Azərbaycanda investisiya siyasəti uğurla
həyata keçirilir
Son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə
etmiş, neft sahəsinin,
qeyri-neft sektorunun
davamlı inkişafına nail olunmuşdur. Birinci və ikinci regional
inkişaf proqramlarının, habelə
digər mühüm sənədlərdə
nəzərdə tutulmuş tədbirlərin
yüksək səviyyədə reallaşdırılması
nəticəsində yeni iş
yerlərinin və müəssisələrin
yaradılması, sosial infrastruktur
təminatının keyfiyyətinin yüksəldilməsi,
sahibkarlıq mühitinin daha
da yaxşılaşdırılması, iqtisadiyyata investisiya
qoyuluşlarının artırılması, yoxsulluğun
azaldılması və s. məsələlər
öz müsbət həllini
tapmışdır.
Hazırda ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti uğurla həyata keçirilir. Burada əsas vəzifə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsindən və investorlar üçün azad rəqabət mühitinin yaradılmasından, habelə müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsindən ibarətdir.
Qarşıdakı illərdə özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin reallaşdırılması davam etdiriləcəkdir. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü işlər görüləcək, müasir istehsal avadanlıqlarının idxalı təmin olunacaqdır. Dövlət investisiya siyasəti əsasən regionlarda yeni iş yerlərinin açılması, infrastruktur obyektlərinin etibarlı istismarının təmin edilməsi, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin həyata keçirilməsinə yönəldiləcəkdir.
Yeri gəlmişkən, dövlət investisiya siyasəti barədə bir qədər ətraflı söhbət açaq. Ölkə iqtisadiyyatının, əsasən qeyri-neft sektorunun dinamik və tarazlı inkişafına, əhalinin iqtisadi və sosial tələbatının daha yüksək səviyyədə təmin olunmasına, regionlararası inkişaf fərqinin azaldılmasına, ixrac potensialının yüksəldilməsinə, ətraf mühitin qorunmasına yönəlmiş dövlət əhəmiyyətli investisiya layihələrinin ardıcıl və əlaqəli şəkildə reallaşdırılması məqsədi ilə hazırda "Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramı" (2008-2011-ci illər) uğurla həyata keçirilir.
Dövlət İnvestisiya Proqramını əhatə edən orta müddət ərzində Azərbaycanda neftin və qazın ixracından böyük həcmdə gəlirlər əldə edilir. Həmin gəlirlərin xeyli hissəsi gələcək nəsillərə saxlanılır, digər bir hissəsi isə insan kapitalının, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, mövcud infrastrukturun təkmilləşdirilməsi və yeni infrastruktur obyektlərinin tikilməsinə, müasir texnologiyaların gətirilməsinə, prioritet vəzifələrin reallaşdırılması məqsədi ilə hazırlanmış dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.
İnsan kapitalının davamlı inkişaf etdirilməsi dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir. Ona görə də ölkədə təhsil, səhiyyə və sosial təminat obyektlərinin tikilməsi, bərpası, habelə genişləndirilməsi, onların maddi-texniki təchizatının gücləndirilməsi orta müddətdə başlıca məqsəd kimi qəbul olunmuşdur. Bununla yanaşı, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, iqtisadi vəziyyətlərinin yüksəldilməsinin dəstəklənməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür. Gənclərin inkişafı, sağlam həyat tərzinin təşviqi və təmini üçün bir sıra regionlarda olimpiya mərkəzləri və idman kompleksləri yaradılır, ipoteka fondunun vəsaitləri artırılır.
Yuxarıda göstərdiyimiz kimi, ixracyönümlü iqtisadiyyatın qurulması üçün qeyri-neft sənayesinin inkişaf etdirilməsi əsas şərtdir. Bu məqsədlə sənaye infrastrukturunun səviyyəsi qeyri-neft sənayesinin ehtiyaclarını tam ödəməli və investisiyalar bu sektora istehsalın artım tempi və infrastruktur xidmətlərinə artan tələbat nəzərə alınmaqla yönəldilməlidir.
Sənaye sektorunda hökumətin əsas məqsədi respublikada rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal olunması, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi tədbirlərini həyata keçirməklə sənayenin dayanıqlı və davamlı inkişafına nail olmaqdır. Məhz reallaşdırılan tədbirlərin nəticəsidir ki, bu ilin 10 ayında 22,5 milyard manatlıq məhsul istehsal olunmuş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artmışdır.
Ölkədə elektrik enerjisinə tələbatı tam ödəmək məqsədilə əvvəlcə enerji itkisinə səbəb olan amillər aradan qaldırılır və sonrakı mərhələdə investisiyalar yönəltməklə alternativ enerji mənbələri yaradılır. Ümumiyyətlə, elektrik və istilik enerjisi istehsalını artıran layihələr və yanacaq-energetika kompleksinin digər sahələrinin inkişafına yol açacaq tədbirlər hazırda "Yanacaq-Enerji Kompleksinin İnkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"na əsasən uğurla həyata keçirilir.
Hökumət kənd təsərrüfatının inkişafına da xüsusi önəm verir və bu sahəyə investisiya yönəldilməsini diqqət mərkəzində saxlayır. Bu da təsadüfi deyil. Çünki respublika əhalisinin təxminən yarısının yaşadığı kəndlərdə istehsal texnologiyaları hələ də müasir tələblərə tam cavab vermir, suvarma və meliorasiya təminatı zəifdir, kənd yerlərində sosial xidmət (xüsusən səhiyyə sahəsində) və yol, enerji kimi infrastruktur təminatı aşağı səviyyədədir. Ona görə də hökumət kənd rayonlarında əhalinin iqtisadi və sosial problemlərinin qısa müddətdə həllini əsas vəzifə kimi qarşıya qoymaqla müvafiq sahələrə investisiya yönəldilməsini zəruri sayır.
Azərbaycanda investisiya yönəldilən ən mühüm sahələrdən biri də nəqliyyat sektorudur. Son illər bununla bağlı böyük miqyasda işlər görülmüş, nəqliyyat infrastrukturu inkişaf etdirilmişdir. Bu isə regionların daxili resurslarından səmərəli istifadəni təmin etməyə, iqtisadi regionlar üçün böyük əhəmiyyətli sektorların dirçəlməsinə, müəssisələrdə istehsalın genişləndirilməsinə, ixrac ediləcək malların istehsalının stimullaşdırılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və iqtisadiyyatın dinamik inkişafına təkan vermişdir.
Xatırladaq ki, bu ilin 10 ayı ərzində ölkənin mühüm infrastruktur obyektlərinin, o cümlədən, beynəlxalq və daxili əhəmiyyətli yolların yenidənqurulmasına, içməli su və suvarma sistemlərinin bərpasına, genişləndirilməsinə, regionların qazlaşdırılmasına, kanalizasiya sistemlərinin yeniləşdirilməsinə və s. 5,4 milyard manat daxili investisiya yönəldilmişdir.
Həyata keçirilən investisiya siyasətinin nəticəsidir ki, ötən 6 ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 12 dəfədən çox artmışdır. Əhalinin minimum əmək haqqı 8,3 dəfə, minimum pensiyanın məbləği 4 dəfə yüksəlmişdir. Ölkəmiz 2003-cü ildən bəri yoxsulluğun səviyyəsini 49 faizdən 13 faizə endirməyə nail olmuşdur. Bütün bunlar vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlərin nəticəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın investisiya cəlbediciliyindən xəbər verir.
Azərbaycanda investisiyaların geniş şəkildə reallaşdırılması həm də özünü onda göstərir ki, son 6 ildə ölkə iqtisadiyyatı 3 dəfə, adambaşına düşən gəlir 5 dəfə artmışdır. Respublikamızda sənaye istehsalının həcmi 3 dəfə yüksəlmiş, sənayeləşmə prosesi geniş vüsət almış, 900 min yeni iş yeri açılmışdır. ÜDM-də özəl sektorun payı 85 faizə çatmışdır.
Bu ilin ötən aylarında da milli iqtisadiyyat dinamikasını saxlamış və hazırda ÜDM-in artımı 4 faiz olmuşdur. Azərbaycan hökuməti qeyri-neft sektorunda özəl bölmənin tərəqqisinə stimul yaradılması və ölkənin beynəlxalq bazarlarda rəqabət imkanlarının möhkəmləndirilməsi istiqamətində ticarət və investisiya mühitini davamlı inkişaf etdirmişdir. Qeyri-neft sektoru son illərdə 16 faiz artmışdır. Düşünülmüş iqtisadi siyasət və real nəticələrə yönəlmiş islahatlar Azərbaycanın dünyanın dinamik inkişaf edən dövlətlərindən biri kimi qəbul edilməsinə səbəb olmuşdur.
Azərbaycanın investisiyalar üçün cəlbedici ölkə olması dünyanın aparıcı mətbu orqanlarında da vaxtaşırı öz ifadəsini tapır. Məsələn, Böyük Britaniyada nəşr edilən "Financial Times" qəzeti ölkəmizin investisiya imkanları ilə bağlı yazır ki, beynəlxalq aləmdə ciddi narahatlıq yaradan qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstərməyib. Ölkə iqtisadiyyatında son 10 ildə 900 faiz artım olduğunu vurğulayan adı çəkilən nəşr bu inkişafda özəl sektorun mühüm rol oynadığını diqqətə çatdırır. Məqalədə həmçinin o da göstərilir ki, Mərkəzi Asiya regionunun digər dövlətləri böhrandan çıxmaq üçün müəyyən tədbirlər həyata keçirdiyi halda, Azərbaycanda sürətli dinamik iqtisadi artım müşahidə olunur. Ölkəmizdə əlverişli investisiya mühitinin mövcudluğunu nəzərə çarpdıran "Financial Times" beynəlxalq ekspertlərin fikirlərinə əsaslanaraq, 2010-cu ildə Azərbaycana daha çox investisiyanın cəlb edildiyini qeyd edir.
Yeri gəlmişkən, digər bir fakta da diqqət yetirək. Dünya Bankı ilə onun struktur vahidi olan Beynəlxalq Maliyyə Korporasiyasının dünyada biznes mühitinə dair "Doing Business-2009" hesabatında Azərbaycan işgüzar mühitin əlverişliliyi, investisiya cəlbediciliyi baxımından və hesabatın tərtibatı tarixində ilk dövlətdir ki, 2008-ci ildəki göstəricisini (97-ci yer) 64 pillə yaxşılaşdıraraq, MDB ölkələrini və Avropanın bir neçə inkişaf etmiş ölkəsini geridə qoymuş, 33-cü yerə yüksəlmişdir. Bununla da hesabatın hazırlanması tarixində ən böyük sıçrayış rekordu müəyyən edilmişdir.
Yazının sonunda bir məqamı da xatırlatmaq yerinə düşər. Ölkədə geniş miqyaslı sosial-iqtisadi tədbirlərin uğurlu icrası Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında mühüm rol oynamışdır. Bu, ölkəmizə xarici investisiyaların sürətli axınına da öz müsbət təsirini göstərmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ötən doqquz ayı ərzində ölkə iqtisadiyyatına 5364,5 milyon ABŞ dolları həcmində xarici investisiya yönəldilmişdir. Sərmayənin 42 faizi (2250,8 milyon dollar) iqtisadiyyata birbaşa investisiyalar, 42,6 faizi (2284,6 milyon dollar) isə maliyyə kreditləri şəklində daxil olmuşdur. Bu dövrdə qeyri-neft sektoruna 306,7 milyon dollarlıq birbaşa xarici investisiyalar yönəldilmişdir.
Vaqif BAYRAMOV
Məqalə Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
olunur.
Xalq qəzeti.- 2010.- 25 noyabr.- S. 4.