Turizm təhsili sahəsində Azərbaycan - Almaniya əlaqələri genişlənir

 

Məlumdur ki, regionların sürətli iqtisadi inkişafından danışarkən turizm sahəsindəki irəliləyişlər barədə söz deməmək mümkün deyil. Son illər ölkəmizdə turizmin inkişafına verilən önəmli diqqətin sübutu kimi təkcə bölgələrdə müxtəlif turizm obyektlərinin inşa edilərək istifadəyə verilməsini deyil, Azərbaycan Turizm İnstitutunun yaradılmasını və bu sahədə çalışacaq kadrların səviyyəli mütəxəssis kimi yetişməsinə xüsusi qayğı və diqqət yetirilməsini demək yetərlidir.

 

Azərbaycan Turizm İnstitutu ölkəmizdə turizm sənayesinin inkişafına verilən önəmi, regionların turizm imkanlarını, turizmin inkişaf etdirilməsində müvafiq sahədəki potensialın tədqiq edilməsinin vacibliyini nəzərə alaraq, ardıcıl şəkildə silsilə layihələr həyata keçirir. İnstitut hazırda da belə layhələri həyata keçirməyə davam edərək müasir informasiya texnologiyalarının turizmdə tətbiqi təcrübəsinin öyrənilməsi məqsədilə Almaniyanın Jade Universiteti ilə əməkdaşlıq əlaqələrinə böyük önəm verir.

Bu əməkdaşlıq çərçivəsində Almaniyanın Təhsil və Tədqiqat Nazirliyinin dəstəyi ilə "Azərbaycanda sürətli regional inkişafın təminatı üçün turizm informasiya texnologiyalarının qurulması" layihəsinə daxil olan "Turizmdə GİS texnologiyalarının tətbiqi" adlı simpozium keçirilmişdir. Gədəbəy rayonunda baş tutan bu simpozium silsilə xarakterlidir və növbəti tədbirdə gələn ilin birinci yarısında Almaniyada keçirilməsi nəzərdə tutulmuşdur.

Simpozium çərçivəsində Gədəbəy Rayon İcra Hakimiyyətində bir sıra görüşlər keçirilmiş, indiyədək görülmüşbu simpozium çərçivəsində görüləcək işlər haqqında icra başçısına ətraflı məlumat verilmişdir. O, öz növbəsində xarici ölkədən gələn qonaqlara rayonun iqtisadi inkişafı, son vaxtlar görülmüş müxtəlif işlər və rayonun yerli xüsusiyyətləri ilə bağlı ətraflı məlumat vermişdir. Gədəbəy rayonu ilə almanlar arasındakı dostluq münasibətləri, yerli əhalinin onlara olan rəğbəti xüsusilə vurğulanmışdır. Görüşlərin sonunda icra başçısı Kamran Rzazadə Azərbaycan adət-ənənələrinə uyğun olaraq qonaqlara yerli mədəniyyəti əks etdirən hədiyyələr bağışlamışdır.

Rayon icra hakimiyyətinin başçısı ilə görüşdən sonra nəzərdə tutulmuş müzakirələrdən əvvəl qonaqlar yerli landşaft və Simenslərin Gədəbəydə tikdirdiyi müxtəlif təyinatlı binalar, inşa edilən 30-dək körpüs. ilə tanış olmuşlar.

Daha sonra rayon icra hakimiyyəti, yerli turizm mərkəzi, mədəniyyət evinin nümayəndələri və digər səlahiyyətli şəxslərin iştirakı ilə tədbir keçirilmişdir. Bu toplantıda müasir informasiya texnologiyalarının turizmdə tətbiqi və xüsusilə də Gədəbəydəki Simens irsi abidələrinin rəqəmsal koordinatlarının alınmasının həm region üçün hazırlanan turistik xəritələr, həm də xüsusi maraq turizmi üçün turistlərin özlərinin həmin abidələri tapa bilmələrindən ötrü GİS cihazlarının yerləşdirilməsinin üstünlükləri barədə məruzələr dinlənilmiş və geniş müzakirələr aparılmışdır.

Gədəbəy rayonundan müsbət təəsüratlarla qayıdan qrup Bakıda alman səfirinin evində nahara dəvət edilmişlər. Naharda Azərbaycan Turizm İnstitutunun təmsilçiləri ilə yanaşı bu təhsil ocağının əməkdaşlıq etdiyi Jade Universitetinin, "Yaşıl velosipedçilər" klubunun və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun nümayəndələri də iştirak etmişlər. Nahar zamanı səfirə layihə haqqında ətraflı məlumat verilmişdir. Məlumatı diqqətlə dinləyən səfir bu rəqəmsal məlumatların hazırlanmasının Azərbaycanda turizmin daha geniş inkişafı üçün mühüm olduğunu qeyd etmişbu layihəni tamamailə dəstəklədiyini bildirmişdir.

Simpoziumun sonuncu günü Azərbaycan Turizm İnstitutunda son dəyərləndirilmə aparılmış və Almaniyada keçiriləcək növbəti simpoziuma hazırlıq işləri çərçivəsində tərəflərin öhdəlikləri və görməli olduqları işlər müəyyənləşdirilmişdir.

Həmçinin bu layihə çərçivəsində Azərbaycan Turizm İnstitutu rəhbərliyi ilə Jade Universiteti rəhbərliyi arasında ikili diplom üzrə əməkdaşlıq haqqında danışıqlar aparılmış və akademik işbirliyinin gücləndirilməsinə qərar verilmişdir. Məlumat üçün bildirək ki, layihə çərçivəsində növbəti seminarın 2011-ci ilin mart ayında Almaniyadasonuncu seminarın aprel ayında Bakıda təşkil olunması planlaşdırılır.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2010.- 25 noyabr.- S. 6.