Məhkəmə-hüquq
sisteminin müasirləşdirilməsinə
xidmət edən islahatlar
Hər bir ölkədə
aparılan hüquqi islahatların müsbət nəticələr
verməsi ilk növbədə məhkəmə və ədliyyə
sisteminin fəaliyyətinin müasirləşdirilməsindən,
dövrün tələbləri səviyyəsində qurulmasından
asılıdır. Azərbaycan Respublıkasında bu sahədə
aparılan ardıcıl islahatlar ümumilikdə hüquq
sistemınin səmərəli fəaliyyətınin təmin
olunmasına xidmət edir. İnkişaf etmiş ölkələrin
təcrübəsinə nəzərən tətbiq olunan
mütərəqqi yeniliklər zamanın tələbi ilə
səsləşmiş, ölkənin sosial-iqtisadi inkişaf
kursuna adekvat olmuş, ən əsası, insan və vətəndaş
hüquq və azadlıqlarının təmini məsələlərini
özündə tam ehtıva etmişdir.
Ulu
öndər Heydər Əliyevin insan hüquqlarının
qorunmasını ön plana çəkməklə əsasını
qoyduğu məhkəmə-hüquq islahatları son 7 ildə
onun layiqli davamçısı - Azərbaycan Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şübhəsiz,
ictimai-iqtisadi münasibətlərin inkişafı, cəmiyyətin
həyatındakı mühüm yeniliklər məhkəmə-hüquq
sistemində də köklü dəyişikliklər tələb
edir. Dövlət başçısı bu mühüm amili
daim nəzərə alır, sosial-iqtisadi uğurların
miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin
yüksəlməsinə paralel olaraq, qanunların təkmilləşdirilməsini,
məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini
vacib sayır.
Müstəqil
respublikamızın son illərdə bütün sahələrdə
dinamik inkişaf etməsi, habelə insan hüquq və
azadlıqları sahəsində ixtisaslaşmış
nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın
genişlənməsi məhkəmə-hüquq
islahatlarının da keyfiyyətcə yeni mərhələdə
davam etdirilməsini vacib məsələ kimi önə
çıxarmışdır. Məhkəmələrin insan
və vətəndaş hüquq və
azadlıqlarının yüksək səviyyədə
qorunduğu, ədalət mühakiməsinin tam qanunamüvafiq
şəkildə həyata keçirildiyi bir instansiyaya
çevrilməsi, cəmiyyətdə yüksək etimad
qazanması bu sahədə beynəlxalq təcrübənin də
tətbiqini şərtləndirmişdir.
Demokratik
prinsiplərin cəmiyyətdə getdikcə daha da möhkəmləndiyi,
vətəndaşların mənafeyinə hesablanmış
mütərəqqi siyasi, hüquqi və sosial-iqtisadi
islahatların geniş vüsət aldığı hazırki
mərhələdə məhkəmələrin fəaliyyətində
müşahidə olunan bəzi
çatışmazlıqların və bununla əlaqədar
haqlı ictimai narazılıqların tamamilə aradan
qaldırılması həyata keçirilən hüquq
islahatlarının əsasını təşkil edir. Azərbaycan
Prezidentinin təşəbbüsü ilə son 7 ildə
gerçəkləşdirilən məhkəmə-hüquq
islahatlarının qayəsində də insanpərvərlik,
humanizm, şəxsiyyətə hörmət, vətəndaşa
həssas münasibət kimi ali dəyərlər
dayanmışdır.
Müstəqil
məhkəmə hakimiyyətinin formalaşdırılması,
ədalət mühakiməsinin tamamilə şəffaf,
demokratik, obyektiv şəraitdə həyata keçirilməsi,
bu zaman insan və vətəndaş hüquq və
azadlıqlarının maksimum səviyyədə qorunması
baxımından hakimlər korpusunun mənən
sağlamlaşdırılması da vacib şərtlərdən
biridir. Şübhəsiz, hakimlər ədalət mühakiməsini
həyata keçirərkən, qanunların tələblərinə
dəqiq və dönmədən əməl etməli, məhkəmə
fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini
təmin etməli, ədalətli və qərəzsiz
olmalı, hakim adına xələl gətirən hərəkətlərdən
çəkinməlidirlər. Xatırlatmaq yerinə
düşər ki, məhkəmə orqanlarının
müstəqilliyinin təmin edilməsi üçün hakimlərin
tamamilə şəffaf və demokratik yolla - test üsulu ilə
seçilməsi təcrübəsinin əsası hələ
2000-ci ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsi
ilə qoyulmuşdur. Məhz həmin il hakimliyə namizədlərin
şəffaf prosedur əsasında, beynəlxalq tələblərə
uyğun seçilməsi məqsədilə test üsulu ilə
imtahanın və şifahi müsabiqənin keçirilməsi
təmin edilmişdir. Bunun nəticəsi olaraq hakimlərin
seçilməsi və təyinatı ilə bağlı cəmiyyətdə
müsbət rəy formalaşmışdır. Ümummilli
lider Heydər Əliyev hüquq ictimaiyyəti
üçün son dərəcə əlamətdar olan bu
hadisəni yüksək dəyərləndirərək
demişdir: "Son 6-7 ay ərzində biz Azərbaycanın məhkəmə
sistemini tamamilə müasir səviyyəyə
qaldırdıq və demokratik prinsiplər əsasında
yaratdıq. Bütün hakimlər test üsulu ilə
imtahandan, yarışdan keçdilər və kim qalib gəldi,
o da hakim təyin olundu. Bu, Azərbaycan tarixində birinci dəfədir.
Biz bunun çox müsbət tərəfini gördük və
əvvəl də görürdük".
Bu uğurlu ənənənin davamı olaraq son illərdə yeni məhkəmələrin yaradılması, həmçinin, məhkəmələrdə hakimlərin sayının artırılması istiqamətində də ardıcıl tədbirlər görülmüşdür. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixdə imzaladığı Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdırilməsi ilə bağlı fərmanında Məhkəmə-Hüquq Şurasına tövsiyələrdən biri də məhz məhkəmələrdə hakimlərin sayının artırılması ilə bağlı idi.
Məlumat üçün bildirək ki, son illərədək Azərbaycanda hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasına üzv bəzi dövlətlərlə müqayisədə aşağı göstərici ilə xarakterizə olunur, hər 100 min nəfərə orta hesabla 4 hakim düşürdü. Halbuki, bir sıra Avropa dövlətlərində bu rəqəm 20-25 təşkil edir. Avropa Şurasına daxil olan ölkələrlə müqayisədə Azərbaycanda əhalinin ümumi sayına nisbətdə hakimlərinin sayı yetərincə deyildi. Son illərədək apelyasiya şikayətlərınin çoxluğu da əsasən birinci instansiya məhkəmələrində işlərə ədalətli və obyektiv baxılmaması ilə bağlı olurdu. Belə ki, Bakı şəhərinin rayon məhkəmələrindəki hakimlərin icraatında bir ildə 500-dən çox mülki, 150-dən artıq cinayət və digər işlərin olması faktı hakimlərin nə qədər gərgin iş şəraitində işlədiyinin bariz göstəricisi idi. Belə olan halda hakim bir gündə 2, bəzən hətta 3 işə baxmaqla insan taleyi baxımından həlledici qərar qəbul etməli idi. Məhz bu səbəbdən də hakimlərin baxdığı işlər üzrə məhkəmə araşdırması bəzən səthi olur, işlərə baxılması uzanır, məhkəmə qərarlarının tərəflərə verilməsi gecikir, vətəndaşlar yerli-yersiz get-gələ düşürdü. Vaxtın azlığı tam və obyektiv məhkəmə araşdırmasının aparılmasına imkan vermirdi. Bu isə müəyyən hallarda əsassız, adekvat olmayan məhkəmə qərarlarının qəbuluna gətirib çıxarırdı.
Dövlət başçısı cənab İlham Əliyevin son illərdə məhkəmələrdə hakimlərin sayının artırılması məsələsinə xüsusi diqqət ayırması da məhz bu və digər obyektiv çətinliklərin aradan qaldırılması məqsədinə xidmət etmişdir. Möhtərəm Prezidentimiz hələ 2006-cı il avqustun 8-də Ali Məhkəmənin yeni binasının təməlqoyma mərasimindəki çıxışında bununla bağlı demişdir: "Hakim korpusunun peşəkarlığı da artırılmalıdır. Artıq bu işdə şəffaflıq təmin olunur. Hakimlərin seçilməsi prosesi şəffaf keçirilir, hakimlərin sayı artırılır və beləliklə, bütövlükdə məhkəmə sisteminin möhkəmlənməsi prosesi uğurla gedir".
Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca problemlərdən biri olduğunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 157 ştat vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı son illər Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. Hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin Seçki Komitəsınin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi 2007-ci ildə 55 nəfər, 2008-cu ildə 102 nəfər, 2010-cu ildə isə 78 nəfər hakimliyə namizəd ən şəffaf və mütərəqqi üsulla seçilərək hakim vəzifələrinə təyin olunmuşlar.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli "Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası haqqında" fərmanı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fərmanla Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası təsdiq edilmişdir. Bundan əlavə, Prezident İlham Əliyevin 2010-cu il 9 avqust tarixli "Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında" fərmanı da Azərbaycan Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək məqsədi daşıyır. Fərmanla respublikanın məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərınin ümumi sayı 600 nəfər müəyyən olunmuşdur. Şübhəsiz, hakim korpusunun sayının artırılması respublikamızda ədalət mühakiməsinin demokratikliyinin, şəffaflığının, obyektivliyinin təmini istiqamətində mühüm addımdır.
Prezident İlham Əliyevin 7 sentyabr 2010-cu il tarixli sərəncamı ilə bəzi birinci instansiya məhkəmələrinin hakimlərinin və sədrlərinin təyinatı da razılıq və yüksək minnətdarlıq hissi ilə vurğulanmalıdır. Məhkəmə-Hüquq Şurasının təqdimatı əsasında möhtərəm Prezidentımiz həmin hakimlərə yüksək etimad göstərmiş, eyni zamanda, bəzi məhkəmələrin sədrlərini təkrarən bu vəzıfəyə təyin etmişdir. Yeri gəlmişkən, ölkə başçısının tövsiyələrinin yerinə yetirilməsi, o cümlədən yeni apelyasiya və digər regional məhkəmələrin formalaşdırılması, yeni məhkəmə binalarının inşası, hakimliyə namizədlərin seçimi, tədrisi, hakimlərin sayının artırılması, onların peşə səviyyəsinin yüksəldilməsi, fəaliyyətində ciddi qanun pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb olunmasü üçün ciddi tədbirlərin görülməsi üzrə Məhkəmə-Hüquq Şurasının böyük həcmli, gərgin işi öz bəhrəsini verməkdədir və bu proses davam edir. "Azərbaycan Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2010-cu il tarixli sərəncamı ilə yeni yaradılmış Bakı, Gəncə, Lənkəran və Şəki Ağır Cinayətlər məhkəmələrinə, inzibati-iqtisadi məhkəmələrə, o cümlədən bir sıra birinci intansiya məhkəmələrinə yeni hakimlər təyin olunmuşdur. Şübhəsiz, yeni hakim təyin edilmiş şəxslər dövlət başçısının bu yüksək etimadını doğrultmaq, insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmələrdə etibarlı şəkildə qorunmasını təmin etmək üçün səylə çalışmalıdırlar.
Son illər Azərbaycan Prezidenti cənab İlham Əlıyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni bina və inventarla təmin olunması, onların iş şəraitinin yaxşılaşdırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Bu qəbildən olan məsələlər dövlət başçısının hələ 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapmışdır. 2009-cu ilin mayında Azərbaycan Respublikası Ali Məhkəməsinin müasir tələblərə cavab verən yeni binasının tikilib istifadəyə verilməsi buna əyani sübutdur. Bu, dövlət başçısının məhkəmələrin fəaliyyətinə və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Hazırda tikintisi başa çatmaqda olan Yasamal Rayon Məhkəməsinin, inşası davam edən və yaxın zamanlarda tikiləcək digər məhkəmə binalarının istifadəyə verilməsi hakimlərin iş şəraitini kökündən yaxşılaşdıracaqdır.
Ali Məhkəmənin yeni binasının açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev məhkəmələrin çıxardığı qərarların insan taleyi ilə bağlı olduğunu bir daha vurğulamış, hakimlərə qanunun aliliyi prinsıpınə daha ciddi yanaşmağı tövsiyə etmişdir: "Mən binanın təməl daşının qoyulması ilə əlaqədar keçirilmiş mərasimdə demişdim ki, bu bina - Ali Məhkəmə ədalət sarayı olmalıdır və artıq biz bunu əyani şəkildə görürük. Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə, məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Bir də demək istəyirəm ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır. Ona görə hakimlərin üzərinə çox böyük və şərəfli missiya düşür".
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2010-cu il tarixdə imzaladığı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu isə hakimlərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində növbəti addımlardır. Qanunla "Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı maddəsinə iki mühüm əlavə olunmuşdur. Birinci əlavəyə görə, "Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin bırinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı 4 il ərzində ildə bir dəfə aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım edilir".
"Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı maddəsinə edilmiş ikinci əlavədə isə "107-ci maddənin birinci hissəsinin ikinci cümləsində liki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir" sözləri, "iki aylıq əmək haqqı məbləğində müavinət verilir" sözləri ilə əvəz edilmişdir.
Ümumiyyətlə, məhkəmələrin iş şəraitinin yaxşılaşdırılması, hakimlərin sayının artırılması, o cümlədən sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər yalnız bir məqsədə xidmət edir: cəmiyyətdə məhkəmə hakimiyyətinin müstəqil statusunu möhkəmləndirmək və ictimaiyyətin onlara inamını daha da yüksəltmək! Regionlarda ağır cinayətlər məhkəmələrinin yaradılmasını, yerli iqtisad məhkəmələrinin fəaliyyətinin təkmilləşdirilməsini, bəzi hərbi məhkəmələrin ləğv edilməsi də bu qəbildən olan tədbirlərin uğurlu davamı kimi xarakterizə olunmalıdır.
Yeni məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması həm də, regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. Son illər ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı, habelə imzalanmış dövlət proqramları sayəsində regionlarda iqtisadi həyat canlanmış, işgüzar fəallıq artmış, özəl sektor inkişaf etmişdir. Belə olan təqdirdə bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət imkanlarının təkmilləşdirilməsi də özünü obyektiv sosial tələbat kimi göstərir. Məlumdur ki, son illərdə bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, bəzi rayonlarda iqtisad məhkəmələri (inzibati-iqtisadi məhkəmələr) yaradılmışdır. Regionlarda ağır cinayətlər məhkəmələrinin yaradılmasına da məhz bu kontekstdən yanaşmaq lazımdır. Belə ki, əgər əvvəllər yalnız Bakıda Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə fəaliyyət göstərirdisə, son aylarda Lənkəran, Gəncə, Şəki şəhərlərində də belə məhkəmələrin yaradılması vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında həlledici rol oynayacaqdır.
Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda məhkəmə islahatlarının uğurunu təmin edən əsas amillər ədliyyə sisteminin müasirləşdırilməsi istiqamətində həyata keçirilən tədbirlərlə sıx şəkildə bağlıdır. Ötən 7 ildə məhkəmələrlə yanaşı, ədliyyə orqanlarında da köklü islahatlar aparılmış, nazirliyin fəaliyyətinin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması sahəsində əsaslı tədbirlər görülmüş, bu qurumun fəaliyyət dairəsi genişləndirilmiş, ölkəmizin hüquq sistemində rolu əhəmiyyətli dərəcədə artmışdır.
Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikası ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Bu reallığı nəzərə alan ümummilli lider Heydər Əliyev hələ 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərmiş, Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günü - 22 noyabrı ədliyyə işçilərinin peşə bayramı günü elan etmişdir. Bu əlamətdar bayram hər il ədliyyə işçiləri tərəfindən böyük minnətdarlıq və fəxarət duyğuları ilə qeyd edilir, ədliyyə orqanlarının keçdiyi tarixi inkişaf yoluna, qazandığı uğur və nailiyyətlərə nəzər salınır.
Təqdirəlayiq haldır ki, hər yeni il ədliyyə və məhkəmə sistemində mütərəqqi islahatlarla müşaiyət olunur - möhtərəm Prezidentimiz İlham Əliyev hər iki orqanın fəaliyyətinin müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. İnanırıq ki, bu mütərəqqi islahatlar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etıbarlı təminatına, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə kömək edəcək.
Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin adından möhtərəm Prezidentimizi əmin etmək istərdim ki, ölkəmizdə insan hüquqlarının daha etibarlı qorunması, ədalət mühakiməsinin keyfiyyətli və səmərəli şəkildə həyata keçirilməsi sahəsində üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetrilməsi üçün bundan sonra da var qüvvəmizlə çalışacağıq.
Ələddin CƏFƏROV,
Yasamal Rayon Məhkəməsinin,
Azərbaycan Respublikası Ümumi
Məhkəmə Hakimləri İctimai
Birliyinin
(Assosiasiyasının)
sədri
Xalq qəzeti.- 2010.- 19 noyabr.- S. 9.