Xatırlama
O, poetik kinonun dilini yaxşı bilirdi
Həmişə yorğun və
qayğılı olanda
mərhum kinorejissor, əməkdar incəsənət
xadimi Arif Babayevin filmlərinə baxmaq istəyirəm. Çünki bu filmlərdə poetik bir ruh var,
onlara tamaşa edəndə sakitləşirsən,
dünyanın bütün
qayğılarından xilas
olursan. Hansının adını çəkim.
"Gün keçdi"
də, "Arxadan vurulan zərbə" də, "İnsan məskən salır"
da, "Uşaqlığın
son gecəsi" də
belə poetik ruhda köklənmiş əsərlərdir.
Arif Babayev Azərbaycanın professional kinorejissorlarından
idi. Onun milli kinomuzun
inkişafındakı xidmətləri
olduqca böyükdür.
Arif Hacıağa oğlu Babayev 1928-ci il
sentyabrın 24-də İçərişəhərdə,
Şirvanşahlar sarayının
yanındakı Qəsr
küçəsində anadan
olub. İçərişəhərin yazılmayan qayda-qanunları
altında böyüyüb.
Yaşıdları ilə top qovub,
bəzi tay-tuşlarına
qoşularaq dram dərnəklərinə
gedib. Hadisələrin sonrakı gedişi
sübut edib ki, Arifdə teatra, sənətə maraq heç də ötəri deyilmiş. Teatr texnikumuna daxil
olan Arif peşəkar səhnəyə
çox erkən yaşlarında çıxıb.
Dövlət Gənc Tamaşaçılar
Teatrında çalışan
böyük aktyorumuz Ağadadaş Qurbanov rejissor kimi quruluş
verdiyi "İbrət"
tamaşasında Arifə
epizodik rol tapşırır. Moskvada
təhsil alan
ilk milli teatr rejissorlarımızdan sayılan
Ağaəli Dadaşov
da gənc oğlana kiçik rollar etibar edir.
Arif Babayev "Məlikməmməd", "Qaraca
qız" tamaşalarında
epizodik rollar oynayır.
1946-cı ildə Arif
Babayevin həyatında
mühüm hadisə
baş verir. Azərbaycan
Dövlət Teatr İnstitutu teatr texnikumunun bazası əsasında formalaşdırıldığından
Arif Babayev də mexaniki olaraq bu ali məktəbin tələbəsi sayılır
və görkəmli pedaqoq, rejissor və aktyor Mehdi Məmmədovun kursunda təhsil alır. Qoqolun "Müfəttiş" tamaşasını hazırlayarkən
rol bölgüsündə
müəllimi onu da nəzərə alır. Arif Qorodniçi obrazını
oynayır. 1953-cü ildə Teatr İnstitutundan rejissorluq diplomu qazanan A.Babayev Naxçıvan teatrına göndərilir.
Gənc rejissor həmin teatrın səhnəsində
Qoqolun "Evlənmə"
pyesinə quruluş verir. Qısa müddətdən sonra Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında
rejissor kimi işə düzəlir.
1956-cı
il fevralın
14-də milli televiziyamız
ilk verilişləri ilə
efirə çıxır.
Çox
keçmir ki, Arif Babayevin teatrdakı karyerası başa çatır.
Onu yeni yaranan televiziyaya
işə dəvət
edirlər. Televiziya rejissoru
kimi öz istedadını sübut etmək üçün Arifə o qədər də çox vaxt lazım olmur. 1959-cu ildə
onu televiziyanın baş rejissoru təyin edirlər.
Bu illər ərzində
"Bizim şəhərin
uşaqları", "Respublika
haqqında hekayət",
"Biz arzulayanlar nəslindənik"
sənədli filmlərini
çəkir, Musa Cəlilin
"Moabit dəftəri",
Taras Şevçenkonun
"Kor qadın",
Rəsul Rzanın
"Qanun", Mehdi Hüseynin "Səhər"
əsərləri əsasında
canlı televiziya tamaşaları hazırlayır.
Bu arada onu
Moskvaya ezam edirlər. Mərkəzi televiziyada çalışanlara
əsl televiziya rejissorunun necə olmasını göstərən
Arif Babayev "Rejissor pultunun Paqaninisi" titulunu alaraq yenidən Bakıya dönür.
Arif Babayev 1964-cü ildə əməkdar incəsənət
xadimi fəxri adına layiq
görülən ilk televiziya
işçisi kimi tarixə düşür.
Sonradan, 1964-cü ildən
"Azərbaycanfilm" kinostudiyasına
dəvət alır. Arifin illərdən
bəri ürəyində
gəzdirdiyi arzusu çin olur.
İmran Qasımovun ssenarisi ilə lentə alınan "Kimi daha çox sevirik?" almanaxına daxil olan "Zirvə" adlı qısametrajlı bədii
filmi sənət zirvəsi sayılmasa da, Arif Babayevin
kinoda ilk işi idi. "Zirvə" A.Babayevin Azərbaycan kinosuna bəxş etdiyi 9 filmin ilkidi.
O, kinorejissor kimi "İnsan məskən salır" (1966), (ssenari
müəllifi İmran
Qasımov), "Uşaqlığın
son gecəsi" (1970), (ssenari
müəllifi Maqsud İbrahimbəyov),"Gün
keçdi" (1972), "Ömrün
ilk saatı" (1975), "Alma almaya bənzər"
(1976), "Arxadan vurulan
zərbə" (1978), "Bizi bağışlayın"
(1980), "Birisigün gecəyarısı"
(1981), filmlərinə quruluş
verib.
Cəmi 54 il yaşamağa gücü çatan Arif Babayev 9 film çəkə bildi. Kinodakı xidmətlərinə görə, respublika dövlət mükafatı laureatı oldu, sonuncu filmi - "Birsigün gecəyarısı" ona SSRİ Təhlükəsizlik Komitəsinin "Ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə" mükafatını qazandırdı. Bu mükafatı alan ilk azərbaycanlı rejissor kimi tarixə düşdü. Amma bütün böyük rejissorlar kimi Arif Babayev də təltifləri, aldığı, ala biləcəyi mükafatlarla deyil, çəkdiyi ekran əsərləri ilə yadda qalıb. "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Arxadan vurulan zərbə" filmləri onun necə böyük istedad sahibi olduğunu sübut edib. O, bu filmlərlə milli kinomuza öz möhürünü vurub.
Maraqlıdır ki, sovet dövrünün rəsmi və qeyri-rəsmi qaydalarına görə, əlində Moskvada ali kinorejissor təhsili aldığını sübut edən diplom alanlar film çəkmək üçün illərlə növbə gözlədiyi halda, Arif Babayev üçün hər iki-üç ildən bir "yaşıl işıq" yanırdı. Ondan ali kinorejissorluq təhsili barədə sənəd tələb etməyə heç kimin cürəti çatmırdı. Arif Babayev istehsalat filmi çəkəndə, o dövrün terminləri ilə desək zəhmət adamlarının həyatını ekrana gətirəndə də ("İnsan məskən salır"), dedektiv əsəri ekranlaşdıranda da ("Arxadan zərbə"), çekistlərin həyatından bəhs edən filmə quruluş verəndə də ("Birisigün gecəyarısı") əsl istedad sahibi olduğunu sübut edə bildi.
İçərişəhərdə doğulan, İçərişəhər sevgisini son nəfəsinə qədər ürəyində gəzdirən Arif Babayev milli kinomuzda İçərişəhərin tərənnümçüsü, poetik kinonun yaradıcısı sayılır.
Onun əziz xatirəsi sənətsevərlərin, Azərbaycan xalqının xatirəsində əbədi olaraq yaşayacaqdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 2 oktyabr.- S. 8.