Azərbaycan
KİV təmsilçilərinin Şimali
Kipr Türk
Cümhuriyyətinə səfəri
Kipr türklərinin ən sevimli
ifadəsi Heydər Əliyevin "Bir millət, iki dövlət"
tezisidir
Azərbaycan media təmsilçiləri 2010-cu il noyabrın 10-dan 15-dək Şimali
Kipr Türk
Cümhuriyyətində (ŞKTC) səfərdə olublar. Bu səfər Azərbaycan Mətbuat
Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə
reallaşdırdığı "Beynəlxalq media təcrübəsinin öyrənilməsi
və tətbiqi" layihəsi çərçivəsində həyata keçirilib. Əsas
məqsəd beynəlxalq aləmdə və ətraf region dövlətlərində mövcud olan media təcrübəsinin öyrənilməsi,
söz və mətbuat
azadlığının inkişafı yönündə təcrübə
mübadiləsinin aparılması olsa da, Azərbaycan media təmsilçiləri
qardaş ölkənin müstəqilliyinin
elan edilməsinin ildönümünə
həsr edilmiş tədbirlərə də
qatılmış, ŞKTC-nin rəsmi
qurumları ilə görüşlər keçirmişlər.
Həmçinin,
ŞKTC-də ali təhsil müəssisələrində təhsil
alan tələbələrlə görüşlərin təşkili
də səfərin maraqlı hissələrindən olub. Səfər
və onun yekunlarına dair maraqlı faktları Azərbaycan
oxucusuna çatdırmaqla onların əhəmiyyətli
informasiyalar əldə edəcəklərinə ümid
edirik. Məlumat üçün bildirək ki, səfərdə
olan nümayəndə heyətinin tərkibi KİVDF-nin
icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin
müavini Müşfiq Ələsgərli, "Yeni Azərbaycan"
qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki
sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
"Azərbaycan" qəzetinin baş redaktor müavini
Zeynal Zeynalov, "Olaylar" İA-nın rəhbəri Yunus
Oğuz, "Trend" İA-nın baş redaktoru İlqar
Hüseynov, "Ekspress" qəzetinin sahibi Müşfiq Səfiyev,
"Bakı xəbər" qəzetinin baş redaktoru
Aydın Quliyev, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin
Quliyev, "Türküstan" qəzetinin baş redaktoru Aqil
Camal, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev,
"SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev və
"Oxu məni" qəzetinin baş redaktoru Emin Axundovdan
ibarət olub.
ŞKTC-nin qurucusu Rauf Denktaşla
görüş
Azərbaycan
media təmsilçiləri səfərin ilk gününü
Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk
prezidenti Rauf Denktaşla görüşlə başladı.
R.Denktaşın
ofisində keçirilən görüşdə öncə
Azərbaycan nümayəndə heyətinin səfərinin məqsədi
haqqında məlumat verildi. KİVDF-nin icraçı direktoru
V.Səfərli R.Denktaşın bütün Türk
dünyasında olduğu kimi, Azərbaycanda da sevilən tarixi
şəxsiyyət olduğunu söylədi. Bildirdi ki, məhz
milli liderlər hər zaman xalqını istiqlaliyyətə
qovuşdurur və bu istiqlaliyyəti qoruyub saxlamağı
bacarırlar: "Şimali Kipr Türk Cümhuriyyətinin
artıq 27 yaşa gəlib çatması isə bilavasitə
Rauf Denktaşın adı ilə bağlıdır".
R.Denktaş isə Azərbaycan KİV təmsilçilərinin ŞKTC-yə böyük heyətlə səfər etməsini cümhuriyyətin qurulmasının 27-ci ildönümü ərəfəsində Kipr türklərinə ən gözəl bayram hədiyyəsi kimi qiymətləndirdi. Kipr adasının mövcud problemləri ətrafında fikirlərini bölüşən Denktaş qeyd etdi ki, Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə olduğu kimi, beynəlxalq dairələr Kipr probleminə münasibətdə də ikili standartlar sərgiləyirlər: "Bu gün adanın türk tərəfinin sərt embarqolar altında saxlanılması, qarşı rum tərəfinə isə hər cür dəstək verilməsi, onun Avropa Birliyinə üzv qəbul edilməsi bizim qarşılaşdığımız böyük ədalətsizlikdir".
R.Denktaş Quzey Kıbrısın beynəlxalq təcriddən qurtarması üçün Türk dövlətlərinin dəstəyinə böyük ehtiyac olduğunu vurğuladı. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" ifadəsini səsləndirərək, "Bu təkrarsız tezisi artıq Bir millət, üç dövlət" kimi ifadə etməyin vaxtıdır" - dedi.
Görüşün sonunda V.Səfərli Azərbaycan nümayəndə heyəti adından R.Denktaşa nəfis şəkildə toxunmuş ipək xalça hədiyyə etdi.
ŞKTC Prezidenti Dərviş Eroğlu
ilə görüş
KİV təmsilçilərinin növbəti görüşü Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Dərviş Eroğlu ilə oldu. ŞKTC prezidenti böyük heyətlə Kıbrısa gələn Azərbaycan media təmsilçiləri ilə görüşməkdən məmnun olduğunu söylədi. O, ŞKTC-nin beynəlxalq aləm tərəfindən hələ də tanınmamasını Kıbrıs türklərinə qarşı beynəlxalq səviyyədə həyata keçirilən haqsız siyasət adlandırdı. Bu ədalətsiz siyasətin aradan qaldırılması yönündə Türkiyə dövləti kimi Azərbaycana da böyük inamla baxdıqlarını bildirdi.
KİVDF-nin icraçı direktoru V.Səfərli Azərbaycan dövlətinin və cəmiyyətinin Şimali Kipr türklərinə hər zaman diqqətlə yanaşdığını Prezident D.Eroğlunun nəzərinə çatdırdı: "Azərbaycan mümkün olduğu çərçivədə Şimali Kiprə dəstəyini ifadə etməyə çalışır. Təsadüfi deyil ki, Türkiyədən sonra ŞKTC-yə yalnız Azərbaycandan təyyarə reysi təşkil olunub. Bu gün bizim böyük bir heyətlə ŞKTC-nin Cümhuriyyət bayramına qatılmağımız bu dəstəyin bir nümunəsidir. Arzu edirik ki, Şimali Kipr tezliklə dünya birliyi tərəfindən tanınsın və bizim əlaqələrimiz üzərində olan bütün əngəllər aradan qalxsın".
Görüşün sonunda V.Səfərli nümayəndə heyəti adından D. Eroğluna "Azərbaycan xalçası" hədiyyə etdi.
Nazirlərlə
görüşlər
ŞKTC-nin ayrı-ayrı dövlət idarələrinin rəhbərləri də Azərbaycan KİV nümayəndələrinin ölkəyə səfərinə diqqətlə yanaşırdılar. Səfər müddətində media təmsilçilərimiz ŞKTC-nin xarici işlər naziri Hüseyn Özgürgün, Mülki Müdafiə Təşkilatının sədri Levent Akyıldız, Turizm Planlama Dairəsi müdiri Turqut Muslu, XİN İnformasiya Dairəsi müdiri Sermed Eminlə görüşdülər. Hər bir görüşdə iki qardaş xalq arasında əlaqələrin hazırkı vəziyyəti dəyərləndirildi, münasibətlərin inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirildi.
Hər bir görüşdə dövlət rəsmilərinə Azərbaycan nümayəndə heyəti adından xatirə hədiyyələri təqdim olundu. Eyni zamanda dövlət rəsmilərinin adından Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafətlər təşkil edildi.
ŞKTC-nin aparıcı KİV-lərində
görüş
Azərbaycan media təmsilçilərinin əsas görüş məntəqələrindən biri də ŞKTC-nin KİV redaksiyaları oldu. Məlumat üçün bildirək ki, ŞKTC-də respublika miqyaslı 13 KİV redaksiyası fəaliyyətdədir. Bunlardan arasında iritirajlılığı və geniş auditoriyalı KİV qurumları olaraq Bayraq Teleradio Qurumu (ŞKTC-nin dövlət teleradiosu), "Kıbrıs" Televiziyası (KTV) və "Kıbrıs" qəzeti daha çox tanınır. Ölkənin ümumi əhalisinin sayı baxımından (ŞKTC-nin 300 minə yaxın əhalisi var) dünya çapı ilə müqayisədə iri tirajlı olmasalar da, Kiprdə media quruluşları ən son texnoloji yeniliklərin tətbiq edilməsi ilə diqqət çəkir. Adıçəkilən hər 3 redaksiyaya baş çəkən Azərbaycan media təmsilçiləri bu texnologiyalarla tanış olmaqla yanaşı, iki ölkənin media qurumları arasında münasibətlərin qurulması yönündə də müzakirələr apardılar.
Hər 3 KİV redaksiyasına Azərbaycan nümayəndə heyəti adından xatirə hədiyyələri təqdim edilib.
Azərbaycanlı
tələbələrlə görüş
ŞKTC-nin ali məktəblərinin jurnalistika üzrə tədris prosesi ilə tanışlıq üçün ziyarət edən Azərbaycan KİV təmsilçiləri burada tədris prosesində istifadə edilən əyani vəsaitlərlə, xüsusi olaraq tələbə telestudiyaları ilə tanışlıqdan məmnun qaldılar. Kipr ali məktəblərinin jurnalistika fakültələri həm də ölkə əhalisinə canlı xəbər çatdırılması prosesində birbaşa iştirak edirlər.
Azərbaycan nümayəndə heyətinin ŞKTC ali məktəblərində qarşılaşdığı ikinci maraqlı fakt isə burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı olub. Demək olar ki, Kiprin hər bir ali məktəbində yüzlərlə soydaşımız təhsil alır. Həmçinin, azərbaycanlı tələbələr bu universitetlərin həm təşkilatlanma, həm də elmi səriştəsi ilə seçilən ən fəal tələbələridir.
Azərbaycan KİV təmsilçiləri ŞKTC-nin "Yakın Doğu Universitetin"də, "Uluslararası Kıbrıs Universiteti"ndə, Doğu Akdeniz Universitetində rəsmi görüşlərdən başqa, buradakı azərbaycanlı tələbələrlə də ayrıca görüş keçirdilər.
ŞKTC-nin Cümhuriyyət bayramında iştirak
Azərbaycan media təmsilçilərinin ŞKTC-yə səfəri Kipr Türk Cümhuriyyəti qurulmasının 27-ci ildönümünə təsadüf etmişdi. Nümayəndə heyəti bu məqsədlə təşkil edilmiş rəsmi tədbirlərə qatılaraq, əvvəlcə ŞKTC-nin paytaxtı Lefkoşada Cümhuriyyət Günü ilə bağlı keçirilən hərbi paradda iştirak etdi.
Media nümayəndələrimiz
sonra Girnə şəhərində türk şahinlərinin məhərətlərinə
tamaşa etdilər. Səfərin sonunda isə ŞKTC Prezidentinin
Cümhuriyyət Günü münasibətilə
Girnə şəhərindəki "Merkuri"
otelində verdiyi rəsmi qəbulda iştirak etdilər.
Xalq qəzeti.- 2010.- 19 noyabr.- S. 10.