Türkmən ədəbiyyatının
təbliğinə mühüm töhfə
Məxdumqulu Fəraqi.
Seçilmiş əsərləri. Bakı-Ankara, 2010, 448 səh.
Bu
günlərdə Ankaradan xoş xəbər
almışıq. Türk dünyasının UNESCO-su
sayılan TürkSOY təşkilatı dahi türkmən
şairi və mütəfəkkiri Məxdumqulu Fəraqinin
"Seçilmiş əsərləri" adlı irihəcmli
kitabını Azərbaycan dilində nəşr etmişdir.
Kitabı tanınmış tərcüməçi-türkoloq,
Bakı Dövlət Universiteti bədii tərcümə
elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri
doktoru Ramiz Əsgər çapa hazırlamışdır. O,
indiyədək türk xalqları ədəbiyyatı üzrə
20-dən artıq kitab, o cümlədən Mahmud
Kaşğarinin "Divanü lüğat-it-türk",
Yusif Balasağunlunun "Qutadğu bilik", Faruq Sümərin
"Oğuzlar", Bahəddin Ögəlin "Türk
mifologiyası", bir qrup müəllifin yazdığı
"Türk ədəbiyyatı tarixi" kitablarını tərcümə
etmişdir.
- Ramiz müəllim, son dövrlərdə sizin tərcüməçilik fəaliyyətinizdə türkmən ədəbiyyatı mühüm yer tutur. Bu nə ilə bağlıdır?
- Türkmən xalqı ilə Azərbaycan xalqı qardaşdır. Hər ikisi türklərin oğuz qrupuna mənsubdur. Qanımız, dilimiz, tariximiz, mədəniyyətimiz ortaqdır. Bu iki xalq arasında əsrlər boyu ancaq qardaşlıq münasibətləri hökm sürmüşdür. Sovet dövründə əlaqələrimiz xüsusilə yaxın olmuşdur. Azərbaycanda və Türkmənistanda mədəniyyət günləri keçirilir, elm və sənət xadimləri, şairlər və yazıçılar bir-birinə qonaq gedir, sənətçilər qarşılıqlı olaraq konsertlər verirdilər. Müstəqillik dövründə hər iki ölkədə əsas diqqət dövlət quruculuğu məsələlərinə yönəldildiyi üçün mədəni əlaqələrdə müəyyən durğunluq yaranmışdı. Mən bir filoloq kimi ədəbi əlaqələrimizi yenidən canlandırmaq məqsədilə qədim və zəngin türkmən ədəbiyyatı nümunələrini ana dilimizə çevirmək qərarına gəldim.
- Bu günədək türkmən ədəbiyyatından hansı əsərləri tərcümə etmisiniz?
- Bu işlə üç ildən bəri məşğulam. Çevirdiyim ilk kitab çağdaş türkmən şairi Y.Orazın "Qarabağlı ananın ağısı" adlı kiçik bir şeir məcmuəsi idi. Sonra böyük türkmən şairi Molla Nəfəsin "Bu məkana gəlmişəm" kitabını çapa hazırladım. Şairin 200 illik yubileyi münasibətilə "Seçilmiş əsərləri"ni də nəşr etdirdim. Dahi Məxdumqulunun kitabı üzərində isə bir il gərgin şəkildə işlədim, şairin həyatı və yaradıcılığı haqqında 25 səhifəlik giriş məqaləsi yazdım. Kitabı dahi şairə layiq səviyyədə nəşr etdirmək məqsədilə TürkSOY-un baş katibi Düsen Kaseinova müraciət etdim. O, mənim təklifimi məmnuniyyətlə qəbul etdi, özü də kitaba bir səhifəlik müqəddimə yazdı.
Hazırda
bu kitablara ciddi ehtiyac var. Türkmən ədəbiyyatı həm
Bakı Dövlət Universitetində, həm də bir sıra
ali məktəblərimizdə tədris olunur, lakin təəssüf
ki, yetərli dərəcədə ədəbiyyat yoxdur.
Geniş oxucu kütləsi də türkmən ədəbiyyatı
ilə ciddi şəkildə maraqlanır. İndi bu boşluq
qismən də olsa doldurulur.
- İndi
hansı kitab üzərində işləyirsiniz?
- Gələn
il böyük türkmən şairi Nurməhəmməd Əndəlibin
anadan olmasının 350 illiyi tamam olur. Mən Əndəlibin
"Şeirlər, poemalar, dastanlar" adlı kitabı
üzərində işi başa çatdıraraq mətbəəyə
təhvil vermişəm. 2011-ci ilin əvvəlində kitab
işıq üzü görəcək. Hesab edirəm ki, bu,
böyük şairin yubileyinə layiqli töhfə olacaq.
Burada Əndəlibin lirikası, başqa şairlərin
şeirlərinə yazdığı təsmin, təzmin və
təxmislər, "Oğuznamə", "Nəsimi",
"Səəd Vəqqas" və "Qisseyi-firon"
poemaları, "Zeynal Ərəb", "Yusif və
Züleyxa", "Baba Rövşən", "Leyli və
Məcnun" dastanlarından parçalar və mənim
geniş bir məqaləm verilmişdir. Hazırda klassik
türkmən şeiri antologiyası üzərində işləyirəm.
Bu kitabda isə Azadi, Şahbəndə, Məxdimqulu,
Şeydayi, Məğrubi, Qayıbi, Talıbi, Qurdoğlu, Kəminə,
Seyidnəzər Seydi, Seydulla Seydi, Zəlili, Zinhari, Molla Nəfəs,
Aşiqi, Katibi, Möhtaci, Miskinqılınc, Balqızıl və
digər tanınmış söz ustalarının əsərlərindən
ən gözəl nümunələr toplanacaq.
- Siz
keçən ay Türkmənistanın bir
mükafatını almışdınız...
- Türmənistanda
hər il hörmətli prezident Qurbanqulu Berdimühəmmədov
tərəfindən təsis edilən "Altın əsr"
adlı müsabiqə keçirilir. Bu müsabiqədə elm
və mədəniyyət sahəsində yaradılan ən
yaxşı əsərlər mükafata layiq
görülür. Bu il ilk dəfə olaraq laureatlar
arasında əcnəbilər də vardı. Azərbaycanın
əməkdar artisti Gülyanaq Məmmədovaya Türkmənistanla
bağlı xüsusi konsert proqramlarına görə, mənə
isə Molla Nəfəsin "Seçilmiş əsərləri"
kitabına görə "Altın əsr" mükafatı
verildi. Məncə, mənim laureat seçilməyimdə
yalnız bu kitab deyil, Aşqabadda keçirilən elmi
simpoziumlarda iştirakım, türkmən ədəbiyyatı
ilə bağlı məqalələrim də müəyyən
rol oynamışdır. Prezidentin şəxsən özü
tərəfindən imzalanan və onun adından təqdim
olunan laureat diplomu və qızıl medalyon üçün, əməyimə
verilən yüksək qiymət üçün hörmətli
Qurbanqulu Berdimühəmmədova dərin təşəkkürümü
bildirirəm.
- Bir
neçə kəlmə də gələcək
planlarınız haqqında...
- Gələn
il dahi tatar şairi Abdulla Tukayın anadan olmasının 125
illiyidir. Təəssüf ki, bu günə qədər onun azərbaycanca
heç bir kitabı çıxmamışdır. Tukayın
bir kitabını hazırlamaq istəyirəm. Ortaq türk ədəbiyyatının
görkəmli nümayəndəsi, böyük hökmdar və
şair Zəhirəddin Məhəmməd Baburun
"Seçilmiş əsərləri"ni və məşhur
"Baburnamə"sini ana dilimizə tərcümə etməyi
düşünürəm.
Müsahibəni apardı: İlham
ABBASOV
Xalq qəzeti.- 2010.-19 noyabr.- S. 9.