Səhra komandirinin təhlükəli etirafları
Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü"
məqaləsi ilə bağlı publisistin
düşüncələri
Yazıçı-publisist, Milli Məclisin
deputatı Elmira Axundova
akademik Ramiz Mehdiyevin "Gorus - 2010:
absurd teatrı mövsümü"
adlı məqaləsi
barədə düşüncələrini
qələmə almışdır.
AzərTAc publisistin qeydlərini
təqdim edir.
Akademik Ramiz Mehdiyevi bu məqaləni yazmağa sövq edən Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda, erməni diasporunu təmsil edən jurnalistləri qarşısında
çıxışı olmuşdur.
Keçmiş səhra komandiri
tarix elmində "yeni kəşflər"i
ilə dünya ictimaiyyətini çaşdırmış
və ənənəvi
erməni təbliğatı
ruhunda bir sıra "sensasiyalı"
bəyanatlar vermişdir.
Ramiz
Mehdiyev bu başabəla "alim"ə cavab vermək
üçün mənim fikrimcə çox uğurlu bir
üsul - istehzalı polemika üsulu seçmişdir. Akademik
Mehdiyevin yumorlu, bəzən hətta sarkazm ruhlu publisistik məqaləsi
iki xalqı bir-birindən daha da uzaqlaşdırmağa,
onların arasında inamsızlıq və nifrət
uçurumunu dərinləşdirməyə yönəlmiş
millətçi sosializmin davamçılarının zərərli
ideologiyasını alt-üst edir.
Təsadüfi
deyildir ki, R.Mehdiyev erməni separatçılarının erməni
millətinin qədimliyi və müstəsnalığı
barədə sərsəm ideyalarını nasistlərin
ideologiya və əməlləri ilə müqayisə edir:
"Yetmiş
il bundan əvvəl alman alimləri və
üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı
barədə buna oxşar "qiymətli direktivlər"
vermişdilər. Bir millətin başqalarından
üstünlüyü, birinin qədim və təmizqanlı,
digərlərinin gəlmə və qarışıq olması
barədə söhbətlərin nə ilə nəticələnməsi
hamıya yaxşı məlumdur. Təəssüf ki, öz
xalqını təxminən eyni fəlakətli istiqamətə
sürükləyən bugünkü Ermənistanın rəhbərləri
yaxın tarixdən ibrət dərsi almamışlar".
Görkəmli filosof alim bu məqalədə özünün adi akademik yazı üslubundan, elmi qərəzsizlik mövqeyindən kənara çıxır. "...Absurd teatrı mövsümü" məqaləsi xalis polemik və publisistik üslubu ilə seçilir. Burada hər şey öz adı ilə adlandırılmış, təcavüzkar erməni separatizmi, "arsaxçılıq" ideoloqları və onların xaricdəki ilhamçıları barədə bütün həqiqət diplomatik incəliklərsiz və birbaşa açıqlanmışdır. Çox vacib məqam budur ki, bu sözləri sıravi politoloq deyil, dövlətin siyasətini çox cəhətdən müəyyənləşdirən şəxs deyir.
R.Mehdiyevin məqaləsindən gətirilmiş aşağıdakı sitat xüsusi məmnuniyyət hissi doğurur:
"... Ermənistan prezidenti Serj Sarkisyan ... 1992-ci ilin fevralında Xocalı soyqırımının, Dağlıq Qarabağın və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuşdur".
Bu barədə ilk dəfədir ki, bu cür yüksək səviyyədə - Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri səviyyəsində deyilir. Mənə belə gəlir ki, bu cəsarətli mesaj istər Azərbaycan ictimaiyyəti, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən eşidilmiş və layiqincə qiymətləndirilmişdir.
Ramiz Mehdiyevin yeni məqaləsi də həmişəki kimi, yüksək intellektual səviyyəsi və elmi dərinliyi ilə seçilir, proqram xarakteri daşıyır. Bununla bərabər məqalə sadə, anlaşıqlı dildə yazılmışdır və müəllif hətta tarixin dolanbaclarına nəzər saldıqda belə unutmur ki, o, materialı kütləvi auditoriya üçün şərh edir. Buna görə də Dağlıq Qarabağda və Ermənistanın özündə ermənilərin gəlmə olmaları barədə R.Mehdiyevin gətirdiyi çoxsaylı faktlar və dəlillər istehzalı tərzdə təqdim edilmişdir, məsələn, ermənilərin uydurduğu "Vararakn" toponimi ilə bağlı epizodda olduğu kimi:
"Əvvəllər Azərbaycana (məhz Azərbaycana!) məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulmuşdur. Bizim dildə mənası olan bu toponimlərin erməni dilində heç bir mənası yoxdur. Bu toponimlər haraya yox olmuşdur? Şübhə yoxdur ki, elə həmin tarixi saxtalaşdırmaq laboratoriyaları bu suala cavab axtararkən ... yüzlərlə başqa keçmiş Azərbaycan toponimləri üçün yüzlərlə yeni "vararakn"lar icad edəcəklər. Az qala Nuh əyyamından qalmış yeni "qədim erməni" adlarının guya qeydə alındığı saxta "salnamələr" üzə çıxacaqdır. Elə həmin laboratoriyalar işğal edilmiş şəhərlər və kəndlər üçün yeni adlar fikirləşib tapmış və bir müddətdən sonra Ermənistan rəhbərləri yüksək tribunalardan çıxış edərək yeni "vararakn"lar barədə dünyaya car çəkəcəklər. Ermənilər artıq Ukraynanın Lvov şəhərinin də adını dəyişdirərək onu Aryuts adlandırmaq istəyirlər!".
Bu cür istehzalı passaj çoxcildlik tarixi tədqiqatlarla müqayisədə hədəfi daha dəqiq və daha düzgün nişan alır, çünki gülməli olan hər şey artıq qorxulu olmur.
Müəllif Ermənistan prezidentinin tarixi passajlarındakı bütün uyğunsuzluqları və məntiqsizlikləri diqqətə çatdırır. Məsələn, S.Sarkisyan israr edir ki, "bu yerin erməni adı - Arsax miladdan əvvəl VIII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoymuş I Arqiştinin oğlu II Sarduri təsdiq etmişdir". R.Mehdiyev bununla əlaqədar, istehza ilə yazır: "... bu ad nə münasibətlə birdən-birə erməni adı oldu? Urartu çarı yalnız Arsax adını təsdiqləmiş, lakin onun "erməni" toponimi olmasını təsdiqləməmişdir! O yalnız qeyd etmişdir ki, belə bir vilayət var, vəssalam. Belə çıxır ki, əgər Qafqazda Arsax adlı bir vilayət olması barədə Misir fironları və ya Çin imperatorları məlumat vermiş olsaydı, onda bu toponim həmin an Misir və ya Çin toponimi olacaqdı? Axı Arsax toponimi təkcə Bizans mənbələrində onun adının çəkilməsinə görə antik toponim olmamışdır!".
Yaxud, qədim Albaniyanın erməniləşdirilməsi barədə erməni tarixçilərindən çoxsaylı sitatlar gətirən, Gəncəsar monastırını tikdirmiş knyaz Həsən Cəlal tərəfindən həmin tikilinin üstündə yazdırılmış sözləri ("mənim alban xalqım" üçün ucaldılmış "Albaniya paytaxt məbədi" sözlərini) xatırladan müəllif sarkazmla deyir: "Məgər kimsə onları buna vadar edirdi, bəlkə onlar "Azərbaycan kəşfiyyatı"na xidmət edirdilər?".
Yeri gəlmişkən, müəllifin istehzalı yazı üslubu təkcə tarixi həqiqətlərin daha asan qavranılmasına xidmət etmir. Bu üslub başabəla erməni tarixçilərinin saxtakarlıqlarının nə dərəcədə cəfəng və absurd olmasını əyri güzgüdə olduğu kimi əks etdirir. Müəllifin yazdığı kimi, "elmi miflərə və xarici siyasət məqsədlərinə tabe etmək məsələsində erməni tarix elmi bəzən absurd səviyyəyə çatır".
R.Mehdiyev qonşularımızın mədəni terroru və vandalizmi barədə, erkən və sonrakı dövrdə islam mədəniyyəti abidələrinin məhv edilməsi, albanların müqəddəs xristian ziyarətgahlarının erməniləşdirilməsi, Qarabağ alban memarlığının səciyyəvi cəhətlərinin saxtalaşdırılması və məhv edilməsi barədə fikirlərini ürək ağrısı və yanğı hissi ilə ifadə edir. Məqalənin oxucularında ermənilərin Cənubi Qafqaz və ümumiyyətlə, Kiçik Asiya ərazisində gəlmə olmasına zərrə qədər də şübhə qalmaması üçün müəllif erməni alimlərinin özlərindən - M.Q.Nersisyan, A.Pastrmaçyan, məşhur rus alimi İ.M.Dyakonov və başqalarından sitatlar gətirir. Nə yaxşı ki, əlyazmalar yanmır və bu əlyazmalar Ermənistan prezidentinin Qarabağ əhalisinin minilliklər boyu guya "yalnız ermənilərdən" ibarət olması, "türk-müsəlman" köçəri tayfaların yalnız XVIII əsrin ikinci yarısında buraya köçməyə başlaması..." barədə bəyanatlarının elmə zidd və absurd olmasına təkzibedilməz şəkildə dəlalət edir.
R.Mehdiyev bu məqalədə bütün bu cür tezis və iddiaları inandırıcı şəkildə, həm də erməni alimlərinin özlərinin tədqiqatlarına istinadlarla təkzib edir. Məsələn, o, Corc Burnutyandan sitat gətirir. Onun statistik məlumatlarına görə 1826-cı ildən 1832-ci ilə qədər İrəvan və Naxçıvan xanlıqlarında müsəlmanların sayının təqribən üçdəbiri azalmış, ermənilərin sayı isə buraya köçürülənlərin hesabına 3,5 dəfə artmışdır. C.Burnutyan yazır: "Statistikadan görünür ki, Rusiya istilasınadək ermənilər Şərqi Ermənistan əhalisinin təxminən 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdilər. Rusiya ilhaqından sonra İrandan və Osmanlı imperiyasından bura 57 min erməni immiqrant gəlmiş, 35 min müsəlman Şərqi Ermənistanı tərk etmişdi".
Akademik R.Mehdiyevin bu geniş məqaləsinin dördüncü hissəsində ermənilərin İrandan və Osmanlı imperiyasının şərq vilayətlərindən İrəvana, Naxçıvana və Qarabağa köçürülməsinin qısa tarixi təsvir edilir. Bu halda akademik R.Mehdiyev rus yazıçı və alimlərindən A.Qriboyedov, S.Qlinka və N.Şavrovun əsərlərinə istinad edir. Bu müəlliflərin düzgünlüyü və vicdanlı olmaları sayəsində ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi faktı onların əsərlərində öz tarixi təsdiqini tapmışdır və dünya tarixşünaslığı buna etiraz edə bilməz.
"Statistik məlumatlar və həmin hadisələrin şahidi olmuş müəlliflərin (onların "Azərbaycan təşviqatı"na xidmət etməsindən çətin ki, şübhələnmək olar) təsvirləri Türkmənçay müqaviləsinə qədər türk əhalisinin sayının erməni əhalisinin sayından qat-qat çox olmasına və erməni əhalisinin sayının Qarabağ və bugünkü Ermənistanın (İrəvan xanlığı) Rusiyaya birləşdirilməsindən sonra onların bu torpaqlara köçürülməsi nəticəsində kəskin surətdə artmasına dəlalət edir. Erməni tarixçilərinin özləri də bunu təsdiq edirlər. Onlardan heç biri "türk köçəriləri"nin "qədim erməni" torpaqlarına köçürülməsi və bu vilayətlərin "yekcins erməni" əhalisi barədə yazmır. Onlar müfəssəl və dəqiq surətdə əks hadisələri qeyd edirlər".
Akademik R.Mehdiyevin məqaləsində erməni laboratoriyalarında tarixin saxtalaşdırılması ilə əlaqədar mif və rəvayətlər addım-addım puç edilir, yalana və faktların təhrif edilməsinə əsaslanan üzdəniraq erməni təbliğatının daşı daş üstündə qalmır.
Məsələn, müəllif Qarabağ ermənilərinin Rusiyanın tərkibinə "könüllü şəkildə daxil olması" barədə mifi təkzib edərkən məkrli erməni saxtakarlığına nümunə kimi akademik S.P.Ağayanın əsərinin adını çəkir. Ağayan XVIII əsrdə Şimali Azərbaycan xanlıqlarının xəritəsini dərc edərkən İrəvan xanlığını həmin xəritəyə daxil etməmişdi. Ağayan bu xəritəyə dair qeydlərində göstərmişdi ki, o, həmin xəritəni P.İ.Kovalevskinin "Qafqazın Rusiya tərəfindən fəth edilməsi" kitabından olduğu kimi götürmüşdür. R.Mehdiyev yazır: "Ağayan yalan deyir, çünki Kovalevskinin əsərində dərc olunmuş xəritədə bütün xanlıqların, o cümlədən İrəvan xanlığının ərazisi göstərilmişdir". Son illərdə Ermənistanda dünya ictimaiyyətini yalan məlumatlar verməklə çaşdırmaq, onu erməni ideoloqlarının yalançı uydurmalarına inandırmağa məcbur etmək ümidi ilə buna oxşar nə qədər saxta xəritələr çap olunduğunu yada salaq. Xoşbəxtlikdən, Azərbaycan diplomatlarının, politoloqların, jurnalistlərinin birgə səyləri sayəsində bütün bu cür cəhdlərin qarşısı vaxtında alınır.
...Məqalənin sonuncu, beşinci hissəsində Dağlıq Qarabağ vilayətinin yaranması tarixi, vaxtilə Azərbaycan SSR-in tərkibinə daxil olmuş geniş torpaq sahələrinin, Azərbaycanın Ordubad qəzasının ərazisinin Ermənistana verilməsi nəticəsində Naxçıvanın Azərbaycanın böyük hissəsindən ayrılmasının başa çatdırılması və "türk dünyası daxilində süni coğrafi zolaq" yaradılması barədə geniş ictimaiyyətə az məlum olan maraqlı faktlar gətirilir. Bütün bunlar sənədli mənbələrlə təsdiqlənmiş təkzibedilməz faktlardır, bu gün heç kəs bu faktlardan yaxa qurtara bilməz.
Akademik R.Mehdiyevin çıxardığı əsas müsbət nəticə tarixin irəliyə doğru hərəkət etməsi barədə tezisdir. Bu və ya digər ərazidə min il bundan əvvəl məhz kimin yaşaması və orada mövcud memarlıq abidələrinin kimə məxsus olması bu gün artıq o qədər də əhəmiyyətli deyildir.
"Müasir dünyada dövlət sərhədlərinin mif və antik salnamələr əsasında müəyyən olunmadığını, hər hansı ərazidə monastırın mövcudluğu və ya milli azlıqların yaşaması ilə dəyişdirilmədiyini bilməyin vaxtı çoxdan çatmışdır. Əks halda, dünyanın siyasi xəritəsi bu gün başqa cür görünərdi... Ermənistan rəhbərləri artıq başa düşməlidirlər ki, müasir dünyada ərazi məsələləri "kim əzəldən harada yaşamışdır və kim haraya köçmüşdür" prinsipi üzrə tarixi kontekstdə deyil, beynəlxalq hüquq əsasında həll olunur".
Bəs bu üzücü "Qarabağ marafonu" məsələsini uyduranlar nə istəyirdilər və nəyə nail oldular? - deyə soruşan akademik R.Mehdiyev Ermənistan üçün təsəlliverici olmayan nəticələr çıxarır. Təcavüzkar separatizm ideoloqları DQMV probleminin "ədalətli həll"ini, yəni onun Ermənistana birləşdirilməsini və sərhədlərin dəyişdirilməsini tələb edirdilər. Lakin bu "ədalətli həll" regionda yaşayan başqa millətlərin və xalqların fikrini və mənafelərini nəzərə almadan yalnız Qarabağın erməni icmasının maraqlarını nəzərdə tuturdu. Öz problemlərini dərhal və nəyin bahasına olursa-olsun həll etməyə yönəlmiş bu eqosentrik arzu erməni xalqının özü üçün məhvedici nəticələrə gətirib çıxarmışdır.
"İşğal olunmuş ərazidə yaradılmış oyuncaq, yalançı respublika heç kim tərəfindən tanınmayıbdır. Bəzən Ermənistan rəhbərlərinin hədələdiyi kimi onların bu ölkə tərəfindən tanınması bu qanunsuz qurumu legitimləşdirməyəcək və Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaqdır. Reallığı dərk etmək əvəzinə Serj Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış və qonaqlara yanlış məsləhətlər vermişdir. Başa düşmək çətin deyil ki, Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər".
Bununla əlaqədar,
bir epizod yada düşür. 1996-cı ildə Tbilisidə Azərbaycan neftinin Gürcüstan ərazisi ilə Qara dənizin
Supsa limanına nəql edilməsi barədə Azərbaycan və Gürcüstan prezidentləri arasında sazişlər paketi imzalanmışdı. Səfərin sonunda Azərbaycan Prezidenti xarici dövlətlərin Gürcüstanda
akkreditə edilmiş
səfirləri ilə
görüşdü. Onların arasında Ermənistan səfiri də vardı. Azərbaycan
televiziyasının müxbiri
səfirdən soruşmuşdu:
"Neft kəməri
ərazisindən keçdiyi
ölkə üçün
böyük səmərə
deməkdir. Xəzər boru kəməri
Ermənistan ərazisindən
keçə bilərdi.
Ermənistanın indiki
siyasətçilərinin bu
şansı əldən
vermələrini gələcək
nəsillər onlara bağışlayacaqlarmı?".
Səfir bu suala belə cavab vermişdi: "Bəlkə də bağışlamayacaqlar".
O vaxtdan təqribən 15 il keçir.
Mənim
fikrimcə, Ermənistan
səfirinin proqnozu özünü tamamilə
doğrultmuşdur. Ermənistan əslində
hər şeydən məhrum olmuş bir ölkəyə çevrilmişdir. R.Mehdiyevin çox
sərrast qeyd etdiyi kimi, "o, bu qədər fürsəti əldən
verməklə sülhü
uduzmuşdur".
* * *
Ermənistan dövlətinin başçısı
S.Sarkisyan Gorusdakı görüşdə jurnalistləri
"Arsax haqqında düzgün və obyektiv informasiya"nı
dünya birliyinə çatdırmağa, "gerçəkliyə
bəzək-düzək vurmadan
həqiqəti fəal
təqdim etməyə"
çağırmışdır. Biz hamımız - siyasətçilər,
politoloqlar, beynəlxalq
jurnalistlər bu çağırışa əməl
etməliyik. Bu gün Dağlıq Qarabağda baş verənlər haqqında həqiqəti dünya birliyinə çatdırmaq,
təcavüzkar erməni
separatizminin ideoloqlarının
həqiqi məqsəd
və metodlarının
ifşa edilməsi bizim ictimaiyyətin başlıca vəzifəsi
olaraq qalır. Bu halda qonşularımız
kimi özünü çətinə salmağa,
elmi saxtalaşdırmalara
və məkrli yalana əl atmağa ehtiyac yoxdur. R.Mehdiyevin haqlı olaraq
qeyd etdiyi kimi, "artıq dünya bir neçə əsr bundan əvvəlki dünya deyildir", o, doğrunu yalandan, təcavüzkarı təcavüzün
qurbanından fərqləndirməyi
bacarır. Lakin bu təbliğat informasiya inqilabının reallıqlarına,
qloballaşma dövrünün
təhdid və çağırışlarına uyğun olmalıdır.
O, əyalətçilik səviyyəsindən
yüksəyə qalxmalı,
ağıllı, inandırıcı
olmalı və hədəfi sərrast nişan almalıdır.
Akademik R.Mehdiyevin
"Gorus - 2010: absurd teatrı
mövsümü" sərlövhəli
aktual məqaləsində
olduğu kimi.
Elmira AXUNDOVA,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Xalq qəzeti.- 2010.-
23 noyabr.- S. 5.