Yeni Azərbaycan Partiyası
zamanın tələbi və xalqın arzusu
ilə yaranmışdır
Ötən 18 il sübut etdi ki, bu
təşkilat regionun ən qüdrətli siyasi
partiyalarından biridir
1992-ci
ildə Naxçıvanda ağır bir şəraitdə,
böyük təzyiqlər altında biz partiyanın yaranması
ilə əlaqədar xeyli işlər gördük və ilk
konfrans keçirdik. ...Yeni Azərbaycan Partiyası o vaxtkı
mövcud vəziyyətdə bütün Azərbaycan
xalqının mənafelərinə xidmət etmək
üçün və xalqın o ağır dövründə
ölkəmizin qarşısında duran məsələlərin
həll edilməsi üçün zamanın tələblərinə
uyğun olaraq, zəruriyyətdən yaranmış bir
partiyadır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Azərbaycanın bir əsrdə
ikinci dəfə dövlət müstəqilliyinə
qovuşmasından sonra əldə etdiyimiz nailiyyətlər,
yaşadığımız məhrumiyyətlər, ulu
öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı və başqa xüsusi məqamlarla
bağlı çoxsaylı kitablar yazılmış,
radio-televiziya verilişləri hazırlanmışdır.
Tarixi proseslərin olduğu kimi qiymətləndirilməsi
baxımından həmin əsərlərin hamısı dəyərlidir.
Xüsusən, ötən əsrin 90-95-ci illərində
baş vermiş ictimai-siyasi hadisələr haqqında qələmə
alınmış faktlar, lentlərin yaddaşına
köçürülmüş məqamlar gələcək
nəsillər üçün daha böyük önəm kəsb
edəcəkdir. Çünki həmin beş ildə ölkəmizdə
kimin kim olduğu, xalqın istiqlaliyyəti, ağ günə
çıxması üçün kimin mübarizə
apardığı, kimin "keçəl Həmzə"lik
etməsi barədə yazılanlar 30-40 ildən sonra çox
dəyərli olacaqdır. Bu gün böyük əminlik və
məmnunluqla yazırıq ki, xəyalən təsəvvür
etdiyimiz həmin gələcəyin azərbaycanlıları təkcə
ölkəmizin deyil, bütün regionun ən güclü
siyasi təşkilatlarından olan Yeni Azərbaycan
Partiyasının yaranması, siyasi fəaliyyətə
başlaması, partiya sədrinin siyasi hakimiyyətə
qayıdışından sonra respublikamızın keçdiyi
möhtəşəm inkişaf yolu haqqında çox zəngin
materiallarla tanış ola biləcəklər.
Bəli,
bu istiqamətdə ərsəyə gətirilmiş əsərlər
istənilən qədərdir və belə kitabların
yazılması Azərbaycan xalqı mövcud olduqca davam edəcəkdir.
Son 20 ilin ictimai-siyasi proseslərinə mütəxəssis
kimi, peşəkarcasına münasibət bildirən
politoloqların fikrincə isə yazılmış və
yazılacaq bütün kitabların fövqündə duran
daha mükəmməl və daha möhtəşəm bir əsər
vardır. Bu əsər dünya azərbaycanlılarının
ümummilli lideri Heydər Əliyevin tarixi bir müraciətidir.
Ulu öndərin 2001-ci il, yeni əsr və
üçüncü minillik münasibətilə Azərbaycan
xalqına müraciəti yaşadığımız
eranın XX və XXI yüzilliklərinin, İkinci və
Üçüncü minilliklərin qovşağında
öz xalqına üz tutan dahi liderin mükəmməl qiymətləndirməsi
idi. Elmi ədəbiyyatda qısaca olaraq "Azərbaycan XXI əsrin
və üçüncü minilliyin ayrıcında"
adı ilə təqdim olunan həmin müraciətdə milli
tariximizin bütün dövrləri kimi ötən əsrin
90-cı illərinin əvvəlləri də çox incə
detallarına qədər təhlil edilir. Həmin müraciətə
üz tutan istənilən oxucu qeyd edilən mürəkkəb
illərə bir də qayıdırmış kimi adı
çəkilən hadisələri yenidən göz
önünə gətirir.
Ulu
öndərin müraciətinin bilavasitə indi haqqında
söz açdığımız dövrü əhatə
edən hissəsində oxuyuruq: "Hakimiyyətdə olan
siyasi qüvvələr tərəfindən tez-tez səsləndirilən
məsuliyyətsiz bəyanatlar müstəqil Azərbaycan
dövlətinin ali məqsədləri və vəzifələri,
prinsipləri və istiqamətləri haqqında beynəlxalq
aləmdə yanlış rəy yaradır, onun sivil dünya
dövlətlərindən təcrid edilməsinə səbəb
olurdu".
Bu sitat konkret tarixi şəraiti əks etdirir. AXC-Müsavat
iqtidarının təmsilçiləri
isə həmin dövrü xarakterizə edərkən arqument əvəzinə bəhanə
səsləndirirdilər: "Biz türk soylu xalq, müsəlman dünyasının bir parçası olduğumuza
görə dünya dövlətləri bizi qəbul etmirdi". Tamamilə əsassız və uydurma bir məntiqdir.
Həmin
məntiqə qarşı
qoyulan suallara (bu sətirlərin müəllifi həmin sualları onlara KİV təmsilçisinin iştirak
etdiyi mətbuat konfransında AXC - Müsavat
liderlərinə ünvanlamışdır
- red.) isə adı çəkilən siyasi qütbün təmsilçiləri
yeni bəhanələr
uyduraraq cavab vermək istəsələr
də alınmırdı.
Suallar belə idi: ƏVVƏLA, sizcə
müstəqil Azərbaycan
dövlətinin başçısı
"Türkün türkdən
başqa dostu yoxdur" - deyə bəyanat verəndən sonra rus, ingilis,
fransız və ya alman həmin
"liderlə" dostluğa
meyl edərdimi?
İKİNCİ: Məgər Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan sonra da biz türksoylu xalqın ölkəsi, müsəlman dünyasının
bir parçası deyilikmi? Bəs nə üçün
beynəlxalq ictimaiyyət
bizi 1993-cü ilin yayından sonra qəbul etdi və müstəqil Azərbaycan dövləti
dünya birliyinin ən nüfuzlu subyektlərindən birinə
çevrildi?
Bu açıq və
aydın ifadə edilən sualları cavablandırımaqda acizlik
çəkən AXC-Müsavat
təmsilçiləri növbəti
cəfəngiyyat uydururdular
ki, guya hakimiyyətdə daha çox qalsaydılar vəziyyəti nəzarət
altına ala bilərdilər. Ancaq ulu öndərin yuxarıda qeyd etdiyimiz müraciətinin həmin dövr haqqındakı abzasında
deyilir: "Vəziyyət
elə təhlükəli
xarakter almışdı
ki, 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış müstəqil dövlətimiz
qəsdən və yaxud səriştəsizlikdən
yaranan idarəsizlik nəticəsində real itirilmək
təhlükəsi ilə
üz-üzə qalmışdı".
Bir daha qeyd edirik
ki, bu sitat
ulu öndərin məlum müraciətindən
seçilib. Yəni "biz hakimiyyətdə daha çox qala bilsəydik vəziyyəti
nəzarət altına
alacaqdıq" - deyənlər
faktiki olaraq vəziyyətin nəzarət
altından çıxmasının
səbəbkarları və
hətta, günahkarları
idilər.
AXC-Müsavat iqtidarının
nəzarət altından
çıxartdığı vəziyyəti bərpa etmək istəyən xalq ölkəni xaos və anarxiya
girdabından qurtarmağın
yolunu çox yaxşı görürdü. Bu yolun o biri başında
- Naxçıvanda, neft
lampasının işığında
çalışaraq xalqına
xidmət edən liderin ziyasına çox böyük ehtiyac var idi.
Xalq bilirdi ki, 1990-cı ilin 20 Yanvar hadisələrindən
dərhal sonra Moskvada - Kremlin qulağının
dibində Mixail Qorbaçovun qaniçən
siyasətini lənətləyən,
Naxçıvana qayıdandan
sonra mühasirədə
olan muxtar respublikanı məhrumiyyətlərdən
xilas edən Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini
qoruyub saxlaya biləcək yeganə siyasətçidir. Bu həqiqətləri dərindən
dərk edən Azərbaycan ziyalıları
ulu öndərə müraciət edərək
müstəqilliyin qorunması
üçün yollar
axtarılmasını xahiş
etdilər. Bu yol ölkənin həqiqi siyasətçilərini
və milli ziyalılarını öz
ətrafında birləşdirəcək
yeni bir siyasi təşkilatın formalaşdırılmasından ibarət idi.
Heydər Əliyev xalqın öndə gedən ziyalılarını öz
ətrafına toplayaraq
Yeni Azərbaycan Partiyası adlı mükəmməl bir siyasi təşkilat yaratdı. 1992-ci il
noyabrın 21-də Naxçıvanda
təsis edilən bu partiya çox
qısa bir müddətdə nəinki
ölkədə, hətta,
bütün regionda ən güclü təşkilata çevrildi.
Partiyanın sədrinin ölkədə
siyasi hakimiyyətə
qayıtması isə
bu gənc siyasi təşkilata bütün dünyada böyük nüfuz qazandırdı.
Bu gün Azərbaycanı qələbədən qələbəyə
aparan, böyük sosial-iqtisadi inkişafa müəlliflik edən Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası sədrinin müavini, sədrin birinci müavini və nəhayət, partiya sədri seçilməsi isə bu partiyanın
nüfuzunu qat-qat artırmışdır. İndi artıq
Yeni Azərbaycan Partiyasının üzvlərinin
sayı yarım milyondan çoxdur. Bu partiyaya üz
tutanlar hər gün artır. Ən maraqlı məqam isə odur ki,
Yeni Azərbaycan Partiyasının bir çox üzvləri özlərini həm də Heydər Əliyev Partiyasının
üzvü adlandırmaqdan
məmnunluq hissi keçirirlər.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 21 noyabr.- S. 3.