Masallı: taxılçılığa maraq artırılır

 

Hazırda dünya miqyasında ərzaq təhlükəsizliyi, əhalinin qida məhsullarına tələbatının ödənilməsi məsələləri bütün ciddiliyi ilə özünü göstərir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın ölkəmizdə uğurlu icrası bu baxımdan nikbinlik yaradır. Masallı rayonunda mövcud əkin sahələrinin səmərəli istifadəsi və 2011-ci ilin məhsulu üçün əkinə hazırlıq işlərinin sürətləndirilməsi ilə bağlı ümumrayon müşavirəsində bu fikirlər geniş əksini tapmış və mühüm vəzifələr müəyyənləşdirilmişdir.

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev müşavirəni açaraq taxılçılığın inkişafı ilə əlaqədar hökumətin tövsiyələrinin əhəmiyyətindən bəhs etmiş, bu sahədə rayonda aparılan işgüzar təhlillərin aspektlərini diqqətə çatdırmışdır. Natiq rayonda taxıl əkini sahələrinin genişləndirilməsi zərurətini konkret faktlarla əsaslandırmış və bu sahədə maarifləndirici tədbirlərin faydalı olduğunu bildirmişdir.

Məsələ ilə bağlı icra hakimiyyəti başçısının müavini İsa Nuriyevin məruzəsi dinlənilmişdir.

O qeyd etmişdir ki, Masallı rayonu əhalisinin illik 20 min ton una ehtiyacı olur. Bundan ötrü isə 26 min ton taxıl gərəkdir. Dövlətin göstərdiyi qayğı və torpaq adamlarının işgüzarlığı sayəsində həmin tələbat tam ödənilə bilər. Bunun bariz nümunəsi 2009-cu ildə əldə edilmiş nəticələrdir. Belə ki, həmin il rayonda ilk dəfə olaraq 26 min 840 ton taxıl məhsulu əldə edilmişdir.

Cari ildə bəzi obyektiv və subyektiv səbəblər üzündən məhsuldarlıq müəyyən qədər azalsa da, bundan sonra taxılçılıqda göstəriciləri ilbəil artırmaqdan ötrü böyük potensial mövcuddur.

Sonra Masallı Melioservis İdarəsinin rəisi Maşalla Kərimov, "Aqroservis" ASC-nin rayon şöbəsinin sədri Qafil Məmmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin müdiri Hamil Hadıyev, Qəriblər bələdiyyəsinin sədri İldırım Allahyarov və başqaları əkin strukturunda taxılçılığın artırılması, digər sahələrin də inkişafı ilə bağlı fikirlərini söyləmiş, təkliflər irəli sürmüşlər.

Müşavirədən sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini İsa Nuriyev qəzetimiz üçün müsahibə vermişdir.

- Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və uğurla həyata keçirilmiş aqrar islahatlar əhalinin ərzaq məhsulları ilə təminatına etibarlı zəmin yaratmışdır. Ölkədə qeyri-neft sektorunun inkişafına göstərilən qayğının təzahürü olaraq 2007-ci il yanvarın 23-də imzalanmış Prezident sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına, taxıl əkininin stimullaşdırılması və əkin sahələrinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsi vəsaitindən kompensasiya ödənilməsi təmin edilmişdir. Bu, 2008-2015-ci illərdə Azərbaycan Respublikası əhalisinin ərzaqla etibarlı təminatına dair Dövlət Proqramının həyata keçirilməsində başlıca amilə çevrilmişdir. Ötən il dünyanı bürüyən iqtisadi böhran, qeyri-normal təbiət şəraiti, qlobal istiləşmə və sair kənd təsərrüfatı məhsullarının istehsalında müəyyən gerilik yaratmış, inkişaf etmiş Avropa dövlətləri belə böhranın acısını dadmışlar. Amma Azərbaycan iqtisadiyyatında aparılan düzgün islahatların sayəsində iqtisadi böhran ölkəmizdən yan keçmiş və dövlətimiz kənar köməyə ehtiyac duymamışdır. Öz qüvvələrimizlə təbii fəlakətlərin nəticələri aradan qaldırılmış və iqtisadiyyatımız daha da genişləndirilmişdir.

Azərbaycan əhalisinin ərzaq təminatında heç bir problem yaşanmamışdır.

Cari ilin məhsulu üçün ötən ilin payızında həyata keçirilən əkin kampaniyası dövründə güclü leysan yağışlarının yağması üzündən şum vurulması gecikmiş və aprel-may aylarında havaların kəskin istiləşməsi, bundan sonra temperaturun qəfildən 8-10 dərəcə aşağı düşməsi və güclü yağışlarla müşayiət edilməsi bitkilərdə erkən oyanmaya, paz, qarasürmə kimi xəstəliklərin yaranmasına səbəb olunmuşdur. Bu da öz növbəsində taxılın məhsuldarlığına mənfi təsir göstərmişdir. Bütün bunlarla bərabər, Masallıda kənd təsərrüfatı işlərinin optimal müddətdə başa çatdırılmasından ötrü lazimi sayda texnika və avadanlıq var, başlıcası isə yüksək ovqat hökm sürür. Ötən il "Aqrolizinq" vasitəsilə rayona altı ədəd şum traktoru, dörd ədəd təkərli traktor gətirilmişdir. Əmlak payı kimi sovxoz və kolxoz mülkiyyətindən təsərrüfatlarda qalan 53 ədəd şum traktoru, 84 ədəd mala, 45 ədəd taxılsəpən, 126 ədəd kotan hazırda payızlıq şumun vurulması və taxıl əkilməsi işinə cəlb edilmişdir. Bundan əlavə, 156 ədəd MTZ-80 markalı təkərli traktor da şum işlərinə qoşulmuşdur. Hazırda cəmi 209 ədəd texnika vacib işlərin aparılmasını təmin edir.

Rayon aqroservis xidməti fərdi təsərrüfatlarda, pay torpaqlarında şum işlərinin aparılmasında texniki qulluq göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı əsasında kənd təsərrüfatı və iqtisadi inkişaf nazirliklərinin birgə hazırladığı texniki xidmət işlərinin kalkulyasiya qiymətlərinə uyğun aparır. Təkcə 2009-cu ildə cari ilin məhsulu üçün rayon aqroservis xidməti müəssisəsi 1000 hektardan artıq şum işi aparmış və gübrələri vaxtlı-vaxtında əkinçilərə çatdırmışdır.

Lakin iki ilin göstəriciləri təhlil olunduqda rayonun bir neçə ərazisində şum işlərinin geridə qalması halları müşahidə edilir. Bu, müşavirədə müvafiq ərazi nümayəndəliklərinin diqqətinə çatdırıldı ki, gerilik az müddətdə aradan qaldırılsın və növbəti əkin kampaniyası başlanana qədər bütün sahələrdə tam şumlanma təmin edilsin.

Hazırda Masallıda 202 minədək əhali yaşayır, 72 min hektar torpaq sahəsi var, 154 qaçqın və məcburi köçkün ailəsi- 454 nəfər ailə üzvü burada məskunlaşmışdır. Rayonda hər kvadrat-kilometrə 286 nəfər düşür ki, bu da ən çox sıxlığın olması deməkdir. Belə olduğu halda biz nəinki əldə olan əkin fondundan, həmçinin yaxın ərazilərdəki dövlət ehtiyat fondu torpaqlarından da səmərəli istifadə etməyə çalışmalıyıq.

Masallının 25 min hektar əkin fondu mövcüddur. 2006-cı ilə kimi bu fondun 15-16 min hektarından istifadə edilirdi. Lakin əkinçilərə dövlət kompensasiyalarının verilməsi torpaq adamlarını ruhlandırmış, bunun da nəticəsi olaraq istifadə edilən əkin fondu 18 min 36 hektara çatmışdır. Amma bu da bizi qane etmir. İstifadəsiz qalan sahələr vaxtilə çayçılıq təsərrüfatlarına aid idi, indi isə yalnız heyvandarlığın inkişafı üçün örüş və biçənək kimi istifadə edilir. Halbuki, rayonumuzun torpaqları çox məhsuldar torpaqlardır və şum vurulmadan, örüş kimi istifadəsi, ya da ki, herik kimi saxlanılması həmin torpaqların tərkibinin keyfiyyət quruluşunun dəyişməsinə təsir edə bilər. Ya sahə şumlanıb herikə saxlanılmalı, ya da növbəli əkin üsulu ilə istifadə edilməlidir.

Rayonumuzda tərəvəzçilik yüksək sürətlə inkişaf edir. Hər bir tərəvəz sahəsində taxılın növbəli əkin qismində əkilməsi məqsədəuyğun olardı. Xatırladım ki, 2008-2009-cu illərdə Masallıda badımcan əkinlərində kökquruma xəstəlikləri mövcud idi. Respublika üzrə aidiyyəti orqanların, müvafiq laboratoriyaların rəyi ilə müəyyənləşdi ki, torpaq payçıları xəstə bitki toxumu götürmüş və eyni sahələrdə uzun müddət həmin toxumlarla əkin aparmışlar. Beləliklə də məhsulda xəstəlik genişlənmişdir. Həmin sahələrdə ardıcıl olaraq iki il taxıl əkməklə növbəti əkin tətbiq edilməsi tövsiyə olundu. Bu, özünü doğrultdu və sözügedən sahələrdən artıq yetərincə yüksək məhsuldar badımcan yığılmışdır.

Bu gün dünya miqyasında müəyyən taxıl qıtlığının yaranması və birjalarda qiymətlərin iyun ayına nisbətdə 3-4 dəfə yüksəlməsi müşahidə olunur. Buna görə də biz bu sahədə işimizi möhkəm tutmalı, qabaqlayıcı tədbirlər görməli, əkin strukturunda düzəlişlər aparmalıyıq. Doğrudur, ölkəmizin taxıl ehtiyatı fondu növbəti biçin mövsümünə qədər əhalinin ehtiyaclarını təmin edir, hətta əlavə rezervlər də var. Amma dövlət səviyyəsində taxılçılığı daha da genişləndirmək vəzifəsi qarşıya qoyulmuşdur və biz də elə etməliyik ki, gələcəkdə çörək sarıdan heç bir narahatlığımız olmasın. Elə müşavirəni keçirməkdən də məqsəd Nazirlər Kabinetinin 26 iyul və 22 sentyabr 2010-cu il tarixli, habelə Kənd Təsərrüfatı Nazirliyinin 13 avqust 2010-cu il tarixli məktublarından irəli gələn vəzifələrin icrası üçün rayonda əlverişli mühit və zəmin yaratmaqdır.

Rayon rəhbərliyi respublikada taxıl toxumu istehsal edən şirkətlərlə danışıqlar aparmış, həmin toxumlar sahibkarlar vasitəsilə rayona göndərilmiş və ərazi nümayəndələri, bələdiyyələr vasitəsilə yerlərə çatdırılmışdır. Hər bir əkinçi öz kəndində yetərincə toxumla təmin oluna bilər. Eyni zamanda, rayon rəhbərliyinin təşəbbüsü ilə Viləş çayının məcrasının genişləndirilməsi, çayın deltasının təmizlənməsi ilə əlaqədar 3 min hektardan artıq torpağın su altında qalması təhlükəsini də aradan qaldırırıq. Bu işlər oktyabrın ortalarına qədər tam başa çatacaq və əlavə sahələr torpaq payçılarının, mal-qara saxlayan camaatın istifadəsinə verilmiş olacaq.

Taxılçılığın genişləndirilməsinə dair tapşırıqların icrası, 2011-ci ilin əkin kampaniyasının yüksək mütəşəkkilliklə həyata keçirilməsi və rayonun əkin fondundan səmərəli istifadə olunması üçün icra hakimiyyətində tədbirlər planı hazırlanmış, bütün sahələrin təmsilçilərinin bu aksiyada fəallığının təmin olunması nəzərdə tutulmuşdur. Məsələn, istifadə edilməyən pay torpaqları vətəndaşların arzusu ilə və iştirakı təmin olunmaqla icarəyə verilə bilər. Bu zaman onlara icarə haqları istəklərinə uyğun olaraq dəyər ifadəsində, yaxud natural şəkildə ödəniləcəkdir. Bütün bunlar taxılçılığın inkişafı, torpağa qayıdış, vacib istehsala maraq və stimul baxımından faydalı olacaqdır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzet.- 2010.- 2 oktyabr.- S. 3.