Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı: müasir təhsil standartları diqqət mərkəzindədir

 

Cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında ali təhsilin müstəsna rolu vardır. Məhz buna görə də təhsili millətin gələcəyi adlandıran ümummilli liderimiz Heydər Əliyev respublikamızda ali təhsilin inkişafına, onun cəmiyyətin tələbatına uyğun təkmilləşdirilməsinə və keyfiyyətinin yüksəldilməsinə ciddi önəm verirdi.

 

Bu gün ölkəmizin pedaqoji kadrlara olan tələbatının ödənilməsində ulu öndərin 13 iyun 2000-ci il tarixli fərmanı ilə yaradılmış Azərbaycan Müəllimlər İnstitutu və onun regionlardakı filiallarının xüsusi yeri vardır.

Qloballaşma prosesinin getdikcə gücləndiyi müasir dövrdə ali təhsilin qarşısında duran əsas vəzifələrdən biri istənilən şəraitdə, dünyanın hər yerində işləyə bilən yüksək ixtisaslı, rəqabət qabiliyyətli mütəxəssislər hazırlanmasını təmin etməkdir. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı da bu istiqamətdə bütün lazımi tədbirləri həyata keçirir.

AMİ-nin Mingəçevir filialı 10 il bundan öncə öz işinə ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə cəmi 62 tələbə ilə başlayıb.

2009-2010-cu tədris ilində Mingəçevir filialında 5 ixtisas üzrə əyani şöbədə 480 tələbə, qiyabi şöbədə 98 tələbə təhsil almışdır. Yay imtahan sessiyasında tələbələrin müvəffəqiyyət göstəricisi - 94 faiz olmuşdur. Məzunlardan 8 tələbə institutu fərqlənmə diplomu ilə bitirmişdir, 13 nəfər bu il respublikamızın müxtəlif ali məktəblərinin magistratura pilləsinə qəbul olmuşdur. Mingəçevir filialında 3 fakültə - pedaqoji, ibtidai təhsil, ixtisasartırma və yenidən hazirlanma fakültəsi, beş kafedra - riyaziyyatinformatika, Azərbaycan dili və ədəbiyyat, xarici dillər, pedaqogikaictimai fənlər, təbiət fənləri kafedraları fəaliyyət göstərir.

2008-2009-cu tədris ilindən başlayaraq AMİ-nin Mingəçevir filialına qəbul olunan tələbələr kredit sistemi ilə təhsil alırlar. Kredit - fənnin mənimsənilməsinə ayrılan vaxtın və ona sərf olunan əməyin ölçü vahidi kimi nəzərdə tutulur. Başqa sözlə, kredit təhsilin nəticələrini müqayisə etmək üçün Avropa məkanında ali təhsildə qəbul olunmuş vahid ölçüsüdür. Azərbaycan təhsil sisteminin Bolonya prosesinə qoşulması bizim qarşımızda yeni imkanlar açmaqla yanaşı, işimizdə daha məsuliyyətli olmağı tələb edir.

Kredit sistemi ali təhsildə demokratik prinsiplərin bərqərar olmasını, ədalətliliyi və obyektivliyi, nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəldilməsini təmin etdiyindən Bolonya prosesində bu prinsipin xüsusi yeri vardır. Kredit sistemi ilə təhsil alan hər bir tələbənin özünün fərdi tədris planı var. Tələbəyə fənlərin öyrənilməsi ardıcıllığını müəyyənləşdirməyə imkan yaradılır, tələbəyə müəllim seçmək hüququ verilir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il yanvarın 31-də imzaladığı "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı bu istiqamətdə aparılan işlərin sürətlənməsinə təkan vermişdir.

AMİ-də və onun filiallarında olduğu kimi biz də təhsilin məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, ölkənin təhsilinin Avropa təhsil məkanına inteqrasiyası məqsədilə dünyanın qabaqcıl ali məktəbləri ilə təhsil əlaqələri qurmağa çalışırıq. Bu ilin aprel ayında AMİ-nin bir qrup əməkdaşı başda institutun rektoru Aqiyə xanım Naxçıvanlı olmaqla Fransanın ali təhsil ocaqlarında olmuş, onların təcrübələrini öyrənmişlər. Bu əlaqələrin davamı olaraq iyun ayında Versal Akademiyasının direktoru Jan Pyer Şevalye, xarici əlaqələr üzrə prorektor madam Liliyan Le Pesan AMİ-nin Mingəçevir filialında olmuş, professor-müəllim heyəti və tələbələrlə görüşmüş, fransız dilində tələbələrin ifasında tamaşaya baxmış, mühazirə və seminar məşğələlərində, ixtisasartırma dərslərində iştirak etmişlər.

Filialın dosenti Namaz Manafov Almaniya Federativ Respublikasının VeymarYena şəhərlərində keçirilən alman dili müəllimlərinin XIV ümumdünya qurultayında iştirak etmişdir.

İngilis dili ixtisası üzrə III kurs tələbəsi Elvin Qarayev Sülh Korpusunun keçirdiyi müsabiqədə qalib gələrək 2009-2010-cu tədris ilində təhsilini Amerika Birləşmiş Statlarının Los-Anceles Universitetində davam etdirmişdir.

Yeri gəlmişkən qeyd edək ki, filialımızda xarici dillərin-ingilis, rus, alman və fransız dillərinin tədrisinə xüsusi diqqət yetirilir.

Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının rəhbərliyi tələbələrin pedaqoji təcrübəsinin təşkilinə də ciddi önəm verir. Hər tədris ilinin əvvəlində Mingəçevir Şəhər Təhsil Şöbəsi ilə müqavilələr bağlanır, riyaziyyatfizika, riyaziyyatinformatika, Azərbaycan dili və ədəbiyyatı, ingilis dili, ibtidai sinif müəllimliyi ixtisasları üzrə III və IV kurs tələbələri şəhərin ən qabaqcıl orta məktəblərində pedaqoji təcrübə keçirlər. Təkcə 2009-2010-cu tədris ilində 300 nəfərdən çox tələbə müxtəlif ixtisaslar üzrə Mingəçevir şəhərindəki 12, 13 və 16 saylı orta məktəblərdə pedaqoji təcrübədə olmuşlar.

Tələbələrimiz təcrübədə olduqları məktəblərin ictimai həyatında yaxından iştirak edir, orta məktəblərdə ədəbi-bədii gecələr, sərgilər, görüşlər keçirir, dərslərdə yeni təlim texnologiyalarından geniş istifadə edirlər.

Bu gün Azərbaycan Müəllimlər İnstititunun Mingəçevir filialı ilə şəhərin orta məktəbləri arasında sıx əlaqə qurulmuşdur. Filialda tədris olunan ixtisas fənləri üzrə orta məktəb şagirdlərinin olimpiadası böyük marağa səbəb olmuşdur. Orta məktəb rəhbərlərinin gələcək müəllimləri təcrübəçi tələbələr arasında, ali məktəblərin isə öz gələcək tələbələrini orta məktəb şagirdləri arasında seçməsi ümumi işimizə fayda verir.

Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiya etdiyi indiki dövrdə hər bir müəllim peşəkarlıq səviyyəsini, ustalığını artırmaq məqsədilə mütəmadi olaraq ixtisasartırma təhsili almalıdır. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı regiondakı müəllimlərin ixtisasartırma təhsilinə olan real tələbatını qabaqcadan müəyyənləşdirmək üçün Mingəçevir, Bərdə, Ağdaş, Tərtər, Göyçay, Yevlax, Ucar rayon təhsil şöbələri ilə müqavilələr bağlamış və 2009-2010-cu tədris ilində 858 nəfər müəllim ixtisasartırma kurslarından keçirilmişdir.

AMİ-nin Mingəçevir filialının əməkdaşları tez-tez filialın dislokasiyasına daxil olan rayon təhsil şöbələrinin dayaq məntəqələrində olur, qarşıya çıxan problem məsələlərin həllinə çalışırlar.

İnstitutun əməkdaşları yeni təlim texnologiyaları, müasir dərs və kurrikulumla bağlı R(Ş)TŞ-də mütəmadi dəyirmi masalar keçirirlər. Filialda qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilib yayılması sahəsində müəyyən əməli tədbirlər həyata keçirilmişdir. İxtisasartırma təhsilinin elmi-metodik təminatı ilə bağlı kafedralar tərəfindən yeni tədqiqat metodları, müasir texnologiyalar üzrə elmi tədqiqat işləri aparılır.

Son illər filialda elmi- tədqiqat işlərinə diqqət xeyli artırılmışdır. Filialın 7 müəllimi namizədlik dissertasiyası müdafiə etmiş, 4 müəllim dosent adı almışdır. Hazırda filialın 12 müəllimi namizədlik dissertasiyası üzərində işləyir. Onlardan üçünün elmi işi müdafiə ərəfəsindədir.

Tədris ilinin sonunda filialda çalışan professor və müəllimlərin elmi-praktik konfransı keçirilir, tədqiqat işlərinə yekun vurulur, ən yaxşı elmi-tədqiqat işləri qiymətləndirilir.

Filialın Tələbə Elmi Cəmiyyəti öz işini son illər daha da canlandırmışdır. Bir qayda olaraq, hər ilin fevral- mart aylarında tələbələrin elmi- praktik konfransı təşkil olunur. Cari tədris ilində qazanılan uğurlardan biri də tələbələrimizin ümumrespublika fənn olimpiadasında mükafatçılar sırasında olmasıdır.

Ötən ilin ən yadda qalan hadisələrindən biri Azərbaycan Müəllimlər İnistitutunun 80 illik yubileyi olmuşdur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev institutun bir qrup əməkdaşına müxtəlif fəxri adlar vermişdir. Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə xanım Naxçıvanlı "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Tələbə gənclərin təlim-tərbiyəsi və asudə vaxtının səmərəli təşkili də filialın pedagoji kollektivinin diqqət verdiyi önəmli proseslərdən biridir.

AMİ-nin Mingəçevir filialı gənclərlə bağlı öz fəaliyyətini Azərbaycan Respublikasının "Təhsil haqqında", "Gənclər siyasəti haqqında" qanunlarından və Azərbaycan Gəncliyi Dövlət Proqramından irəli gələn vəzifələrin həllinə yönəltmişdir. İlk növbədə gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması diqqət mərkəzində olmuşdur.

Tələbələrin dünyagörüşünün formalaşması üçün müxtəlif məzmunlu tədbirlərin keşirilməsinə xüsusi diqqət ayrılmışdır. Son iki ildə tarixi hadisələrə, əlamətdar günlərə, həsr edilmiş 50-dən artıq elmi-nəzəri, elmi-praktiki, tədris-metodik konfranslar, müsabiqələr, yubiley tədbirləri keçirilmişdir.

Filialda hər ay "Heydər Əliyev məktəbi"nin məşğələləri keçirilir, Ulu öndərin həmişəyaşar irsi dərindən öyrənilir.

"Ekologiya ili" çərçivəsində filialın kollektivi Mingəçevir şəhərinin şərq girəcəyi boyu 500-dən artıq şam , küknar ağacı əkmişdir.

Tələbələrin özfəaliyyət qrupu, "Şən və hazırcavablar klubu"nun üzvləri dəfələrlə şəhər birinciliyində fərqlənmiş, I mükafata layiq görülmüşlər.

Ali təhsil ocağında kitabxana işi də nümunəvi qurulmuşdur. Cari tədris ilində kitabxana dərslik, dərs vəsaiti və elmi- metodik ədəbiyyatla daha da zənginləşmiş, buradakı kitabların elektron kataloqu yaradılmışdır. İndi kitabxananın fondunda 25 minə yaxın kitab var.

Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı yüksək ixtisaslı pedaqoji kadr hazırlamaq, habelə, müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək üçün geniş elmimaddi-texniki bazaya malikdir. Burada yüksək keyfiyyətli tədris üçün müasir avadanlıqlarla təchiz olunmuş tədris və elmi tədqiqat laboratoriyaları, kompyuter mərkəzi, oxu zalı və s. tələbələrin istifadəsindədir. Keçən tədris ilində burada daha 3 laboratoriya - təhsilin əsasları, İKT mərkəzi və şifahi nitq laboratoriyaları yaradılmışdır. Müxtəlif layihə və müsabiqələrdə iştitak edən Mingəçevir filialı Amerika Sülh Korpusunun kompyuter - sinif lahiyə müsabiqəsinin qalibi olmuş, filialın xarici dillər kabineti müasir kompyuterlərlə zənginləşdirilmişdir.

2010-2011-ci tədris ilində Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının I kursuna Azərbaycan dili və ədəbiyyatı, riyaziyyatinformatika, ingilis dili, ibtidai sinif müəllimliyi ixtisasları üzrə 160 tələbə qəbul olunmuşdur.

Yeni dərs ili ərəfəsində filialın hər iki korpusu əsaslı təmir edilmiş, əsas korpusun fasadı tamamilə təzələnmiş, yeni işıqlandırma sistemi quraşdırılmış, yaxınlıqdakı ərazidə abadlıq işləri aparılmışdır.

AMİ-nin, eləcə də onun bölgələrdəki filiallarının elmi-pedaqojimaddi-texniki bazasının möhkəmləndirilməsində, Azərbaycan təhsilində ali təhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizmi tətbiq edilməklə inkişaf etdirilməsində AMİ-nin rektoru professor Aqiyə xanim Naxçıvanlının rolu böyükdür.

Təhsil Nazirliyinin Maddi Texniki Təchizat İdarəsi tərəfindən filiala əvəzsiz olaraq kompyuter dəstləri, idman zalı üçün avadanlıq, auditoriya üçün parta dəstləri, kitab şkafları, stollar verilmişdir.

Dövlət büdcəsi və xüsusi vəsait hesabına otaqları üçün yeni mebel dəstləri, yeni yaradılmış laboratoriyalar üçün texniki-təlim vasitələri, printerlər, kondisionerlər alınmışdır. Filialın giriş qapısına, dəhlizlərə, auditoriyalara video-kameralar quraşdırılmışdır.

Bu günlər Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təhsil müəssisələrində çalışan işçilərin və dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan tələbə və şagirdlərin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə 6 sentyabr 2010-cu il tarixli sərəncamı AMİ-nin Mingəçevir filialında böyük minnətdarlıq və razılıqla qarşılanıb. Ölkə Prezidentinin sərəncamı tələbələrimizi elmlərin sirlərinə daha səylə yiyələnməyə çağırır. İnanırıq ki, yeni başlayan 2010-2011-ci tədris ili də Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının professor-müəllim heyəti və tələbələri üçün uğurlu olacaqdır.

 

 

Orucəli RZAYEV,

Azərbaycan Müəllimlər İnstitutunun

Mingəçevir filialının direktoru,

fizika-riyaziyyat elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2010.- 3 oktyabr.- S. 7.