Azərbaycan parlamentarizmi: ənənədən müasirliyə

 

"İzvestiya" qəzetinin 25 noyabr tarixli nömrəsində Azərbaycanda parlamentarizmin yaranması və inkişafı tarixinə, xüsusən noyabrın 7-də keçirilmiş parlament seçkilərinə hazırlıq, seçkilərin gedişı və yekunları məsələlərinə həsr olunmuş tematik əlavə verilmişdir. AzərTAc həmin materialları oxuculara təqdim edir.

 

 

Layihə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin dəstəyi ilə hazırlanmışdır

 

Müasir dünyada, xüsusən Qərb dünyasında parlamentarizm çox vaxt demokratiya ilə assosiasiya edilir. Parlamentarizm nə qədər çox olsa, demokratiya da bir o qədər çoxdur. Bu bağlılığın həm səmərəli cəhəti, həm də kifayət qədər güclü məlum bəsitləşdirmə xassəsi vardır. Müasir dünyanın inkişafında ən yeni meyillər göstərmişdir ki, dünyanın bir sıra ölkələrində siyasi reallıqlar bəsitləşdirilmiş sxemlərdən daha zəngindir. Anqlosaks demokratiyası ənənələri olmayan bir sıra ölkələr bu gün haqlı olaraq müasir çoxcəhətli və rəngarəng demokratiyanın inkişafına öz töhfələrini verirlər və bu təcrübə demokratiya yoluna nisbətən yaxın vaxtlarda qədəm qoymuş regionlarda daha çox qiymətə malikdir. Bu baxımdan müasir Azərbaycan demokratiyası və müasir Azərbaycan parlamentarizmi müsəlman ölkələrinin çoxu üçün təqlid edilməyə layiq olan əyani nümunə hesab edilə biləcək mütərəqqi dünyəvi cəmiyyətin inkişafına çox dəyərli töhfədir.

Oleq Sıqanov

 

XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiya imperiyası siyasiiqtisadi islahatlar dövrünə qədəm qoyduğu vaxtda Azərbaycan parlamentarizmi nadir forma almışdır. O vaxt Şimali Azərbaycan Rusiya imperiyasının müsəlman xalqlarının demokratik və azadlıq hərəkatının mərkəzinə çevrilmişdi. O dövrün azərbaycanlı aparıcı siyasətçiləri birinciikinci çağırış Rusiya Dövlət Dumasının deputatları olmuşlar. Dumada ən iri fraksiyalardan biri olan müsəlman fraksiyasının sədri Əlimərdan bəy Topçubaşov seçilmişdi. Beləliklə, Azərbaycanın bir sıra görkəmli siyasi xadimləri Rusiya Dövlət dumalarında zəngin parlament təcrübəsi qazanmışlar. Buna görə də 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin məhz parlament respublikası kimi formalaşması tarixi reallıqla şərtlənmişdir. Həmin illərdə qəbul olunmuş İstiqlal Bəyannaməsində Azərbaycanda "Ölkənin öz hüdudları daxilində milliyyətindən, dini etiqadından, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara mülkisiyasi hüquqlar" təmin edən parlament respublikası yaradılması elan edilirdi. Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da keçirilmiş iclasında parlament yaradılması barədə qərar qəbul edilmişdir. Qərarda qeyd edilirdi ki, Azərbaycanın əhalisi təkcə azərbaycanlılardan, yəni Azərbaycan türklərindən ibarət olmadığına görə Azərbaycan Parlamentində bu dövlətin ərazisində yaşayan bütün xalqlar təmsil edilməlidir. Parlament 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfəri müsəlmanları, 21 nəfəri erməniləri, 10 nəfəri rusları, bir nəfəri almanları və bir nəfəri yəhudiləri təmsil etməli idi.

Həmin ilin dekabrından 1920-ci il aprelin sonuna qədər davam etmiş bütün fəaliyyəti dövründə AXC parlamenti Azərbaycan dövlətçiliyinin tarixində dərin və zəngin iz qoymuşdur. Ölkənin ərazi bütövlüyünün təmin edilməsinə və müstəqilliyin qorunub saxlanmasına, insan hüquq və azadlıqlarının tam həcmdə təmin ediləcəyi demokratik dövlət yaradılmasına yönəlmiş çox mühüm qanunlar və qərarlar qəbul etmiş parlamentin cəmi 145 iclası keçirilmişdir.

1920-ci il aprelin 28-də Azərbaycan SSR yaradılmışdır. 1922-ci il martın 12-dən 1936-cı il dekabrın 5-dək o, SSRİ-nin tərkibindəki respublikalardan biri olan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkib hissəsi olmuşdur. 1936-cı il SSRİ Konstitusiyasına əsasən Gürcüstan Ermənistanla bərabər Azərbaycan müstəqil müttəfiq respublika kimi SSRİ-nin tərkibinə daxil olmuşdur. Ali dövlət hakimiyyəti orqanı 4 il müddətinə hər 12,5 min sakindən 1 deputat norması üzrə seçilən birpalatalı Azərbaycan SSR Ali Soveti idi.

1991-ci ildə Azərbaycan parlamentarizminin tarixində yeni səhifə açılmışdır. Azərbaycan SSR Ali Sovetinə axırıncı seçkilər 1990-cı il sentyabrın 2-də həmin il qanlı 20 Yanvar hadisələrindən sonra ölkədə tətbiq edilmiş fövqəladə vəziyyət şəraitində keçirilmişdir. Bu seçkilər artıq laxlamış sovet hakimiyyəti rejimini qoruyub saxlamaq vəzifəsini güdürdü. Dövlət Fövqəladə Hallar Komissiyasının avqust qiyamı məğlubiyyətə uğradıqdan bir neçə gün sonra - 1991-ci il avqustun 30-da, Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edilmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmişdir.

Azərbaycanın siyasi sistemi müasir dayanıqlı formasını 1995-ci ildən sonra əldə etmişdir. Ona görə Azərbaycan parlamentarizminin təşəkkülünün qısa retrospektiv icmalını nəzərdən keçirməyə dəyər.

1995-ci ilin avqust ayında Azərbaycan Milli Məclisi yeni Seçki Məcəlləsi qəbul edir. Həmin məcəlləyə uyğun olaraq ali qanunverici orqan qarışıq qayda üzrə (100 deputat partiya siyahıları üzrə, 25 deputat öz seçki dairələrindən majoritar prinsip üzrə irəli sürülür) seçilən 125 deputatdan formalaşır. Qanunun ilkin redaksiyasına görə Azərbaycanın partiya sisteminin qurulduğu dövrdə seçicilərin 8 faizlik səs həddini aşan partiyalar parlamentə düşürdülər. 1995-ci il noyabrın 12-də keçirilmiş seçkilərin gedişində Heydər Əliyevin partiyası - islahatlar və modernləşmə tərəfdarlarının Yeni Azərbaycan Partiyası inamlı qələbə qazandı. Seçkilərlə eyni vaxtda ölkənin yeni konstitusiyasını qəbul etmiş ümumxalq referendumu keçirildi. Bu konstitusiya Prezident Administrasiyasının hüquqşünas və mütəxəssislərindən ibarət beynəlxalq komanda tərəfindən işlənib hazırlanmışdır. 1997-ci ildə Şərq tarixində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edilmişdir. Prezident Heydər Əliyevin təklifi ilə parlament bir neçə dəfə amnistiya aktları qəbul etmiş, bununla da minlərlə insanın öz ailələrinə qaytarılmasına kömək etmişdir. Yeni parlament Heydər Əliyevin təşəbbüsü ilə keçirilən iqtisadisosial-siyasi islahatların hüquqi bazasını formalaşdırır, eləcə də beynəlxalq parlament arenasında fəal nüfuz qazanır. Artıq 1998-ci ildə Azərbaycan parlamentinin nümayəndə heyəti Avropa Şurasında müşahidəçi statusu qazanır.

Elə həmin il keçirilən prezident seçkilərində Heydər Əliyev yenidən inamla qələbə qazanır. Azərbaycanın partiya sistemi artıq formalaşmış və qərarlaşmışdı. Buna görə də Azərbaycanın ümummilli lideri islahatlarla paralel olaraq siyasi həyatın tədricən liberallaşdırılması, vətəndaşların böyük siyasətə qoşulmaq imkanlarının genişləndirilməsi prosesinə başlamışdır. 1999-cu ildə respublika tarixində ilk dəfə olaraq müasir Avropa normalarına tam müvafiq qaydada bələdiyyə seçkiləri keçirildi. Tamamilə məntiqi haldır ki, Milli Məclis bu fonda Avropa deputatları ilə fəal əməkdaşlığı inkişaf etdirir. Parlamentdə daimi əsasda hüquqi dövlətin təşəkkülü problemlərinə və qeyri-hökumət təşkilatlarının fəaliyyətinə həsr edilmiş seminarlar, elmi-praktiki konfranslar keçirilməyə başlanır. Bu işdə qaçqınların və Qarabağ münaqişəsi zonasından olan məcburi köçkünlərin hüquqlarına xüsusi diqqət yetirilirdi. Qadınların hüquqları, onların icra hakimiyyəti strukturlarında təmsil olunması məsələləri də qoyulur, sosialmülki qanunvericilikdə islahatlar müzakirə edilirdi. Beynəlxalq konvensiyalar və BMT sənədləri Azərbaycan dilinə tərcümə olunurdu. Ölkə rəhbərliyinin bu cür məqsədyönlü siyasəti Azərbaycan deputatlarına beynəlxalq kütləvi debatların təcrübəsi ilə tanış olmaqbu təcrübəni uğurla mənimsəmək, özlərinin siyasi dünyagörüşünü genişləndirmək və beynəlxalq konfranslarda layiqli yer tutmaq imkanı verirdi. Cəmi bir neçə ildən sonra, yəni tarixi ölçülərlə desək, çox tezliklə bugünkü nəticələr əldə edilmişdir: Azərbaycan parlamentinin üzvləri dünyadakı bütün aparıcı qurumlarda - AŞPA-dan başlamış İslam Konfransı Təşkilatına qədər hər yerdə öz dövlətlərinin mənafelərini bacarıqla və nüfuzlu şəkildə müdafiə edirlər.

Əsrlərin qovuşduğu 2000-ci il onunla əlamətdar olmuşdur ki, Azərbaycan rəsmən Avropa Şurasının tamhüquqlu üzvləri sırasına qəbul edilmişdir. Həmin ilin noyabr ayında ikinci çağırış Milli Məclisə seçkilər təyin edilmişdi. Seçkilər ərəfəsində Heydər Əliyev "Seçkilər haqqında" və "Mərkəzi Seçki Komissiyası haqqında" qanunlara ciddi dəyişiklikləri parlamentə göndərmişdir. Bu qanunların yeni redaksiyasına görə parlamentə keçmək üçün zəruri səslərin minimum faizi azaldılaraq 6-ya endirilmişdi. Seçkiqabağı kampaniyaya buraxılmış 19 partiyadan 13-ü zəruri sayda imza toplaya bilmişdi. Heydər Əliyev vətəndaşların seçkilərdə iştirakının genişlənmə zərurətini başa düşərək, MSK-ya müraciətlə qeydiyyat üçün imza toplamış bütün partiyaların seçkilərə buraxılmasını xahiş etmişdi. Seçki Komissiyası ciddi yoxlamadan sonra 409 nəfəri deputatlığa namizəd kimi qeydiyyata almışdı. Bu seçkilərdə də, növbəti, 2005-ci ildə keçirilmiş seçkilərdə də hakim Yeni Azərbaycan Partiyası qalib gəldi. Lakin o vaxtdan etibarən Azərbaycan parlamenti fəal debatların gedişində konsensus qərarlar qəbul edən çoxpartiyalı orqan kimi qalır.

Azərbaycan Milli Məclisi ənənəvi olaraq "diskussiyalar yeri" və müxtəlif mövqelərin toqquşduğu yer olmuşdur. O, bu gün də belədir. 2000-ci ildən 2010-cu ilə qədər parlament 2000-dən çox qanun, bəyannamə və qərar qəbul etmiş, çoxsaylı beynəlxalq sazişləri ratifikasiya etmişdir. Milli Məclis AŞPA-nın, Parlamentlərarası İttifaqın, ATƏT-in Parlament Assambleyasının fəal iştirakçısıdır; azərbaycanlı deputatlar MDB-nin, İslam Konfransı Təşkilatının, Qara Dəniz İqtisadi Birliyinin və digər nüfuzlu beynəlxalq strukturların parlament diskussiyalarında liderlər kimi çıxış edirlər. Üçüncü çağırış Milli Məclisdə dünyanın 70-dən çox ölkəsinin parlamentləri ilə əlaqələr üzrə işçi qruplar fəaliyyət göstərirdi. Azərbaycan parlamentariləri ilə rusiyalı həmkarlar arasında müttəfiqlik münasibətləri xüsusi səviyyədədir. 2001-ci ildə Milli Məclis ilə Federasiya Şurası arasında saziş imzalanmış, 2003-cü ildə isə Parlamentlərarası Komissiya yaradılmış, bu müddətdə həmin komissiya 10-a yaxın iclas keçirmişdir. Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin Azərbaycanın nüfuzlu deputatlarından biridir.

1990-cı illərin ortalarında Azərbaycan qırılmış parlamentarizm ənənələrini bərpa etmək, demokratik seçim etmiş ölkələr ailəsinə daxil olmaq şansı qazanmışdır. Əlbəttə, qaydalardan istisnalar mövcuddur, lakin bizə belə gəlir ki, inkişafın parlament yolu bütövlükdə cəmiyyətin hüquqi dövlətə doğru irəliləməsinin yeganə mümkün yoludur. Parlamentarizm praktikasını müdafiə edənlərin və ya bunu inkar edənlərin nə deməsindən asılı olmayaraq, fakt faktlığında qalır: dünyanın sivil ölkələrinin əksəriyyətində bu forma zəfər yürüşü olmuş, respublika tipli konstitusiyada silinməz izlər qoymuşdur.

Lakin həqiqi parlamentarizmin təşəkkülü, onun sosial-hüquqi potensialının tam miqyasda genişlənməsi həm dünyada parlament nümayəndəliyi təcrübəsini, həm də bu praktikanın gerçəkləşməli olduğu yerli şəraitin hərtərəfli təhlilini tələb edən uzun prosesdir, yəni hakimiyyət və idarəetmə sahəsində milli ənənələr klassik parlament demokratiyaları praktikası ilə yaxınlaşmalıdır. Parlamentin qanunyaratma fəaliyyətinin inkişafı bu məsələnin həllinə kömək edir. Azərbaycan Parlamenti həyat keyfiyyətinin təmin edilməsinə, ölkənin bütün təsərrüfat və sosial-iqtisadi həyatının səmərəli və demokratik müasir qanunvericiliklə maksimum dərəcədə əhatə olunmasına yönəlmiş yüzlərlə qanun qəbul etmişdir.

Dövlət orqanlarının quruluşunun Azərbaycanda təşəkkül tapmış modeli hakimiyyət bölgüsünü, onların arasında tarazlığı təmin edir, bununla bərabər "ağırlıq mərkəzi" icra hakimiyyəti tərəfə və şaquli istiqamətdə prezident hakimiyyətinə doğru bir qədər yerini dəyişir. Yeni müstəqil dövlətlərin hamısında olduğu kimi, Azərbaycanda da bu vəziyyət postsovet tranzitinin şəraiti, ölkənin tarixigeosiyasi xüsusiyyətləri ilə, eləcə də 1990-cı illərdə Azərbaycanda kütlələr arasında məsuliyyət, özünənəzarət və siyasi mədəniyyət kimi keyfiyyətlərin lazımi səviyyədə olmaması ilə izah edilə bilər. Bu, müxalifət mühitində daha əyani şəkildə təzahür edirdi. Lakin hakim elita fəal və savadlı gəncləri öz sıralarına inkorporasiya etməklə bu vəziyyəti tədricən dəyişdi və 2005-ci il seçkilərindən az sonra hətta aşağı və orta səviyyəli siyasətçilərdə də parlament mədəniyyəti səviyyəsinin artması müşahidə olunur.

2005-2010-cu illərdə Milli Məclis ölkədə həyata keçirilən islahatların hüquqi bazasını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Əhalinin sosial müdafiəsi ilə əlaqədar məsələlər Milli Məclisin fəaliyyətində xüsusi yer tuturdu. Digər mühüm sənədlər sırasında heç şübhəsiz, "Azərbaycanın hərbi doktrinası"nı xüsusi qeyd etmək lazımdır. Bu sənəddə regionda hərbi təhdidlər, Ermənistanın Azərbaycana qarşı təcavüzü, bununla əlaqədar Azərbaycan Silahlı Qüvvələri qarşısında duran vəzifələr, hərbi quruculuğun və beynəlxalq hərbi əməkdaşlığın gələcək strategiyası məsələləri öz əksini tapmışdır.

Azərbaycan qanunları Azərbaycan xalqının milli mənəvi dəyərlərinə və eyni zamanda, qabaqcıl demokratik ölkələrin qanunvericilik təcrübəsinə əsaslanır. Qanunvericilik aktlarının işlənib hazırlanması prosesində beynəlxalq təşkilatların, ilk növbədə Avropa Şurasının, Avropa İttifaqının, ATƏT-in, Dünya Bankının və digər qurumların təklifləri və tövsiyələri nəzərə alınır. Məsələn, "İnsan hüquqları üzrə müvəkkil haqqında", "İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" konstitusiya qanunları, "Toplaşmaq azadlığı haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "İnformasiya əldə edilməsi haqqında", "Gender bərabərliyinə zəmanətlər haqqında" və digər qanunlar Milli Məclis tərəfindən beynəlxalq təşkilatlarla birlikdə hazırlanmışdır.

Azərbaycanda bu günlərdə keçirilmiş parlament seçkiləri ölkədə cərəyan edən ictimai-siyasi proseslərin dəyişiklik dinamikasını izləmək, XXI əsrin əvvəlində bu yeni müstəqil dövlətin üzləşdiyi yeni riskləri və təhdidləri fərqləndirmək üçün ciddi məqamdır. Azərbaycanın təcrübəsini əsas götürsək, bu təhdidlər nədən ibarətdir? İlk növbədə qeyd etmək lazımdır ki, ölkənin siyasi həyatına seçicilərin yeni fəal nəsli gəlmişdir. Bu nəsil mental baxımdan artıq müstəqillik dövründə formalaşmışdır. Bu nəslin həyata baxışları, üstünlük verdiyi yeni dəyərlər keçmiş sovet dövrünün dəyərləri qanına hopmuş yaşlı və orta nəslə mənsub olan müvafiq keyfiyyətlərdən tamamilə fərqlənir. Yeni seçiciyə son dərəcə diqqətlə yanaşmaq, bu gənclər mühiti çərçivəsində baş verən daxili prosesləri sistemli şəkildə izləmək lazımdır. Azərbaycanda gənclər siyasətinə verilən diqqət ona dəlalət edir ki, ölkə rəhbərliyi problemin dərinliyini çox gözəl başa düşür, bir tərəfdən gəncləri siyasətə fəal cəlb etməyin, digər tərəfdən yaşlı nəslin müsbət təcrübəsini gənclərə verməklə onları vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə etməyin zəruriliyini dərk edir. Bildiyimiz kimi, Rusiyada da bu məsələyə oxşar münasibət vardır. Azərbaycan parlamentariləri Rusiya və Azərbaycan gəncləri arasında daimi kommunikasiya nöqtələri yaradılmasına, iki ölkə arasında yaranmış strateji tərəfdaşlıq formatının növbəti nəsillər arasında da təkrarlanması üçün mədəni və humanitar əlaqələrin inkişafına fəal kömək edirlər.

Müasir Azərbaycan cəmiyyətində müşahidə edilən ikinci meyil bundan ibarətdir: siyasət nəinki gəncləşir, həm də onun vətəndaş fəallığı getdikcə daha aşkar formalar kəsb edir. Ölkədə aparılan seçki kampaniyasının şəffaflıq və vicdanlılıq dərəcəsinin qorunub saxlanmasında qeyri-hökumət sektoru mühüm rol oynamağa başlamışdır. Seçkiqabağı proseduralarda vətəndaş sektorunun, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etməsi ifrat inzibatçılıqdan, bəzi məmurların cəmiyyəti elektoral prosesə nəzarətdən kənarlaşdırmaq arzusundan qurtulmağın ən yaxşı çarəsidir.

Siyasi partiyaların siması dəyişir. 1990-cı illərdə və hətta 2000-ci illərin əvvəlində bu partiyaların çoxu bir liderin cari parlament seçkilərində iştirak etmək məqsədi güdən müəssisə-partiyası kimi yaradılırdısa, indi görürük ki, ən güclünüfuzlu təşkilatlarda dəqiq proqram məqsədlərinə tabe edilən transformasiya prosesi baş verir, siyasi mübarizənin yeni vasitələri yaradılır. Ən kütləvi və mütəşəkkil siyasi qüvvələr olan hakim partiyalar bu dəyişikliklərin mərkəzində olur. Əslində Yeni Azərbaycan Partiyasının siyasi uğurlarının və onun seçicilər tərəfindən kütləvi şəkildə dəstəklənməsinin səbəbi də budur. Yeni Azərbaycan Partiyası sosialya siyasətbaz ritorika ilə məşğul olmayan, populist şüarlara ümid bəsləməyən, Prezident İlham Əliyevin strateji proqramlarının həyata keçirilməsində bilavasitə iştirak edən nüfuzlu və məsuliyyətli ictimai qüvvə kimi çıxış edən partiyadır.

Azərbaycanın təcrübəsində biz hakim partiya ilə cəmiyyət arasında münasibətlərin formatında, həm də hakimiyyətin strukturunda həyata keçirilmiş dəyişikliklərin nə dərəcədə dərin olmasının şahidiyik. Buna görə də 2010-cu ilin noyabr ayında keçirilmiş seçkilərdə seçicilərin Yeni Azərbaycan Partiyasını dəstəkləməsi, ilk növbədə ölkə qarşısında duran ən ümdə problemlərin həllində partiya strukturlarının rolununyerinin cəmiyyət tərəfindən qavranılmasında baş vermiş ciddi dəyişikliklərin nəticəsidir. Azərbaycan siyasi, iqtisadisosial sahələrdə öz gələcəyinin konturlarını, həyat keyfiyyətinin yüksək standartlarını, vətəndaşların siyasətdən geniş istifadə etmək imkanı olan rəqabət qabiliyyətli dövlətə çevrilmək üçün özünün dərk edilmiş istəyini dəqiq müəyyən etmişdir.

Yeni seçilmiş parlament ölkədə başlanmış məhkəmə islahatını sona çatdırmalıdır (məsələn, 2000-ci ildə qəbul edilmiş Azərbaycan Cinayət-Prosessual Məcəlləsinə əsasən ölkədə andlı iclaslar təsisatı yaradılması nəzərdə tutulmuşdur). Hakim partiya daxilində Bakı merinin seçilməsi haqqında qanunun perspektivləri müzakirə edilir (Cənubi Qafqazın digər ölkələri buna oxşar addım atmışlar). Azərbaycanın öz müsbət obrazını yaxşılaşdırması üçün onun Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına da qoşulması faydalı olar (Yeni Azərbaycan Partiyasının nüfuzlu deputatları bu məsələni də qaldırmışlar).

Aşkardır ki, Azərbaycanın milli tərəqqisinin əsasını üç baza təməlinin birləşdirilməsi təşkil edir: səmərəli dövlət, güclü vətəndaş cəmiyyəti və öz atası, ümummilli lider Heydər Əliyevin hakimiyyət ənənələrini modernləşdirmiş İlham Əliyev kimi milli lider amili. Bu halda Azərbaycan siyasi sisteminin təkmilləşdirilməsi, başqa sözlə, iqtisadiictimai tərəqqi naminə inteqrasiya edilmiş sabit hakimiyyətin vəhdətinin saxlanması gələcəyə istiqamətlənmiş daimi və dönməz təkmilləşmə prosesidir.

 

Xalq qəzeti.- 2010.- 27 noyabr.- S. 1.