Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir

 

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti 15-18 noyabr 2010-cu il tarixdə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında iştirak etmişdir. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.

Sessiya çərçivəsində 16 noyabr tarixində Azərbaycan xalçasının Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi məsələsi müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan Qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında "Azərbaycan xalçası" sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi qərara alınmışdır.

Qeyd etmək istərdik ki, ötən illərdə Azərbaycan muğam sənəti, aşıq sənəti və Novruz bayramı da həmin Reprezentativ siyahıya salınmışdır.

Bu gün biz Azərbaycan dövlətinin və həmçinin Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan xalça sənətini dünyanın Qeyri-maddi Mədəni İrsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 19 noyabr.- S. 8.