Prezident İlham Əliyev: Zirvə görüşü Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi üçün mühüm addım olacaqdır

 

Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak etmişlər. Azərbaycanın dövlət başçısı Xəzəryanı ölkələr arasında dostluq, mehribanlıq münasibətlərinin mövcudluğunu qeyd edərək, bu ölkələrin əsrlər boyu yaxın qonşuluq şəraitində yaşadığını söyləmiş və bildirmişdir ki, Azərbaycan öz qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurmuşdur.

 

Prezident İlham Əliyev həmçinin vurğulamışdır ki, hazırda Azərbaycan ilə Rusiya və Azərbaycan ilə Qazaxıstan, habelə Rusiya ilə Qazaxıstan arasında Xəzərin sektorlara bölünməsi ilə bağlı önəmli addımlar atılmışdır. "Ümid edirəm ki, gələcəkdə bu gözəl təcrübə əsas kimi götürülə bilər", - deyən Prezident İlham Əliyev nəqliyyat sahəsində də əməkdaşlığın dərinləşdiyini söyləmişdir.

Prezident İlham Əliyev Xəzərin əməkdaşlıq dənizinə çevrilməsi üçün iqtisadi əlaqələrin güclənməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizdə Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün də böyük proqramların icra olunduğunu bildirmişdir.

İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir. İran Prezidenti göstərmişdir ki, 2007-ci ildə Tehranda keçirilən zirvə görüşündən sonra Xəzəryanı ölkələr arasında iqtisadi, siyasi, mədəni, ətraf mühitin mühafizəsi və digər sahələrdə əlaqələrin daha da genişləndiyi müşahidə olunur. Mahmud Əhmədinejad Xəzəryanı ölkələrin bir çox sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı İran tərəfinin təkliflərini zirvə görüşü iştirakçılarının diqqətinə çatdırmışdır.

Ölkəsinin iqtisadi əlaqələrin genişlənməsində maraqlı olduğunu deyən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xəzərin hüquqi statusunun həlli ilə bağlı böyük işlərin görüldüyünü, yaxın zamanlarda Qazaxıstanda bu məsələ ilə bağlı konfransın təşkil ediləcəyini söyləmişdir. O, Qazaxıstanın Xəzərin hüquqi statusu ilə bağlı bütün görüşlərdə iştirak etməyə hazır olduğunu da diqqətə çatdırmışdır.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Xəzərin hüquqi statusunun müəyyən edilməsi prosesinin sürətlənməsi üçün kompleks məsələlərin həllində və Xəzəryanı ölkələrin əməkdaşlığının yeni formatının müəyyən edilməsində bu görüşün böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Rusiya Prezidenti demişdir ki, biz təkcə dənizi bölməklə kifayətlənməməliyik, eyni zamanda, onun bioloji müxtəlifliyini və nadir təbii sərvətlərini qorumalıyıq. Rusiya Prezidenti Xəzərin statusu barədə yekun nəticənin əldə edilməsi ilə əlaqədar Rusiya tərəfinin təkliflərini də açıqlamışdır.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov göstərmişdir ki, Xəzəryanı ölkələrin Xəzər hövzəsinin mühüm strateji region olduğunu yaxşı anladığından məsələ ilə bağlı danışıqlar prosesi konstruktivlik əsasında qurulmuşdur. O, bildirmişdir ki, son zamanlar əməkdaşlığın hüquqi bazası ilə bağlı məsələdə irəliləyiş vardır. Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsi üzərində də konstruktiv qaydada gedir. Bu gün tərəflər həmin sənədin bir çox müddəaları üzrə konsensus əldə ediblər.

Zirvə görüşündə Prezident İlham Əliyev demişdir: Bugünkü Zirvə Görüşü regional əməkdaşlıq baxımından çox böyük əhəmiyyətə malikdir. Əminəm ki, görüşün çox gözəl nəticələri olacaqdır. Bizi birləşdirən Xəzər dostluq, əməkdaşlıq dənizidir. Mən əminəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşməsi üçün mühüm addım olacaqdır. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində çox fəal işlər gedir, ekspert qrupları işləyir. Ümid edirəm ki, gələcək dövrlərdə bu istiqamətdə əməli nəticələr əldə olunacaqdır. Bu günə qədər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi aramızda olan dostluq əlaqələrinə heç bir təsir göstərmədi. Münasibətlərimiz çoxşaxəlidir. Əlbəttə, biz çox istərdik ki, Xəzərin hüquqi statusu tezliklə öz həllini tapsın və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

Bununla bərabər, qeyd etməliyəm ki, hazırda Azərbaycan ilə Rusiya və Azərbaycan ilə Qazaxıstan, eyni zamanda, Rusiya ilə Qazaxıstan arasında Xəzərin sektorlara bölünməsi istiqamətində önəmli addımlar atılmışdır. Üç ölkə öz arasında bu məsələləri həll edibdir. Ümid edirəm ki, bu gözəl təcrübə gələcəkdə əsas kimi götürülə və Xəzər dənizinin hüquqi statusunun həll olunması işində hazırda mövcud hüquqi baza müsbət rolunu oynaya bilər.

Prezident İlham Əliyev daha sonra demişdir ki, Xəzərin çox zəngin təbii ehtiyatları vardır. Bütün Xəzəryanı ölkələr enerji resursları baxımından çox zəngin ölkələrdir. Ölkələrimiz nəinki öz tələbatlarını ödəyir, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinə çox önəmli töhfə verirlər. Ölkələrimizdə hasil edilən neftqaz demək olar ki, dünya enerji bazarında həlledici təsirə malikdir. Biz çalışırıq ki, səylərimizi birləşdirək. Biz hamımız istehsalçıyıq və istehsalçıların maraqları əlbəttə ki, üst-üstə düşür. Biz enerji resursları sahəsində bir-birimizlə rəqabət aparmırıq, əksinə, uğurlu əməkdaşlıq edirik. Bu əməkdaşlıq ölkələrimizin bütün maraqlarına xidmət göstərir. Azərbaycan enerji resurslarının nəqli ilə bağlı çoxşaxəli fəaliyyət göstərir. Biz enerji təhlükəsizliyi məsələlərinə töhfəmizi verməyə çalışırıq. Azərbaycanın neft-qaz resurslarının dünya bazarlarına müxtəlif yollarla çatdırılması üçün bizdə müasir infrastruktur yaradılmışdır. Bu infrastruktur qonşu ölkələrin maraqlarının təmin edilməsi üçün də təqdim oluna bilər. Yəni, bir sözlə, biz tranzit imkanlarımızı qonşular üçün təqdim etməyə hazırıq.

Prezident Mahmud Əhmədinejad Zirvə görüşündə bildirmişdir ki, iştirakçı ölkələrin potensiala, resurslara, milli valyutalara əsaslanan iqtisadi əməkdaşlığı beynəlxalq iqtisadi sistemlərin vurduğu zərərin dərəcəsini azaltmağayeni imkanlar yaratmağa qadirdir. Xəzərdə sabitlik və təhlükəsizlik üçün təhdid olan amillərə qarşı birgə mübarizə, əcnəbi oyunçuların çıxışlarının qarşısının alınması Xəzər dənizində və ölkələrimizdə təhlükəsizliyin və sülhün təmin edilməsinin ən mühüm elementidir. İran İslam Respublikası dəqiq işlənib hazırlanmış proqram əsasında bütün sahələrdə əməkdaşlığa hazırdır.

Prezident Nursultan Nazarbayev isə demişdir ki, Xəzəryanı dövlətlərin sülhmehriban qonşuluq şəraitində yaşamaq kimi ümumi səyləri Azərbaycan Respublikasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının və Türkmənistanın 2007-ci il oktyabrın 16-da Tehran zirvə görüşündə qəbul etdikləri Bəyannamədə əksini tapmışdır. Həmin sənədin imzalanması sahilyanı ölkələrin əməkdaşlığı tarixində əlamətdar hadisə olmuşdur. Bu sənəd geniş əhatəli əməkdaşlıq məsələləri üzrə qarşılıqlı fəaliyyətin dərinləşməsi və Xəzər hövzəsində təhlükəsizliyin möhkəmlənməsi üçün etibarlı əsas yaratmışdır.

Qazaxıstan dövlətinin başçısı Xəzərin hüquqi statusu ilə əlaqədar xüsusi işçi qrupunun fəaliyyətinin intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırmış, eyni zamanda vurğulamışdır ki, dövlət başçıları ildə bir dəfə görüşəcəklər və belə görüşlər kifayət qədər səmərəli və faydalı olacaqdır. Bununla əlaqədar, xüsusi işçi qrupunun iclaslarının, onun qaydalarında nəzərdə tutulduğu kimi, ildə beş dəfədən az olmamaq şərti ilə keçirilməsini xarici işlər nazirliklərinə tapşırmağı təklif edirəm... Biz Xəzərdəki tərəfdaşlarımızın təklif etdikləri müxtəlif formatlı bütün görüşlərdə və tədbirlərdə iştirak etməyə hazırıq.

Sonda xatırladaq ki, Xəzəryanı ölkələrin dövlət başçılarının ilk sammiti 2002-ci ildə Aşqabadda, ikinci zirvə toplantısı isə 2007-ci ildə Tehranda keçirilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 21 noyabr.- S. 1.