1993-cü il oktyabrın 3-də yeni tariximizin ən uğurlu seçkisi keçirildi

 

Xalq həmin gün Heydər Əliyevə səs verməklə müstəqilliyimizə əbədilik və xoşbəxt gələcək qazandı

 

Heydər Əliyev Azərbaycanı israrla və demokratik yollarla, müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur.

 

Süleyman DƏMİRƏL,

Türkiyənin görkəmli dövlət və siyasət xadimi

 

 

Öz xalqı, dövləti və dövlətçiliyi uğrundacani-dildən mübarizə aparan siyasətçilər tarix boyu həmişə, hər yerdə olub. Ancaq bu mübarizədə canını sipər etmək (ifadə Süleyman Dəmirəlindir) mərdanəliyi hamıda olmayıb. Çünki xalq üçün, Vətən üçün, millətin gələcəyi üçün öz canını sipər etmək məharəti Tanrının insana bəxş etdiyi keyfiyyətdir. Özü də həmin insana əbədi xoşbəxtlik gətirən keyfiyyət. Heydər Əliyevdə həmin keyfiyyət çox yüksək səviyyədə idi.

 

O, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri işləyərkən bu qurumdakı erməniləri uzaqlaşdıraraq milli kadrları başına toplayanda da canını xalqı üçün sipər eləmişdi. Kreml onun yox edilməsi üçün hər an göstəriş verə bilərdi. O, Qazaxıstanın rəhbəri Dinmühəmməd Kunayevin vəzifədən kənarlaşdırılaraq bu türk respublikasına başqa xalqın nümayəndəsinin rəhbər göndərilməsinə etiraz olaraq Mixail Qorbaçovla mübahisə edəndə də öz canını türk dünyası üçün sipər eləmişdi. Onu millətçi kimi ləkələyib məhv edə bilərdilər. O, Mixail Qorbaçovun Bakıda törətdiyi 20 Yanvar qırğınına etiraz edərək elə Moskvada bu aksiyanı lənətləyən bəyanat verəndə də, həm Ayaz Mütəllibovun, həm də AXC-Müsavat iqtidarının çoxsaylı hədə - qorxularına məhəl qoymayaraq Moskvadan Bakıya gələndə də, yalın əllə başdan-ayağa silahlanmış insanların qarşısına - Gəncəyə gedəndə də öz canını sipər eləmişdi. Onda milyonlar üçün əlçatmaz olan sərkərdə cəsarəti var idi. Çox yaxşı bilirdi ki, onu Tanrı qoruyur, həmişə yanında olan Azərbaycan xalqı qoruyur və həmişə qalib gələn haqq-ədalət qoruyur. Heydər Əliyev cəsarətinin təməlində bu amillər dayanırdı.

Bu yazıda ulu öndərin həyatının çox qısa bir dövrü barədə, söz açacağıq. Bu, elə bir dövr idi ki, üç, beş, on nəsil bundan sonra da həmin dövr haqqında söz açanya o səhifələri öyrənmək istəyən soydaşlarımızı heyrət bürüyəcək. Azərbaycan xalqına xoşbəxtlik və səadət üçün verilən ikinci şans məhz həmin günlər əldən getmək üzrə idi. Bir əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşan xalqımız ikinci dəfə də həmin xoşbəxtliyin əldən verilməsi təhlükəsi ilə üz-üzə idi. Azərbaycanın dövlət müstəqilliyini gözü götürməyən xarici qüvvələr min cür fitnə-fəsad qurur, güclü dövlətlərin himayəsi altında olan işğalçı Ermənistan öz həyasızlığını davam etdirir, ölkəni "idarə edən" siyasət diletantları isə öz aralarındakı didişmədən və səlahiyyət bölgüsünü "müəyyənləşdirməkdən" baş aça bilmirdilər. Ölkə xaosanarxiya içərisində batıb gedir, düşmən torpaqların işğalını davam etdirir, müstəqilliyimizə diş qıcardanlar dövriyyəyə yeni ssenarilər, yeni planlar atırdılar.

Xalq və dövlət çıxılmaz vəziyyətdə qalmışdı. Dövləti idarə edənlərin mənfi imicli, nüfuzsuz, səriştəsiz və korafəhim adamlardan ibarət olmasına baxmayaraq xalq dövləti qorumağa çalışırdı. Ancaq dövləti qorumaq üçün öndə gedən bir siyasətçi, lider təcrübəsinə ehtiyac var idi. Xalq həmin lideri çox yaxşı tanıyırdı.

1993-cü ilin yayında - Azərbaycanda siyasi böhranın ən ağır mərhələsində xalq Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədrinə - 60-cı illərin ortalarından yüksək vəzifələr tutaraq xalqına xidmət etmiş, adı dünya siyasətçiləri arasında hörmət və ehtiramla çəkilən Heydər Əliyevə müraciət etdi. Maraqlı və diqqətçəkən məqamlardan birio idi ki, xalqın öndə gedən ziyalıları ilə yanaşı, dövləti idarə edənlər də Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi üçün ulu öndərə müraciət edirdilər. Xalq ulu öndəri çağırırdı ki, dövlətçilik xilas edilsin, AXC-Müsavat rəhbərləri isə böyük dövlət qurucusunu Bakıya dəvət etməklə Surət Hüseynovun, Əlikram Hümbətovun hədə-qorxularından xilas olmağı planlaşdırırdılar. Heç zaman xalqın çağırışını cavabsız qoymayan siyasət dahisi yenə də bu addımı atdı və dövlətçiliyin xilasında iştirak etmək üçün Naxçıvandan Bakıya gəldi.

O zaman regionun kütləvi informasiya vasitələri gah böyük həqiqətlərdən, gah da həmin həqiqətlərdən qorxan insanların uydurduğu yalanlardan ibarət böyük bir xəbər kampaniyası qurmuşdular. Erməni mətbuatı bədnam yazıçı Zori Balayanın öz xalqına müraciətini vermişdi. Müraciətdə deyilirdi ki, "ermənilər çox gecikdilər. Heydər Əliyevin Moskvadaya Naxçıvanda olmasından bəhrələnmək fürsətini əldən verdilər. Hər halda Heydər Əliyevin Bakıda olması onun Naxçıvanda olmasından çox fərqli bir faktdır". Təlaş içərisində olan ermənilərdən o qədər də geridə qalmayan bəzi üzdəniraq yerli siyasətçilər də bu qayıdışdan böyük təşvişə düşmüşdülər. Hətta, açıq etiraflar da eşidilirdi: "O, Bakıda ola-ola xalq bizə necə səs verib dəstəkləyəcək?" Öz siyasi çəkisinə və ölkədəki nüfuzuna o qədər də inamı olmayanlar Heydər Əliyevin qayıdışından çox narahat idilər. Halbuki, həm ölkənin prezidenti, həm də Ali Sovetin sədri Heydər Əliyevi "bəzi problemlərin aradan qaldırılmasına kömək məqsədi ilə" Bakıya şəxsən özləri dəvət etmişdilər.

Ulu öndər çox qısa müddətdə bir çox problemlərin aradan qaldırılmasına nail oldu. Xüsusən, Gəncəyə səfər edərək AXC-Müsavat iqtidarı ilə düşmənçilik mövqeyində duran Surət Hüseynovun start verdiyi vətəndaş müharibəsinin qarşısını aldı. Belə olanda xalqın böyük təzyiq və çağırışlarını əsas götürən deputatlar Heydər Əliyevi Ali Sovetin sədri seçdilər. Bu isə o demək idi ki, ki, artıq Azərbaycanın dövlət müstəqilliyinin xilas edilməsi üçün müvafiq zəmin yaranmışdır. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın dövlət müstəqilliyini istəməyənlər ortaya yeni bir ssenari atdılar. Prezident Əbülfəz Elçibəy iyunun 17-də gecə ikən paytaxtı tərk edərək doğulduğu Kələki kəndinə qaçdı. Bu planı cızanlar elə bilirdilər ki, prezidentin qaçması ilə ölkədə ara qarışacaq və pis vəziyyətdə qalan Heydər Əliyev qayıdıb Naxçıvana gedəcəkdir. Onlar unudurdular ki, Heydər Əliyev Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəydən fərqli olaraq mübarizə meydanından heç zaman qaçmayıb.Ulu öndər ölkənin ən ağır problemlərinin həllinə başladı və onun istənilən addımı xalq tərəfindən yekdilliklə dəstəkləndi.

Deputatların çoxsaylı çağırışlarına və ölkədəki vəziyyətin mürəkkəbliyinə baxmayaraq Kələkidən Bakıya qayıtmaq istəməyən Əbülfəz Elçibəyi ancaq öz taleyi düşündürürdü.Vəziyyətin bu həddə çatdığını görən deputatlar avqustun 29-da öz postunu qoyub qaçmış prezidentə etimad göstərilib göstərilməməsi barədə referendum keçirilməsini qərara aldılar. Seçicilərin 97,5 faizi Əbülfəz Elçibəyə etimad göstərilməsinə "yox" cavabı verdi. Bu isə ölkədə yeni prezident seçilməsi zərurətini yaratdı. 1993-cü il oktyabrın 3-nə təyin edilən seçki sözün həqiqi mənasında Azərbaycan xalqının qarşısında duran ağır sınaq idi. Xalq həmin sınaqdan da üzüağ çıxdı. 1993-cü il 3 oktyabr prezident seçkiləri müstəqil Azərbaycanın tarixində heç zaman unudulmayacaq bir hadisəyə çevrildi. Xalqın əzm və iradəsinin ifadəsi kimi yaddaşlara yazılan həmin seçkidə ulu öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Müstəqillik dövründə nail olduğumuz ilk ədalətli səsvermə kimi yadda qalan həmin seçkini ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran, Qazaxıstandan və üç beynəlxalq təşkilatdan olan müşahidəçilər, eləcə də 60 nəfər əcnəbi jurnalist izləyirdi. Həmin gün Azərbaycan xalqı öz tarixində ədalətli, şəffaf və demokratik seçki keçirmək ənənəsinin təməlini qoymuş oldu.

...Bu gün müstəqil Azərbaycan dövləti bir neçə sahədə dünya ölkələrinə nümunə olacaq göstəricilər əldə etmişdir. Regionun ən qüdrətli ölkəsinə çevrilmiş Azərbaycanın razılığı olmadan bölgədə heç bir iqtisadi layihə həyata keçirilmir. Bakının səsini və sözünü bütün beynəlxalq təşkilatlarda eşidirlər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır... Bütün bunların təməli 1993-cü ildə, 3 oktyabr prezident seçkilərində qoyulmuşdur. Xalq o zaman haqqa səs verməklə böyük bir gələcəyin təməlini qoymuşdur.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 3 oktyabr.- S. 5.