Erməni absurd teatrının yeni
tamaşası: baş rolda
Serj Sarkisyan.
Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz tərkib hissəsidir
Məkrli erməni
millətçiləri əsrlər boyu, son iki yüzillikdə isə
daha azğın formada
Azərbaycan xalqına, onun torpaqlarına,
maddi və qeyri-maddi mədəni
irsinə qarşı təcavüzkar və terrorçu
siyasət aparırlar. Təsadüfi deyil
ki, onların çirkin
əməlləri daim siyasi-ideoloji
dezinformasiya ilə müşayiət olunur. Həmin sahədə dünyada
çoxdan birincilik
qazanmış erməni şovinistləri beynəlxalq ictimaiyyəti
hələ də aldatmaqda davam
edərək, Azərbaycan ərazilərinin istilasına bəraət
qazandırmaq məqsədilə yeni-yeni uydurmalara əl atırlar.
Bu dəfə
köhnə avazlarını "innovasion", "modern"
aranjemanda erməni absurd teatrının səhnəsində təqdim
edən Ermənistan prezidenti Serj Sarkisyan oldu. 2010-cu il
oktyabrın 16-da Gorus şəhərində erməni
diasporunun jurnalist təmsilçiləri qarşısında həmin
teatrın yeni tamaşasında monoloq söyləyən
Sarkisyan tarixi-coğrafi iftiralarını, öz etnosunun
qondarma tarixini, o cümlədən erməni dili və erməni
xalqının azı səkkiz min il mövcudluğu barədə
nağılları, guya, tərkibində bir nəfər də
erməni olmayan genetik və linqvist alimlərin hansısa
böyük bir qrupu tərəfindən aparılan tədqiqatların
nəticələriylə "elmi baxımdan əsaslandırmağa"
çalışmışdır.
1992-ci
ilin fevralında Xocalı soyqırımının,
Dağlıq Qarabağ və ona bitişik ərazilərin azərbaycanlı
əhalisinə qarşı etnik təmizləmələrin əsas
təşkilatçıları və
iştirakçılarından biri olmuş Serj Sarkisyan bu
görüşdə bir sıra cəfəng bəyanatlarla
çıxış edərək, "Azərbaycanlıların
Dağlıq Qarabağda və ümumiyyətlə Cənubi
Qafqazda gəlmə xalq olduğu, "türk-müsəlman"
köçəri tayfalarının yalnız XVIII əsrin
ikinci yarısında buraya köçdüyü, Azərbaycanın
və bir millət kimi azərbaycanlıların yaranmasından
bir əsrdən az vaxtın keçdiyi, onların
sayının ötən əsrin əvvəllərində əhalinin
ancaq 5 faizini təşkil etdiyi, ermənilərin isə
Qarabağda avtoxton sakin olduğu, burada əhalinin minilliklərlə
yalnız yekcins, yerli ermənilər hesabına
formalaşdığı" və s. bu kimi sərsəm
fikirlər söyləmişdir.
Gorusda
səslənən çoxsaylı absurd bəyanatlar, əlbəttə,
cavabsız qala bilməzdi. Bu yönümdə ilk cəsarətli
addımı Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
atmışdır. "Gorus-2010: absurd teatrı
mövsümü" adlı geniş və tutarlı məqaləsində
mötəbər arxiv materiallarına, sanballı elmi əsərlərə,
o cümlədən erməni alimlərinin yazılarına əsaslanan
müəllif çox ciddi, düşünülmüş
arqumentlərlə Serj Sarkisyanın yalan, böhtan və təhriflərini
ifşa edir. Bu problemlə bağlı - həm klassik, həm
də ən yeni elmi ədəbiyyatlarla, erməni mənbələri
daxil olmaqla zəngin KİV materiallarıyla yaxşı
tanış olan, onları dərindən təhlil edən
hörmətli alim yazır: "Ermənistanı tarixin
saxtalaşdırılması məsələləri üzrə
dəyişməz dünya çempionu adlandırmaq olar. Bu
baxımdan onun tayı-bərabəri yoxdur. Öz tarixlərini
"qədimləşdirməyə" və hər vasitə
ilə öz xalqını qonşuların ermənilərin
xoşuna gələn ərazilərinə
"bağlamağa" çalışan erməni müəllifləri
bəzən özləri də bilmədən gülünc nəticələr
çıxarır, siyasi liderlər də dərhal bu nəticələrdən
yapışır və yüksək tribunalardan
çıxış edərkən utanıb-qızarmadan həmin
nəticələri elmdə hamılıqla qəbul
edilmiş "aksiomlar" kimi qələmə verirlər".
Azərbaycanın
tanınmış dövlət və elm xadimi Ramiz Mehdiyev
araşdırdığı bütün elmi, siyasi-ideoloji məsələlərdə
olduğu kimi, bu dəfə də dərin zəka, yüksək
analitik təfəkkür və mükəmməl məntiqi
yanaşma nümayiş etdirərək məsələylə
bağlı onu narahat edən bir sıra taleyüklü problemə
tam aydınlıq gətirir. Həm əsl ziyalı, vətənpərvər
insan, həm də görkəmli alim-filosof olan akademik Ramiz
Mehdiyev bədnam qonşularımız tərəfindən
bizim doğma torpaqlarımızın, təbii sərvət və
mədəni irsimizin işğal edilməsi və
özününküləşdirilməsinə yönəlmiş
təcavüzkar siyasətin iyrənc mahiyyətini tam
çılpaqlığıyla göstərməyə
müvəffəq olmuşdur.
İdeoloji
cəbhənin aparıcı siması kimi akademik R.Mehdiyev
tutarlı dəlillərlə erməni absurd teatrının
yeni tamaşasına operativ surətdə sərt reaksiya verərək,
keçmiş bədnam səhra komandiri S. Sarkisyan və onun
indiki komandasının əvvəlcədən
hazırladıqları təbliğat şüarlarını
"təsdiqləyən" mif və uydurmaları
inandırıcı sübutlarla təkzib edir. Hörmətli
akademik erməni tərəfinin arqumentlər bazasının zəif
olmasını vurğulayır, səbəbini isə, haqlı
olaraq, onun "tarixi baxımdan uydurmalara,
saxtalaşdırmalara və qeyri-elmi mühakimələrə,
hüquqi baxımdan beynəlxalq hüquq müddəalarının
özbaşına interpretasiyasına əsaslanmasında"
görür.
Məqalədə
Qafqaz Albaniyasının bir vilayəti olmuş Arsaxın
(sonralar Dağlıq Qarabağın) qədim zamanlardan
müasir dövrə qədər tarixi izlənilir, Arsax
toponiminin dil mənsubiyyəti açıqlanır. Məsələyə
tam aydınlıq gətirmək üçün Ermənistanın
və ermənilərin tarixi də
işıqlandırılır. Bununla əlaqədar müəllif,
həqiqəti izah edərək bir daha vurğulayır ki,
"ermənilər (haylar) XV əsrin ortalarınadək Cənubi
Qafqazda, demək olar ki, yaşamırdılar. 1441-ci ildə
Qaraqoyunlular türk - Azərbaycan dövlətinin
hökmdarı Cahan şah erməni katolikosluğunun mərkəzini
Kilikiyanın Sis şəhərindən əhalisi tamamilə
türklər olan İrəvan yaxınlığındakı
qədimdə alban monastırı olmuş Üçkilsə
monastırına ( yaxud Üç Müədzinə)
köçürmüşdür. Sonralar ermənilər
Üç Müədzin adını dəyişərək
"Eçmiədzin" kimi ifadə etmişlər...
Matenadaranda saxlanılan orta əsr sənədlərində məbədin
adı məhz "Üçkilsə" kimi
xatırlanır. Erməni katolikosluğunun Üçkilsəyə
köçürülməsi ilə erməni missionerləri
buraya üz tuturlar".
Məhz Eçmiədzin erməni dövlətinin yoxluğu şəraitində siyasi və dövlətçilik funksiyalarını öz üzərinə götürmüşdü. Lakin, müəllifin düzgün qənaətinə görə, monastırın ermənilərin dini mərkəzinə çevrilməsinə baxmayaraq, XIX əsrin birinci yarısına kimi, daha doğrusu bu torpaqların Rusiyaya birləşdirilməsinədək Cənubi Qafqazda Üçkilsənin hüdudlarından kənarda çox cüzi erməni yaşayırdı.
Akademik Rusiyanın statistik məlumatlarına, bir sıra nüfuzlu rus alimlərinin araşdırmalarına istinad edərək bir daha xatırladır ki, Türkmənçay müqaviləsi (1828) bağlanana qədər Qarabağ xanlığında ermənilər olduqca az idi. Onların məhz həmin müqavilə bağlanandan sonra İrandan, Osmanlı imperiyasının Şərq vilayətlərindən İrəvan, Naxçıvan və Qarabağa kütləvi köçürülmələri başlandı. Məqalədə həmin faktı təsdiqləyən rus rəssamı V.İ.Maşkovun 1828-ci ildə çəkilmiş və ermənilərin İrandan Araz çayının şimal sahilinə kütləvi köçürülməsi mövzusunu ustalıqla əks etdirən tablosu, həmçinin 1978-ci ildə Ağdərə rayonunun Marquşavan kəndində ermənilərin Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar açılmış abidəsi barədə də məlumat verilir.
Məsələylə bağlı xüsusi vurğulanır ki, "hələ 1805-ci ildə Qarabağın Rusiyanın tərkibinə daxil olması haqqında müqavilə (Kürəkçay müqaviləsi) hansısa bir erməni knyazı tərəfindən imzalanmamış, türk (Azərbaycan) xanı İbrahimxəlil və Rusiya imperatorunun nümayəndəsi general Sisianov arasında bağlanmışdır".
Daha sonra müəllif məqalədə xalqımızın tarixində qara səhifələr kimi yaddaşımızda həkk olunan hadisələrdən, o cümlədən 1828-ci il martın 21-də Azərbaycan türklərinin qeyd etdiyi Novruz bayramı günündə imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ləğv edilməsi, bu ərazilərdə İrandan və Türkiyədən köçürülmüş ermənilər üçün qondarma "Erməni vilayətinin" yaradılması; 1918-ci il mayın 29-da yenicə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin böyük dövlətlərin təzyiqi altında qədim Azərbaycan şəhəri İrəvanı və ona bitişik təxminən 9,5 min kvadratkilometr ərazini ermənilərə güzəştə getməyə məcbur edilməsi, 1923-cü il iyulun 7-də süni qurum olan və sərhədləri artıq o zaman erməni əhalisinin cüzi üstünlük təşkil etdiyi, yığcam yerləşmiş Azərbaycan kəndlərinin birləşdirilməsi yolu ilə müəyyənləşdirilən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və ərazisinin 1933-cü ilə kimi 4160,5 kvadratkilometrdən 4431,7 kvadratkilometrə qədər genişlənməsi, 1920-ci ilin dekabrında tarixən Azərbaycan torpaqları olmuş Zəngəzurun əsas hissəsinin, 1929-cu il fevralın 18-də isə İranla sərhədə çıxan sonuncu parçasının Ermənistana verilməsi; Zaqafqaziya MİK-in qərarı ilə aran Qarabağın əraziləri - Azərbaycan SSR Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuqut kəndləri, həmçinin Ordubad qəzasının Kərkivan və Kilid kəndləri torpaqlarının bir hissəsinin Ermənistana verilərək əhalisi azərbaycanlılar olan yeni "erməni" torpaqlarında süni yolla bu vaxtadək mövcud olmayan Ermənistan SSR-nin Meqri qəzasının yaradılması; eləcə də Naxçıvanın Azərbaycanın böyük hissəsindən ayrılması və türk dünyasının içində süni coğrafi sədd (paz) yaradılmasının başa çatdırılması; elə həmin qərarla Naxçıvanın digər kəndləri - Qurdqulaq, Horadiz, Xaçik, Ağbin, Ağxaç, Almalı, Dağalmalı, İtqıran və Sultanbəyin Ermənistana verilməsi, beləliklə də 1933-cü il üçün Naxçıvan Muxtariyyəti ərazisinin Qars müqaviləsi ilə müəyyən olunmuş əvvəlki 5988 kvadratkilometrdən 5329,6 kvadratkilometrədək azalması barədə ürək ağrısıyla danışır.
Müəllif torpaq itkilərimizlə yanaşı, Azərbaycanda, ilk növbədə Dağlıq Qarabağda erməni vandalları tərəfindən mədəni irsimizin məhv edilməsi, yaxud erməniləşdirilməsi məsələsinə də böyük diqqət yetirir. Bununla bağlı o, qeyd edir: "Separatçılar tarixi-memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan şəhəri Şuşanı dağıtmışlar. Burada məscidlər, XVIII-XIX əsrlərə aid evlər, mülki və müdafiə tikililəri dağıdılmışdır. İşğal zonasında mülki memarlığın nadir nümunələri - Araz çayı üzərində Xudafərin keçidində on bir və on beş tağlı körpülər qalmışdır. Çoxsaylı məscidlər, o cümlədən görkəmli Azərbaycan memarı Kərbalayı Səfixan Qarabağinin tikdiyi məscidlər, körpülər, hamamlar, xatirə tikililəri, XII-XIII əsrlərə aid Məlik Acar, Dorbatlı, XIII əsrə aid Şeyx Baba, XVII əsrə aid Pənah xan məqbərələri və başqaları, həmçinin azərbaycanlıların qəbristanlıqları dağıdılmışdır". Məqalədə bildirilir ki, islam abidələrinə qarşı terror siyasəti yeridilirsə, Azərbaycan mədəni irsinin Qafqaz Albaniyasına aid xristian abidələri ya dağıdılır, ya da "bərpa" edilir, bu zaman onlardan alban mədəniyyətinin izləri silinərək erməniləşdirilir.
Beləliklə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin 20 faizinin hələ də işğal altında olması ölkəyə iqtisadi, sosial, siyasi, mənəvi zərərlər vurmaqla yanaşı, həm də tariximizin bu torpaqlarda qalan izlərinin silinməsi və ermənilərin öz saxta tarixlərinin yaradılması cəhdləri ilə üzləşdirib. Qarabağda separatçı rejimin yalnız özünəməxsus məkrli fəaliyyəti nəticəsində biz azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edən, milli ruhu özündə əks etdirən minlərlə daşınan və daşınmaz abidələrimizi itirmişik. Məsələn, qədim Quruçay mədəniyyətinə aid Azıx mağarası, XIII əsrdə inşa edilən və xristian alban mədəniyyətinin parlaq nümunəsi olan Xəzinədağ (Qandzasar) məbədi, Kəlbəcərdə Zəli və Zalxa göllərinin yaxınlığındakı yüzlərlə qədim qayaüstü rəsm və yazılar, Laçında Həmzə Sultan və Soltan Əhməd sarayları, Xocalı, Ağdam, Füzuli, Cəbrayıldakı kurqanlar, milli tarix və mədəniyyətimizin ən qədim dövrlərini əks etdirən Zəngilanın Səma altındakı daş heykəllər muzeyi bu qəbildəndir.
Hörmətli akademikin məqaləsini oxuduqca yadıma düşən digər itirilmiş tarix və mədəniyyət abidələrimiz də göz önünə gəlir: Ağdam rayonunun ərazisində Çıraqtəpə (Ağdam şəhəri, qədim tunc dövrü), Ağdam-Ağcabədi şossesinin 1,5 kilometrində yerləşən Vəlixantəpə yaşayış yeri (eneolit dövrü) , Ağdam-Xankəndi yolunun sağ tərəfində yerləşən Qarahacı yaşayış yeri (ilk tunc dövrü), Üzərlik Təpə (Ağdam şəhəri), Qutlu Sarı Musa oğlu günbəzi (Xaçındərbənd kəndi, 1314-cü il), Qarabağ xanı Pənahəli xanın imarəti (Ağdam şəhəri, XVIII əsr), Maragiz kəndində yerləşən körpü (XII əsr); Füzuli rayonunun ərazisindəki Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Baba türbəsi (1273-cü il), hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (Veysəlli kəndi, XV əsr ), Hacıqiyasəddin məscidi (Qarğabazar kəndi, 1682-ci il), Hacı Ələkbər məscidi və "Məşədi Həbib" hamamı (Füzuli şəhəri, XIX əsr); Zəngilan rayonunun ərazisində Qədim yaşayış məskəni (e.ə.VI-IV əsrlər), orta əsrlərə aid Şəhri Şərəfan yaşayış məskəni, XIV əsrə aid Hacalı qülləsi, 1304-1305-ci illərə aid Səkkizgüşəli türbə (Məmmədbəyli kəndi), Qız qalası (Əmirxanlı kəndi, XII əsr), Qədim hamam kompleksi (Şərəfan kəndi), Sükrataz qalası-VI əsr (Bartaz kəndi), Top körpüsü -XII əsr (Top kəndi); Qubadlı rayonunun ərazisində V əsrə aid Qalalı (Muradxanlı kəndi) və Göy Qala (Əliquluuşağı kəndi) abidələri, XIV əsrə aid Yazı Düzündəki Cavanşir türbəsi, XVIII əsrə aid Xocamsaxlı kəndindəki türbə; Şuşadakı İbrahimxəlil xan Cavanşirin və onun qızı Qara Böyükxanımın qəsrləri, qala divarı; Cəbrayıl rayonundakı Tağlar mağarası, Laçın rayonunun ərazisindəki "Qaranlıq kaha" və "Bayqara" mağaraları, Hoçaz kəndindəki mağara-məbəd, Zeyvə kəndindəki Sultanbaba türbəsi, Şeyx Əhməd türbəsi, Qaraqışlaq kəndindəki XI əsrə aid məscid, Quşçu kəndindəki XV əsrə aid Uşaq qalası, Mirik kəndindəki XV əsrə aid qala, Cicimli kəndindəki XVI əsrə aid Məlik Əjdər türbəsi... Əlbəttə Qarabağı məşhurlaşdıran arxeologiya, memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz.
Ümumiyyətlə, erməni tapdağı altında qalan müqəddəs torpaqlarımızda nəinki milli, hətta bəşər mədəniyyəti üçün misilsiz əhəmiyyət kəsb edən 100-dən artıq arxeoloji abidə, 500-dən artıq tarixi-memarlıq və xatirə abidələri, 22 muzeyin, o cümlədən şairə Xurşidbanu Natəvan, artilleriya generalı Səməd bəy Mehmandarov, dahi bəstəkar Üzeyir Hacıbəyli, böyük müğənni Bülbül, tanınmış musiqiçi-alim və rəssam Mir Möhsün Nəvvabın ev-müzeylərinin fondlarında saxlanılan on minlərlə eksponat, 4 rəsm qalereyasında nümayiş etdirilən çox dəyərli rəsm əsərləri və başqa mədəni sərvətlər ya məhv edilmiş, ya özününküləşdirilmiş, ya da Ermənistana daşınmışdır. Beləliklə, mədəni sərvətlərə hörmətsizlik erməni barbarlarının düşünülmüş strategiyası olan etnik təmizləmə və Azərbaycanın milli özünəməxsusluğunun bütün maddi təzahürünün məqsədyönlü şəkildə yox edilməsinin nəticəsidir.
Yuxarıda göstərilənlər bir daha sübuta yetirir ki, ermənilərin ekspansionist siyasətinin özəyini təşkil edən "Böyük Ermənistan" mifi həmişə intellektual oğurluqlarla əlaqələndirilərək həmin mifin gerçəkləşməsi naminə onların fikrincə bütün törətdikləri vəhşiliklərə bəraət qazandırır. Erməni riyakarlarının düşünülmüş planının məqsədi-oğurlanan və öz adlarına çıxarılan mədəniyyət sərvətlərinin "böyük erməni mədəniyyəti"nin nümunələri kimi qələmə verərək, onun Şərq və daha geniş miqyasda dünya mədəniyyətinin inkişafına son dərəcə mühüm töhfələr bəxş etdiyinə öz xalqını və beynəlxalq ictimaiyyəti inandırmaqdır.
Əsrlər boyu təkmilləşdirilən bu növ oğurluq, ilk növbədə Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin nümunələri hesabına, artıq çoxdan milli erməni ənənəsinə çevrilmişdir. Həmişə olduğu kimi, indi də (bunu bir daha Serj Sarkisyanın görüşdəki çıxışı təsdiqləyir) həmin ənənəyə sadiq qalan ermənilər onların Urartu və Qafqaz Albaniyası dövlətlərinin varisi olduqlarını bütün elmi mənbələrin ziddinə belə inadkarcasına təkrarlayırlar. Bu konseptual bünövrə çərçivəsində daim Alban mədəniyyətinin maddi və qeyri-maddi abidələri ermənilərinki kimi bəyan edilir.
Lakin bu ənənə təkcə Alban mədəniyyətilə məhdudlaşmır. Yeri gəlmişkən, Azərbaycan mədəniyyətindən oğurluq yolu ilə ermənilər tərəfindən mənimsənilmiş bəzi nümunələri qeyd etmək istərdik. Məsələn, çoxsaylı Azərbaycan xalçaları, bayatıları, dastanları, xalq mahnıları, o cümlədən X.Abovyan tərəfindən "Əsli və Kərəm", A.Mxitaryan tərəfindən "Leyli və Məcnun", Sazai tərəfindən "Əmrah-Selbi", Civani tərəfindən "Şah İsmayıl" dastanları ermənilərinki kimi təqdim edilir. G.Haqverdyan tərəfindən "Şahsənəm və Aşıq Qərib haqqında nağıl"ın, Q.Ağayan tərəfindən "Koroğlu" dastanının, Aram T.Qalanyan tərəfindən bir sıra, o cümlədən "Gəmiqaya" "İlandağ", "Şuşa", "Qara köpək", "Qaravolçu", "Şahgəldi", "Qanlı zəmi", "Sultan Murad daşı", "Səlimin karvansarası" və s. rəvayətlərin, Q.Balaseyants tərəfindən "Rüstəm və Salman", Q.Ovsepyan tərəfindən "Rüstəm Zal" əfsanələrinin erməniləşdirilməsi, hətta S. Maqalyan və S.Sarabyan tərəfindən böyük Üzeyir Hacıbəylinin "Arşın mal alan" operasının öz adlarına çıxılması bu qəbildən olan faktların yalnız kiçik bir hissəsidir.
Məhz oğurluğun hesabına erməni mədəniyyəti daim "zənginləşdirilir, onun arealı genişləndirilir, erməni milləti isə ən istedadlı və tamamilə unikal" kimi qələmə verilir. Özününküləşdirmə və saxtalaşdırma ənənəsi yenə də davam etdirilməkdədir, çünki hələ də düşmən tərəf güman edir ki, bu onun xeyrinədir.
Erməni separatçıları tərəfindən işğal edilmiş torpaqlarda qalan abidələrimizin acı taleyi, onların dağıdılması, yaxud erməniləşdirilməsi yoluyla nəinki Dağlıq Qarabağın, hətta zəbt olunmuş digər Azərbaycan ərazilərinin də "qədim erməni torpaqları" elan edilməsi, Ağdam şəhəri ətrafında qanunsuz arxeoloji qazıntılar apararaq hansısa "qədim erməni şəhəri" Tiqranakertin qalıqlarının tapılması", Ağdam şəhərinin adının dəyişdirilməsi barədə qərarın verilməsi, köhnə təbliğat siyasətini davam etdirərək absurd teatrının səhnəsində yeni tamaşaların qoyulması (son dəfə Erməni prezidenti Serj Sarkisyanın ifasında) adekvat cavabların verilməsini zəruri edir ki, həmin sübutlu cavabı da akademik Ramiz Mehdiyev böyük cəsarətlə vermişdir.
Məqalənin əsas ideyası ondan ibarətdir ki, uzun müddət ərzində erməni qəsbkarlarının ekspansionist siyasət və hiyləgərliklə ələ keçirdikləri Azərbaycan ərazilərində mövcud olan abidələrimizin, maddi və qeyri-maddi mədəni irsimizin bir hissəsinin xüsusi vəhşiliklə məhv edilməsi, bir hissəsinin isə həyasızlıqla erməniləşdirilməsi hesabına özlərinin əzəli torpaqları kimi bütün dünyaya tanıtdırması artıq mümkün deyil. Qondarma Dağlıq Qarabağ Respublikasını heç kim tanımayacaq. Bu haqda müəllif belə yazır: "Ermənistanda ümid edirlər ki, tarixi primitiv şəkildə saxtalaşdırıb beynəlxalq təşkilatlara Dağlıq Qarabağın, guya, qədim erməni torpağı olduğunu "sübut" etməklə onu özlərinə birləşdirməyə nail olacaqlar. S.Sarkisyan və tarixi saxtalaşdırmaq üzrə laboratoriyadan olan erməni "intellektualları" çoxdan bilməli idilər ki, tarixi proses irəliyə doğru gedir, geriyə yox. Müasir dünyada dövlət sərhədlərinin mif və antik salnamələr əsasında müəyyən olunmadığını, hər hansı ərazidə monastırın mövcudluğu və ya milli azlıqların yaşaması ilə dəyişdirilmədiyini bilməyin vaxtı çoxdan çatmışdır. Əks halda, dünyanın siyasi xəritəsi bu gün başqa cür görünərdi (məsələn, Ermənistan yenidən müstəqilliyini itirib dirçələn Roma imperiyasının tərkibinə, ermənilərin özləri isə Kilikiyaya qayıtmalı olardılar), BMT öz Nizamnaməsini hazırlamaq əvəzinə arxeoloji məlumat və əlyazmaların toplanması və öyrənilməsi ilə məşğul olar, Təhlükəsizlik Şurası isə tarixçilər arasında debat yerinə çevrilərdi. Ermənistan rəhbərləri artıq başa düşməlidirlər ki, müasir dünyada ərazi məsələləri "kim əzəldən harada yaşamışdır və kim haraya köçmüşdür" prinsipi üzrə tarixi kontekstdə deyil, beynəlxalq hüquq əsasında həll olunur. Odur ki, özlərini və cəmiyyətlərini bu əyalətçi təfəkkürdən xilas etməlidirlər. Tarixi təhrif etmək və abidələri dağıtmaq, hətta uğurlu olsa belə, onlara başqa dövlətlərin ərazilərini zəbt etməyi əsaslandırmaqda kömək etməyəcəkdir".
Məhz bu səbəbdən tam aydın olur ki, erməni absurd teatrının nə köhnə, nə də yeni tamaşaları, hətta, prezidentlərinin ifasında belə Dağlıq Qarabağ münaqişəsinin onların xeyrinə həllində köməklik edə bilməyəcək. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi olub və həmişə olacaqdır.
Nigar ƏLƏKBƏROVA,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının
politologiya və siyasi idarəetmə kafedrasının
müdiri, fəlsəfə elmləri
doktoru,
professor
Xalq qəzeti.- 2010.- 24 noyabr.- S. 6.