Azərbaycan demokratik, şəffaf və ədalətli seçkilər keçirməyə qadirdir

 

Buna ölkəmizin qanunvericilik bazası və ötən illərdə qazandığımız seçki təcrübəsi də imkan verir

 

Hər bir dövlətin özünün seçdiyi sistem, tutduğu yol var. Azərbaycan Respublikası da 1993-cü ilin yayından sonra demokratiyanı özünün əsas siyasi xətti elan edib. Ona görə də həmin ildən günümüzədək atılan bütün addımlar demokratiyanın inkişafına və demokratik təsisatların daha da möhkəmləndirilməsinə yönəlib. Şübhəsiz, bu sistemin əsas meyarlarından biri də azad, şəffaf və ədalətli seçkilərin keçirilməsidir. Çünki seçkilərin qanunvericiliyə uyğun keçirilməsi, şəffaflığı, seçicilərin seçkilərdə fəal iştirakı, vətəndaşların sərbəst seçim etməsi demokratiyanın təmin edilməsinin və onun inkişafının əsas göstəricisi hesab olunur. Bu baxımdan hər seçkini, o cümlədən qarşıdan gələn parlament seçkilərini demokratiya sınağı da adlandırmaq olar.

 

Bütün dünyada qəbul olunan prinsiplərə əsasən hər hansı bir seçkinin müasir tələblər səviyyəsində keçirilməsi üçün hər şeydən öncə ölkədə ictimai-siyasi sabitlik mövcud olmalıdır. Qürurla deyə bilərik ki, bu gün Azərbaycanda ictimai-siyasi sabitlik dayanıqlıdır, möhkəmdir. Bu gün dövlətimiz və cəmiyyətimiz sabitliyi pozmaq istəyən istənilən qüvvəyə öz həddini bildirməyə hər an hazırdır. 2005-ci ildə baş tutan parlament seçkiləri ərəfəsində bəzi üzdəniraq siyasətçilər belə bir təşəbbüs göstərmiş, ancaq dövlətimizin əlaqədar strukturları vaxtında məsələyə müdaxilə edərək onların istəklərini ürəklərində qoymuşdular. Bu qəbildən olan insanlar cəmiyyətdən dəstək istəsələr də ictimai qınaqla qarşılamışdılar. Çünki insanlar kimin kim olduğunu çox yaxşı bilirlər.

Ölkə iqtidarının azad, ədalətli seçkilər keçirmək üçün siyasi iradəyə malik olması da demokratiyanın inkişafı baxımından vacib şərtlərdən biridir. Bu amil ona görə vacibdir ki, demokratiya yolunu seçdiyini iddia edən bəzi ölkələr bunu müəyyən məqsədlər naminə, məsələn, beynəlxalq ictimaiyyətin təzyiqlərindən yaxa qurtarmaq üçün edirlər. Reallıqda isə demokratikləşmə istiqamətində irəliyə doğru heç bir addım atmır, müəyyən qanunlar qəbul etsələr də, onu həyata keçirmirlər. Bəs, bu məsələdə ölkəmizdə vəziyyət necədir? Bəri başdan deyək ki, Azərbaycan rəhbərliyi əvvəldən dəfələrlə bəyan edib ki, mükəmməl demokratik cəmiyyətin qurulması təkamül yolu ilə mümkündür. Çünki təkamülün olmadığı cəmiyyətlərdə bəzi şüursuz insanlar demokratiyanı özbaşınalıq, hərc-mərclik kimi qəbul edirlər. Buna görə də köhnə təfəkkürdən xilas olmadan və cəmiyyətdə demokratik ənənələr formalaşmadan istənilən səviyyəyə çatmaq çətindir. Ötən dövr ərzində, həqiqətən, də hər sahədə böyük inkişaf yolu keçmişik. Azərbaycan dövləti ilə yanaşı Azərbaycan cəmiyyəti də inkişafın daha yüksək mərhələsinə qədəm qoyub. Bu gün insanlar hər şeyin qanun çərçivəsində olmasına xüsusi diqqət yetirir, siyasi mübarizənin "meydan təfəkkürü" səviyyəsində deyil, intellektual səviyyədə aparılmasına üstünlük verirlər.

Bunu da qeyd etmək yerinə düşər ki, demokratiyanın inkişafını müəyyənləşdirən sahələr üzrə qəbul edilən bütün qanunlar Qərb standartlarına tam cavab verir. Bu da səbəbsiz deyil. Azərbaycan rəhbərliyi qabaqcıl təcrübədən faydalanmaq, yəni necə deyərlər, hər şeyin ən yaxşısını əldə etmək naminə qanunların hazırlanmasında nüfuzlu beynəlxalq təşkilatların hazırlıqlı kadrlarının iştirak etməsini təmin edib. Bunun bir nümunəsi də 2003-cü ilin mayında qəbul edilən Azərbaycan Respublikasının Seçki Məcəlləsidir. Məcəllə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlıqda hazırlanmış və həmin dövrdəki hesabatlarda da bu sənədin əsasında demokratik seçkilərin keçirilməsinin mümkünlüyü xüsusi qeyd olunmuşdur.

Seçkilərdə demokratikiyin təmin edilməsi məqsədilə 28 iyun 2005-ci il tarixdə "Azərbaycan Respublikası Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Təbii ki, bu, qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edirdi. Bundan əvvəl isə 2005-ci il mayın 11-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi haqqında" sərəncam imzalamışdı. Nüfuzlu beynəlxalq təşkilatlar yekdilliklə qeyd etmişdilər ki, bu sərəncam Azərbaycanın milli seçki təcrübəsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına yol açan önəmli addımlardan biridir. Çünki həmin sənəddə seçki praktikasına bir sıra yeniliklər tətbiq edilib. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının seçkilərə müdaxiləsinin yolverilməzliyi, həmin orqanların rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanunazidd müdaxilə etdikdə, onların qanunvericiliyə uyğun olaraq məsulliyətə cəlb ediləcəyi xüsusi vurğulanmışdı.

Prezident sərəncamı ilk dəfə exit-pollun keçirilməsi ilə bağlı məsələləri tənzimləmiş, icra hakimiyyəti orqanlarına exit-poll prosesinin aparılması üçün zəruri şəraitin yaradılması tapşırılmışdı. Sərbəst toplaşma azadlığının təmin edilməsi, təşviqat kampaniyalarının aparılması, namizədlər üçün bərabər imkanların yaradılması məsələləri də bu sənəddə əhatə olunmuşdu. Buna baxmayaraq, ölkə rəhbəri bu sahədə hələ də nöqsanlar olduğundan daha bir sıra tədbirlərin həyata keçirilməsini zəruri bildi. Söhbət 2005-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında " sərəncamdan gedir.

Həmin sərəncam qarşıya mühüm vəzifələr qoyurdu. Seçki komisiyalarına daxil olan seçki hüquqlarının pozulması haqqında şikayətlərə baxılması qaydalarına dair təlimatın, səsvermə zamanı barmaqların gözəgörünməyən mürəkkəblə işarələnməsi qaydalarının, seçicilərin ünvanlarının tam dəqiqliyi ilə seçici siyahılarının hazırlanması, dairə və məntəqə seçki komisiyalarının rabitə və elektrik enerjisi ilə təmin olunması üçün əlavə tədbirlərin və digər təxirəsalınmaz işlərin görülməsi nəzərdə tutulub. Nəzərəçarpan digər bir məqam da ondan ibarət idi ki, həmin sərəncamda bütün qeyri-hökumət təşkilatlarının məhdudiyyətsiz, heç bir qadağasız seçkiləri müşahidə etmək hüququnun təmin edilməsi üçün Milli Məclisə müvafiq qanuna dəyişiklik etmək təklif olunmuşparlament həmin təklifi dəstəkləmişdi. Bununla da Azərbaycan dövləti bəzi beynəlxalq qurumların tövsiyələrini tam nəzərə aldığını və demokratik dünyaya inteqrasiya yolunu tutduğunu bir daha sübut etmiş oldu. Bir çox beynəlxalq ekspertlər 2005-ci il parlament seçkilərinə hazırlıq dövründə ciddi narazılıqların olmamasını bu sərəncamdan irəli gələn tələblərə yerlərdə əməl edilməsi ilə əlaqələndirirlər.

Təsadüfi deyil ki, Avropa Şurasının rəhbərliyi seçki təcrübəsinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin sərəncamlarını, bu seçkilərdə tətbiq ediləcək yenilikləri dərhal alqışlamışdı. Sərəncamın imzalandığı günün səhərisi, yəni 2005-ci il oktyabrın 26-da ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda Azərbaycan iqtidarının addımları alqışlanmış, ölkəmizdəki siyasi partiyalar yaradılmış demokratik imkanlardan istifadə edilməyə çağırılmış, bütün bunların seçkilərin demokratik keçiriləcəyinə əsas verəcəyi bildirilmişdi.

Göründüyü kimi, 2005-ci il parlament seçkilərinin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilmişdir. Burada belə bir sual da ortaya çıxır: Seçki qanunvericiliyi təkmilləşdirildikdən sonra onun tətbiqi mümkün oldumu? Bu suala konkret cavab verməmişdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il oktyabrın 25-də qarşıdakı parlament seçkilərinə dair müşavirədəki çıxışını xatırlayaq. Həmin müşavirədə cənab Prezident demişdi: "Azərbaycan xalqı müdrik xalqdır. Özü bilir, kimi seçmək lazımdır. Kimi istəyir, onu da seçsin. Bəzi hallarda bilirəm ki, yerli icra hakimiyyəti başçılarının sevimli namizədləri var...Heç kimə imkan verməyəcəyəm ki, seçkidə öz adamlarını keçirsin, hansısa səbəblərə görə burada işimizi pozsun. Heç kimə bu icazə verilməyəcəkdir. Kim bunu edəcəksə, ciddi şəkildə cəzalandırılacaq".

Bəli, bu açıqlama ölkə başçısının demokratik, şəffaf və ədalətli seçkilərin keçirilməsinə xüsusi diqqət yetirdiyinin bariz təzahürüdür. Və hər zaman olduğu kimi, 2005-ci il parlament seçkilərində də Prezidentin dediyi söz, verdiyi vəd, etdiyi xəbərdarlıq nəticəsiz qalmadı, real həyatda öz əksini tapdı. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların müşahidəçi qrupları seçkilərin qanunauyğun keçirildiyini bildirdilər. Ancaq bəzi yerli icra hakimiyyəti orqanlarının nümayəndələri seçki prosesinə müdaxilələr edərək qanun pozuntusuna yol verdilər. Azərbaycan Prezidenti onun xəbərdarlığından nəticə çıxarmayan həmin vəzifəli şəxslər barədə dərhal ciddi ölçü götürdü. Xatırlayırsınızsa, pozuntular aşkar olunandan qısa vaxt sonra Prezident sərəncamı ilə seçki saxtakarlığına yol verən, qanunlara və Azərbaycan iqtidarının demokratik tələblərinə cavab verməyən icra başçıları vəzifələrindən çıxarıldılar. Mərkəzi Seçki Kommissiyası qanun pozuntusu baş verdiyi üçün bəzi dairə və məntəqələrdə seçkilərin nəticələrini ləğv etdi.

Xatırladaq ki, 2005-ci ildə 2006 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdı. Müxtəlif səbəblərdən seçki bülletenlərində onların 1541-nin adı qalmışdır. Seçkiləri 17 mindən artıq yerli, 45 ölkədən 1586 beynəlxalq müşahidəçi izləmişdir. Dairə seçki komissiyalarında 40 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçmişdir. Seçkilərin gedişini müxtəlif ölkələrin 80-ə yaxın kütləvi informasiya vasitəsinin 260-a qədər təmsilçisi işıqlandırmışdır. Təbii ki, bu şəraiti Azərbaycan iqtidarı yaratmış, onlara bu imkanı vermişdir. Əlbəttə, seçkiləri saxtalaşdırmaq istəyən heç bir iqtidar ölkədə bu qədər yerlixarici müşahidəçinin olmasını istəməz, eyni zamanda yerlixarici KİV-lərin seçkilərin gedişini, nəticələrini işıqlandırmasına imkan verməzdi. Təkcə bu fakt da Azərbaycanın demokratiya yolunu seçdiyinə və bu yolda qətiyyətlə irəlilədiyinə sübutdur.

Bütün bunlar bir daha bizi əmin edir ki, ölkəmizdə baş tutan seçkilərin yüksək səviyyədə, Qərb standartlarına uyğun keçirilməsi beynəlxalq təşkilatlardan daha çox Azərbaycan iqtidarının marağındadır. Seçki qanunvericiliyi də məhz ona görə demokratik tələblərə uyğun təkmilləşdirilir ki, bunu dövlət istəyir. Digər tərəfdən, cəmiyyətimiz də artıq kifayət qədər inkişaf yolu keçibiqtidar kimi, xalq da istəyir ki, ölkəmizdə hər şey yeni meyarlara uyğun formalaşsın. Məhz buna görə də zaman-zaman Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən əlavə və dəyişikliklər edilir, ali məqsədlərin yüksək səviyyədə reallaşması naminə qanunvericiliyimiz təkmilləşdirilir.

Prezident seçkilərinin keçirildiyi 2008-ci ildə də yenidən təkmilləşdirilən qanunun bütün tələbləri yerinə yetirildi , seçicilər üçün bərabər şərait yaradıldı. Həmin dövrdə seçkilərin gedişini izləyən ABŞ-dan, Avropa ölkələrindən olan müşahidəçilər də etiraf etdilər ki, seçkilər ədalətli, şəffaf və demokratik keçirilib. Onlar bu baxımdan Azərbaycanın bir çox ölkələrə nümunə göstərdiyini bəyan etdilər. Konstitusiyaya bəzi əlavələr və dəyişikliklər edilməsi üçün keçirilən referendum zamanı, ondan sonra bələdiyyə seçkilərində hər baxımdan - istər hazırlıq mərhələsində, istər siyasi kampaniyanın keçirilməsində, istərsə də səsvermə prosesində və bülletenlərin sayılmasında qanun pozuntusu qeydə alınmadı. Əksinə, hər şey daha sivil və mədəni şəkildə həyata keçirildi.

Qeyd olunanların fonunda deyə bilərik ki, qarşıdan gələn parlament seçkiləri daha yüksək səviyyədə baş tutacaq. Ölkəmizin qazandığı seçki təcrübəsi və təkmilləşdirilən qanunvericiliyimiz də belə deməyə əsas verir. Digər tərəfdən, bu il Seçki Məcəlləsi beynəlxalq ekspertlərin də iştirakı ilə yenidən işlənərək hazırlanıb. Yeni məcəllə, həm də bütövlükdə cəmiyyətin konsensusunun məhsuludur. Qanunda müsbət mənada qiymətləndirilən məqamlardan biri seçki müddətinin azaldılmasıdır. Gəlin, etiraf edək ki, əvvəlki qanunvericilikdə seçki müddəti çox uzun idi, seçicini bezdirir, yorurdu. Deyək ki, biz ildə, məsələn, parlament seçkiləri ilə referendum keçirməli olduq. Əgər əvvəlki Seçki Məcəlləsi ilə (əvvəlkində seçki müddəti 4 ay nəzərdə tutulmuşdu - R.Ə.) bu proses baş tutsa, onda Azərbaycan xalqı ilin 12 ayının 8 ayını seçkilərə sərf etməli olacaqdı. Bu nə dərəcədə düzgündür? Başqa bir tərəfdən, yeni məcəllədə deputatlığa namizədlərin qeydə alınması prosesi əvvəlkinə nisbətən çox sadələşdirilibdir. Bu da insanların siyasi olayların izləyicisi yox, iştirakçısı olması üçün şərait yaradır. Bəlkə də bunun nəticəsidir ki, bu gün qarşıdan gələn seçkilərdə siyasi fəallıq müşahidə olunur. Bu gün Azərbaycanda elə dairələr var ki, oradan 15, hətta 25-dək deputatlığa namizəd qeydə alınıb və bu proses davam edir.

Sadaladığımız bu faktlar təbii ki, beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmır. Təsadüfi deyil ki, ATƏT-in Bakı ofisinin rəhbəri səfir Əli Bilge Cankorel xüsusi vurğulayıb ki, Azərbaycanda keçirilən seçkiləri müşahidə etmiş beynəlxalq təşkilatların hesabatlarında seçki sahəsində ildən-ilə irəliləyişlərin olduğu qeyd edilmişdir. Son seçkilərlə bağlı ATƏT-in hesabatında da demokratiyaya doğru növbəti addımın atıldığı, bu nailiyyətlərin davamlı olacağına ümidlərin artdığı bildirilib. Səfir siyasi partiyaların bloklarının MSK tərəfindən qısa müddət ərzində və maneəsiz qeydiyyata alınmasını da müsbət qiymətləndirmişdir.

Bütün bunlar reallıqdır. Ölkəmizdə gedən müsbət dəyişiklikləri görməyənlər isə ya qərəzli insanlardır, ya da sözün həqiqi mənasında, kordurlar. Qarşıdan gələn seçkilərlə bağlı hazırlıqlara nəzər yetirək. Seçki komissiyalarının fəaliyyət göstərmələri üçün artıq hərtərəfli şərait yaradılıb. Bütün seçki komissiyaları müasir standartlara cavab verən binalarla təmin olunub, onların maddi-texniki bazası möhkəmləndirilib. Aşağı seçki komissiyalarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin artırılması üçün genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirilir. Sentyabrın 20-dən başlayaraq Azərbaycan Respublikasının Prezident Administrasiyasının və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı, ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyaları keçirilir. Hər halda məlumat sessiyasının adı və onu keçirən qurumların ünvanının özü oxucuya hər şeyi izah edir. Təbii ki, bunun şərhə ehtiyacı yoxdur.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2010.- 3 oktyabr.- S. 5.