaqdır. Bunun
üçün sarsılmaz iradə, qorxunu yaxın qoymayan,
nifrətlə döyünən cəsur ürək
lazımdır. Şəhid balamız bunu dərk edir və
bunun həyəcanları ilə yaşayırmış.
Bu həyəcanlar
onun atasına son iki zəngində, məktubunda onun
üçün çoxlu dua etmək xahişlərində də
görünür. O, öz iradəsinin qətiliyi, əməliyyatı
uğurlu aparmaq üçün Allahdan da yardımlar diləyirdi.
Öz yaxınlarından da xeyir-dua gözləyirdi. Bu əl
boyda məktub insan psixologiyasının misilsiz bir sənədidir.
Canını borca, əqidəyə, imana vermiş adamın sənədi.
Orada Mübarizin mənəvi seçimi etdiyi və bu
seçimdən daxili bir sakitlik və əzm
tapdığı aşkar duyulur. Hadisədən bir gün
qabaq atası ilə telefon danışığında nəsə
demək istəmişdi, amma, lazımi sözləri tapa bilməyib
adi qaydada vidalaşmışdı.
Axı,
o, düşmənin üstünə, Şiştəpə
yüksəkliyinə tək gedirdi. Üstəlik
qaranlıqda, cəbhə xəttini, minalı sahəni
keçmək lazım idi. Lakin, bunlar da məqsəd deyildi. Məqsəd
düşməni öz yuvasında qəfil yaxalamaq, ona
sarsıdıcı zərbə vurmaq idi. Şəhid
balamız sanki düşmənlərə demək istədi:
fövqəlgüclərin himayəsi, əsgəri köməyi,
silah-sursat və məlumat dəstəyi siz namərdləri Azərbaycan
xalqının ağır qisasından xilas edə bilməyəcək,
arxayınlaşmayın. Arxalı köpək həmişə
qurd basa bilməyəcək. Şəhidlik imanına
tapınmış yüzlərlə Mübarizlərin intiqam
yanğısı hələ irəlidədir və biz onu
görəcəyik.
Mübariz
İbrahimovun rəşadəti erməni faşistlərinə
qarşı yeni bir gücün həyata gəldiyini göstərir.
Bu şəhadəti səadət və mübarək bir
ucalıq bilən bir əsgər iradəsidir. Bu iradənin
komandiri, nizamnaməsi, idarəedici rəhbəri yoxdur. Onun
yeganə rəhbəri qəlbində gəzdirdiyi Vətən
eşqidir. Bu əsgərə dünya nemətlərinə,
madiyyata bağlanmaq, şəxsi mənfəət axtarmaq,
siyasətbazlıq yaddır. Bu əsgərin gücü, onun
döyüş potensialı ermənilər üçün
ölümdən də qorxuludur. Bu əsgərin
alacağı intiqamın qarşısını heç nə
ala bilməz. Bu, qaçılmazlığın və
labüdlüyün intiqamıdır. Mübariz
İbrahimovların gücü gec-tez erməni dövləti
adlı şər yuvasını dağıdacaq və əzəli
torpaqlarımızı, Qarabağla birgə Qərbi Azərbaycanı
da vətənimizlə birləşdirəcəkdir.
Şəhid
balamızın həyətinə, atası Ağakərim
kişinin, anası Şamama xanımın ziyarətinə gələnlərin
sayı-hesabı yoxdur. Belə bir oğulu adi ata-ana, adi məktəb
yetirə bilməzdi. Mübarizin valideynləri əməlisaleh,
ağzı dualı, inamlı insanlardır. Elə ona görə
Mübarizin yaraşıqlı qaməti, gözəl
siması bir nur mücəssəməsi idi.
Şəhidin
ocağını ziyarət edənlərin, onun
ata-anasını görməyə gələnlərin
çoxu onlara başsağlığı yox, şəhadət
mübarəkliyi verirlər, "Mübarizin şəhadəti
mübarək olsun", - deyirlər. Onu həqiqi bir cihad
şəhidi kimi anırlar. Bu ziyarətçilər
xalqımızın sadə insanlarıdır. Lakin, bu
insanların qəlbi də erməni zülmünə və
istilasına nifrətlə döyünür, intiqam alovu ilə
yanır. Bu alov bütün Azərbaycan gəncliyinə sirayət
edib.
Mübarizin
uşaqlığı və gəncliyi Biləsuvarın Əliabad
adlı balaca kəndində keçib. O, körpəlikdən
səmimi ürəyi, doğruçuluğu ilə ailə
üzvlərinin, müəllimlərinin,
qonşularının diqqətini cəlb edib. Deyirlər,
uşaqlıqda o, balaca və çəlimsiz olub. Amma, əsgər
yaşı yetişəndə Tanrı bir el igidinə
lazım olan hər şey bəxş edib ona: boy,
yaraşıq, iradə, manqal kimi alovlu ürək. O, beş
yaşından idmana can atırdı. Bu da bir qismət və
hikmətdir, çünki onun üçün taleyin
hazırladığı yol pəhləvan gücü,
soyuqqanlı döyüşçü ürəyi tələb
edirdi. Bu keyfiyyətlər əsgərlik ərəfəsində
artıq onda var idi.
Mübariz
hərbi xidmətini Azərbaycan Ordusunun seçmə hissələrindən
birində- Daxili Qoşunların xüsusi təyinatlı hissəsində
çəkib başa vurdu. Bu hissədə o,
döyüşçü və əsgər
hazırlığının bütün sirlərini öyrəndi,
peşəkar hərbçi keyfiyyətləri qazandı.
Xüsusilə öz fiziki hazırlığını
artırdı. Lakin, onun qeyri-adi insan olduğunu, dünyaya
xüsusi məqsədlə gəldiyini hər yerdə hiss
edirdilər. O, əsgərləri müqəddəs
sayırdı, çünki şəhidlik yolunun onlara məxsus
olduğunu bilirdi. Ona görə də öz əsgərlərinə
qarşı çox şəfqətli idi. Onların
üstündə əsir, öz əməkhaqqından onlara xərcləyirdi.
Onların əsgər qəlbinin və iradəsinin
formalaşmasına çalışırdı. Ordudan tərxis
olunandan sonra gizirlər məktəbinə daxil oldu,
çünki artıq öz əsgər missiyasını dərk
etmişdi, o, adi insan həyatı yaşaya bilməzdi, bu
missiya onun həyatının mənasına
çevrilmişdi.
Gizirlər
məktəbindən sonra o, hərbi hissələrdən birinə
göndərildi. Lakin, birinci gündə rəhbərliyə
raportlar yazıb cəbhə bölgəsinə dəyişilməyini
tələb etdi. Nəhayət, onu Tərtər rayonundakı
hərbi hissəyə göndərdilər. Burada isə o
heç bir ay xidmət etmədi. Amma, bu qısa müddət
də onun öz sonuncu qulluq etdiyi hərbi hissəni,
düşmən üzərinə yürüşünün
başladığı postu şöhrətləndirməsi
üçün kifayət etdi. Adi əsgər xidmətindən
uca olan əbədi şəhidlik yürüşünə
getdi. O, elansız və danışıqsız getdi. O, tək
getdi. Mübariz çoxdan anlamışdı ki, təklik zəiflik
deyil, təklikdə ilahi bir güc də vardır, amma, bu
güc Allahın seçmə insanlara verdiyi bir qismətdir.
O, bu qismətin mənasını bilirdi. Ona görə vida məktubunda
özü haqqında çox aydın deyirdi: "O mərtəbəyə
yüksələ bilsəm..." O yüksəldi və Azərbaycan
əsgərinin, Azərbaycan şərəfinin mərtəbəsini
də qaldırdı, bizim başımızı uca elədi.
Buna görə nəsillər ona minnətdar olacaqdır.
Hadisədən
dərhal sonra mətbuatda bir-birini tamamlamayan, qeyri-səhih xəbərlər
yayıldı. Lakin, Mübariz İbrahimovun misilsiz hünərinə
ən doğru qiyməti Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ali Baş Komandanı, Prezidentimiz
İlham Əliyev verdi: Azərbaycan Respublikasının
müstəqilliyinin və ərazi
bütövlüyünün qorunub saxlanmasında müstəsna
xidmətlərinə görə və göstərdiyi rəşadətə
görə Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın
Milli Qəhrəmanı adı verdi. Əlavə bir sərəncamla
onun xatirəsini əbədiləşdirmək
üçün tədbirlər müəyyən etdi.
Cənab
Prezidentin böyük səyi ilə Mübarizin və Fəridin
cəsədləri əsirlikdən azad edildi. Vida mərasimində
iştirak edən möhtərəm Prezidentimiz bir daha
Mübarizin qəhrəmanlığından geniş
danışdı: "Mübariz İbrahimov qeyri-bərabər
döyüşdə 5 düşməni məhv edərək,
3-nü yaralayaraq şəhid olubdur. Mübariz yaxşı
bilirdi ki, o, döyüşdən sağ-salamat çıxa
bilməyəcək. Ancaq, Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik
ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz
bütün gənclər üçün örnəkdir,
nümunədir". Bu gün Mübarizin ailəsi, oxuduğu
orta məktəb, boya-başa çatdığı Əliabad
kəndi ziyarət yeri olub.
Mübariz
İbrahimov öz misilsiz şəhid hünəri ilə, ermənilərə
vurduğu sarsıdıcı zərbəsi ilə sadə Azərbaycan
vətəndaşlarının ürəyindən xəbər
verib onların içindəki intiqam hissini alovlandırdı.
Xalqımız
dünən də, bu gün də özünü yaltaq və
qorxaq erməni ordusundan üstün və güclü hesab
edir, gələcəkdə də güclü hesab edəcəkdir.
Müstəqillik dövründə böyümüş gənclik
Qarabağ müharibəsinin, itirilmiş
torpaqlarımızın dərslərini və faciəli nəticələrini
yaxşı mənimsəyib. Bu işdə bizim müəllimlərimizin,
məktəblərimizin işi səmərəli olmuşdur.
Bu isə orduya çağırılan gəncliyin vətənpərvərlik
tərbiyəsində, bu tərbiyənin keyfiyyətində
açıq şəkildə özünü göstərir.
Bu
gün ordumuzun durumu, püxtələşməsi, qüdrətli
olması şərəf və məmnunluq doğurur. Bunu
jurnalistlərlə görüşdə düşmənə
nifrətdən danışan əsgər və zabitləri
dinləyərkən də hiss etmək olur. Şübhə
yoxdur ki, Mübariz İbrahimovun misilsiz qəhrəmanlığı
ordumuzda nümunə və örnək timsalı olacaq, gənc
əsgərlərimizin düşmənə nifrət və
döyüşkənlik ruhunda tərbiyəsinə daha
artıq kömək edəcəkdir. Bu nümunənin təbliği,
qəhrəmanın həyat yolunun öyrədilməsi tərbiyəçilərin,
müəllimlərimizin və komandirlərimizin müqəddəs
borcudur.
Mübariz
İbrahimovun vətənpərvərliyi, əsgər hünəri
bizim xalqın, cəmiyyətin mənəvi inkişafında
yeni bir mərhələ açır... Bu mərhələdə
ruh bədəndən, ideal nəfsdən, əqidəyə sədaqət
şəxsi emosiyalardan qat-qat üstündür.
Mübariz
İbrahimov ölməz xatirəsini öz xalqına bəxş
edib. Bu xatirəni əbədiləşdirməyə bizə
heç kəs mane ola bilməz. Mübarizin şəkli və
vida məktubu bütün idman və orta təhsil məktəblərimizin,
kazarmalarımızın, məscidlərimizin divarlarından
asılmağa layiqdir. Qoy onun məktubu erməni faşizminə
qarşı açdığı yeni mübarizə yolunun təcəssümü
olsun, vətən balalarını müqəddəs
müharibəyə çağırsın.
Erməni
irticasına və bütün düşmənlərə
qarşı mübarizədə, Vətəni qorumaqda bizim
milli əsgərimizin söykənməli olduğu öz mənəvi-tarixi
dəyərlərimiz vardır. Ordumuzun, xalqımızın
yaşam gücü də bu dəyərlərdədir. Bu dəyərlər
torpaq, Vətən, müqəddəs mənəvi dəyərlərdir
. Biz onları qrantlara və dialoq oyunbazlığına dəyişə
bilmərik.
"Mənim
yolum ayrıdır". Mübariz İbrahimov bu sözləri
çoxlarına, hətta ailə üzvlərinə də
demişdi. Həqiqətən, onun yolu ayrı idi. Qəhrəman
əsgərimiz o yolu tək, cığırdan kecən kimi
keçdi. Bu gün isə bu yol bütöv bir nəslin ,
bütöv bir ordunun məslək yolu olub. Mübarizin
açdığı yol çox genişdir, o qədər
genişdir ki, onu insan təsəvvürünə
sığdırmaq çətindir. Çünki hər qəhrəman
o yola öz ürəyinin içindən
çığır salır. Bu cığırın mənzili
isə əbədiyyətdir: həm dünyəvi, həm də
mənəvi əbədiyyətdir.
Mübarizə
xalq məhəbbətinin əsl nümunəsinə
çevrilmiş vida mərasimini xatırlayıram. Cənab
Prezidentin bu mərasimdəki çıxışı hər
bir Azərbaycan vətəndaşında sabaha böyük
ümid yaratdı. Möhtərəm Prezident nikbinliklə
bildirdi: "bu gün, eyni zamanda çox şərəfli bir
gündür. Çünki biz öz
övladlarımızı burada böyük ehtiramla son mənzilə
yola salırıq. Əminəm ki, onların əziz xatirəsi
Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcək.
Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid
kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini
gözləyirlər. Onlar öz doğma torpaqlarını
azad etmək üçün hər an hazırdırlar".
Bunu bütün Azərbaycan xalqı bilir və inanır ki, o
gün çox da uzaqlda deyil.
Xalqımız
qəhrəman övladı ilə vidalaşmaq
üçün II Fəxri Xiyabana axışırdı. Qəribə
də olsa, mən o gün böyük fəxarət hissi
keçirirdim. Qəhrəman övladımızın vida mərasiminə
gələnlərin çoxu gənclər idi. O gənclər
ki, burada, Mübarizin məzarı üstündə müqəddəs
torpaqlarımızı azad etməyə hazır olduqlarına
and içirdilər. Bax, bu ruhu yaradan qəhrəman
övladlarımıza ulu Tanrıdan rəhmət diləyirik.
Nurlana ƏLİYEVA,
YAP Qadınlar Şurasının sədri,
professor
Xalq qəzeti.- 2010.-
20 noyabr.- S. 6.