Bakıda islam regionu fəlsəfə
tarixinin tədqiqi və tədrisi problemlərinə
həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir
Noyabrın 19-da Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunda bu institutun və "Şərq
fəlsəfəsinin problemləri" beynəlxalq elmi-nəzəri
jurnalının təşkilatçılığı,
YUNESKO-nun dəstəyi ilə "Dünya fəlsəfəsi
kontekstində islam regionu fəlsəfə tarixinin tədqiqi və
tədrisi problemləri" mövzusunda elmi-praktiki konfrans
keçirilmişdir.
Dünya
Fəlsəfə Gününə həsr olunan konfransda
çıxış edən AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev
tədbirin məqsəd və əhəmiyyətindən, Azərbaycanda
fəlsəfə sahəsində qazanılan nailiyyətlərdən,
qabaqcıl elmi-fəlsəfi məktəblərin iş təcrübəsinin
yayılması məqsədi ilə ölkəmizdə
keçirilən beynəlxalq forumlardan, alimlərimizin xarici
ölkələrdə tədbirlərdə iştirakından
danışmışdır. Azərbaycan elmi-fəlsəfi
fikrinin dünya elminə inteqrasiyasının qarşıda
duran ən aktual vəzifələrdən biri olduğunu diqqətə
çatdıran V.Fərzəliyev alimlərimizin beynəlxalq
elmi miqyasda fəaliyyəti və çağdaş fəlsəfi
proseslərin ölkəmizdə
işıqlandırılması məsələlərinə
böyük önəm verildiyini vurğulamışdır.
YUNESKO
üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi
Günay Əfəndiyeva təmsil etdiyi qurumun baş direktoru
İrina Bokovanın Dünya Fəlsəfə Günü ilə
bağlı müraciətini səsləndirmişdir.
Müraciətdə 2010-cu ildə bu günün "Mədəniyyətlərin
yaxınlaşması ili" çərçivəsində
qeyd olunduğu diqqətə
çatdırılmışdır.
Mərakeşin
ölkəmizdəki səfiri, professor Həsən Hami islam fəlsəfəsinin
mahiyyətindən, onun dünya mədəniyyətinə
verdiyi töhfələrdən, islam fəlsəfəsinin tədrisi
məsələlərindən bəhs etmişdir. Mərakeşli
alimlərin bu sahədə fəaliyyətindən
danışan səfir iki ölkənin akademik institutları
arasında əlaqələrin yaradılmasının vacibliyini
vurğulamışdır.
Belçikanın
ölkəmizdəki səfiri, professor Filippe Jotard
Bakının şərq və qərb arasında ortaq
nöqtə və fəlsəfə haqqında fikirlərin səslənməsi
üçün ən yaxşı mərkəz olduğunu
bildirmişdir. Səfir qeyd etmişdir ki, fəlsəfə və
ayrı-ayrı şəxslərin beyninin məhsulu olan fəlsəfi
fikirlər bütövlükdə bəşəriyyətə
məxsusdur.
Misir Mədəniyyət Mərkəzinin direktoru, doktor Adel Dərviş islam dünyası elmi-fəlsəfi fikrinin təbliği və inkişafına həsr olunan konfransın işini yüksək qiymətləndirmiş, onun nəticələrinin uğurlu olacağına əminliyini bildirmişdir.
Konfransda Fransa Tibb Akademiyasının həqiqi üzvü, akademik Cavad Heyət (İran) "Vəhdəti əl vücud və fəlsəfə", Dr.Lyuk Obri (Fransa) "Gənclərin tərbiyəsində fəlsəfənin rolu", fəlsəfə elmləri doktoru Viktor Palesi de Bustinza (İspaniya) "İspaniya və Braziliyada fəlsəfə tarixinin tədrisi məsələlərinə dair", Dr.İbrahim Maras (Türkiyə) "Türkiyədə islam bölgəsi fəlsəfəsinin tədqiq və tədrisinə dair" mövzularda məruzələrlə çıxış etmişlər.
Tədbirdə həmçinin Azərbaycan,Türkiyə,
İran, Mərakeş, Fransa,
İspaniya, Böyük
Britaniya və Macarıstandan
tanınmış alimlərin "Fəlsəfi əlyazma
abidələrinin tərcümə və tədqiqinə dair", " Yeni dünya düzümü
kontekstində demokratikləşmə fəlsəfəsi",
"Qloballaşma dövründə Azərbaycanda
fəlsəfəyə baxış", "Muğam fəlsəfəsinin aşkara
çıxarılmasına daha bir cəhd" və s. mövzularda məruzələri dinlənilmişdir.
Xalq qəzeti.- 2010.- 20 noyabr.- S. 5.