Frankfurtda
Dünya Azərbaycanlı Gənclərinin I
Konqresi başa çatdı
Konqresdə Dünya Azərbaycanlı
Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar
təşəbbüs qrupu yaradılmışdır
Almaniyanın
Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı
Gənclərin I Konqresi noyabrın 28-də öz işini
başa çatdırmışdır.
Tədbirin
ikinci gününün birinci yarısı "Virtual həftəsonu
məktəbi"nin təqdimatı ilə
başlamışdır. Toplantını Diasporla İş
üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimov açaraq layihə barədə məlumat vermişdir.
Layihəni Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev təqdim etmişdir. O bildirmişdir ki, bütün dünya azərbaycanlılarını bir araya toplamaq üçün informasiya texnologiyalarından istifadə etmək ən müasir, səmərəli və zəruri vasitədir. O, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə yaradılan informasiya cəmiyyəti haqqında ətraflı danışmışdır. Demişdir ki, layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dilinin, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir. "Virtual həftəsonu məktəbi" xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında kifayət qədər məlumatı olmayan hər bir azərbaycanlı gəncin virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradır.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları layihənin bütün texniki incəlikləri və istifadə qaydası barədə iştirakçılara məlumat vermişlər.
Məktəbin vasitələrindən istifadə etmək üçün buraya üzv olmaq vacib deyildir. Lakin layihədə iştirak etmək və sertifikat almaq üçün hər bir istifadəçinin məktəbə üzv olması və "online" imtahandan keçməsi lazımdır.
Qeyd edilmişdir ki, bu ideya ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-19-da Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülmüşdür.
Layihə Azərbaycan Təhsil Nazirliyinin müvafiq tədris proqramları, dərs vəsaitləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test vəsaitləri əsasında hazırlanmışdır.
Layihənin geniş təqdimatından sonra suallara cavab verilmiş, təkliflər səsləndirilmişdir.
Noyabrın 28-də günün ikinci yarısında öz işini "Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası" və "İnsan hüquq və azadliqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində" məsələlərinin müzakirəsinə həsr etmişdir.
Azərbaycan Respublikasının Belçikadakı səfiri Emin Eyyubov çıxış edərək bildirmişdir ki, müxtəlif ölkələrdəki azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyası ən aktual məsələdir.
Diplomat gənclərə tövsiyə etmişdir ki, təhsil aldıqları və yaşadıqları dövlətlərdə təmasda olduqları insanlarla ünsiyyət zamanı Azərbaycanın qlobal problemlərindən danışmasınlar, çünki avropalılar sakit və sabit həyata alışdıqları üçün problemlərdən uzaq durmaq istəyirlər. "Bunun üçün də ilk olaraq onlarla dostlaşmaq, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəxindən danışmalı, evlərinizə qonaq dəvət etməlisiniz və bu cür yaranan ünsiyyət əsnasında da tədricən onların diqqətini ölkəmizin problemlərinə yönəltməlisiniz",-deyə səfir diqqətə çatdırmışdır. Səfir gənclərə savadlı və fəal insanlara çevrilməyi, bu yolla milli problemlərimizin həllinə yaşadıqları cəmiyyətin diqqətini çəkə və bu problemlərin həllinə onların dəstəyini qazana bilməyi arzulamışdır.
Azərbaycan Gənclərinin Avratlantika Təşkilatının sədri Ziya Qazıyev "Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası sahəsində problemlər və onların həlli yolları", Almaniyanın Höttinqen Universitetinin doktorantı Vüsal Məmmədov "Xaricdə yaşayan azərbaycanlı gənclərin lobbi quruculuğu prosesində iştirakı", Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov "Azərbaycanlı gənclər təşkilatlarının insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması və inkişaf etdirilməsi perspektivləri", BMT-nin Bakı ofisinin şöbə müdiri Məzahir Əfəndiyev "Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının yerli ictimai və dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əlaqələri", Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsinin üzvü, Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev "Vətəndaş cəmiyyətinin formalaşdırılmasında gənclər təşkilatlarının rolu" mövzularında məruzələrlə çıxış etmişlər.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxış edərək rəhbərlik etdiyi qurumun yaranma tarixi və bugünkü fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cəmiyyətin London, Berlin, Brüssel və Bakıda ofisləri fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni aspektdən tanıtmaqdır: "Siyasi aspektdən tanıtma deyəndə, biz, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmağı nəzərdə tuturuq. Bizim nəşrlərimiz var, kitab, jurnal və qəzet nəşri ilə məşğuluq. Azərbaycan barəsində "100 suala cavab" kitabı nəşr olunmuşdur, qəzetimiz bir sıra Avropa ölkələrinin parlament üzvlərinə paylanır. Xocalı soyqırımı haqqında nəşr etdiyimiz kitab dünyanın müxtəlif universitet və institutlarına paylanmışdır",-deyə o, məlumat vermişdir.
Tale Heydərov qeyd etmişdir ki, cəmiyyət yalnız Rusiya arxivlərində saxlanılan sənədlər əsasında ermənilərin Qafqaza, o cümlədən hazırkı Ermənistana köçürülməsi haqqında faktlar və məlumatlardan ibarət 3 cildlik yeni kitabı çapa hazırlayır. Kitabın rus variantı artıq hazırdır. Azərbaycan və ingilis dili versiyaları da tezliklə hazır olacaqdır. Bu kitab bütün dünyada yayılacaqdır. Azərbaycan və ayrıca olaraq Xocalı soyqırımı haqqında filmlər hazırlanır və gələn ilin əvvəllərində həmin filmlər Avropanın müxtəlif telekanallarında nümayiş etdiriləcəkdir. Britaniya parlamentində "Azərbaycanın mühafizəkarlar dostu" qrupu yaradılmışdır. Xocalı qətliamının tanınması üçün təkcə bu il parlamentdə 30-dan çox imza toplanmışdır. Azərbaycan diplomatiyası və diasporunun fəaliyyəti nəticəsində Britaniya parlamentində Azərbaycan lobbisi erməni lobbisindən güclüdür və ermənilər özləri də bunu etiraf edirlər. AAC siyasətçilərin və deputatların Azərbaycana səfərlərini təşkil edərək ölkəmizin tanıdılması məqsədilə layihələr həyata keçirir.
Tale Heydərov lobbiçilik işində "online" kampaniyalarının əhəmiyyətindən də danışmış və AAC-nin bu kampaniyalardan uğurla istifadə etdiyini bildirmişdir. Onun fikrincə, dünyada yaşayan soydaşlarımızı, azərbaycanlı gəncləri məhz bu cür kampaniyalara səfərbər etmək lazımdır.
Kanada Azərbaycan Əməkdaşlıq Assosiasyasının sədri İlham Axundov xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin lobbi quruculuğu prosesində iştirakı barədə çıxışı maraqla dinlənilmişdir.
Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Böyük Britaniyadakı "Sara Xatun" Cəmiyyətinin sədri Simuzər Baloğlanova, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının sədri İradə Axundova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Avropa Azərbaycanları Konqresinin prezidenti Başar Kömür və digər diaspor təşkilatları rəhbərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Müzakirələrdən sonra Dünya Azərbaycanlı Gənclərin I Konqresinin qətnaməsi oxunmuş və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir. Qətnamədə deyilir: "Azərbaycan Respublikasının son illərdə əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər bütün vətənpərvər azərbaycanlılar kimi, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə də qürur hissi doğurur. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ardıcıl islahatlar nəticəsində müasir Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Təqdirəlayiq haldır ki, bu nailiyyətlərin əldə olunmasında gəncliyin də özünəməxsus yeri və rolu var. Eyni zamanda, respublikanın artan siyasi və iqtisadi imkanları gənc nəslin təlim-tərbiyəsinin daha yüksək səviyyəyə qaldırılmasına, müasir düşüncə tərzi, universal dünyagörüşü, dərin intellektə malik kadr potensialının formalaşdırılmasına yönəlmiş layihələrin də həyata keçirilməsinə öz təsirini göstərir.
Qətnamədə vurğulanır ki, bu gün Azərbaycan gəncliyinin qarşısında bir sıra mühüm vəzifələr dayanır. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırımı aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımı müəlliflərinin ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir.
Qərara alınmışdır ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatları ilə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər gücləndirilsin, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin milli mənəvi dəyərlərə uyğun tərbiyə olunması məqsədilə Azərbaycanın elm, təhsil, gənclərlə iş, idman və mədəniyyət sahələri üzrə dövlət qurumları ilə əməkdaşlıq inkişaf etdirilsin, beynəlxalq aləmdə ümumi maraqlardan irəli gələn fəaliyyətin genişləndirilməsi məqsədlə BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilsin, müxtəlif ölkələrin yerli gənclər təşkilatları ilə işbirliyi dərinləşdirilsin.
1915-ci il hadisələri ilə bağlı ermənilərin saxta soyqırımı iddialarının beynəlxalq miqyasda ifşa edilməsi məqsədilə türkdilli gənclərin təsis etdiyi diaspor təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi də konqresin qətnaməsinə daxil edilmişdir.
Sənəddə Islam Konfransı Təşkilatının Gənclər Forumunun həyata keçirdiyi "Xocalıya ədalət - Qarabağa azadlıq" beynəlxalq kampaniyasında xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin daha fəal iştirakının təmin edilməsi istiqamətində birgə tədbirlərin görülməsi, virtual məkandakı sosial şəbəkələrdə Azərbaycanın təbliği, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən layihələrdə azərbaycanlı gənclərin daha fəal iştirakı, habelə bu tipli yeni layihələrin yaradılması, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində azərbaycanlı gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi və s. müddəalar da əksini tapmışdır.
Qətnaməyə görə, Dünya Azərbaycanlı Gənclərin I Konqresi Niderland Krallığının Den Haaqa şəhərində keçirilmiş, Azərbaycan dövləti əleyhinə, Azərbaycan xalqının milli maraqlarına qarşı yönəlmiş aksiyanı qətiyyətlə pisləyir, bu cür təşəbbüsləri separatçılıq cəhdi kimi qiymətləndirir, bütün soydaşlarımızı belə qüvvələrə qarşı mübarizə aparmağa çağırır.
Yekun sənədə əsasən, dünya azərbaycanlı gənclərin konqresləri üç ildən bir keçiriləcək və II Konqresin Moskva şəhərində keçirilməsi məqsədəuyğun hesab edilir.
Qətnamədə Azərbaycanlı gənclər təşkilatlarının diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli mənəvi dəyərlərimizin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği istiqamətində fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ideyası dəstəklənmişdir.
Konqresin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılmışdır.
Dünya Azərbaycanlı Gənclərin I Konqresinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunmuşdur. Müraciətdə deyilir:
"Biz - Dünya Azərbaycanlı Gənclərin I Konqresinin iştirakçıları xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək imkanı yaradan bu toplantının təşkilinə verdiyiniz yüksək dəstəyə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbir Azərbaycan Respublikasının gənclərin ictimai-siyasi həyatda iştirakına verdiyi xüsusi önəmin parlaq təzahürüdür.
Biz Azərbaycan Respublikasının son illər ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək bildiririk ki, bu nailiyyətlərin davam etdirilməsi, eyni zamanda, doğma Vətənin qarşısında duran bir sıra taleyüklü problemlərin həllinə öz töhfələrimizi verməyə hazırıq. İnanırıq ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan milli-mənəvi dəyərlərini qorumaqla, qloballaşan dünyaya sürətlə inteqrasiya edəcək, inkişaf etmiş ölkələrin sırasında dayanacaqdır. Ölkəmizin zəngin təbii sərvətləri, iqtisadi potensialı, yüksək intellektual imkanlara malik insani resursları və seçdiyi strateji yol belə düşünməyimizə əsas verən başlıca amillərdir.
Dünya Azərbaycanlı Gənclərin I Konqresi milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, diaspor və lobbi quruculuğu, Azərbaycan həqiqətlərinin təbliği, soydaşlarımızın yaşadığı ölkələrdə ictimai-siyasi həyata fəal inteqrasiyası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinin daha obyektiv məlumatlandırılması ilə bağlı bir sıra mühüm məsələləri müzakirə etdi. Azərbaycanlı gənclərin Vətənə məhəbbət, xalqımızın tarixi, mədəni irsi, dövlət dili və rəmzləri, mill mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, onların potensialının ölkəmizin inkişafına cəlb olunması, eyni zamanda, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi, hüquq və azadlıqlarının müdafiəsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı.
Diqqətinizə çatdırmaq istərdik ki, Konqres nümayəndələri ölkənin inkişafı və tərəqqisi, eləcə də milli diaspor quruculuğu və gənclərlə iş sahəsində Azərbaycan dövlətinin gördüyü işlərin əhəmiyyətini yüksək qiymətləndirir. Bununla yanaşı, biz hesab edirik ki, azərbaycanlı gənclər bu siyasətə daha fəal dəstək verməli, ümummilli mənafelərdən irəli gələn məsələlərin həllində daha yüksək templə iştirak etməlidir.
Dünya Azərbaycanlı Gənclərin I Konqresi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi, eyni zamanda ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan digər məsələlərdə Sizin nümayiş etdirdiyiniz qətiyyəti və prinsipial mövqeyi dəstəkləyir, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ölkənin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğalçılardan təmizlənməsi haqqında qəbul edəcəyiniz qərarı səbirsizliklə gözləyirik.
Biz - Dünya Azərbaycanlı Gənclərin I Konqresinin iştirakçıları Sizi əmin edirik ki, dünyanın hər hansı bir ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc Azərbaycan xalqının milli maraqlarının qorunması naminə bütün gücü ilə mübarizə aparmaq, Azərbaycan Respublikası Prezidentinə daim dəstək vermək əzmindədir."
Tədbirin daha bir yekun sənədi- Dünya Azərbaycanlı Gənclərin I Konqresinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət qəbul edilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Dünya Azərbaycanlı Gənclərin I Konqresinin işini yekunlaşdıraraq toplantının uğurla keçdiyini bildirmiş və bütün iştirakçıları təbrik etmişdir. Bir daha bu konqresin əhəmiyyətini vurğulayan Nazim İbrahimov tədbirin gənclərə yaratdığı ünsiyyət imkanının gələcəkdə konkret əməkdaşlıqda, səmərəli layihələrdə əksini tapacağına ümid etdiyini demişdir.
Vüqar
SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Frankfurt
Xalq qəzeti.- 2010.- 30 noyabr.- S. 6.