Seyfəddin QƏNDİLOV-80
Ömür kitabından səhifələr
Həyatından, fəaliyyətindən,
taleyin bəxş etdiyi uğurlardan məmnun olmaq, bir şəxsiyyət
kimi geniş ictimaiyyətin hörmət və rəğbətini
qazanmaq hər bir insana nəsib olmur. Respublikanın
hüdudlarından çox-çox uzaqlarda tanınan, Azərbaycanın
ictimai-siyasi və mədəni həyatında yaxından
iştirak edən əməkdar elm xadimi , Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının sabiq rektoru, Dövlət Qulluğunu
İdarəetmə Şurasının sabiq üzvü, mərhum
professor Seyfəddin Mir Tağı oğlu Qəndilov bu mənada
xoşbəxt adam idi...
Tərtər
rayonunda dünyaya göz açan Seyfəddin Qəndilov ailələrinin
yaşayış yerini dəyişməsi ilə əlaqədar
ilk təhsilinə Bakıda 190 saylı orta məktəbdə
başlamış, atası müharibəyə getdikdən
sonra 1941-ci ildə dədə-baba yurdu doğma Tərtərə
qayıtmış və orada orta təhsil almışdır.
Mədəniyyət və incəsənət beşiyi
Qarabağın ictimai mühiti gənc Seyfəddində
güclü mütaliəyə, elmə, şeirə, sənətə,
özfəaliyyətə hədsiz maraq yaratmışdı. Məktəbdə
keçirilən tədbirlərdə onun ifasında şeirlər,
poemalardan , dram əsərlərindən parçalar dinləyicilərin
qəlbini riqqətə gətirirdi. İctimai işlərdə
yüksək təşkilatçılığı,
yaşıdları arasındakı nüfuzu, onları öz ətrafına
toplamaq bacarığı, idman yarışlarında fərqlənməsi,
humanitar fənlər üzrə dərnəklərdəki
çıxışları, gözəl və rəvan nitqi,
ədəbi dilin tələblərinə uyğun zəngin
söz ehtiyatına malik olması ona böyük hörmət
qazandırmışdı.
O,
orta məktəbi əla qiymətlərlə bitirib 1948-ci ildə
sənədlərini Azərbaycan Dövlət Universitetinə
verir. Qəbul imtahanı zamanı suallara əhatəli, məntiqli,
dolğun, elmi cəhətdən əsaslandırılmış
cavabları görkəmli ədəbiyyatşünas alim Cəfər
Xəndanı razı salır və alim ona tarix fakültəsinin
fəlsəfə şöbəsində oxumağı məsləhət
görür. Qaynar universitet həyatı, tələbəlik
qayğıları, alimlərin diqqətçəkən
mühazirələri, seminar məşğələləri
onu öz ağuşuna alır. Rəngarəng ictimai tədbirlər,
ayrı-ayrı fakültələrdə oxuyan tələbələrlə
dostluq əlaqələri bir-birindən unudulmaz xatirələrin
səlnaməsini yaradır.
Seyfəddin
Qəndilov təhsil əlaçısı kimi tələbə
yoldaşlarından fərqlənir, komsomol katibi seçilir.
Keçirilən tədbirlərdə fəal iştirakı
fakültə dekanlığıının , rektorluğun
diqqətindən yayınmır. Universiteti fərqlənmə
diplomu ilə bitirən ictimaiyyətçi kimi tarix
kafedrasında aspiranturada saxlanılır.
"1926-1929-cu
illərdə Azərbaycan rəhbərliyində gedən
daxili siyasi mübarizələr, hakim partiya daxilində gedən
siyasi proseslər" mövzusunda namizədlik dissertasiyası
üzərində işləyir. Həyatında əvəzsiz
rolu olan görkəmli elm xadimi, akademik Yusif Məmmədəliyevin
məsləhət və qayğısı ilə işlədiyi
kafedraya müəllim-assistent təyin edilir.
Seyfəddin müəllim 1958-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini alır. İctimai elmlər kafedralarının möhkəmləndirildiyi bir vaxtda Azərbaycan Pedaqoji İnstitutunun rektoru Mehdixan Vəkilovun təşəbbüsü ilə həmin instituta keçir. Bir müddətdən sonra o, yenidən ADU-ya qayıdır. 1967-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra mərkəzi mətbuatda, televiziya və radioda müntəzəm elmi-publisist mövzuda çıxışlar edir. Müsahibələri, beynəlxalq həyata dair siyasi icmalları, sülh, Avropa təhlükəsizliyi, milli azadlıq hərəkatları, Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsinin problemlərinə dair əsaslı ümumiləşdirmələri ictimaiyyətin diqqətini cəlb edir. SSRİ-nin aparıcı elm ocaqlarında, Berlinin, Varşavanın, Vratslavın, Qdanskın, Sarayevonun, Təbrizin və Tehranın məşhur universitetlərində oxuduğu mühazirələr Seyfəddin müəllimin beynəlxalq elmi ictimaiyyət arasında hörmət və nüfuzunu artırır. "Azərbaycanda partiya quruculuğuna dair", "Sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərkisilah məsələlərinə dair", "Sülh proqramının həyata keçirilməsi uğrunda mübarizə", "Milli azadlıq hərəkatı və müasir dövr", "Avropa təhlükəsizliyi", "XX əsr. Siyasi tarix" kimi kitab və monoqrafiyalarını nəşr etdirir.
Seyfəddin müəllim respublika Təhsil Nazirliyində ictimai elmlər üzrə fəaliyyət göstərən Elmi Metodik Şuraya uzun illər sədrlik etmiş, bir sıra dərsliklərin, "Ali məktəblərdə humanitar elmlərin tədrisi və tədqiqi konsepsiyası"nın, "Humanitar elmlər üzrə ali təhsilin istiqamət və ixtisaslarına dair dövlət standartları"nın çapdan buraxılmasına gərgin əmək sərf etmişdir. Bununla paralel olaraq, elmi-pedaqoji kadrların hazırlanmasına da ciddi tələbkarlıqla yanaşmış, 20-dən artıq elmlər namizədinin, 5 elmlər doktorunun rəhbəri, çoxsaylı müdafiə işlərinin opponenti, məsləhətçisi olmuşdur.
Akademik Vahid Hacıyev Seyfəddin müəllim haqqında yazır: "Azərbaycanın görkəmli alimi, siyasətçisi, ictimai xadimi Seyfəddin Qəndilovu uşaqlıq illərindən tanıyıram. Eyni məktəbin müxtəlif siniflərində təhsil almışıq. Onda şəxsiyyətin formalaşması üçün vacib şərtlərdən olan ziyalılıq duyğusu var idi. Məktəbdə elə iclas, elə tədbir olmurdu ki, orada Seyfəddinin savad və qabiliyyətindən, çalışqanlığından bəhs olunmasın..."
Mərhum akademik Fuad Qasımzadə isə öz fikrini belə ifadə etmişdir: "Seyfəddin müəllim tarixçi alim, yüksək ixtisaslı, bacarıqlı elm və təhsil təşkilatçısı kimi böyük nüfuza malikdir... İdarəçiliyin, dövlət quruculuğunun tarixinə dair dərin məzmunlu, maraqlı, sanballı əsərləri var. Təbliğatçılığıına, mühazirəçilik, natiqlik bacarığına isə söz ola bilməz... Ona qulaq asmaqdan doymursan..."
Seyfəddin müəllimin keçdiyi ömür yolu çoxlarına nümunə ola bilər. O, gənc yaşlarından Azərbaycan cəmiyyətində özünü müdrik, insanların qayğısına qalan, xalqının adət-ənənələrinə son dərəcə sadiq, milli dəyərləri yaşadan və yeni çalarlarla zənginləşdirən bir şəxsiyyət kimi tanıtmışdı.
Seyfəddin müəllim komsomol katibi olanda da, sıravi müəllim işləyəndə də, Azərbaycan Pedaqoji İnstitutunun, Azərbaycan Dövlət Universitetinin və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun müvafiq kafedralarına rəhbərlik edəndə də özünü xalqının ziyalısı, müəllimi, hamının yaxın dostu, yoldaşı, tələbələrinin mənəvi valideyni kimi göstərmişdi.
Azərbaycanda islahatların geniş vüsət aldığı bir dövrdə ölkənin dinamik və proporsional inkişafını təmin etmək üçün kadr hazırlığı siyasətini diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması və bu ali təhsil ocağına əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun rektor təyin edilməsi barədə fərman imzaladı. Bu fərmanın tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Seyfəddin müəllimin bilavasitə rəhbərliyi ilə aparılın ardıcıl və məqsədyönlü işlər öz bəhrəsini verməyə başladı . İlk növbədə, akademiyanın pedaqoji kollektivində sağlam mənəvi iqlim yaradıldı, təsadüfi, işinin öhdəsindən lazımınca gəlməyən, əməli fəaliyyətində qəbahətlərə yol verən və müəllim adına ləkə gətirənlər bu təhsil ocağından uzaqlaşdırıldılar. Akademiyada təmir, yenidənqurma, abadlıq işləri ilə yanaşı, pedaqoji proses və xarici ölkələrin müvafiq ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi paralel aparıldı. Bir çox dövlətlərlə, o cümlədən Türkiyə, MDB-yə daxil olan bir sıra ölkələrlə, Fransa, Kanada ilə əlaqələr yaradıldı. Tədris planlarının zamanın tələbləri səviyyəsində tərtibi təmin olundu, elmi tədqiqat işlərinin başlıca istiqamətləri işlənib hazırlandı. Son iki ildə "Heydər Əliyev və dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" mövzusunda keçirilən elmi-praktik konfransın materialları əsasında "Dövlət idarəçilik məktəbi", Azərbaycanın dövlət müstəqilliyinin on illiyinə həsr olunmuş elmi sessiyanın materialları əsasında "Suverenlik, demokratiya, dövlət idarəçiliyi", "Dövlət idarəçiliyi: sosial-iqtisadi aspektlər", "Dövlətçilk təfəkkürü idarəçilik məharəti", "Azərbaycan Respublikasının Prezidenti yanında DİA-nın 10 illiyi", "Dövlət idarəçilik nəzəriyyəsi" kitabları işıq üzü görmüşdür.
Akademiyada yaradılan "Heydər Əliyev dövlət idarəçilik məktəbi"inin dinləyiciləri qarşısında respublikanın görkəmli ictimai-siyasi xadimlərinin, nazirlərin və Milli Məclisin üzvlərinin, tanınmış elm xadimlərinin maraqlı çıxışları təşkil edilir. Burada dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmləndirilməsi baxımından keçirilən rəngarəng tədbirlər idarəçiliyin, xüsusən də məmur əməyinin zamanın tələblərinə uyğun olaraq, əməli cəhətdən yüksək səviyyədə formalaşmasına öz müsbət təsirini göstərir. Elitar bir təhsil ocağının rektoru kimi Seyfəddin müəllim onu narahat edən problem və qayğıları özünün zəngin təcrübəsi sayəsində yoluna qoyurdu. Görkəmli bir elm təşkilatçısı kimi professor-müəllim heyəti ilə əlaqəli şəkildə işləyir, hamıya göstərdiyi ehtiram, mehribanlıq, sadəlik və yoldaşlıq duyğuları onun tələbkarlığını daha da rövnəqləndirirdi.
Azərbaycan fəlsəfi fikir tarixində əvəzsiz xidmətləri ilə tanınan, çoxsaylı əsərlərini özündən sonrakı nəsillərə mənəvi sərvət qoyan, hikmətli kəlamları elmi məclislərin bəzəyi olan, zəmanəsinin ən görkəmli əxlaq nəzəriyyəçilərindən biri kimi soydaşlarının qəlbində əbədi heykəlini ucaldan filosof alim Ziyəddin Göyüşov "Daxilə pəncərə" əsərində qeyd edir ki, hər insan ömrü bir kitaba bənzəyir. İnsanın doğulması bu kitabın titul vərəqidir, körpəlik illəri bu kitabın girişidir, sonrakı şüurlu həyatı və davranışları bu kitabın əsas məzmunudur... Kitabın süjeti və məzmunu bilavasitə müəllifdən asılı olduğu kimi, insan ömrünün də əsas məzmunu xeyli dərəcədə onun özündən asılıdır.
Seyfəddin müəllimin ömür yolu nurlu bir kitabdır. Bu kitabın bütün dünyəvi elmləri özündə ehtiva edən biri-birindən gözəl, maraqlı, həm də oxunaqlı fəsilləri var. O fəsillərin hər biri insanlara müdriklik, bəşərilik, mənəviyyatlılıq, çətin məqamlarda dözümlü, dəyanətli olmaq, el-obaya və Vətənə sevgi, doğma yurda məhəbbət, kökəbağlılığı yaşadan və nəsillərə ərməğan edən vətəndaşlıq mövqeyi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinin başlıca meyarı sayılan azərbaycançılıq aşılayır.
Ziyəddin MƏHƏRRƏMOV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının
dosenti, filologiya elmləri
üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2010.- 3 oktyabr.- S. 7.