Ustad jurnalistə ehtiram
Azərbaycan professional jurnalistikasının
tanınmış nümayəndəsi, "Şöhrət"
ordenli, Prezident təqaüdçüsü
Şamil Məmməd oğlu
Şahməmmədovun 75 yaşı tamam olur.
Həyatını
bütövlükdə milli jurnalistika ilə
bağlamış Şamil Şahməmmədovun bu sahədə
yarım əsrə çatan ciddi və fədakar fəaliyyəti,
bütövlükdə ömür yolu çağdaş mətbuat
işçiləri üçün örnəkdir. Onun
müxtəlif janrlarda saysız-hesabsız yazıları illər
boyu Şamil Şahməmmədov imzasını püxtə qələm
sahibi kimi tanıtmışdır. Ölkə jurnalistləri
isə Şamil müəllimi mətbuatımızın
yorulmaz, tələbkar, təəssübkeş təşkilatçılarından
biri, milli jurnalistika məktəbinin yüksək nailiyyətlər
əldə etmiş yetirməsi kimi tanıyır və dəyərləndirir.
Şamil
Şahməmmədov fəal jurnalist
yaradıcılığı ilə ötən əsrin 50-ci
illərindən Bakı Dövlət Universiteti jurnalistika
şöbəsinin tələbəsi ikən məşğul
olmağa başlamışdır. O, əvvəl radio ilə əməkdaşlıq
etmiş, 1957-ci ildən isə dördüncü kurs tələbəsi
olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti
"Bakı"ya işə götürülmüşdür.
Burada Şamil Şahməmmədov 30 ildən artıq müddətdə
milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir
İmanquliyevin rəhbərliyi altında zəngin təcrübə
məktəbi keçmişdir. O, əvvəl müxbir,
şöbə müdiri, sonra məsul katib işləmiş
və nəhayət, baş redaktor vəzifəsinədək
yüksəlmişdir. "Kommunist" ("Xalq qəzeti")
qəzetində baş redaktor müavini və AzərTAc-da
baş direktor olması Şamil Şahməmmədovun jurnalist
bioqrafiyasına parlaq səhifələrdən biri kimi
yazılmışdır.
Şamil Şahməmmədovun "AzərTAc"da 10 ildən artıq müddətdə məsul və məhsuldar fəaliyyəti ölkənin ən böyük informasiya agentliyinin tarixində çətin və şərəfli bir dövrə təsadüf etmişdir. 1995-ci ildən baş direktor təyin olunan Şamil Şahməmmədov çətin və mürəkkəb şəraitdə ölkə Prezidenti Heydər Əliyevin yüksək etimadı və hərtərəfli köməyi ilə müstəqil dövlətin informasiya agentliyini yenidən qurmağa, onu güclü, mobil media qurumuna çevirməyə nail olmuşdur.
Şamil Şahməmmədovun mətbuatdakı xidmətləri dövlət tərəfindən dəfələrlə yüksək adlara və mükafatlara layiq görülmüşdür. "Bakı" qəzetində çalışarkən ona respublikanın əməkdar mədəniyyət işçisi adı verilmiş və yüksək jurnalistika mükafatı olan "Qızıl qələm" laureatı olmuşdur. 2002-ci ildə "Şöhrət" ordeni ilə təltif olunan Şamil Şahməmmədov bu yüksək dövlət mükafatını Azərbaycanda alan ilk jurnalist olmuşdur.
Bütün bunlar barədə oktyabrın 1-də Azərbaycan Mətbuat Şurasında Şamil Şahməmmədovun 75 illik yubiley mərasimində geniş söhbət açıldı. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov Şamil Şahməmmədovun "Bakı" qəzetindəki, "Kommunist"qəzetindəki və "AzərTAc" Dövlət İnformasiya Agentliyindəki jurnalist və media təşkilatçısı kimi çoxillik, səmərəli fəaliyyətindən geniş söhbət açdı, yubilyarın çoxcəhətli xidmətlərini yada saldı.
Azərbaycan Mətbuat Şurası yanında yaşlı nəsil jurnalist məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov Azərbaycan professional jurnalistikasının tarixi təcrübəsini dərindən əxz etmiş Şamil Şahməmmədovun özünün də jurnalist və redaktorluq məktəbi yaratdığını, bir çox yetirmələrinin olduğunu vurğuladı.
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Şamil Şahməmmədovun müstəqil ölkədə rəsmi informasiya sisteminin yaradılmasında xidmətlərini qeyd etdi, onu ustad jurnalist kimi çəciyyələndirdi.
Şamil Şahməmmədovun müxbirlikdən baş redaktorluğadək yüksəldiyi "Bakı" qəzetinin təmsilçiləri - baş redaktor Ağa Hüseynov, jurnalistlər Ənvər Məşədiyev, Fazil Rəhmanzadə görkəmli Azərbaycan jurnalisti Nəsir İmanquliyevin rəhbərliyi ilə yubilyar həmkarlarının bu redaksiyada kamil jurnalist kimi püxtələşdiyindən, qəzetin populyarlaşmasında xidmətlərindən danışdılar.
Təcrübəli jurnalist kimi bir vaxt ölkənin avanqard qəzeti sayılan "Kommunist"ə dəvət olunmuş, burada redaktor müavini işləmiş Şamil müəllimi tələbkar mətbuat təşkilatçısı, mahir qələm sahibi kimi səciyyələndirən həmin qəzetin varisi "Xalq qəzeti"nin təmsilçisi Tahir Aydınoğlu yubilyarın sonrakı illərdə də redaksiya ilə sıx əlaqədə çalışdığını söylədi. "AzərTAc"ın baş direktor müavini Dağbəyi İsmayılov Şamil Şahməmmədovun bu quruma uğurla rəhbərlik etməsini, agentliyi dünyanın nüfuzlu informasiya redaksiyalarından birinə çevirdiyini qədirbilənliklə qeyd etdi.
Bakı Futbol Federasiyasının rəhbəri Məzahir Süleymanzadə və "Neftçi" futbol komandasının təmsilçisi Elnur Əşrəfoğlu Şamil müəllimin idman jurnalistikasındakı xidmətlərindən danışdı. Jurnalistlərdən Ələsgər Cabbarov, Altay Zahidov, Rafiq Həsənov, Namiq Qədimoğlu və digər natiqlər də Şamil Şahməmmədovun milli jurnalistikamız qarşısında sanballı xidmətlərindən söhbət açdılar. Şamil Şahməmmədovu təbrik edənlər ona uzun ömür, möhkəm cansağlığı arzuladılar, hədiyyələrini təqdim etdilər.
Sonda Şamil Şahməmmədov həmkarlarına təşəkkürünü bildirdi, yaşlı nəsil jurnalistlərin təcrübəsinin bugünkü mətbuatımız üçün gərəkliyini vurğuladı. Yubilyar çağdaş jurnalistikamızı uğurla davam etdirən yazarlara tövsiyələrini bildirdi, onlara nailiyyətlər arzuladı.
T.RÜSTƏMOV,
N.ƏHMƏDOV
Xalq qəzeti.- 2010.- 3 oktyabr.- S. 6.