Xətai rayonunda daha bir istirahət parkı açıldı

 

Son vaxtlar Xətai rayonunda gedən abadlıq və quruculuq işlərinin dairəsi günü-gündən genişlənir. Ulu öndər Heydər Əliyevin vaxtilə "Qara şəhər" adlandırılan Bakının bu rayonun, sözün əsl mənasında, "ağ şəhərə" çevrilməsi arzusunun gerçəkləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrilə bir çox mühüm işlər görülmüşdür. Respublika Ali Məhkəməsinin binasının tikintisi, Sərhəd Akademiyasının açılışı, bir neçə istirahət parkının yenidən qurulması və tikintisi bu işlərin cüzi bir hissəsidir.

 

Bu günlərdə Zığ yolu 49 ünvanında ərazisi 12 min 800 kvadratmetr olan yeni və müasir istirahət parkının açılışı da rayonun abadlaşdırılması istiqamətində atılan növbəti addamlardandır. Son vaxtlara qədər magistral yolun kənarındakı bu bərbad bir ərazidə nə vaxtsa belə gözəl və yaraşıqlı istirahət parkının salınacağı heç ağıla belə gəlməzdi.

Əhalinin daha sıx yaşadığı əraziyə yaxın salınmış bu parkda 2500 müxtəlif ağac növü, Türkiyədən və İrandan gətirilmiş 260 ədəd palma, 3000-dən çox gül kolu əkilmişdir. 20-dən çox müasir dizaynda olan oturacağın yerləşdiyi parkda axşamlar istirahət etmək üçün işıqlandırma sistemi quraşdırılmış, 3500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınmışdır.

Parkın açılışında iştirak edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov İkinci dünya müharibəsi veteranları, ahıllar, qocalar və bura toplaşan rayon sakinlərilə görüşüb səmimi söhbət etmiş və bildirmişdir ki, dövlət başçısının uğurlu iqtisadi, siyasi inkişaf strategiyası respublikanın hər yerində böyük quruculuq və abadlıq işlərinə səbəb olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşımızda qoyduğu mühüm tapşırıqlarlardan biri ölkə əhalisinin sosial-məişət şəraitinin durmadan yaxşılaşdırılmasından və onların istirahət vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

R.Məmmədov dövlət başçısının ölkənin bütün regionları kimi Xətai rayonuna da böyük diqqət və qayğı göstərdiyini xüsusi vurğuladı.

Sakinlər son illər rayonda görülən işlərdən razılıqla danışdılar və bu inkişaf tempinin qorunub saxlanması üçün özləri də kömək göstərməyə hazır olduqlarını bildirdilər.

 

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto)

 

Xalq qəzeti.- 2010.- 30 noyabr.- S. 5.