Türkiyəli ədəbiyyat xadimindən Azərbaycana sevgi nümunəsi

 

"Xoşca qal, can Azərbaycan" şeiri dillər əzbəri olan şair bu sevgini "Azərbaycan şeir antologiyası" kitabında daha ucadan söyləmişdir.

 

Bu gün qardaş Türkiyənin ədəbi-mədəni həyatında ən çox adı hallanan qələm sahiblərindən biri də Əminə Sevinc Öysüzoğludur. Təsadüfi deyil ki, qardaş ölkənin ədəbiyyat və sənət adamları Əminə Sevinci "şeiri öz adına deyil, kainat adına yazan türk şairi" adlandırırlar. 37 illik ömründə çoxu beynəlxalq mükafat olmaqla 25 dəfə ədəbi mükafata layiq görülmüş şair dünyanın istənilən ölkəsindəki türkdilli insanlarla görüşməyi, onların nə düşündüyünü, necə düşündüyünü öyrənmək istəyir və çox zaman da buna nail olur. "Sevgilər gün işığında", "Yaşıl gözlərində qeyb olan dünya" və "Zamansız" kitabları (ümumilikdə 11 bədii yaradıcılıq kitabı və 4 elmi tədqiqat əsəri vardır) ona böyük ədəbi nüfuz qazandırmışdır. Hazırda Girişimçi (təşəbbüskar) Ədəbiyyat və Sənət Adamları Cəmiyyətinin baş katibidir.

Əminə Sevinc Öysüzoğlunun Azərbaycan sevgisi onun adını çəkdiyimiz əsərləri ilə bitmir. O, eyni zamanda, dövri olaraq Azərbaycan ədəbi mühitində baş verən hadisələrlə maraqlanır, peşəkar tədqiqatçı kimi bizim ədəbiyyatımızda baş verən proseslərə münasibət bildiriröz qənaətlərini mütəmadi şəkildə qəzet və jurnallarda, internet səhifələrində oxucularla paylaşır. Bu gün Türkiyədə ədəbiyyat və sənətlə bağlı olan elə bir internet səhifəsi və ya qəzet tapılmaz ki, orada Əminə Sevincin Azərbaycan sevgisi ilə bağlı hansısa material verilməmiş olsun.

Şair-tədqiqatçının Azərbaycanla bağlı məhəbbətlə dolu sonuncu sətirləri tanınmış sənət adamlarının və qələm sahiblərinin ərsəyə gətirdiyi Ədəbiyyat, Mədəniyyət və Sənət jurnalının elektron variantında oxuculara təqdim edilib. Müəllif "Çağdaş kəlam məktəbinin yaradıcısından, "Kəlamlar" adlı elmi-tədqiqat materialında azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzənin yaradıcılığı barədə əhatəli şəkildə söz açır. Soydaşımızın həyat və fəaliyyəti barədə qısaca məlumat verən müəllif sonra ayrı-ayrı kəlamları misal gətirir və onların bədii-fəlsəfi mahiyyətini türkdilli oxucular üçün şərh edir.

Əminə Sevinc yazır: "Tarixən bütün dövrlərin intellektual insanları üçün eyni sual mövcud olmuşdur: "Yazmaq, yoxsa yaşamaq?" Bu sual bütün yazıçıların beynini gəmirmişdir. Ancaq hörmətli Hacı Fərhad Mirzə bu sualların, hər ikisinə müsbət cavab verərək həm yazmağı, həm də yaşamağı incə bir şəkildə uzlaşdırmış, bu iki keyfiyyəti özündə tapan sənət adamına çevrilmişdir". Müəllifin fikrincə, bədii-elmi yaradıcılıq insan üçün çox ağır bir yük olduğuna görə bəzən istedadlı adamlar belə özünü qorumaqdan ötrü yazmaqdan vaz keçirlər. Öz bəşəri kəlamları ilə xalqına və türk dünyasına xidmət edən Hacı Fərhad isə "özünü qorumaq" fikrindən uzaqdır. Hacı Fərhadın söylədiyi "İnsan varlığının quruluşu hörümçək torundan da zəifdir. Bu torların qorunması üçün insanlıq tarixində böyük ibrətlər mövcuddur. Bir-birinizin qədrini bilinbir-birinizi qoruyun" - ifadəsi təkcə ayrı-ayrı fərdlərə deyil, bütöv bəşəriyyətə ünvanlandığına görə son nəticədə sülhə, mehribanlığa və dostluğa çağırış kimi səslənir".

Müəllifin fikrincə, Hacı Fərhad Mirzənin kəlam yaradıcılığı müasir fəlsəfi baxışları cərgəsində özünəməxsus dəyərlərə malikdir.

 

Natəvan İSMAYILLI

 

Xalq qəzeti.- 2010.- 27 noyabr.- S. 7.