22 noyabr Ədliyyə İşçiləri Günüdür

 

Ədliyyə orqanları və hüquq islahatları

 

Azərbaycan Respublikası tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu inkişaf yolu seçmişdir. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə layihəsi hazırlanmış müstəqil dövlətimizin ilk Konstitusiyasının 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilməsi ölkəmizin tarixində ən parlaq səhifələrdən biridir. Konstitusiya qəbul edildikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hüquqi islahatlar, o cümlədən onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatı sahəsində əsaslı tədbirlər görülmüş və bu islahatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə uğurla davam etdirilir.

 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı 11 noyabr 2000-ci il tarixli sərəncamla ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Ölkəmizdə aparılan hüquqi islahatların tərkib hissəsi kimi, Ədliyyə Nazirliyində də son illərdə köklü islahatlar aparılmış, nazirliyin fəaliyyətinin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində əsaslı tədbirlər görülmüşdür. Nazirliyin işinin yaxşılaşdırılmasında, ədliyyə orqanlarının fəaliyyətinin əsas istiqamətləri, kadr məsələləri, normativ-hüquqi aktların layihələrinin müzakirə edilməsində kollegiyanın rolu yüksəldilmişdir.

Son illərdə nazirliyin fəaliyyətini daha da təkmilləşdirən, tabe qurumların konkret vəzifələrini müəyyən edən 260-dan çox təşkilati əmr verilmiş, 17430-dan artıq qanun və digər normativ-hüquqi aktların layihəsinə rəy verilmiş, 692 normativ-hüquqi akt dövlət qeydiyyatına alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2006-cı il tarixli fərmanı ilə bütövlükdə ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu isə 26 may 2006-cı il tarixdə ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmışdır. Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin qanunda ədliyyə orqanları işçilərinin əsas hüquqları genişləndirilmiş və dəqiqləşdirilmiş, onların vəzifə məsuliyyətləri artırılmışdır. Qanunda ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsi də nəzərdə tutulur.

"Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ədliyyə orqanlarının fəaliyyətində böyük hadisə olmaqla, ölkə başçısının ədliyyə orqanları əməkdaşlarına olan diqqət və qayğısının məntiqi nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 avqust 2006-cı il tarixdə "Ədliyyə orqanlarının inkişafı haqqında" fərman imzalamışdır. Fərmanın 1.3-cü bəndinə əsasən, Ədliyyə Nazirliyi yanında Hüquq Tədirs Mərkəzinin əsasında ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, habelə ədliyyə orqanları işçilərinin, müvafiq hakimlərin və digər hüquqşünasların peşə hazırlığının artırılması məqsədi ilə Ədliyyə Akademiyası yaradılması qərara alınmışdır. Ölkə başçısının 21 noyabr 2008-ci il tarixli fərmanı ilə Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Nizamnaməsi təsdiq edilmişdir.

Fərmana əsasən, Ədliyyə Akademiyası ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, ədliyyə və prokurorluq orqanları işçilərinin, digər hüquqşünasların peşə hazırlığının artırılması, habelə cəmiyyətin ixtisaslı hüquqşünas kadrlarına ehtiyacının təmin edilməsi üçün tədris-elm müəssisəsi kimi yaradılmışdır.

İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, prokuror və müstəntiq vəzifələrinə, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimin keçirilməsi Ədliyyə Akademiyasının əsas vəzifələrindən biridir. Bu ilin əvvəlində prokurorluq orqanlarına test üsulu ilə qəbul edilərək müsabiqədən keçmiş 98 nəfər namizəd Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılmaları məqsədilə icbari təlim kursuna cəlb edilmişonlar bu kursu müvəffəqiyyətlə bitirərək müvafiq vəzifələrə təyinat almışlar. Ədliyyə Akademiyasının Nizamnaməsinə müvafiq dəyişikliklər edilərək hakimliyə namizədlərin də ilkin uzunmüddətli hazırlığı Ədliyyə Akademiyasının fəaliyyət istiqamətinə daxil edilmişdir.

Bu il 78 nəfər hakimliyə namizəd Ədliyyə Akademiyasında 4 aydan artıq ilkin uzunmüddətli tədris kurslarına cəlb edilmişlər. Həmin kurslarda məşğələlərin aparılmasına Azərbaycan Respublikası Prezidenti Adminstrasiyası və Azərbaycan Respublikası Milli Məclisi aparatının məsul işçiləri, Azərbaycan Respublikası Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin hakimləri, Ədliyyə Nazirliyinin məsul işçiləri, BDU-nun professor-müəllimləri, Azərbaycan Respublikası Baş Prokurorluğunun təcrübəli mütəxəssisləri, Bakıda fəaliyyət göstərən bir sıra beynəlxalq qurumların ekspertləri, o cümlədən, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) layihə rəhbəri Anna Koniqsman, həmin qurumun sabiq layihə rəhbəri Thomas Herrmann və başqaları cəlb edilmişlər. Yeri gəlmişkən, bu yaxınlarda Thomas Herrmannın işıq üzü görmüş "Mülki prosesdə tətbiq ediləcək hüququn tapılması" kitabının təqdimatı olmuşbu nəşr hakimlərin və digər oxucu kütləsinin dərin marağına səbəb olmuşdur. Müəllif respublikamızda hakim və ədliyyə işçiləri arasında böyük nüfuz qazanmışdır və o, hazırda Özbəkistan Respublikasında fəaliyyətini davam etdirir.

Ədliyyə Akademiyasının yaradılması ölkədə aparılan hüquqi islahatların həyata keçirilməsində mühüm hadisə olmaqla, Akademiyanın üzərinə, hüquqidemokratik dövlət quruculuğunu inkişaf yolu seçmiş respublikamızda, mühüm vəzifələr düşür. Bu qurumun əsas vəzifəsi hakimlərin, hakimliyə namizədlərin, ədliyyə işçilərinin ilkin və davamlı tədrisi, bələdiyyə üzvləri və qulluqçularının, digər mərkəzi icra orqanları əməkdaşlarının, qeyri-hökumət təşkilatları, o cümlədən gənclər təşkilatlarının nümayəndələrinin hüquqi maarifləndirilməsi işini həyata keçirməkdir. Ona görə də Akademiyanın Avropa standartlarına uyğun 5000 kv.m faydalı sahəsi olan binamüasir avadanlıqla təmin edilməsinə ciddi zərurət duyulur.

Bu bayram ərəfəsində ədliyyə işçiləri şad xəbər almışlar. Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bu yaxınlarda Braziliyada BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə konqresinin vitse-prezidenti vəzifəsinə seçilmişdir. Fikrət Məmmədov əvvəllər Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinə dəfələrlə üzv, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti seçilmişdir.

Sonda bütün ədliyyə işçilərini 22 noyabr peşə bayramı münasibətilə təbrik edir, onlara xidməti işlərində böyük nailiyyətlər, möhkəm cansağlığı, xoşbəxtlik arzu edirəm.

 

 

İlham ABBASOV,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının

prorektoru, hüquq üzrə fəlsəfə doktoru,

baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi

 

Xalq qəzeti.- 2010.- 21 noyabr.- S. 5.