Azərbaycanın xarici siyasət strategiyası ölkəmizi beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevirib

 

Azərbaycan hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni hadisə və proseslərdə layiqincə təmsil olunur, hətta bir sıra layihələrin icrasında və problemlərin həllində öz qətiyyətli mövqeyini bildirir. Dövlət başçımız tərəfindən həyata keçirilən düşünülmüş diplomatik fəaliyyət, fəal xarici siyasət, həyata keçirilən uğurlu islahatlar dünyanın qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq qurumların diqqət mərkəzindədir. Ölkəmizlə siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirməkdə maraqlı olan dövlətlərin sayı getdikcə artmaqdadır. Məhz Azərbaycan iqtidarının məntiqli xarici siyasətinin nəticəsi olaraq ölkəmizlə dünya ictimaiyyətinin subyektləri arasında beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığa böyük zəmin yaradılıb.

 

Müstəqil Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin getdikcə daha geniş miqyası əhatə etməsi və yeni yanaşmaların formalaşması ölkəmizin qarşılaşdığı problemlərin nizamlanmasına da öz təsirini göstərmişdir. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, təhlükəsizliyin, ərazi bütövlüyünün və beynəlxalq iqtisadi maraqların təmin olunmasıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Şərqlə Qərb arasında Azərbaycanın özünəməxsus yer tutması, regionda baş verən ictimai-siyasi hadisələrə təsir etmək imkanına malik olması, habelə regionda lider dövlətə çevrilməsi uğurlu diplomatik fəaliyyətin nəticəsidir.

Son illər baş vermiş hadisələri gözlərimiz önündə canlandırmaqla bir daha şahidi oluruq ki, Azərbaycanın regiondakı sosial-iqtisadi inkişafına xidmət edən qlobal iqtisadi layihələrin həyata vəsiqə alması istiqamətində qətiyyətli addımları və sülhsevər siyasəti qarşıya qoyulmuş vəzifələrin gerçəkləşməsinə əlverişli zəmin yaradıb. Yaxın və Orta Şərqin ən nüfuzlu və aparıcı dövlətləri ilə isti münasibətlərin yaradılması və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi, bu sahədə yeni müqavilələrin, sazişlərin imzalanması Azərbaycanın regionda təsir gücünü daha da artırır. Azərbaycanın xarici siyasət sahəsindəki əlaqələri elə tənzimlənib ki, dövlətçiliyin mühüm əhəmiyyətə malik problemlərinin həll edilməsində qarşıya çıxan maneələr aradan qaldırılır. Hazırda Azərbaycan bu sahədə uğurlu addımlar atmağa qadir ölkə kimi formalaşıb. Ölkəmizdə keçirilən bir sıra mühüm əhəmiyyətli tədbirlər, qüdrətli dövlətlərin başçılarının, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin mütəmadi olaraq Azərbaycana gəlmələri, belə tədbirlərin Bakıda keçirilməsini dəyərləndirmələri də xarici siyasətimizin uğurlarının təzahürüdür.

Türkdilli ölkələrin dövlət başçılarının Bakıdakı görüşləri və Naxçıvanda keçirdikləri zirvə toplantısı, bu günlərdə başa çatmış Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Bakı sammiti, həmçinin digər beynəlxalq tədbirlər Azərbaycanun uzunmüddətli xarici siyasətinin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsinin nəticəsidir. Həmçinin, bu uğurlar bir daha göstərir ki, inkişaf etmiş qüdrətli dövlətlərdə olduğu kimi, Azərbaycan dövləti də xarici siyasətlə əlaqədar qarşıya qoyulan vəzifələri həyata keçirmək üçün uzunmüddətli stratejioperativ fəaliyyət proqramına malikdir. Yaxın və Orta Şərqin ən nüfuzlu və qüdrətli dövlətlərindən biri hesab edilən İranla sıx əməkdaşlığın yaradılması və uğurla davam etdirilməsi uzunmüddətli xarici siyasət strategiyasının müsbət tərəflərindəndir. AXC-Müsavat birliyinin hakimiyyəti dövründə bir-birinin ardınca atılan səhv addımlar xarici siyasət sahəsində də özünü göstərmişdir. Həmin dövrdə səriştəsiz hakimiyyət rəhbərliyinin diplomatiya sahəsində ardıcıl atdıqları səhv addımlar yaxın qonşularla münasibətləri pozmuşdur. İran kimi qüdrətli bir dövlətlə düşmənçilik münasibətləri yaratmaq AXC-Müsavat hakimiyyətinin xarici siyasət sahəsindəki ən böyük uğursuzluqlarından biri idi. Azərbaycan üçün çox təhlükəli olan bu mənfi təzahürlər nəhayət, xalqın təkidli xahişi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn, müstəqil dövlətimizi məhv olmaqdan xilas edən müdrik şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində aradan qaldırıldı. Ulu öndərin yarımçıq qalmış ideyalarını həyata keçirən Prezident İlham Əliyevin xarici siyasət strategiyası Azərbaycan-İran dostluq və əməkdaşlığını yüksək səviyyəyə qaldırdı. Biz İran Prezidenti Mahmud Əhmədinejadın bu günlərdə Azərbaycana səfəri zamanı keçirdiyi görüşlər zamanı səsləndirilən bəyanatlardan da bunu aydın hiss edirik. İran Prezidenti Azərbaycan-İran münasibətlərinin çox yaxşı olduğunu diqqətə çatdıraraq dedi ki, iki ölkə arasındakı qardaşlıq əlaqələri bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmlidir. Onun sözlərinə görə, bölgədə sülhün qorunub saxlanılmasında və inkişafında iki ölkənin rolu əvəzsiz və böyükdür. Prezident M.Əhmədinejad vurğulamışdır ki, bu gün bizim müştərək baxışlarımız, yanaşmamız və müştərək proqramlarımız bölgədə sülhün bərqərar olmasına, bölgənin inkişafına və beynəlxalq aləmdə sabitliyə yönəlmişdir. Biz belə qərara gəlmişik ki, ikitərəfli əlaqələri - iqtisadi, investisiya, ticarət, nəqliyyat sahələrində imkan daxilində genişləndirək. Bu, iki millətin, bölgənin və bölgədəki sülhün və təhlükəsizliyin xeyrinədir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da İranın mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. İran Prezidentinin Bakıda verdiyi bəyanatda bildirilir: "Beynəlxalq məsələlərdə baxışlarımız tamamilə müştərəkdir. Biz həmişə və bütün beynəlxalq təşkilatlarda bir-birimizin yanında olacaqbir-birimizi dəstəkləyəcəyik. BizQarabağ məsələsi ilə bağlı bu fikirdəyik ki, bu problem danışıqlar və ədalət əsasında həll olunmalıdır, hamı gərək danışıqlara və ədalətə arxalansın. Biz var qüvvəmizlə bu problemin danışıqlar, haqq-ədalət və beynəlxalq hüquq çərçivəsində, qısa müddətdə həllinə yardımımızı göstərməyə hazırıq. Azərbaycanın təhlükəsizliyi və onun inkişafı İran üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın inkişafını, təhlükəsizliyini özümüzün inkişafı və təhlükəsizliyi hesab edirik. Bütün beynəlxalq təşkilatlarda və dünya birliyində Azərbaycanın yanında olacağıq. Biz iki qardaş dövlətik. Bu qardaşlıq davam edəcək, zaman keçdikcə güclənəcək və dərinləşəcəkdir".

İran kimi region dövlətinin Azərbaycanla əməkdaşlığının daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirməsi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə üstünlük verməsini bəyan etməsi əslində bu məsələdə Azərbaycan Prezidentinin mövqeyinin dəstəklənməsidir. Çünki Prezident İlham Əliyev həm Azərbaycanda, həm də digər xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, keçirdiyi görüşlərdə birmənalı olaraq bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan tərəfi haqq - ədalətə, danışıqlar prosesinə və beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verir. 2008-ci ilin noyabrında Moskvada üç dövlətin - Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları birgə Bəyannamədə də münaqişənin nizamlanmasında dövlətlərin ərazi bütövlüyünə və beynəlxalq hüququn normalarına üstünlük verilirdi. Artıq dünyanın demək olar ki, bütün dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyini dəstəklədiklərini birmənalı şəkildə bəyan edirlər. Ötən ay Həştərxanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladıqları sənədə əsasən hərbçilərin meyitlərinin, əsir və girov düşənlərin dəyişdirilməsi prosesinin başlanması da böyük rəğbətlə qarşılanıb. Beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən bu addım Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliləyiş kimi qiymətləndirilir.

Azərbaycanın dövlət başçısının uğurlu diplomatik fəaliyyəti daha bir yadda qalan hadisə ilə özünü büruzə verdi. Bu günlərdə Lissabonda keçirilən NATO-nun zirvə toplantısında qəbul olunmuş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsi öz əksini tapıb. Bəyannamənin 35-ci maddəsində alyans Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tanıdığını bir daha təsdiqləyib. Bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur. Bu sənədin qəbul olunması əslində Azərbaycanın ərazi bütövlüyünə qəsd edən dövlətlərə bir mesajdır. Bu fakt Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha təsdiqlədi. NATO kimi güclü bir qurumun belə bir bəyanat qəbul etməsi alyansa üzv olan dövlətlərin mövqeyini əks etdirir. NATO-nun zirvə toplantısında Cənubi Qafqazdakı münaqişələrin gündəmə gətirilməsi bu prosesin alyansın diqqət mərkəzində saxlanılmasından xəbər verir. Siyasi ekspertlərin fikrincə, bu cür sənədlərin qəbul olunması bütövlükdə ərazi bütövlüyümüzün bərpası istiqamətində həyata keçirilən siyasətə əlavə dəstəkdir. Ermənistan prezidentinin Lissabon zirvə toplantısında iştirakdan imtina etməsi isə gözlənildiyi kimi üzv ölkələr tərəfindən mənfi qarşılanıb.

Azərbaycanın uzunmüddətli xarici siyasət strategiyasının qarşıya qoyduğu vəzifələrin uğurla həyata keçirilməsi və Prezident İlham Əliyevin bu istiqamətdə irəliyə doğru atdığı qətiyyətli addımlar ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 27 noyabr.- S. 1.