Azərbaycan - NATO əməkdaşlığının inkişafı Cənubi Qafqazda təhlükəsizliyin güclənməsinə xidmət edir

 

"Biz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinə əsaslanan qəti mövqeyinə görə NATO-ya minnətdarıq. Bu, regiona çox yaxşı mesajdır".

 

Güclü dövlətin qurulması dünyada özünəlayiq yer tutması üçün güclü iqtisadiyyata, qüdrətli orduya, çevik xarici siyasətə daim ehtiyac var. Azərbaycan Respublikası da 1993-cü ilin iyunundan başlayaraq iqtisadiyyatın inkişafı, ordunun formalaşdırılması, xarici əlaqələrin ölkəmizin milli maraqlarını təmin edəcək şəkildə möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Nəticədə, bu gün ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu regionda maraqları olan istənilən dövlət və ya beynəlxalq təşkilatlar Cənubi Qafqaza dair siyasətlərini rəsmi Bakının mövqeyinə uyğun formalaşdırır, bütün məsələlərdə Azərbaycan rəhbərliyinin fikrini əsas götürürlər. Şimali Atlantika Alyansı - NATO ilə əlaqələrimiz də məhz bu çərçivədə inkişaf edir.

 

Mövcud təhlükəsizlik mühitində yeni tələblərin ortaya çıxması və bu mənada Azərbaycanın regionda və dünyada xüsusi rola malik olması isə qarşılıqlı əməkdaşlığı zərurətə çevirir. Qərb dövlətlərinin ümumi hərbi, siyasi və təhlükəsizlik maraqlarının təmsilçisi kimi çıxış edən Şimali Atlantika Alyansı da Azərbaycanın geostrateji mövqeyini və Cənubi Qafqaza, hətta ətraf regionlara təsir imkanlarını nəzərə alaraq, onunla əlaqələrə xüsusi əhəmiyyət verir. Təbii ki, istənilən dövlətin istər ölkələrlə, istərsə də beynəlxalq hərbi-siyasi, iqtisadi-mədəni və digər təşkilatlarla əlaqələri onun milli mənafeyinin tələblərindən irəli gəlir. Bu baxımdan, Azərbaycanın xarici siyasəti də düzgün və düşünülmüş əsaslar üzərində qurulub. Rəsmi Bakı ölkəmizin milli mənafeyi və Avratlantik məkana inteqrasiya siyasəti çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf edən Azərbaycan - Şimali Atlantika Alyansı əlaqələri bərabərtərəflilik prinsiplərinə əsaslanmaqla müasir dünyanın tələblərinə tam cavab verir. NATO ilə münasibətlərdə rəsmi Bakı qarşı tərəfin müxtəlif səviyyəli əməkdaşlıq təkliflərini özünün maraqları prizmasından dəyərləndirir.

Bu bir həqiqətdir ki, Şimali Atlantika Alyansı ilə əməkdaşlıq Azərbaycan üçün nə qədər lazımdırsa, Azərbaycanla sıx əlaqələr də NATO üçün bir o qədər vacib və zəruridir. Azərbaycan Qafqazda, Şərq ilə Qərbin arasında çox mühüm stratejigeostrateji mövqedə yerləşir. Azərbaycan Şərqin Qərbə, Qərbin də Şərqə açılan qapısıdır. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən dəhşətli terror hadisələrindən sonra "təhlükəsizlik sərhədləri"nin Şərqi də əhatə etdiyinə inanan Qərb dövlətləri ölkəmizin əvəzolunmaz tərəfdaş olduğunu bir daha anladılar.

Şimali Atlantika Alyansı ilə ölkəmiz arasında münasibətlərin tarixinə nəzər yetirsək qətiyyətlə deyə bilərik ki, bu qurumla əlaqələrin qurulması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın tələbiylə hakimiyyətə gələn böyük öndər beynəlxalq aləmə inteqrasiyanın Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan etdi. Ötən dövr ərzində Avratlantik məkanın mühüm təşkilati strukturlarından biri olan NATO ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi istiqamətində xeyli görülmüşdür. Ölkəmiz Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olduqdan sonra 1994-cü il mayın 4-də bu qurumun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşuldu. Beləliklə, Azərbaycan bu proqrama qoşulan 16-cı ölkə, Sovet İttifaqının keçmiş respublikaları arasında isə sənədi imzalayan 4-cü ölkədir. Bu fakt da göstərirdi ki, həmin gündən etibarən əsaslı dayaqlara söykənən NATO - Azərbaycan əməkdaşlığı inkişaf edəcək və keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaqdır.

Qeyd edək ki, "Sülh Naminə Tərəfdaşlıq" Proqramının əsas məqsədi Avratlantik məkanda siyasi və hərbi əməkdaşlığın genişləndirilməsi, sabitliyin bərqərar olunması, beynəlxalq sülh və təhlükəsizliyin qorunması, müasir təhlükələrin azaldılması, eləcə də demokratik prinsiplərə sadiqlik ruhunda münasibətlərin möhkəmləndirilməsidir. Əsas mexanizmləri isə "Fərdi Tərəfdaşlıq Proqramı" və "Planlaşdırma və Analiz Prosesi", "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"dır. Azərbaycan 1996-cı ildə yuxarıda sadaladığımız fəaliyyət planlarına qoşulmaqla ölkəmizin təhlükəsizlik və müdafiə strukturlarının Qərb standartları səviyyəsinə yüksəldilməsinə şərait yaratdı.

Bu gün hər sahədə olduğu kimi Avratlantik məkana inteqrasiya məsələsində də ümummilli lider Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Təsadüfi deyil ki, yuxarıda sadalanan planların icrasında əsas hüquqi çərçivəni Prezident İlham Əliyevin 3 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" təşkil edir. Sənədin qəbul olunması ilə birlikdə Şimali Atlantika Alyansı ilə Azərbaycanın əməkdaşlığı həm keyfiyyət, həm də həyata keçirilən tədbirlərin həcmi baxımından daha səmərəli və tamamilə yeni mərhələyə qədəm qoyub.

Onu da qeyd etmək yerinə düşər ki, "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" Şimali Atlantika Alyansı ilə əməkdaşlığı daha da dərinləşdirmək məsələsində siyasi iradəsi olan dövlətlərə təklif olunur. Bu iradəni nümayiş etdirmiş Azərbaycan dövləti NATO ilə siyasi dialoq proqramını müəyyən edib. Plan böyük spektri əhatə edən sahələrdə praktik əməkdaşlığı nəzərdə tutur ki, onun da bir hissəsi bilavasitə müdafiə və təhlükəsizlik sektoruna aiddir.

Hazırda NATO ilə əməkdaşlıq çərçivəsində ölkəmizin sülhməramlı və humanitar xarakterli çoxmillətli təlimlərdə iştirakı və təcrübə mübadiləsi davam etdirilir. Bu və digər əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr - tibbi, mühəndis və təminat üzrə bölmələr yaradılır, çoxmillətli təlimlərin keçirilməsi üçün Azərbaycan Respublikası ərazisində təlim bazaları hazırlanır və Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması prosesi davam etdirilir. Ölkəmiz beynəlxalq təhlükəsizlik və sülhyaratma əməliyyatlarında yaxından iştirak edir. 1999-cu ildən 2008-ci ilin martınadək bir sülhməramlı tağımımız Kosovoda uğurla xidmət edib. Bundan başqa, 2003-cü ildən İraqda və 2002-ci ildən isə Əfqanıstanda bir sülməramlı bölüyümüz sülhyaratma prosesinə öz töhfəsini verir. Azərbaycan hərbçilərinin nizam-intizamı, yüksək döyüş hazırlığı və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri dəfələrlə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, ölkəmizə minnətdarlıq bildirilmişdir.

Qarşılıqlı faydalı əməkdaşlıq sayəsində ötən 16 il ərzində Avratlantik təhlükəsizlik strukturları ilə artıq sıx münasibətlər qurulub. "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində NATO və ona üzv olan dövlətlərlə, həmçinin tərəfdaş ölkələrlə siyasi, iqtisadi, mədəni, hərbi və hərbi-texniki əməkdaşlıq gücləndirilib və bu proses davam etdirilir. Şimali Atlantika Alyansının "Əməliyyat İmkanları Konsepsiyası" Proqramı çərçivəsində Silahlı Qüvvələrimizin müvafiq bölmələrinin əməliyyata uyarlılığı artırılıb, əməliyyat imkanları təkmilləşdirilib. Ordumuzun müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, NATO qüvvələri ilə birgə uzlaşma səviyyəsinin artırılması və Avratlantik məkana inteqrasiyanın dərinləşdiriliməsini təmin etmək istiqamətində tədbirlər davam etdirilir.

Bu gün beynəlxalq terrorçu təşkilatlar bütün dünyanı təhdid edir. Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında (PAP-T) iştirak edən Azərbaycan terrorçuluğa qarşı mübarizəyə də əvəzsiz töhfələr verir. Bu plana NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi, terrorçuluğa qarşı milli təlim imkanları, sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi istiqamətində müttəfiq ölkələr ilə əməkdaşlıq məsələləri daxildir. NATO-nun terror təhdidləri üzrə kəşfiyyat birliyi ilə məlumat mübadiləsi yaradılmışdır. Azərbaycan həmçinin Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası nəzdində Beynəlxalq Antiterror Təlim Mərkəzinin yaradılması üzərində aparır. Bütün bunlar ona görə edilir ki, Şimali Atlantika Alyansına daxil olan ölkələrdən olan ekspertlərin də qeyd etdiyi kimi, terrorçuların maliyyə mənbələrindən biri və əsası narkotik-psixotrop maddələridir. Onların daşınmasının məhz bizim coğrafi məkanımızda qarşısının qətiyyətlə alınması terrorizmə qarşı mübarizənin effektivliyini artırır.

NATO Azərbaycanda quruma üzv ölkələrin hərbi qüvvələri ilə uyğunluq təşkil edən müasir, çevik, yüksək hazırlıqlı, yaxşı avadanlıqla təchiz olunmuşiqtisadi cəhətdən səmərəli qüvvələrin yaradılması istiqamətində də əməkdaşlığı davam etdirir. 1997-ci ildən etibarən Azərbaycanın SNT-nin Planlaşdırma və Analiz Prosesində (PAP) iştirak etməsi sülhməramlı taborların yaradılmasında mühüm rol oynamışdır. PAP prosesi çərçivəsində NATO və Azərbaycan hər bir silahlı qüvvələrin xidməti bölməsinin komanda və nəzarət imkanlarının və arxa cəbhənin təkmilləşdirilməsi sahəsində də fəal əməkdaşlıq edirlər.

Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində Fəlakətlərə Cavabvermə üzrə Avratlantik Əlaqələndirmə Mərkəzi tərəfindən təşkil olunan tədbirlərdə iştirak edir. Bununla ölkəmizin mülki müdafiə qüvvələrinin təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə yüksəldilməsi təmin olunur. Eyni zamanda, fəlakət hallarının idarə olunması imkanları inkişaf etdirilir. Bu mənada Azərbaycanın xüsusi axtarış-xilasetmə taqımı mərkəz tərəfindən təşkil olunan bir sıra təlim məşğələlərində iştirak etmişdir.

Sülh və Təhlükəsizlik üçün Elm (STE) proqramı çərçivəsində Azərbaycanla 30 əməkdaşlıq layihəsi həyata keçirilmişdir. Həmin layihələrin sırasına sərhədyanı rayonlarda suyun keyfiyyətinin yaxşılaşdırılması və içməli su təchizatının terrorçulardan müdafiə olunmasında birgə əməkdaşlıq məsələləri də daxildir. Azərbaycan həmçinin "Virtual İpək Yolu" layihəsində iştirak edirbu layihənin məqsədi peyk şəbəkəsi vasitəsilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin ali təhsil ocaqları və elm xadimlərinin İnternetə çıxış imkanlarının təkmilləşdirilməsindən ibarətdir.

STE proqramı çərçivəsində həmçinin ətraf mühitin mühafizəsinə həsr edilmiş layihələr həyata keçirilir. 1991-ci ildə Ağstafa rayonunda yerləşən hərbi sursat istehsal edən keçmiş zavodda baş vermiş güclü partlayış nəticəsində partlamamış hərbi sursatlar geniş əraziyə yayılmışdır. NATO və Azərbaycan həmin təhlükəli qalıqların zərərsizləşdirilməsi istiqamətində əməkdaşlığı hələ də davam etdirir. Digər mühüm layihədən biri təhlükəli melany maddəsinin - Varşava sazişinin ölkələri tərəfindən istifadə olunan yüksək zəhərli və raket yanacağı üçün korroziv oksidləşdirici - ehtiyatlarını zərərsiz kimyəvi maddəyə çevrilməsini nəzərdə tutur. Bunun üçün NATO ölkəmizə səyyar konversiya zavodunu göndərmişdir və həmin zavod rəsmi şəkildə 2006-cı ilin iyul ayında işə salınmışdır.

Bu gün də NATO rəhbərliyi xüsusi vurğulayır ki, Azərbaycan nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda da mühüm siyasi iştirakçıdır və ölkəmiz ilə qurum arasında qlobal səviyyədə qarşılıqlı əməkdaşlıq üçün çox yaxşı imkanlar var.

Onlar qeyd edirlər ki, ölkəmizin geostrateji mövqeyi Şimali Atlantika Alyansına üzv olan dövlətlər üçün xüsusilə əhəmiyyət qazanmışdır. Qurumun hərbi ekspertlərinin rəyinə görə, Azərbaycanın coğrafi mövqeyi hər baxımdan, o cümlədən Əfqanıstanda çətin şəraitdə döyüşən sülhməramlılara və əfqan xalqına humanitar yardımın çatdırılması baxımından əvəzolunmazdır. Ona görə də ölkəmizin təhlükəsizliyinin qorunması, Cənubi Qafqaz regionunda sülhsabitliyin tam bərpa olunması bu gün NATO və ona üzv olan dövlətlər üçün də əhəmiyyət kəsb edir. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə qısa zamanda həlli məsələsi beynəlxalq ictimaiyyətlə yanaşı Şimali Atlantika Alyansının da diqqət mərkəzindədir.

Bu bir həqiqətdir ki, NATO Dağlıq Qarabağ probleminin həllində birbaşa rol oynamır. Ancaq təşkilata üzv olan dövlətlər münaqişə ətrafında aparılan danışıqları maraqla izləyir, bəzən isə konkret mövqe ortaya qoyurlar. Bu günədək Şimali Atlantika Alyansının rəhbərliyinin verdiyi bəyanatlardan isə məlum olur ki, təşkilat münaqişənin həllində ölkələrin ərazi bütövlüyü prinsipinin əsas götürülməsi məsələsində qətiyyətlidir. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitinin yekun bəyannaməsində də Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinin vacibliyi vurğulanmışdı. Yəni qurumun bu məsələdə mövqeyi Azərbaycanın mövqeyi ilə daim üst-üstə düşüb. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri çərçivəsində aprelin 29-da NATO-nun o zamankı Baş katibi Yaap de Hoop Sxefferlə görüşündə də bu məsələ müzakirə mövzusu olmuşdu. Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın dövlət başçısı Şimali Atlantika Alyansının ədalətli mövqeyinə görə təşkilat rəhbərliyinə təşəkkürünü bildirərək demişdi: "Biz Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinə əsaslanan qəti mövqeyinə görə NATO-ya minnətdarıq. Bu, regiona çox yaxşı mesajdır. Hesab edirəm ki, biz həmin münaqişənin həlli istiqamətində yalnız bu prinsip əsasında irəliyə doğru gedə bilərik".

Noyabrın 20-də Lissabonda keçirilən NATO-nun dövlət və hökumət başçılarının zirvə torlantısı çərçivəsində də Azərbaycan, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələləri gündəmə gətirilib. NATO-nun hərbi məsələlər komitəsinin rəhbəri admiral Bill Paola bildirib ki, Azərbaycan bu sammitə beynəlxalq təhlükəsizliyə dəstək qüvvələrinin əhəmiyyətli bir üzvü kimi qatılıb: "NATO-nun yeni strategiya konsepsiyasında müttəfiqliklə bağlı yeni məqamlar var və Azərbaycan da bura daxil edilib. Bu nöqteyi-nəzərdən NATO ilə bu istiqamətdə əlaqələr vacib əhəmiyyət kəsb edib. Münaqişələrin qarşısının alınması və Avrasiya məkanında təhlükəsizliyin təminatında müttəfiqlik vacib əhəmiyyət daşıyır".

NATO-nun səlahiyyətli nümayəndəsi postunda sonuncu mətbuat konfransını keçirən Ceym Arraturay isə Cənubi Qafqazın yeni konsepsiyada xüsusi yer tutduğunu bildirib. O deyib ki, gələn aydan qurumun Cənubi Qafqaz üzrə nümayəndəsi Robert Simonsu əvəz edəcək. C. Arraturay Azərbaycan ilə NATO əlaqələrinin yüksək səviyyədə olduğunu bildirərək əlavə edib ki, yeni konsepsiyada əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsi nəzərdə tutulub: "Gələcək aylarda əməkdaşlığımızın geniş imkanlarını bir daha nəzərdən keçirəcəyik. Bu sammitdən sonra əməkdaşlığımızda sıçrayış olacağına şahidlik edəcəksiniz".

Əməkdaşlığın bariz nümunələrindən biri də Azərbaycanın Şimali Atlantika Alyansının tədbirlərində aktiv iştirak etməsidir. Yaddaqalan tədbirlərdən biri bu ilin aprel ayında Bakıda keçirilən "NATO həftəsi" oldu. NATO Parlament Assambleyasının Siyasi Komitəsinin NATO Tərəfdaşlığı üzrə Alt Komitəsinin 22 üzvü də Azərbaycana səfər etdi. Beynəlxalq katibliyin nümayəndələrinin də daxil olduğu heyət Azərbaycan parlamentində görüşlər keçirdi. Ötən ay Azərbaycanın nümayəndə heyəti xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə Brüsseldə görüşlər keçirmiş və Azərbaycan heyətinin Şimali Atlantika Şurası ilə 28+1 formatda iclası baş tutmuşdur.

Ümumiyyətlə, əməkdaşlığın inkişafı ölkəmizə və Cənubi Qafqaz regionuna təhlükə törədəcək problemlərin həllinə stimul verir. Bu, regionalqlobal təhlükəsizliyin möhkəmləndirilməsi baxımından zəruri və əhəmiyyətlidir.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2010.- 23 noyabr.- S. 4.