Bizim peşəkar, mübariz ordumuz var

 

Qurucusu və memarı ulu öndərimiz Heydər Əliyev olan Azərbaycan Silahlı Qüvvələri son illər döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Bölgədə təcrübəli siyasi lider kimi tanınan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev daim ordu quruculuğunu diqqətdə saxlayır, hərbi təlimlərdə yaxından iştirak edir, əsgər və zabitlərimizə dəyərli tövsiyələrini verir.

 

Dövlətimizin məqsədyönlü ordu quruculuğu siyasətinin nəticəsi olaraq büdcədə hərbi xərclərin həcmi son beş ildə 10 dəfədən çox artmışdır. Bəs işğalçı Ermənistanın ordusunda real vəziyyət necədir? Səfalət və korrupsiya məngənəsində çırpınan bu orduda baş verən dəhşətli hadisələrlə bağlı xeyli müddətdir yetərli faktlar açıqlanır. Total ölüm hallarının artması və əsgərlərin işgəncələrə məruz qalması nəticəsində İrəvanın orduya olan inamı tamamilə itib. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın bununla bağlı vəziyyəti nəzarət altına almaq üçün bütün imkanlarından istifadə ediləcək deməsi də ümumi durumu nəinki dəyişdirməyib, əksinə, orduda növbəti özbaşnalıqlar qeydə alınıb. "Aravot" qəzetinin yaydığı məlumata görə, Ermənistan ordusunda daha bir intihar hadisəsi baş verib. Belə ki, Hadrut rayonunda yerləşən hərbi hissələrdən birinin əsgəri özünü öldürməyə cəhd edib. Qəzet xatırladır ki, bu il oktyabrın 3-də yenə həmin hərbi hissədə əsgər Manvel Xaçaturov özünü asmışdı. Onun bədənində xeyli zorakılıq izləri aşkarlanmışdı. Lakin buna baxmayaraq, istintaq cinayəti özünəqəsd kimi qiymətləndirib. "Aravot"un yazdığına görə, sonuncu hadisənin arxasında da işgəncə faktları dayanır və əsgər məhz bu səbəbdən özünə qəsd edib.

Orduda cərəyan edən proseslər yekunda kimlərinsə cəzalandırılmasını artıq zərurətə çevirib. Ermənistan hakimiyyəti son dövrlər baş verən hadisələrin kabusundan xilas olmaq üçün kimlərisə qurban vermək məcburiyyətində qalıb. Artıq qurbanlıq tapılıb. Bu, xeyli vaxtdır adı müxtəlif cinayət , qanunsuzluqkorrupsiya işlərində hallanan Baş Qərargah rəisi Yuri Xaçaturovdur.

"Jamanak" qəzetinin yaydığı məlumata görə, Xaçaturovun başçılıq etdiyi "Mxos" şirkəti hazırda Ermənistan ordusunu gigiyena məhsulları ilə təmin etməkdədir. İllərdən bəri toxunulmaz şəkildə hərəkət edən şirkətin bu yaxınlarda 500 min dram dəyərində vergidən yayınma halları üzə çıxarılıb.

Əhali ordudakı vəziyyətin ağırlaşmasından qorxuya düşdüyündən övladlarını hərbi xidmətə göndərmək istəmir. Burada hamı dərindən dərk edir ki, Azərbaycanın apardığı məqsədyönlü dövlət siyasəti nəticəsində Ermənistan dalana dirənmiş vəziyyətdə qalıb və Azərbaycan gücləndikcə, bu siyasət daha da sərtləşəcək, nəticədə Ermənistanın təcridi daha ağır nəticələrə səbəb olacaq. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məsələ haqqında danışarkən qeyd edib ki, "biz Ermənistanı bütün kommunikasiya imkanlarından təcrid etmişik. Artıq Ermənistan bir coğrafiiqtisadi dalandır. Digər tərəfdən, indi bizim də, onların da imkanlarına baxın. Onlar xarici yardım olmadan yaşaya bilmirlər, xaricdən gələn yardımlar, ianələr hesabına yaşayırlar. Nə qədər onlar bu cür yaşayacaqlar? Onlara o pulu, əlbəttə ki, elə-belə vermirlər. Onlara pul verənlər tələb edirlər ki, bunu belə et, onu elə et. Azərbaycandan kim nəyi tələb edə bilər?! Azərbaycan müstəqil dövlətdir, ölkəmiz öz xalqının iradəsi ilə idarə olunur.

Bu atəşkəs dövründə görün, biz hansı səviyyəyə gəlib çatmışıq, onlar hansı səviyyəyə düşüblər. Sadəcə olaraq, 16 il ərzində bax, belə böyük bir fərq yaranıb. Düzdür, 16 ildir ki, vətəndaşlarımız əziyyət çəkir, öz torpaqlarına qayıda bilmirlər. Ancaq biz onları ora qaytaracağıq. Yəni, biz daha da güclü olmalıyıq və əgər danışıqlar səmərə verməsə, istənilən anda lazımi addımları atacağıq".

Göründüyü kimi, vaxt Azərbaycanın xeyrinə, Ermənistanın isə ziyanına işləyir. İşğalçı ölkədə əhalinin dövlətə və orduya inamsızlığı üzündən çağırış yaşlı gənclər İrəvandan xaricə qaçırlar. Rusiya Müdafiə Nazirliyinin rəsmi mətbu orqanı olan "Krasnaya Zvezda" qəzetinin Ermənistanın diaspor naziri Qranuş Akopyana istinadən yaydığı son məlumata görə, ölkədə 10 min 400 nəfər həqiqi hərbi xidmətdən yayındığına görə axtarışdadır. Yeri gəlmişkən, Yuri Xaçaturovun bu günlərdə verdiyi bəyanatda da ordunun komplektləşdirilməsi sahəsində ciddi problemlərin mövcudluğundan danışılıb: "Əgər 2009-cu illərdə orduda xidmət keçmək üçün eyni sayda çağırışçı çağırılırdısa, 2010-2016-cı illərdə problemlərlə üzləşəcəyik". Ümumi statistikaya görə, son vaxtlar Ermənistan əhalisi 30 faizə qədər azalıb. Təkcə 1998-2001-ci illərdə ölkə ərazisini 1 milyondan çox insan tərk edib. Sari ildə isə 300 minədək erməni digər xarici dövlətlərə yollanmaq məqsədi ilə miqrasiya xidmətinə müraciət edib.

İqtisadi tənəzzül ölkədə yaşayanların sosial mənşəyində ciddi problemlər yaradıb. Əhalinin təbəqələşməsi prosesi özünü ilk növbədə ən çox Ermənistan Silahlı Qüvvələrində göstərir. Qarabağ ermənilərinə yuxarıdan aşağıya baxan, onları daim təzyiq və təhqid altında saxlayan İrəvan erməniləri özlərini Qarabağda xidmət etməyə, yaxud döyüşməyə borclu saymırlar. Buna görə də ayrı-ayrı hərbi hissələrdə insan itkiləri ilə nəticələnən cinayət hallarının ardı-arası kəsilmir. Bir neçə gün bundan qabaq cəbhə xəttinin cənub istiqamətində yerləşən, ermənilərə məxsus hərbi hissələrin birində baş verən fövqəladə hadisə dediklərimizə əyani sübutdur. Erməni hərbçiləri arasında baş verən atışma zamanı 20 əsgərin ölməsi, 30-dan artıq hərbçinin yaralanması işğalçı orduda bundan sonra da məlum faktların təkrarlanacağından xəbər verir.

Göründüyü kimi, Ermənistan əhalisinin psixoloji durumu kifayət qədər gərgindir və bu gərginlik öz əksini ilk növbədə işğalçı orduda tapır. Belə bir vəziyyətdə bu ordunun Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirə bilməyəcəyini indi ermənilərin özləri də yaxşı dərk edirlər. Azərbaycan Respublikasının beynəlxalq aləmdə kifayət qədər rəğbətlə qarşılanan dövlət siyasəti və ordu quruculuğu işinin ölkə başçısı tərəfindən prioritet elan olunması Ermənistanı əvvəl-axır öz qınına çəkilməyə vadar edəcək. Əks təqdirdə ordumuz xalqımızın son sözünü döyüş meydanında deyəcək.

 

İsa İSMAYILOV

 

Xalq qəzeti.- 2010.- 30 noyabr.- S. 7.